Məhkəmə qərarları › İş №2(009)-1653/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1653/2021

25.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1653/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı və onun nümayəndəsi V.S.Əbilovun iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, İddiaçı 18.03.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evdə yerləşən 166 saylı mənzili AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 almışdır. 05.04.2021-ci il tarixdə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********44-05101-093114 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinin şərtlərinə görə X2 29.03.2021-ci il tarixinə qədər alqı-satqı predmeti olan mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. X2 hal-hazırda onun mülkiyyətçisi olduğu mənzildən qeydiyyatdan çıxmışdır. Ancaq satıcı ilə bərabər həmin mənzildə qeydiyyatda olan cavabdeh hal-hazırdakı dövrə qədər onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır və hal-hazırdakı dövrdə də çıxmaq üçün hər hansı bir tədbir görməməkdədir. Satıcıya cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün lazımi tədbirlər görməsini dəfələrlə bildirdiyi halda onlar tərəfindən heç bir tədbir görülməmişdir. Bu səbəbdən həmin mənzildən qeydiyyatdan çıxarılaraq yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etməkdən başqa bir yol qalmamışdır. Belə ki, mənzilin satıcısı mənzili satarkən özü ilə birlikdə həmin mənzildə qeydiyyatda olan şəxslərin də həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair öhdəlik götürmüş, özü qeydiyyatdan çıxsa da, cavabdeh hal-hazırdakı dövrə qədər mənzildə qeydiyyatda qalmaqdadır. Qanunvericilik hər bir halda mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz və daşınar əmlaka hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər qoymamışdır. Cavabdehin hal-hazırda formal olaraq yaşayış yeri üzrə qeydiyyatda olmaları və mənzili boşaltmaması onun mülkiyyət hüquqlarının həyata keçirilməyinə maneçilik törədir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evdə yerləşən 166 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X6 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 18.03.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsində yerləşən 8 saylı evin 166 saylı mənzilini X3 almışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.04.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən 8 saylı evin 166 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsində yerləşən 8 saylı evin 166 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, R.Behudov küçəsində yerləşən 8 saylı evin 166 saylı mənzili alqı-satqı müqaviləsi əsasında X3 almışdır və həmin mənzil hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdeh həmin mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olub və mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır, mənzil iddiaçı tərəfindən alınarkən cavabdehin həmin mənzilə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən 8 saylı evin 166 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur və bu səbəbdən cavabdehin həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən 8 saylı evin 166 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar