Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1658/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı – Cavabdeh ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı barədə Cavabdeh ASC-nin 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin 4 saylı filialının müdiri vəzifəsinə bərpa olunması və müdir kimi vəzifələrinin icrasına buraxılmadığı xx.xx.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin daxil olmaqla) hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 4 saylı filialında müdir vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində heç zaman barəsində intizam tənbehi tətbiq edilməmişdir. Bankın rəhbərliyinin xx.xx.2018-ci il tarixdə 112 saylı əmri ilə bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə o və bankın bəzi əməkdaşları törədilmiş əməlin araşdırılması məqsədilə müvəqqəti işdən kənarlaşdırılmışdır. xx.xx.2018-ci il tarixli 112 saylı əmrin 3-cü bəndinə əsasən filialın kassasında olan pul vəsaitləri təhvil-təslim aktı ilə heç bir əskiklik olunmadan müdir müavininə təhvil verilmişdir. Bundan sonra, o, dəfələrlə işə başlamağı barədə bankın rəhbərliyinə müraciət etməyinə baxmayaraq, X11 sədri Mahmud Məmmədov ona şifahi qaydada əvvəlcə cinayət işi üzrə ibtidai istintaqın, daha sonra isə məhkəmənin bitməsini gözlədiklərini, məhkəmə bitdikdən sonra, yəni Emin Zeynalov barəsində olan cinayət işi üzrə onun təqsirinin müəyyən olunmayacağı təqdirdə onun işdən kənarlaşdırılmağı barədə əmrin ləğv olunacağını və işə başlayacağını bildirmişdir. X15 sədr müavini X7 barəsində olan cinayət işinin araşdırılması xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş və xx.xx.2020-ci il tarixdə hökm çıxarılmışdır. Həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən bankın kassalarında çatışmamazlıq aşkar edilməsi və yaxud onun əməlində hər hansı bir hüquq pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Bundan sonra o, banka müraciət etdikdə, əvvəlcə ona şifahi olaraq bildirilmişdir ki, o, işdən çıxarılmışdır. O, banka ərizə ilə müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixdə ona işdən çıxarılmağı barədə xx.xx.2020-ci il tarixli, 97/3 nömrəli əmrdən çıxarış təqdim olunmuşdur. Ona təqdim olunan Cavabdeh ASC üzrə 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmrdə göstərilmişdir ki, “Bankın 4 saylı filialının müdiri İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü (izahatında göstərilən qanun pozuntularına görə işəgötürən tərəfindən), tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. X8 İdarə edilməsi və Maliyyə departamentlərinə tapşırılsın ki, əmrin icrası ilə bağlı bütün texniki məsələləri həyata keçirsinlər”. Bildirir ki, qeyd edilən əmr kökündən tamamilə səhv və qanunsuz olduğundan ləğv edilməlidir. Onun barəsində tərtib olunmuş işdən azad olunmağı barədə əmrdə konkret olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin hansı bəndinə istinad olunması göstərilməmiş və əsaslandırılmamışdır. Ümumiyyətlə onun əmək fəaliyyəti ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır və belə olan halda işəgötürən tərəfindən onun işdən azad olunmağı barədə əmr verilməsi tamamilə qanunsuzdur. Ümumiyyətlə bankda fəaliyyəti dövründə onun işdən azad olunmağı ilə nəticələnə biləcək hər hansı bir qanun pozuntusuna onun tərəfindən yol verilməmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin onun işdən azad olunmağı barədə xx.xx.2020-ci il tarixli əmr onun ərizə ilə müraciət etməyindən sonra düz 1 ay 15 gün keçdikdən sonra ona verilmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələrin heç biri ödənilməmişdir. Sonradan İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə verərək, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə yanaşı, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc və mənəvi ziyanın 10.000 (on min) manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixində işdən azad edilməsinə dair müvafiq əmr ona xx.xx.2020-ci il tarixində təqdim edilərkən belə, işdən kənarlaşma olan dövr və son haqq-hesab üzrə ödənci tələb etməsinə baxmayaraq, ona çatası əmək haqqı və son haqq hesabdan yalnız cüzi hissə (xx.xx.2018-xx.xx.2020 üzrə olan dövrə əmək haqqı nəzərə alınmadan) xx.xx.2020-ci il tarixində onun bankda olan hesabına köçürülmüş və ona məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə istinadən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Eyni maddənin 5-ci bəndinə istinadən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bundan başqa “Fərdi əmək mübahisələrinin həlli haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 3-cü bəndinə istinadən, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən, işçiyə dəyən maddi ziyanı ödəməklə yanaşı, mənəvi ziyana görə də maddi məsuliyyət daşıyır ki, işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği respublika üzrə minimum əmək haqqı miqdarının iyirmi beş mislindən az, işçinin hüquqlarının pozulmasında təqsirkar vəzifəli şəxsin (şəxslərin) altı aylıq əmək haqqından çox ola bilməz. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia və iddia tələbi həcminin artırılması barədə ərizələrə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı Cavabdeh ASC-nin “4 saylı” filialının müdiri vəzifəsində xidmət etdiyi müddət ərzində iddiaçının iddia ərizəsində özünün göstərdiyi kimi bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsəməsi ilə bağlı şübhələr mövcud olduğuna görə, həmçinin xx.xx.2018-ci il tarixdə yazdığı izahatında göstərmiş olduğu dəfələrlə qeyri-rəsmi olaraq pul vəsaitini kassadan çıxarılıb müxtəlif şəxslərə verməsi kimi hüquq pozuntularına yol verdiyi üçün onunla bağlanmış əmək müqaviləsi və xx xxxxxx 2017-ci il tarixli “tam maddi məsuliyyət haqqında” Müqavilə üzrə vəzifələrinin icrasını kobud şəkildə pozduğundan Bank rəhbərliyinin xx.xx.2018-ci il tarixli 112 nömrəli əmri ilə işdən kənarlaşdırılmışdır. Aparılmış istintaq X18 sədrinin müavini vəzifəsində işləyən Emin Zeynalov haqqında istintaq aparılmış və o məhkum edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 97/3 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən işəgötürənin təşəbbüsü ilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli izahatında göstərilən filialın kassasında olan nağd pulun əmək funksiyasının ziddinə olaraq qorunmasını təmin etmədiyi və onlara təhlükə yaradan hallar barədə işə götürənə dərhal xəbər verməmək kimi pozuntulara yol verilməsi səbəbilə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş, Cavabdeh ASC-nin xx.xx.2020ci il tarixli 97/3 nömrəli əmrinin ləğv edilərək işə bərpa olunmasını və işdən kənarlaşdırıldığı xx.xx.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi daxil olmaqla) hesablanmaqla ona ödənilməsini tələb etmişdir. İddia tələbinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Qanunun bu tələbinə uyğun olaraq İddiaçı əmək müqaviləsi üzrə üzərinə götürdüyü əmək funksiyalarını pozduğuna görə izahatı alınmış və bu pozuntulara görə işdən kənarlaşdırılmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62ci maddəsinin 3-cü bəndində işdən kənar edilən vaxt ərzində işçiyə əməkhaqqı ödənilmədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilən tarixədək işdən kənarlaşdırıldığından qeyd edilən kənarlaşdırılma müddətinə görə ona əməkhaqqı qanunun bu tələbinə görə ödənilməmişdir. Həmin maddənin 5-ci bəndi ilə işdən kənar edilməsini işəgötürənin və ya başqa şəxslərin ona qarşı qərəzli münasibətlərinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçinin pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İddiaçı isə xx.xx.2018-ci il tarixdən işdən kənarlaşdırılmasına və üzərindən uzun müddət keçməsinə baxmayaraq xx.xx.2018-ci il tarixli izahatında da qeyd etdiyi kimi qanun pozuntusuna yol verdiyi üçün əsaslı olaraq işdən kənarlaşdırılmasını öz hərəkətsizliyi ilə təsdiqləmiş və bu səbəbdən də məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə Cavabdeh ASCnin xx.xx.2018-ci il tarixli əmri ilə işdən kənarlaşdırılmağına baxmayaraq məsələ ilə əlaqədar məhkəməyə müraciət etməmiş və beləliklə qeyd edilən iddia müddətini ötürmüşdür, iddiaçı iddia ərizəsində göstərir ki, işə başlamağı barədə bankın rəhbərliyinə müraciət etmişdir. Bu fikirlər həqiqəti əks etdirmir, iddiaçının yalnız özünün mülahizələri və ehtimallarıdır. Bankın rəhbərliyinə nə şifahi nə yazılı müraciət etməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının hazırda işdən kənarlaşdırılması ilə bağlı məsələni mübahisələndirməsi və həmin müddətə görə ona əmək haqqı ödənilməsini tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndi ilə işəgötürənlə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlanması halı işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımasına səbəb olan hallardan biri kimi müəyyən edilmişdir. Bildirir ki, iddiaçı ilə Cavabdeh ASC arasında da xx xxxxxx 2017-ci il tarixdə “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmış və həmin müqavilənin 1-ci maddəsinə əsasən işəgötürən tərəfindən etibar edilmiş pul vəsaitlərinin, daşınar və daşınmaz əmlakın və digər sərvətlərin saxlanması, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə işçinin tam həcmdə maddi məsuliyyət daşıdığı qeyd edilmişdir. Qeyd edilən maddədə həmçinin işçinin aşağıda göstərilən vəzifələri yerinə yetirməyə borclu olduğu vurğulanmışdır: a) filialın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə işəgötürənə dərhal xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; b) kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat proseduralarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; c) formalaşdırılan pul bağlamalarında kənarlaşdırmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol vermir; d) ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; e) pul vəsaitlərinin, digər əmlakların və qiymətlilərin mühafizəsi, daşınması, saxlanması və sair əməliyyatların aparılması, habelə bunlarla bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır; f) iş yerində kompüterlərə və digər məlumat daşıyıcılarına məlumatların daxil edilməsi, emal edilməsi, verilməsi zamanı işgötürənə zərər vura bilən əməliyyatların aparılmasına yol vermir; g) ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirir; h) filialda əmanətlərin qəbulunda və əmanət müqavilələrinin tərtibatında bankın əmanətlərin qəbul edilməsi və uçotu qaydalarının, həmçinin qüvvədə olan qanunvericiliyin tələblərindən kənara çıxmır; i) işçiyə məlum olan və işəgötürənə zərər verə bilən hər hansı bir fəaliyyətlə məşğul olmur. Qeyd edilənlərə baxmayaraq, iddiaçı tərəfindən əmək müqaviləsi və xx xxxxxx 2017-ci il tarixli “tam maddi məsuliyyət haqqında” müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrası kobud şəkildə pozulmuşdur. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixli izahatında rəhbərlik etdiyi “4 saylı” filialın kassasından həmin vaxt X18 Sədrinin müavini vəzifəsində işləyən Emin Zeynalova dəfələrlə qeyri-rəsmi olaraq pul vəsaiti verdiyini etiraf etmişdir. O, həmçinin bu əməliyyatları rəhbərliyin ümumi qərarı əsasında deyil, Emin Zeynalovun göstərişi ilə icra etdiyini və rəhbərliyin icazəsi olmadan bu cür əməliyyatların yerinə yetirilməsinin mümkün olmadığını bildiyini qeyd etmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi ilə xitam verilməsini qanunsuz olduğunu və bu səbəbdən də xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsini tələb etsə də, Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndində işəgötürən tərəfindən əmək müqaviləsinə həmin Məcəllənin 68-ci maddəsində nəzərdə tutulan əsaslarla da xitam verilə bilindiyi göstərilmişdir. Belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən işəgötürənin təşəbbüsü ilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli izahatında və yuxarıda qeyd olunan qanun pozuntularına yol verilməsi səbəbilə xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X14 izahatında göstərmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrdə işəgötürən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsaslanaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, işəgötürən əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə deyil, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin konkret əsasları göstərilən həmin Məcəllənin 70-ci maddəsinin müvafiq bəndinə istinad etməli idi. Bundan başqa qeyd edir ki, qanunvericiliyin tələbinə görə iddiaçıya verilən intizam tənbehi iddiaçı tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilməlidir. Hazırki halda isə intizam tənbehi iddiaçıdan xx.xx.2018-ci il tarixdə yazılı izahat alındıqdan 2 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Cavabdeh tərəf bu halı aparılan cinayət işi ilə əlaqələndirir, lakin aparılmış cinayət işinin nəticəsi bilinmədən iddiaçıya intizam tənbehi verilmişdir. Bundan başqa, Bankın daxilində aparılmış hər hansı bir digər araşdırmanın nəticəsi olaraq məhkəməyə hər hansı bir sənəd də cavabdeh tərəfindən təqdim edilmir. Həmçinin bildirir ki, iddiaçının işdən kənarlaşdırılmasına əsas olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü çıxdıqdan sonra, hökmdə bankın kassalarında çatışmamazlıq aşkar edilməsi və yaxud iddiaçının əməlində hər hansı bir hüquq pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Eləcə də, Banka maddi zərər vurulması da aşkar edilməmişdir. Belə olan halda iddiaçıya işdən kənarlaşdırıldığı dövr üçün (xx.xx.2018-ci il tarixdən) boş dayanmaya görə əmək haqqı ödənilməlidir. Bununla yanaşı, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin 4 saylı filialına müdir vəzifəsinə təyin edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən işçiyə hər ay 1000 (min) manat məbləğində əmək haqqı ödənilir. - Cavabdeh ASC-nin xx xxxxxxxx 2016-cı il tarixli 83 nömrəli əmrindən görünür ki, Cavabdeh ASC X1 xx.xx.2016-cı il tarixli 3 saylı protokoluna və Azərbaycan Respublikasının Maliyyə X2 xx xxxxxxxx 2016-cı il 23/9 nömrəli icazəsinə əsasən Cavabdeh ASC-nin “4 saylı” filialı fəaliyyətə başlaması ilə əlaqədar və X11 xx.xx.2016-cı il tarixli qərarına əsasən “4 saylı “filialın ştat cədvəli təsdiq edilmiş və xx.xx.2016-cı il tarixindən qüvvəyə minmişdir. İddiaçı xx.xx.2016-cı il tarixindən iki ay sınaq müddəti ilə CavabdehASC-nin “4 saylı” filialın müdiri vəzifəsinə təyin edilmişdir. -Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli əmək müqaviləsinə dəyişikliyin edilməsi haqqında əlavədən görünür ki, “Əmək müqaviləsi”nin 8.2-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir:- 4.1. Bankın Müştərilərə xidmət departamentinin Korporativ müştərilərə xidmət şöbəsinin rəisi İddiaçı xx.xx.2017-ci il tarixindən “4 saylı" filiala müdir müavini vəzifəsinə keçirilmiş, əmək haqqı 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir. -Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsinə dəyişikliyin edilməsi haqqında əlavədən görünür ki, “Əmək müqaviləsi”nin 8.2-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir:- 4.1. Bankın “4 saylı” filialın müdir müavini İddiaçı xx.xx.2017-ci tarixindən, həmin filialın müdir vəzifəsinin icraçısı keçirilmiş və əmək haqqı 1000 (bir min) manat məbləğində müəyyən edilmişdir. -Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli tam məsuliyyət haqqında müqavilədən görünür ki, işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş pul vəsaitlərinin, daşınar və daşınmaz əmlakın və digər sərvətlərin saxlanması, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Bununla əlaqədar vəzifəsinə uyğun olaraq işçi aşağıdakı vəzifələri yerinə yetirməlidir: - filialın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə İşəgötürənə dərhal xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; - kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat proseduralarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; - formalaşdırılan pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol vermir; - ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; - pul vəsaitlərinin, digər əmlakların və qiymətlilərin mühafizəsi, daşınması, saxlanması və sair əməliyyatların aparılması, habelə bunlarla bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır; - iş yerində kompüterlərə və digər məlumat daşıyıcılarına məlumatların daxil edilməsi, emal edilməsi, verilməsi zamanı İşəgötürənə zərər vura bilən əməliyyatların aparılmasına yol vermir; - ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirir. - filialda əmanətlərin qəbulunda və əmanət müqavilələrinin tərtibatında bankın əmanətlərin qəbul edilməsi və uçotu qaydalarına, həmçinin qüvvədə olan qanunvericiliyin tələblərindən kənara çıxmır; - işçiyə məlum olan və işəgötürənə zərər verə bilən hər hansı bir fəaliyyətlə məşğul olmur. - Cavabdeh ASC-nin 112 nömrəli xx xxxx 2018-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə, törədilmiş əməlin araşdırılması məqsədi ilə Bankın “4 saylı” filialının müdiri İddiaçı xx.xx.2018-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. - Cavabdeh ASC-nin 97/3 nömrəli xx xxxx 2020-ci il tarixli əmrinin çıxarışından görünür ki, Bankın xx xxxx 2020-ci il tarixli 97/3 nömrəli əmrinə əsasən “4 saylı” filialın müdiri İddiaçı xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsi xitam verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı xx.xx.2018-ci il tarixli izahat ərizəsi göstərilmişdir. - İddiaçı tərəfindən yazılmış və Cavabdeh ASC-nin Müşahidə şurasının sədrinə ünvanlanmış xx xxxx 2018-ci il tarixli izahatından görünür ki, Cavabdeh ASC-nin İdarə Heyətinin sədr müavini E.Zeynalov xx xxx 2018-ci il tarixindən etibarən bir neçə dəfə filialın kassasından müxtəlif valyutalar üzrə mübadilə məqsədilə pulu Vüsal adlı bir şəxsə verilməsini demişdir. xx.xx.2018-ci il tarixində Vüsala 10.000 (on min) manat və 120.000 ABŞ dolları məbləğində pulu qeyri rəsmi verilmiş məbləğlər axşam kassaya qaytarılmışdır. xx.xx.2018-ci il tarixdə 110.000 (yüz on min) avro məbləğində pulu eyni adam götürmüşdür. xx.xx.2018-ci il tarixdə həmin məbləğ səhər saat 09:30-da geri qaytarılmışdır. Amma gün ərzində 350.000 (üç yüz əlli min) dollar və 105.000 (yüz beş min) manat yenidən qeyri rəsmi götürülmüş, xx.xx.2018-ci il tarixdə 150.000 (yüz əlli min) manat və 280.000 (iki yüz səksən min) ABŞ dolları qaytarılmış, xx.xx.2018-ci il tarixində də yenidən gün ərzində bir neçə dəfə həm manat, həm də dollarla götürülmüş və geri qaytarılmışdır. xx.xx.2018-ci il tarixində kassada 110.000 (yüz on min) manatdan başqa digər qalıqlar tam bağlanmışdır. xx.xx.2018-ci il tarixdə kassada olan müxtəlif valyutalar 1100.000 ABŞ dolları və 100.000 manat 23.330 ingilis funtu 4000 AED yenidən Vüsal adlı şəxsə verilmişdir ki, bazarertəsi səhər saat 09:30 da qaytarılacaqdır. Lakin bazarertəsi gün ərzində az bir məbləğlər qaytarılmış, mübadilə olunmuşdur. Günün sonuna az qalmış E.Zeynalov qalan vəsaitin gətiriləcəyini bildirmiş, lakin iş saatı bitdiyinə görə xx.xx.2018-ci il tarixdə 1.196,040 ABŞ dolları, 7370 manat, 110.000 evro, 23330 funt sterlinq və 4000 AED məbləğ əskikliyi ilə kassanı bağlamışlar. Lakin yenə də bildirmişdir ki, qeyri-rəsmi valyuta mübadilələri üçün götürülən vəsaitlərdən rəhbərliyin məlumatının olduğunu zənn etmiş, çünki bu cür əməliyyatlar icazəsiz mümkün deyildir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(101)-171/2020 saylı hökmündən görünür ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CMnin 46-cı maddəsi tətbiq edilməklə 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs İddiaçı mülki iddiası X5 244.318 AZN (iki yüz qırx dörd min üç yüz on səkkiz) manat 74 (yetmiş dörd) qəpik tutularaq İddiaçı ödənilməsi hissəsində qismən təmin edilmiş, mülki iddia qalan hissədə rədd edilmişdir. - Qeyd edilən hökmdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş İddiaçı Firudin qızı ifadəsində göstərmişdir ki, 2014-cü ilədək “xxxxxxxxx” ASC-də «VİP» filialının müdiri vəzifəsində işləmiş, həmin ildə işdən çıxdıqdan sonra iki il işsiz qalmış və 2016-cı ildə ona “xxxxxxxxx” ASC-nin 4 saylı filialına müdir təyin edilmiş, 2017-ci ilin əvvəllərində eşitmişdir ki, Emin Zeynalov bankın xəzinədarlıq departamentinə təyin edilmişdir. Emin Zeynalov qısa müddətdə işində irəliləyib X18 sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Emin Zeynalovu təcrübəli rəhbər, həm də dindar şəxs kimi tanımış, işdə də, o, hamının rəğbətini və etibarını qazanmışdır. 2017-ci ilin noyabr ayının əvvəllərində onkoloji xəstəlikdən əziyyət çəkən anasının müalicə xərclərini, eləcə də həmin müalicə ilə bağlı yaranmış borclarını ödəmək üçün məcbur olub öz yaşadığı ünvan 1 ünvanındakı 38 nömrəli mənzili 320.000 manata satmışdır ki, borcları ödəsin və ailəsi üçün ölçü və qiymət baxımından münasib bir mənzil alsın. Alqı-satqını noyabr ayında etmiş və borclarını qaytarıb qalan 143.700 ABŞ dolları pulu ev almaq üçün saxlamışdır. Anasının xəstəliyi, eləcə də maddi problemləri barədə bankda çox adamın xəbəri olmuş, hətta bank rəhbərliyinin də bundan məlumatı olmuşdur. Belə ki, idarə heyəti sədrinin müavini olan Emin Zeynalov onun ev axtardığını bilib ona bu işdə köməklik etmək istədiyini bildirmiş, ona münasib qiymətə yaxşı bir mənzil təşkil edə biləcəyini deyərək, bu işindən əlavə tikinti sahəsində də çalışdığını, Ağ şəhərdə yüksək keyfiyyətli binalar inşa etdiyini demişdir. Emin Zeynalov bildirmişdir ki, Ağ şəhərdə olan tikintiləri gec tamamlanacağı halda atası Zakir Zeynalovun Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35 ünvanında inşa etdirdiyi hazır vəziyyətdə olan binadan 3 otaqlı mənzil verəcəkdir. Onun bu təkliflərini çox yaxşı qarşılamış, lakin Mətbuat prospektindəki mənzili almağın ona sərf etməyəcəyini demişdir. Emin Zeynalov ev üçün ayırdığı pulları ona verməsini, bunun qarşılığında ya özlərinin inşa etdirdikləri binadan, ya da dost-tanışlarının inşa etdirdikləri binaların birindən bir 3 otaqlı mənzil alıb ona verəcəyini vəd etmişdir. O, da əlində qalan 143.700 ABŞ dolları pulu mənzil alınması üçün xx xxxxxx 2017-ci il tarixdə Emin Zeynalova işlədiyi “xxxxxxxxx” ASC-nin 4 saylı filialının inzibati binasında vermişdir. O, bir müddət kirayədə qalmaq məcburiyyətində olmuş, mütəmadi olaraq Emin Zeynalovla mənzil barədə danışmış, o, da hər dəfə müxtəlif bəhanələr gətirib binaların tam hazır olmadığını demişdir. 2018-ci ilin mart ayının əvvəllərində həyat yoldaşı Emin Zeynalovun bir iş görə bilməyəcəyi halda pullarını qaytarmasını, özlərinin yeni bir ev almalarını desə də, Eminin onları aldatmayacağını, sözünün üstündə durub verdiyi vədə əməl edəcəyini demişdir. 2018-ci ilin iyun ayının əvvəllərində bank işçiləri və digər tanışlarından eşitmişdir ki, Emin Zeynalov Bakı şəhərini tərk edib, tapılmır. Narahat olmağa başlamış, əlaqə saxlamaq istəsə də, onun mobil telefonu sönülü olduğundan danışa bilməmişdir. İyun ayının axırlarında məlum olmuşdur ki, Emini külli miqdarda pul ələ keçirdiyi üçün həbs etmişlər. Bundan sonra onun ailəsi ilə əlaqə saxlayıb pullarını tələb etsə də, heç bir faydası olmamış, onun ailə üzvləri də ondan şikayət etməməsi üçün möhlət almış, lakin bunun da faydası olmamışdır. Sonda məcbur olub Emin Zeynalov tutulandan bir müddət sonra şikayət etmişdir. Hazırda mülki iddiasının təmin olunmasını və 244.318,74 manat maddi ziyan, 80.000 manat əldə çıxmış fayda və 20.000 manat mənəvi ziyana görə pulun təqsirləndirilən şəxs Emin Zeynalovdan tutularaq ona ödənilməsini xahiş edir. - Cavabdeh ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı kart hesabına 1414,04 manat pul köçürülmüşdür. - Cavabdeh ASC-nin 97/3 nömrəli xx xxxx 2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Bankın xx xxxx 2020-ci il tarixli 97/3 nömrəli əmrinə əsasən “4 saylı” filialın müdiri İddiaçı xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar olaraq axırıncı haqq-hesab edilməsi və 2016-2017-ci iş ili üzrə istifadə etmədiyi 30 (otuz) gün müddətində, 2017-2018-ci iş ili üzrə istifadə etmədiyi 20 (iyirmi) gün müddətində əmək məzuniyyətlərinə görə kompensasiya hesablanması və ödənilməsi Maliyyə departamentinə tapşırılmışdır. - xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi reyestrə daxil edilmişdir. Beləliklə də araşdırma zamanı müəyyən edilmişdir ki,İddiaçı xx.xx.2017-ci tarixindən Cavabdeh ASC-nin “4 saylı” filialın müdiri vəzifəsinə təyin edilmiş, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli tam məsuliyyət haqqında müqavilə imzalanmış, Bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə, törədilmiş əməlin araşdırılması məqsədi ilə Bankın “4 saylı” filialının müdiri İddiaçı xx.xx.2018-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. İşin araşdırılmış hallarından məlum olur ki, İddiaçı Bankın “4 saylı” filialının müdiri vəzifəsindən xx.xx.2018-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılması X15 sədr müavini X7 barəsində olan cinayət işi ilə bağlı olmuş və iddiaçı buna dair həmin tarixli 112 nömrəli əmri mübahisələndirməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh X15 sədr müavini X7 (təqsirli bilinərək məhkum edilməsinə dair) barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü xx xxxx 2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə xx.xx.2020-ci il tarixindən AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «a» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları AzərbaycanRespublikasınınƏməkMəcəlləsinin 10-cu fəslində təsbit edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Əmək müqaviləsinin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsasları və qaydaları ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi iş materiallarında olan tərəflərin arasında bağlanmış əmək müqaviləsinin əmək müqailəsinə xitam verilməsi qaydaları bölümünün 9.1-ci hissəsində də öz əksini tapmışdır. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunverici əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilməsini təsbit etməklə yanaşı, onun əsaslarının və qaydalarının da konkret hallarını göstərmişdir. Hazırki işdən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi təşəbbüsu işəgötürən tərəfindən olmuşdur ki, iddiaçı da bu təşəbbüsün qanuniliyini mübahisələndirir. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi təşəbbüsü Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin «a» bəndində nəzərdə tutulsa da, bu ləğvin əsasları həmin Məcəllənin 70-ci maddəsində konkret olaraq sadalanmışdır. Belə ki, həmin normaya əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən işəgötürənin təşəbbüsü ilə xitam verilməsinə dair əmrin verilməsinin əsası kimi “iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli izahatında göstərilən “filialın kassasında olan nağd pulun əmək funksiyasının ziddinə olaraq qorunmasını təmin etmədiyi və onlara təhlükə yaradan hallar barədə işəgötürənə dərhal xəbər vermədiyi kimi” pozuntulara yol verilməsinə və bu barədə özünün yazılı izahatının olmasına” istinad etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsində işəgötürənin hansı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilməsi təsbit edilmişdir. Həmin hallardan biri (c bəndi) iş vaxtı ərzində işçinin bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətməsidir. Qeyd edilən normanın İİ hissəsinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Həmin normanın 4-cü hissəsinə əsasən, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Məhkəmə ilk növbədə cavabdehin iddiaçını işdən kənararlaşdırılması ilə bağlı əmrində “onun Bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə törədilmiş əməlin araşdırılması məqsədi ilə kənarlaşdırılmasının” göstərildiyini qeyd edir və hesab edir ki, cavabdehin qeyd edilən məzmunda əmri verməsinin aparılan hər hansı bir araşdırma ilə bağlı olması faktı mübahisəsizdir. Cavabdehin nümayəndəsinin izahatından göründüyü kimi, bu araşdırma X15 sədr müavini X7 barəsində aparılan cinayət işi ilə bağlı olmuş və iddiaçı da öz növbəsində izahatında Cavabdeh ASC-nin İdarə Heyətinin sədr müavini E.Zeynalovun göstərişinə əsasən xx xxx 2018-ci il tarixindən etibarən bir neçə dəfə filialın kassasından müxtəlif valyutalar üzrə mübadilə məqsədilə pulun Vüsal adlı bir şəxsə verilməsini təsdiq etmişdir. Bununla belə, cavabdeh tərəf qeyd edilən şəxsin barəsində olan cinayət işi üzrə hökmün çıxarılmasını gözləmədən iddiaçı barəsində xx.xx.2018-ci il tarixli izahatında göstərilən hallara istinad edərək xx.xx.2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Həmin Məcəllənin 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, cavabdehAzərbaycanRespublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş iddiaçıya inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilərdi. Başqa sözlə, cavabdehin əməllərində müqavilə üzrə vəzifələrinin icrasını kobud şəkildə pozması halları mövcud idisə barəsində Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara (və ya hala) istinad etməklə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehi verə bilərdi. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. - 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulsa da və sözügedən Məcəllənin 76-cı maddəsində həmçinin 68-ci maddəsində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilməsi təsbit edilsə də, sonuncu norma müstəqil tətbiq edilə bilməzdi. Çünki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi dedikdə Məcəllənin 70-ci maddəsində konkret olaraq işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri göstərilməlidir. Məhkəmə qanunvericiliyin tələbini, o cümlədən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi təşəbbüsü Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndində nəzərdə tutulsa da, bu ləğvin əsaslarının həmin Məcəllənin 70-ci maddəsində konkret olaraq sadalanmasını nəzərə alaraq, cavabdeh işəgötürən tərəfindən yalnız Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsaslanaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş əmri qanunsuz və əsassız hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin İ hissəsi intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin normanın İİ hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan qanun pozuntuları ilə bağlı xx.xx.2018-ci il tarixdə bununla əlaqədar yazılı izahat alınsa da, ona verilən intizam tənbehi iddiaçının əmək intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək deyil, 24 aya yaxın vaxt keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə verilmişdir ki, bu da qeyd edilən normanın tələbləri baxımından növbəti qanun pozuntusudur. Belə ki, cavabdeh işəgötürən tərəfindən iddiaçının xx.xx.2018-ci il tarixdən işdən kənarlaşdırılmasıX15 sədr müavini X7 barəsində aparılan cinayət işi ilə əlaqələndirilsə də, X15 sədr müavini X7 barəsində olan cinayət işi üzrə hökm çıxarılmasını gözləmədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin izahatlarına əsasən cavabdeh X15 sədr müavini X7 barəsində olan cinayət işinin araşdırılması xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmişdir. İşin materiallarından da görünür ki, xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə bankın kassalarında çatışmamazlıq aşkar edilməsi və yaxud iddiaçının əməlində hər hansı bir hüquq pozuntusuna yol verilməsi halları müəyyən olunmamışdır. Əksinə hökmdən görünür ki, İddiaçı Firudin qızı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş, mülki iddiası X5 244.318 AZN (iki yüz qırx dörd min üç yüz on səkkiz) manat 74 (yetmiş dörd) qəpik tutularaq ona ödənilməsi hissəsində qismən təmin edilmiş, mülki iddiası qalan hissədə, yəni mənəvi ziyanın tutulması hissəsində rədd edilmişdir. Məhkəmə iş materiallarını, tərəflərin öz mövqelərini əsaslandırdıqları dəlilləri ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, cavabdeh iddiaçı barəsində verdiyi xx xxxx 2020-ci il tarixli əmrdə “əmək müqaviləsinin ləğv edilməsi qaydası” nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq normalarına düzgün riayət olunmamış, onun tərəfindən əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin əsaslarından bəhs edən müvafiq normaya istinad edilməmiş, iddiaçı işdən kənarlaşdırıldığı halda onun inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini qanun pozuntusunun aşkar edildiyi gündən bir ay keçənədək tətbiq etmək hüququna malik olduğu halda, qanunun bu tələbini də nəzərə almamış və işçiyə əmək intizamının pozulduğu aşkar edildiyi gündən 24 aya yaxın vaxt keçdikdən sonra intizam tənbehi (işçinin işdən azad edilməsi barədə əmr) verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hisslərinə əsəsən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfındən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,Cavabdeh ASC-nin 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ləğv edilməklə iddiaçı Cavabdeh ASC-nin 4 saylı filialının müdiri vəzifəsinə bərpa olunmalı, xx.xx.2020-ci il tarixdən işə bərpa edilən günədək onaməcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi müdir kimi vəzifələrinin icrasına buraxılmadığı xx.xx.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, eləcə də hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi barədə hissələri əsassız olduğu üçün təmin edilə bilməz. Məhkəmə iddiaçının qanunsuz işdən azad edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi nəticəsinə gəlmişdir. Bu halda isə əmək haqqının gecikdirilməsi ilə bağlı əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə, iddiaçı tərəfindən işdən kənarlaşdırılması ilə bağlı Cavabdeh ASC-nin 112 nömrəli xx xxxx 2018-ci il tarixli əmrin mübahisələndirilmədiyini nəzərə alaraq, həmin tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqının ödənilməsi tələbinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iddia tələbinin əmək haqqının istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin daxil olmaqla hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Cavabdeh ASC-nin 97/3 nömrəli xx xxxx 2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Bankın xx xxxx 2020-ci il tarixli 97/3 nömrəli əmrinə əsasən “4 saylı” filialın müdiri İddiaçı xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar olaraq axırıncı haqq-hesab edilməsi və 2016-2017-ci iş ili üzrə istifadə etmədiyi 30 (otuz) gün müddətində, 2017-2018-ci iş ili üzrə istifadə etmədiyi 20 (iyirmi) gün müddətində əmək məzuniyyətlərinə görə kompensasiya hesablanması və ödənilməsi Maliyyə departamentinə tapşırılmışdır. Cavabdeh ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı kart hesabına 1414,04 manat pul köçürülmüşdür. Məhkəmə qeyd edir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən 10000 manat mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X16 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X16 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X16 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçıməhkəmə iclasında kənarlaşdırılmaqla işdən azad edilməsi ilə bağlı psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 30 manat dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 15 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC-nin 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ləğv edilməklə İddiaçı Cavabdeh ASC-nin 4 saylı filialının müdiri vəzifəsinə bərpa olunmalı, xx.xx.2020-ci il tarixdən işə bərpa edilən günədək onaməcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, iddia tələbləri qalan hissələrdə təmin edilməməlidir. 30 manat dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 15 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində olan Cavabdeh ASC-nin 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ləğv edilməklə İddiaçı Cavabdeh ASC-nin 4 saylı filialının müdiri vəzifəsinə bərpa olunsun. İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1658/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1658/2020
25.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver