Məhkəmə qərarları › İş №2(009)-1660/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1660/2021

05.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1660/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 11 iyun 2020-ci il tarixdə 1 saylı Bakı «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsində saylı bağlanmış və 953 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikahın etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11 iyun 20202-ci il tarixdə 1 saylı Bakı «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsində 953 saylı nikah qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Hər ikisinin məqsədi el adəti ilə toy etmək və faktiki nikaha daxil olmaq idi. Lakin məlum olan və bütün dünyada baş verən «COVİD-19» virusu səbəbindən Azərbaycan Respublikası Nazirlər X1 tərəfindən kütləvi şənliklərə, o cümlədən toy məclislərinin keçirilməsinə qadağa qoyulmuşdur. Bu səbəbdən də rəsmi nikaha girib hər dəfə toy məclislərinin açılacağı günü gözləmişlər ki, iddiaçı cavabdehin evinə el adəti ilə gəlin köçsün. Lakin bu zaman ərzində aralarında yaranan narazılıq səbəbindən münasibətləri korlanmışdır. O, cavabdehlə ailə-nikah münasibətlərinə daxil olmamış, birgə nikah dövründə heç bir əmlak əldə etməmişlər. Nişan və digər bayramlarda gətirilən qızılzinət və əmlaklar aralarında razılıqla həll edilib. Bir-birilərinə qarşı heç bir tələbləri yoxdur. Odur ki, aralarında bağlanmış rəsmi nikah qeydinin nikaha daxil olduqları ilk gündən hər zaman sadəcə formal xarakter daşıdığı üçün etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə ünvanlayaraq, iddianı qəbul etdiyini, nikahın etibarsız sayılmasına etiraz etmədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsinə də hüquqi qiymət verməklə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 402851 saylı, 11.06.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında 11 iyun 2020-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanmasına dair 953 sayı ilə qeyd aparılmış və iddiaçıya “İsayeva” soyadı verilmişdir. İddiaçı sözügedən nikahın etibarsızlığını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad edərək irəli sürmüş və iddia tələblərini bu əsaslarla müdafiə etmişdir. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiaçının istinad etdiyi qanunvericilik normasının dispozisiya şərtlərinin hazırki iddiaya münasibətdə mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər ailə qurmaq niyyəti olmuşdur, lakin məlum olan və bütün dünyada baş verən «COVİD-19» virusu səbəbindən Azərbaycan Respublikası Nazirlər X1 tərəfindən kütləvi şənliklərə, o cümlədən toy məclislərinin keçirilməsinə qadağa qoyulmuşdur. Lakin bu zaman ərzində aralarında yaranan narazılıq səbəbindən münasibətləri korlanmışdır. Bununla belə, onlar faktiki olaraq birlikdə yaşamamış, toy mərasimi keçirilməmiş və ümumiyyətlə ailə münasibətlərində olub birgə təsərrüfat aparmamışlar. İş materiallarına əlavə edilmiş arayışdan və iddiaçının öz nümayəndəsinə verdiyi etibarnamədən də görünür ki, o, cavabdehlə birlikdə deyil, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 29/75 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Beləliklə, tərəflərin ailə qurmaq niyyəti olmadan nikaha daxil olmaları faktı məhkəmə iclasında müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanımlamaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Uydurma əqd isə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 340.1-ci maddəsi). Cavabdeh nikahın etibarsızlığı iddiasını yazılı ərizə verməklə qəbul etməsini də, onun iddiaçı ilə ailə qurmaq niyyəti olmadan nikaha daxil olmasının təsdiqi kimi qiymətləndirərək məhkəmə, nikahın etibarsız sayılması tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 11 iyun 2020-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət mərkəzi”nin Qeydiyyat şöbəsində bağlanmış və 953 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar