Məhkəmə qərarları › İş №2(009)-1662/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1662/2022

06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1662/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı “şəxslərin qohumluq münasibətləri faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı “şəxslərin qohumluq münasibətləri faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Məmmədova (Novruzova) Suriyə Mirzə qızının X6 ilə bacı qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, anası-Məmmədova (Novruzova) Suriyə Mirzə qızı 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası X1, anası isə X4 olmuşdur. Anası 8 iyun 1953-cü il tarixində atası X5 ilə nikaha daxil olmuş və nikahdan sonra soyadı dəyişilərək Məmmədova olmuşdur. 24 yanvar 2009-cu ildə isə anası vəfat etmişdir. 10 dekabr 1932-ci il təvəllüdlü X6 22 aprel 2022-ci ildə vəfat etmişdir. Onun ailəsi olmadığı üçün o onun vərəsəsi kimi miras əmlakı qəbul etmək və vərəsəlik haqqında şəhadatnamə almaq üçün 30 saylı notariat ofisinə müraciət etdikdə anası Məmmədova (Novruzova) Suriyə Mirzə qızının doğum haqqında şəhadətnaməsinin təqdim edilməməsindən ona imtina edilmişdir. Anasının doğum haqda şəhadətnaməsini almaq məqsədi ilə Azərbaycan Respublikasınin Dövlət Arxivinə müraciət etdikdə ona bildirdirmişlər ki, arxiv fondunda mühafizə edilən sənədlərdə 1927-1928-ci illərə dair Bakı şəhəri, Voroşilov rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Ərizəçi həmçinin qeyd etmişdir ki, anası Məmmədova (Novruzova) Suriyə Mirzə qızının X6 ilə bacı qardaş olması faktını qohumları və yaxın adamları da məhkəmədə şahid kimi çıxış edib təsdiq edə bilərlər. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarı ilə bu qəbildən olan işlər vahid məhkəmə təcrübəsinin formalaşması üçün məhkəmələrin diqqətinin hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsi tövsiyə edilmişdir. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 qalan miras əmlakı vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə onun bacısı oğlu olmasını təsdiq etmək üçün anasının qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasınin Dövlət Arxivinin məktubundan görünür ki, arxiv fondunda mühafizə edilən sənədlərdə 1927-1928-ci illərə dair Bakı şəhəri, Voroşilov rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə hesab edir ki, ərizəçi qeyd edilən faktın müəyyən edilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə əlaqədar olduğundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlar qeydinin bərpası ilə bağlı müraciət etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itirilmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı “şəxslərin qohumluq münasibətləri faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı “şəxslərin qohumluq münasibətləri faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC, Yasamal branch, VÖEN **********, Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi 853) geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar