Məhkəmə qərarları › İş №2(009)-168/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-168/2020

02.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-168/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçının və onun nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı – Cavabdeh1 MMC-ə qarşı «direktor kimi səlahiyyətlərinə xitam verilmə və pul» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh1 MMC-ə qarşı « direktor kimi səlahiyyətlərinə xitam verilmə və pul » barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ilin iyul ayının 23-dən Cavabdeh1 MMC-də direktor kimi fəaliyyətinə xitam verilməsi və cavabdehdən 95.810 manat maddi, 20.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə cavabdeh olan Cavabdeh2 atası İlham Muradovla 1987-ci ildən dostluq münasibətlərində olub. Aralarında daim mehriban münasibətlər olmaqla bir-birlərinə etibarı tam olub. 2017-ci ilin mart ayının sonlarında İlham Muradov oğlu ilə birgə onunla görüşərək, ona ailələrinin gəlir mənbəyi əldə edilməsi üçün yaratdıqları və təsisçisi Cavabdeh2 olduğu Cavabdeh1 MMC-də direktor vəzifəsində işləməyə və tam olaraq işi öz rəhbərliyi altna alaraq, fəaliyyət göstərəcəkləri yeri öz vəsaiti hesabına abadlaşıdrmağı təklif etdi. Bunun müqabilində isə, əldə edəcəkləri gəlirlərdən ona 30% vəsait verməyi söz verdilər. Bu şirkətin fəailiyyət sahəsilə maraqlandıqda, ona məlum oldu ki, şirkətin Xaçmaz rayonu, Seyidlərkəndyeri kəndində «Malibu» ailəvi istirahət məkrəzi mövcuddur və həmin mərkəz əsasən yay mövsumlarmda fəaliyyət göstərir. İlham və Cavabdeh2ların təklifləri ona maraqlı gəldiyindən, bu haqda onlarla ətraflı danışmağa başladı. Onlarla apardığı danışıqlardan sonra, təklif irəli sürdü ki, bankdan kredit vəsaiti götürərək istirahət mərkəzində əsaslı təmir işləri aparıb bir çox istirahət otaqları və kotecləri yenidən quraraq yay mövsümünda tam fəailiyyətə başlaya bilərlər. Onlar onun təklifilə razılaşdılar. Bu ərəfədə kredit vəsaitinin alınması üçün, o Cavabdeh1 MMC-nin adında olan əmlaklarla bağlı sənədlərlə birlikdə “Kapital” Bankın Mərkəzi filialına müraciət etdi. Təqdim etdiyi sənədlərə baxış keçirildikən sonra, bankdan kredit vəsaitinin alınması üçün sənədlər köhnə formada olduğundan, onların yenisi ilə əvəz edilməsinə zərurətin yarandığını bildirdilər. Bu sənədlərin yenisinin alınması ilə maraqlındıqda, bunun uzun zaman lazım olduğunu bildikdə, o öz təşəbbüsü ilə İlham və Cavabdeh2lara özünə məxsus olan bağ torpaqlarını girov qoyaraq şirkətin adına kredit vəsaiti götürüb təmir işlərinə başlamaqları, həmçinin əlavə şəxsi vəsaitini qoymağını, sonradan gəlir əldə edilən an ilk növbədə onun vəsaitlərini qaytarılmasını təklif etdi. Murad atasının göstərişi ilə aprel ayının ortalarında onu şirkətə direktor təyin olunması barədə əmr verdi. Direktor təyin edildikdən və bankdan kredit vəsaiti götürməsi üçün sənədləşmə işlərinə başladıqdan sonra, ona məlum oldu ki, şirkətin vergiyə, digər şəxslərə, keçmiş işçilərə və keçmiş direktora ödənilməmiş borcları qalmışdır. 2017-ci ilin aprel ayının sonlarından bankdan kredit götürülməsinin uzun çəkəcəyini gördükdə, o öz şəxsi vəsaitini istirahət mərkəzinin təmirinə, yaranmış borcların ödənilməsinə sərf etməyə başladı. Bir çox şəxslərdən nisyə mal götürərək, istirahət mərkəzinin təmirinə başladı. Nəticə etibarı ilə, uzun sürən sənədləşdirmələrdən sonra, o 2017-ci ilin iyun aynın 13-ü bankla kredit müqaviləsi bağlamağa nail oldu və xx.xx.2017-ci ildə şirkətin hesabına 25.000 manat kredit vəsaiti tam köçürüldü. Həmin vəsaiti əldə etdikdən sonra, bu vəsaitləri bank xərcləri çıxılmaq şərti ilə istirahət mərkəzinin təmir işlərinə, borclarının ödənilməsinə yönəltmişdi. Qısa müddət ərzində mərkəzin çox hissəsini təmir edərək, orada istirahət üçün kifayət qədər yaxşı şərait yaratdı. 2017-ci ilin iyul ayının ortalarında şirkətin təsisçisi olan Cavabdeh2 atası və İlham Muradov ona istirahət mərkəzinin sahəsində guya qızıl güllər baxımsız qaldığını bildirirək ona qarşı ilk iradlarını bildirdilər. Bundan sonra, o istirahət mərkəzində digər şəxslərə əsassız iradlar bildirərək, ona düzgün işləmədiyini, işçilər oğru olduqlarını, onların məkanlarına yaxşı baxmadığını əsas gətirərək onunla mübahisələr edirdi. Sonradan, İlham və Cavabdeh2lar ona məlumat vermədən restoran və istirahət mərkəzinin rəhbərliklərini dəyişərək, onları istirahət mərkəzinə göndərmişdir. O İlham Muradovdan ona məlumat vermədən nədən bunu etdiyini soruşduqda, o özünün şəxsi işi olduğunu və necə istəyir o şəkildə mərkəzi işlədəcəyini bildirdi. O burada artıq işləyə bilməyəcəyini gördükdə, yeni gəlmiş şəxslərlə tanış olmadan, iyul ayının 23-də Bakıya gələrək şirkətin möhürünü, tutduğu vəzifədən onu azad etməsi ilə bağlı ərizəni, maliyyə hesabatını şirkətin təsisçisi olan Cavabdeh2 atasının yanında təqdim etdi və İlham Muradovdan onun tərəfindən təmirə və borcların ödənilməsinə yönəldilmiş vəsaitlərini, həmçinin bağ sahələrini girov qoyaraq bankdan götürülmüş kredit vəsaitinin ödənilməsini tələb etdi. Murad və İlham Muradovlar qısa müddət ərzində borclu olduqları vəsaitləri ödəyəcəylərinə söz verdilər. Bundan sonra onun həmin şirkətdə fəaliyyətinə faktiki olaraq xitam verildi və o artıq həmin istirahət mərkəzinə getmirdi və onların işləri ilə maraqlanmırdı. Bundan sonra, 2017-ci ilin avqust ayının 03-də İlham Muradov yaşadığı Nardaran qəsəbəsində yerləşən bağ massivində olan evinə gələrək, ondan asan imzanı verməsini istədi və o bunun hansı məqsədlə ona lazım olduğunu soruşduqda, o bildirdi ki, vergidən yoxlamanın gəlməsi gözlənilir və yenidən asan imza alınması vaxt apardığından, yeni işçilərin işə götürülməsi və digərlərini işdən çıxarılması üçün asan imzanın ona lazım olduğunu bildirmişdir. Murad və İlham Muradovlar, tərəfindən xərclənmiş şəxsi vəsaiti və banka olan borc məbləğini ödəməyə söz versələr də, bununla bağlı onlar tərəfindən heç bir tədbir görülməmiş və bu günə qədər nə mənim şəxsi vəsaiti, nə də ki, bankın borcu ödənilməmişdir. İşlədiyi dövr üçün istirahət mərkəzinə xərclədiyi vəsaitlərlə bağlı bildirir ki, istirahət mərkəzinin fəaliyyəti ilə bağlı ona ümumilikdə 73.700 manat məbləğində maddi ziyan dəymişdir (ziyanın açıqlaması iddia ərizəsinə əlavə olunur). Həmin məbləğə 25.000 manat «xxxxxxxxxxxx» ASC-nin Xətai filialından özünə məxsus olan bağ sahələrini girov qoyaraq itsirahət mərkəzi olan Cavabdeh1 MMC-nin adına götürülmüş kredit vəsaitləri, ona hesablanmış 3.000 manat faiz və 500 manat cərimə məbləğləri də daxildir. Hazırki vaxtda, bank tərəfindən ona və Cavabdeh1 MMC-yə qarşı məhkəmədə iddia irəli sürülərək, 18.108,09 manat əsas, 1.724,87 manat faiz borcu və 30 manat dövlət rüsumunun ödənilməsi, həmin məbləğin xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 875a və 876 saylı bağ sahələrinə yönəldilməsi xahiş edilmişdir ki, məhkəmə də öz növbəsində özünün qəbul etdiyi xx.xx.2018-ci il tarixli 2(009)- 896/2018 saylı qətnaməsi ilə iddiaçının iddia tələblərinin təmin edilməsini qət etmişdir. Ona dəymiş maddi ziyan vəsaitinin tərkibinə, tərəfindən istirahət mərkəzinin təmiri üçün alman tikinti materiallarına, təmiri aparan ustalara ödənilən vəsaitlər, vergi borclarına, sərf olunmuş elektrik enerjisinə görə borclara və digər xərclərə sərf edilən vəsaitlər də daxildir. İşlədiyi dövr üçün şirkətin direktoru olsa da, ona həmin dövr üzrə heç bir vəsait, yəni əmək haqqı, həmçinin vəd edilmiş ümumi gəlirlərdən 30% vəsaitlər ödənilməmişdir. Nəticə etibarı ilə, o əldə edəcəyi gəlirlərdən də məhrum olunmuşdur. Yuxarıda göstərdiyi kimi, 2017-ci ilin iyul ayının 23-dən bu şirkətə rəhbərlik etməsə də və həmin dövrdən şirkətin fəaliyyətinin ona heç bir aidiyyatı olmasa da, bu günə qədər rəsmi orqanlarda şirkətin direktoru olaraq onun adı və soyadı keçir. 2018-ci ilin sentyabr ayında yaşadığı ünvana Nəsimi rayon Məhkəməsi tərəfindən qətnamə göndərilmiş və həmin qətnamə ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli 2(006)-5445/2018 saylı qətnaməsi ilə Cavabdeh1 MMC-nin direktoru olaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Bundan sonra, 2018-ci ilin oktyabr ayının ortalarında 3 saylı X1 adına xx.xx.2018-ci il tarixli məktub göndərilərək, həmin məktubda Cavabdeh1 MMC-nin dövlət büdcəsinə 22.316,01 manat məbləğində vergi borcunun yarandığı göstərilmişdir. Yuxarıda göstərdiyi kimi, o Cavabdeh1 MMC-nin direktoru olaraq tutduğu vəzifədən könüllü azad edilməsilə bağlı 2017-ci ilin iyul ayının 23-də təsisiçi və iş üzrə cavabdeh olan Cavabdeh2 ərizə yazmasına, şirkətin möhürlərini təqdim etməsinə baxmayaraq, təsisçi bu günə qədər onun işdən getməsini rəsmiləşdirməmiş, onu tutduğu vəzifədən azad etməmişdir, bununla bağlı ona heç nə bildirməmişdir. Nəticə etibarı ilə, həmin dövrdən bu günə qədər şirkətin fəaliyyətində onun adından aparılan bütün imzalar saxtalaşdırılaraq adından icra edilmişdir. Göründüyü kimi, cavabdehlər ona maddi ziyanla yanaşı, həm də mənəvi ziyan da vurmuşlar ki, bu ziyanlara görə də cavabdehlik daşımalıdırlar. Belə ki, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində, ona qarşı məhkəmələrdə ona aidiyyatı olmayan əsassız tələblər irəli sürülmüşdür ki, həmin tələblər məhkəmə tərəfindən təmin edilməklə onun hüquqları kobud şəkildə pozulmuşdur. Haqlı olduğu halda, öz haqlarını müdafiə edə bilməməyinin səbəbi də cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verir. O dəfələrlə Cavabdeh2 və onun atası İlham Muradova müraciətlər edərək, yaranmış borcların ödənilməsini, onu formal olaraq tutduğu vəzifədən azad edilməsini tələb etsə də, cavabdeh və onun atası pullarının olmadığını bildirirərək, qısa müddət ərzində bu pozuntuları aradan qaldıracaqlarını vəd edirdilər. Göründüyü kimi, onun hüquqları pozulmaqda davam etdirilir və pozuntuların aradan qaldırılması üçün cavabdehlər tərəfindən heç bir tədbirlər görülmür. Qeyd etmək istərdim ki, istirahət mərkəzinin təmirinə və onun borclarının ödənilməsinə tərəfindən ümümilikdə 73.700 (bankdan götürülmüş keridt vəsaiti daxıl) manat xərcləndiyindən, bu vəsaitlər faktiki olaraq müəssisənin gəlirləri hesab olunur. Hətta cavabdehlər işlədikləri dövrdə gəlir əldə etmədiklərini sübut edərlərsə, faktiki olaraq onlar mövsümü 73.700 manat gəlirlə başa vurmuşlar. Belə olan təqdirdə əldə etdikləri razılığa əsasən, həmin məbləğin 30%, yəni 22.110 manatı ona ödənilməlidir Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən isə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh1 MMC-nin nizamnaməsinə edilmiş xx xxxx 2012-ci il tarixli dəyişiklikdən görünür ki, Cəmiyyətin payçısı Cavabdeh2dur. MMC-nin nizamnaməsinin: 6.1-ci bəndinə əsasən cəmiyyətin ali idarəetmə orqanı onun təsisçisidir. 6.3-cü bəndinə əsasən cəmiyyətin idarəedici rəhbəri direktorudur. Direktor vəzifəsini təsisçi özü icra edir yaxud bu vəzifəyə kənar şəxsi təyin və azad edə bilər. Qaimə fakturalarda Həyat İnşaat tərəfindən “Malibu” İstirahət Mərkəzinə (İddiaçı) ümumi dəyəri 20256,23 manat təşkil edən inşaat materialları göndərilmişdir. Müqavilə üzrə çıxarışın surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən 25.000 manat məbləğində kredit götürülmüşdür. Məhkəmə iddia tələbinin “Direktor səlahiyyətlərinə xitam verilmə” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh1MMC-nin nizamnaməsinin 6.3-cü bəndinə əsasən direktoru təsisçi vəzifəyə azad və ya təyin edir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə onu işdən azad etməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının bu xahişinə heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. AR Konstitusiyasının 35-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. AR Mülki Məcəllənin: 43.1-ci maddəsinə əsasən Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. 91.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və (və ya) təkbaşçı) yaradılır. 91-2.2-ci maddəsinə əsasən cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər. AR Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh MMC-nin təsisçisinin qərarı ilə cəmiyyətə direktor təyin edilmişdir. Müəyyən müddət fəaliyyət göstərdikdən sonra iddiaçı işdən azad olunması ilə bağlı cavabdeh cəmiyyətin təsisçisinə müraciət etsə də, təsisçi tərəfindən iddiaçının müraciətinə heç bir reaksiya verilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç kəs zorla işlədilə bilmədiyindən zorla hər hansı bir vəzifədə saxlanıla bilməz. Bu səbəbdən iddiaçının tələbi “Direktor səlahiyyətlərinə xitam verilmə” hissəsində əsaslı olduğundan təmin edilməli və o, Cavabdeh1 MMC-nin direktoru vəzifəsindən azad edilməlidir. Məhkəmə iddia tələbinin “pul” hissəsinə münasibətdə isə qeyd edir ki,iddia tələbi bu hissədə əsassızdır. Belə ki, iddiaçı ərizəsində özünə məxsus əmlakı girov qoymaqla bankdan kredit götürdüyünü və həmin pul vəsaitini cavabdeh cəmiyyətin təmir-bərpa işlərinə xərclədiyini bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan Qaimələr İnşaat şirkəti tərəfindən İddiaçı direktorluq etdiyi dövrdə Cavabdeh1 MMC-yə müəyyən oul vəsaiti qarşılığında inşaat materialları göndərildiyini təsdiq etsə də, həmin materialların dəyərinin məhz İddiaçı şəxsi vəsaiti hesabına ödənildiyini təsdiq etmir. İddiaçının bununla bağlı ərizəsində göstərdiklərini iş materialları ilə yanaşı yoxlayaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi “pul” hissəsində sübuta yetirilmədiyindən əsassız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi qismən təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh1 MMC-nin direktor kimi fəaliyyətinə 2017-ci ilin 23 iyul tarixindən xitam verilsin. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İ̇LKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar