Məhkəmə qərarları › İş №2(009)-1691/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1691/2022

19.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1691/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı oglunun, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 oglunun, müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı oglunun (3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işə cəlb olunmaqla) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətin tam ödənilməsi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oglu 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işə cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən ödənilən müavinətdən gəlir vergisi kimi tutulan məbləğin ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, AR DNŞ-nin struktur təşkilatı olan Cavabdeh xx.xx.2022-ci il tarixli, SOCAR**********00070020B00065 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “AR DNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli birgə Əmr- Qərarında göstərilmişdir ki, “Bu əmr-qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir”. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının 5 misli məbləğində müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. O bu haqda cavabdehə müraciət etsə də, qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci “Əmək haqqından tutmalara yol verilən hallar və bunun icrası qaydası” maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafıq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” haqqında 77-ci maddəsinin 6-cı hissəsinə əsasən kollektiv müqavilələrdə, əmək müqaviləsində, bu maddənin 3, 4 və 7-ci hissələrində göstərilmiş ödəmələrin daha yüksək məbləgdə verilməsi nəzərdə tutula bilər”. Ona müəssisə tərəfindən ödənilən orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinətindən vergi tutlmur. İşdənçıxma ilə bağlı cavabdeh tərəfindən ödənilən müavinətdən gəlir vergisinin tutulması qanuni deyildir. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır və qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır. 31 avqust 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən, ödənilən müavinətdən gəlir vergisi kimi tutulan məbləğin, yəni 2864,36 manatın ona ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı oglu iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etmyərək izah etmişdir ki, İddiaçı oglu ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. “Azneft” İB-nin 28 mart 2022-ci il tarixli SOCAR**********000700 saylı əmri ilə İddiaçı oglu ilə əmək müqaviləsinə 30 mart 2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmişdir. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik isdən çıxma müavinəti ödənilib. ARDNŞnin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr- qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin Əmr-Qərarın girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrinin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir". Sözügedən əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçılara ödənilmişdir. Vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirlər ki, iddiaçılara ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ və İİ hissələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenujpunun 09 sebtyabr 2013-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Vergilər, hər bir dövlətin yarandığı andan cəmiyyətdə iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməməsi dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Odur ki, bu vəzifənin icrası konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən sözügedən məcburi ödənişdən azad edilmə yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda mümkündür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8-ci fəslində fiziki şəxslərin gəlir vergisi ilə bağlı məqamlar, o cümlədən gəlir vergisindən azadolmalar və güzəştlər öz əksini tapmışdır. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 97.3-cü maddəsinə görə, gəlirlərə muzdlu işlə əlaqədar əldə edilən gəlir; muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdanbaşqa bütün digər gəlirlər aid edilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Həmin Məcəllənin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı” başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c” və “ç”, 70-ci maddəsinin “a” və “b”, 74-cü maddəsinin “a”, “c” və “e ” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. Başqa sözlə, işçi ilə olan əmək münasibətlərinə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər əsasla xitam verilərkən işəgötürən tərəfindən ödənilən pul məbləği dövlət müavinəti olmadığından müvafiq məbləğdə pulu alan işçi müavinətlər üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən yararlanmaq imkanından məhrum olur. Digər tərəfdən, VM-nin 102.1.4-cü maddəsində ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtistlr edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Ona görə də, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmyərək izah etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı cavabdehin iddiaçıya ödədiyi müavinətə hesablanmış gəlir vergisinin iddiaçıya qaytarılması haqqında iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbinin əsası kimi Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad etməklə ona ödənilən müavinətdən gəlir vergisinin tutulmalı olmadığını bildirmişdir. Bununla bağlı bildirir ki, iş materiallarına əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, yəni tərəflərdən biri olan işçinin təşəbbüsünə əsasən xitam verilmişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 69.3cü maddəsinin 3-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarından aşkar şəkildə göründüyü kimi, iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Halbuki Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: -Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri; - Əvəzsiz dövlət köçürmələri; - Dövlət pensiyaları və dövlət təqaüdləri; - İşçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; - İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar;- Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi. Göründüyü kimi, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bu müavinət həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmişdir. Qeyd olunan maddəyə görə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 69.3-cü maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir.Həmin Məcəllənin 17.3.1-ci maddəsinə əsasən vergi agenti müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borcludur.Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gətir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən 2500 manatadək aylıq gəlirlərindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi qədər gəlir vergisi tutulur. Yuxarıda qeyd olunan müddəaları təhlil edərək qeyd edir ki, Azərbaycan Respublikasında vergilərin müəyyən edilməsi və ödənilməsi qaydaları, habelə vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Hazırkı mübahisə çərçivəsində “Azneft" İB tərəfindən iddiaçıya ödənilmiş məbləğ onuh muzdlu işdən gəlirinə aiddir və məlumdur ki, həm Konstitusiyaya, həm də Vergi Məcəlləsinə əsasən hər bir şəxs əldə etdiyi gəlirindən müvafiq vergiləri dövlət büdcəsinə ödəməlidir. Burada işəgötürən qismində çıxış edən “Azneft” İB həm də vergi agenti hesab olunur və qanunla müəyyən edilmiş vəzifəsinə uyğun olaraq iddiaçıya ödədiyi vəsaitdən Vergi Məcəlləsinin 101-ci maddəsində qeyd edilən faizləri tətbiq etməklə gəlir vergisini tutub büdcəyə ödənilməsini təmin etmişdir. Qeyd olunanlardan göründüyü kimi, “Azneft” İB ilə iddiaçı arasında vergitutma ilə bağlı bütün münasibətlər yalnız qanunla, yəni Vergi Məcəlləsi ilə tənzimlənir, həmçinin tətbiq edilən güzəştlər də yalnız həmin Məcəllədə əks olunur. Vergi Məcəlləsindən kənar heç bir işəgötürən və işçi arasında bağlanmış müqavilə, işəgötürənin hər hansı bir qərarı və tərəflərin qarşılıqlı razılaşması əsasında ödənilən vəsaitdən verginin tutulub tutulmaması, yəni vergi azadolması və güzəşti nəzərdə tutula bilməz. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan 30 may 1978-ci il tarixli əmək kitabçasının sürətindən aydın olur ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yeraltı Qaz saxlama İstnhsalat İdarəsinin Mərkəzi Mühasibat şöbəsinin rəisi-baş mühasibat vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan SOCAR «Azneft» İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı 2022-ci ildə ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmusdur və həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta əmək haqqının beş misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərə alaraq hesablanmış müavinətin 1000 manat hissəsi qədər güzəşt tətbiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. İddiaçın əmək müqaviləsinə xitam verilməsi işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığına görə, ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta əmək haqqının beş misli məbləğində ödənilmiş birdəfəlik müavinətə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. İş materiallarında olan SOCAR «Azneft» İB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə bağlanmış 21 oktyabr 2010-cu il tarixli əmək müqaviləsinə (AR Əmək məcəlləsinin 69.3-cü maddəsilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) işçinin öz ərizəsinə əsasən 29 mart 2022-ci il tarixində xitam verilmişdir. ARDNŞ-nin və ANQSİHİRKnın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-qərarın 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən, İddiaçı orta əmək haqqının beş misli məbləğində 13 557,45 manat müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 2 864,36 manat təşkil etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh təşkilatda işləmiş İddiaçı 29 mart 2022-ci ilin mart ayında ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuş və həmin vaxt İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta əmək haqqının 5 misli məbləğində 13 557,45 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən gəlir vergi tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək, müavinətin tam məbləğdə ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndəsi etirazında bildirmişdir ki, əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığına görə, ona ARDNŞ-nin və ANYSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində ödənilmiş birdəfəlik müavinətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı və işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyində işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıya işdənçıxarma müqavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul müavinətinin verilməsi qərara alınmış və həmin məbləğ hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. İş materiallarında olan əmrdə və iddiaçının əmək kitabçasında onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materialları ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmrqərarın verildiyi gündən sonra iddiaçıların təqaüdə çıxmaları ilə əlaqədar ərizələri əsasında öz təşəbbüsləri ilə işdən azad olunmuş və onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halındandır. Göründüyü kimi, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi iləişçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt tərəflərin izahatları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Bundan başqa, cavabdehin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, cavabdeh təşkilatda işləmiş İddiaçı 2022-ci ilin mart ayında ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuş və həmin vaxt ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Aparılmış araşdırmalar nəticəsində İddiaçı müavinət ödənilən zaman, həmin müavinət məbləğinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulmuş güzəşt tətbiq edilərək ödənilmiş müavinətin 2864,36 manat hissəsi vergi bazasına aid edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 2864,36 manatı iddiaçıya qaytarılmalıdır. Məhkəmə Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək həmçinin qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin olunmalı və ARDNŞ-nin və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına əsasən iddiaçıya ödənilməmiş 5 misli məbləğində müavinətin ödənilməyən hissəsi olan 2864,36 manat vəsait cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən alınaraq iddiaşıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən İddiaçı xeyrinə 2864,36 (iki min səkkiz yüz altmış dörd manat otuz altı qəpik) manat tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar