Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1700/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Ə.B.İskəndərovun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyinə qarşı müavinətin tam ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyinə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ARDNŞ-nin struktur təşkilatı olan “Azneft” İstehsalat Birliyinin 16.02.2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaş görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ”-də işçilərin əməyin ödənilməsini təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X3 Həmkarları İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22.04.2009-cu il tarixli 57/06-19ə nömrəli birgə Əmr Qərarında göstərilmişdir ki, “Bu Əmr-Qərar verildiyi tarixdən, habelə 22.05.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr Qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı daxil olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq, həmin məbləğdən gəlir vergisi tutmuşdur. O, dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasının qanunvericilkdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müxtəlif bəhanələr gətirməklə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Ona müəssisə tərəfindən ödənilən orta əmək haqqının beş misli miqdarında birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. İşdən çıxma ilə bağlı X4 tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı qanuni deyildir. Dövlət Neft Şirkətinin sabit əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi idarələri isə məhkəmə araşdırmanı gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə geri qaytarmışlar. Qanunvericiliyin tələblərinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır, tutulmuş məbləğ geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh təşkilat ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin ödədiyi müavinətdən gəlir vergisi kimi tutulmuş 2394,08 manat məbləğin ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi X1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, işçinin xahişi ilə işdən azad olunduqdan sonra iddiaçıya orta əmək haqqının 5 misli miqdarında müavinət ödənilmişdir və ödənilən müavinətdən gəlir vergisi tutulmuşdur. Gəlir vergisindən azad olma halları Vergi Məcəlləsindəöz əksini tapır və iddiaçıya orta əmək haqqının 5 misli miqdarında gəlir vergisindən azad olması üçün heç bir qanuni əsas mövcud deyildir. Bu səbəbdən hesab edir ki, iddiaçıya əmək haqqının 5 misli miqdarında verilən ödənişdən gəlir vergisi düzgün olaraq tutulmuşdur. Bu səbəbdən iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzər 3-cü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, 06.02.2009-cu il tarixdə Azərbaycan Respublikası “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatının əsaslı tikinti və layihələrin ekspertizası şöbəsinin 14-cü dərəcəli mühəndisi vəzifəsinə təyin edilmiş, 26.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə İddiaçı tərəfindən “Azneft” İB-nin baş direktoru Ş.Hüseynova ünvanlanmış 09.04.2021ci il tarixli ərizədən görünür ki, o, İB aparatının sabiq böyük mühəndisi İddiaçı 26.02.2021-ci il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuşdur. Buna görə ona orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik müavinət verilmiş və müavinətdən gəlir vergisi tutulmuşdur. “ARDNŞ”-də işçilərin əməyin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22.04.2009-cu il tarixli, 57/06-19ə nömrəli birgə Əmr Qərarında göstərilmişdir ki, “Bu Əmr-qərar verildiyi tarixdən, habelə 22.05.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu Əmr Qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürən qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü bəndinə və yuxarıda göstərilən qərara əsasən müavinətdən gəlir vergisi tutulmamalıdır. Lakin, buna baxmayaraq ona verilmiş birdəfəlik müavinətdən gəlir vergisi tutulmuşdur. İşdən çıxması ilə əlaqədar ona verilmiş birdəfəlik müavinətdən tutulmuş gəlir vergisinin geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən “Azneft” İB-nin baş direktoru Ş.Hüseynova ünvanlanmış 13.04.2021ci il tarixli ərizədən görünür ki, o, İB aparatının sabiq böyük mühəndisi İddiaçı 26.02.2021-ci il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuşdur. Buna görə ona orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik müavinət verilmiş və müavinətdən gəlir vergisi tutulmuşdur. İşdən çıxması ilə əlaqədar Səbail rayon Məhkəməsinin təqdim olunması üçün ona orta aylıq əmək haqqının beş misli miqdarında verilmiş birdəfəlik müavinətdən tutulmuş gilər vergisi barədə arayışın verilməsində köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə “Azneft” İB tərəfindən verilmiş 19.04.2021-ci il tarixli arayışa əsasən İddiaçı ilə həqiqətən 06.02.2009-cu il tarixdən 15 nömrəli Əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 26.02.2021-ci il tarixdə işçinin öz ərizəsinə (AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmiş və ona ARDNŞ-nin və ANQSİHİRKnın 22.04.2009-cu il tarixli 57/06-19e nömrəli Əmn-qərarın 4-cü bəndinə və ona əlavə edilmiş 14.08.2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində 10.719,75 manat müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 2.394,08 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 06.02.2009-cu ildən başlayraq “Azneft” İB-də işləməyə başlamış və 26.02.2021-cu il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda iddiaçıya ARDNŞ-nin və ANQSİHİRK-nn 22.04.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin müavinət hesablandıqdan sonra həmin məbləğdən 2394,08 manat vergi tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 26.02.2021-ci il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuşdur və onunla əmək müqaviləsinə xitam verilərək əmək haqqının 5 misli miqdarında müavinət ödənilmişdir. Lakin müavinət ödənilərkən ondan qanunsuz olaraq vergi çıxılmışdır. İddiaçı hesab edir ki, ona ödənilən müavinətdən verginin tutulması qanunsuz olmuşdur və bu səbəbdən iddiaçı müavinətin ödənilməyən hissəsinin (vergiyə çıxılmış hissəsinin) cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ARDNŞ-nin və ANQSİHİRK-nın 22.04.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarın 4cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən ödənilmişdir. Eyni zamanda iddiaçıya ödənilən müavinətdən 2398,08 manat gəlir vergisi tutulmuşdur. AR Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən işdənçıxma müavinətindən məbləğlərin tutulmasına yol verilmir. AR Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin işəgötürən tərəfindən təmin edilməli olan təminatları müəyyən edilmişdir . Lakin həmin maddədə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Lakin məhkəmə iddiaçıya ödənilən müavinətin işəgötürənin daxili əmrinə əsasən həyata keçirilməsini alaraq hesab edir ki, bu halda da həmin məbləğdən vergilərin tutulması yolverizmədir. Belə ki, işdən çıxma ilə bağlı işçiyə ödənilən müavinət onun təminatının yaxşılaşdırılması məqsədi güdür və qanunun tələblərinə əsasən həmin ödənişlərdən vergilərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsininn 97.3-cü maddəsinə əsasən gəlirlərə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aid edilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Həmin Məcəllənin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Yuxarıda qeyd olunan maddi hüquq normasının mənasından göründüyü kimi təqaüdə çıxması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Hazırkı halda iddiaçıya ödənilmiş birdəfəlik müavinətlərin vergiyə cəlb edilməsini, yalnız onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3.-cü maddəsinə əsasən xitam verilməsi ilə əsaslandırmaq formal yanaşma kimi qəbul edilməlidir. Belə ki, iddiaçıya ödənilmiş birdəfəlik müavinətin tədaüdə çıxmasına görə ödənilməsi həm də 22 aprel 2009-cu il tarixli əmr-qərarın adından müəyyən edilir: “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında ”. Yuxarıda istinad edilən hüquq normasında fiziki şəxslərin gəlir vergisindən azad edildiyi hallardan biri kimi təqaüdə çıxması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar göstərilmişdir. Məhkəmə qeyd edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilərin təminatı kimi işdənçıxarma müavinətinin verilməsini müəyyən edilmişdir. Bu hal həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. O da nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilərkən işçilər üçün nəzərdə tutulmuş təminatlar minumum xarakter daşıyır və ayrı-ayrı aktlarda işin xarakteri, əmək şəraiti və s. hallar nəzərə alınmaqla işçilərin vəziyyətini yaxşılaşdıran daha əlverişli təminatlar nəzərdə tutula bilər. Mübahisə predmeti olan ödənişlərin verilməsinin əsası qismində çıxış edən ARDNŞ-nin və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli əmr-qərarı məhz belə xarakterli aktdır. Belə ki, həmin əmr-qərarın məzmunundan göründüyü kimi, qeyd edilən əmr-qərar ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi, eləcə də əmr-qərarda qeyd olunan əsaslarla əmək müqavilələrinə xitam verilmiş şəxslərin maddi vəziyyətinin yaxşılaşdırmaq və s. məqsədlər üçün qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya ödənilmiş həmin müavinətdən vergi tutulması istinad edilən yanaşmaya zidd hesab edilməlidir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. «Azneft» İstehsalat Birliyindən İddiaçı xeyrinə ödənilmiş müavinətdən gəlir vergisi kimi çıxılmış və iddiaçıya müavinətin ödənilməyən hissəsi təşkil edən 2394,08 (iki min üç yüz doxsan dörd manat səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1700/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1700/2021
06.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver