Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1704/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Məhkəmə iclas katibi Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçılar İddiaçı1 və X1, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, iddiaçılar İddiaçı1 və X1 - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X2 - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1955,44 və 1494,37 manat pulun "Azneft” İstehsalat Birliyindən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh”nin işçiləri olmuşlar və cavabdeh təşkilatın müvafiq əmrləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Onlara işdən çıxma müavinəti kimi əmək haqqının 5 misli miqdarında müavinət ödənilməyəcəyini bildirmişlər. Həmin müavinətdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulan gəlir vergisi tutulmuşdur. Qanunla həmin müavinətdən gəlir vergisinin tutulması əsassız olmaqla bu barədə cavabdeh təşkilata müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Həmin müavinətdən gəlir vergisi tutulması qanunsuz və əsassız olmaqla onlaraa müavinət tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamada iddia müddətinin təbiq edilməsi barədə ərizə verərək, iddia tələbinin İddiaçı2 münasibətdə müüdət ötürülməklə verildiyindən təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıda göstərilən səbəblərə görə qismən təmin olunmalıdır. İddia tələbinin İddiaçı1 tələbi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan SOCAR “Azneft” İB tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı2 ilə 07 aprel 2008-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 30 iyul 2013-cü il tarixdə işçinin öz ərizəsinə ( AR Əmək məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar ) əsasən xitam verilmiş və ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-qərarın 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində 7125,05 manat müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 1494,37 manat təşkil edir. SOCAR “Azneft” İB tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı1 ilə 09 iyul 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 26 fevral 2021-ci il tarixdə işçinin öz ərizəsinə ( AR Əmək məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar ) əsasən xitam verilmiş və ona ARDNŞnin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-qərarın 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində 9,095 manat müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 1955,44 manat təşkil edir. Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə əsasən, kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. (7-ci hissə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıya işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğlərinin beş misli məbləğində pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğlər iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətinin tam məbləğdə ödənilməsini tələb edir. İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr- qərarın verildiyi gündən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onların əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Lakin istinad etdikləri əmr qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Bundan başqa, cavabdeh iddiaçıya ödənilən işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətlərin gəlir vergisinə görə tutulan hissəsi iddiaçılara qaytarılmalıdır. İddia tələbinin İddiaçı2 tələbi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı2 30.07.2013-cü il tarixli əmr əsasında işdən azad olunması barədə məlumatı əmək kitabçasının qeydiyyat kitabına imza atmaqla əldə etməsinə və bununla da həmin gün hüquqlarının pozulmasının aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə məhz 03.06.2021-ci il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 15 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1955,44 manat məbləğində gəlir vergisi Cavabdehndən tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 15 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1704/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1704/2021
25.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver