Məhkəmə qərarları › İş №2(009)-1713/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1713/2021

30.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1713/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - cavabdeh “X2 B.V.” Şirkətinə qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi» tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh “X2 B.V.” Şirkətinə qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 may 2021-ci il tarixli, TO-930341-571 saylı əmrin ləğv edilməsi, İddiaçı tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqına əsasən hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 01.06.2014-cü il tarixli müddətsiz əmək müqaviləsi əsasında Kommersiya və Marketinq üzrə Koordinator vəzifəsində işləməkdədir. Əmək müqaviləsinə əsasən, bu vəzifə üzrə əmək funksiyaları a) layihənin mühəndis-layihə, maddi-texniki təchizat, tikinti, işə-salma mərhələsi kimi səciyyəvi aspektlərində koordinasiya b) müqavilə, tender və təklif sənədlərinin nəzərdən keçirilməsi və c) layihə mərhələlərinin, vaxt, xərc və keyfiyyət nöqteyi nəzərindən inkişafını izləmək təşkil edir. Hal-hazırda isə bu ştatın ixtisar olunması yalnız müəssisənin əsl niyyətini pərdələmək məqsədi daşıyıb, işçinin işdən uzaqlaşdırılmasına nail olmağa hesablanmış addımdır. Bu ştastın ləğv olunması faktiki olaraq müəssisənin fəaliyyətinin dayadırması ilə birbaşa əlaqədədir. Cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq bildirişində ştat ixtisarının hansı zərurətdən yarandığı əsaslandırılmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, bu ştatın ləğv olunmasından bir müddət əvvəl eyni əmək funksiyalarını icra edən, lakin rəsmi adı fərqli olan bir ştat yaradılmış və əcnəbi vətəndaş işə qəbul edilmişdir. İddiaçı ADNA-da idarəetmə ixtisası üzrə bakalavr təhsili almış, İtaliyada italyan dilində magistr təhsilini başa vurmuş, PMP sertifikatını əldə etmiş, eləcə də CFA proqramı üzrə ilk mərhələni tamamlamışdır.Bundan başqa iddiaçının həyat yoldaşı işləməməklə birlikdə, öhdəsində iki azyaşlı uşağı vardır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvinin əsaslandırılması, eləcə də müvafiq ştat üzrə əmək funksiyalarının necə həyata keçiriləcəyinin göstərilməsi ilə bağlı heç bir tələb mövcud deyildir. İşəgötürən müəssisənin səmərəli fəaliyyətinin həyata keçirilməsi üçün kadr siyasəti ilə bağlı müstəqil qərarlar qəbul etmək hüququna malikdir. İşəgötürən ştatların ixtisarı ilə bağlı qərar qəbul edərkən, bu qərarı əsaslandırmaq məcburiyyətində deyildir. Müəssisələrin vaxtaşırı olaraq müxtəlif səbəblərə görə ştat cədvəlinə dəyişiklik etməsi tamamilə normal bir haldır. Hər hansı ştatın ləğvi həmin ştatda olan bütün işçilərin işdən azad edilməsi deməkdir. İddiaçının aid olduğu ştatda isə yeganə işçi o özü olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili məhkəmə iclasında iddia tələbini qəbul etməyib, etiraz ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan: “X2 B.V.” Şirkətinin 25.01.2021-ci il tarixli təqdimatında qeyd edilmişdir ki, İnsan resursları şöbəsi tərəfindən aparılan təhlillər əsasında hazırda Filialın fəaliyyəti üçün zəruri olmayan və əmək funksiyaları baxımından təkrar olunan ştat vahidlərinin siyahısı Tender təklifləri üzrə müdir, Kommersiya və Marketinq üzrə Koordinator, X3 üzrə Koordinator və Satınalma üzrə Böyük Mütəxəssis vəzifələrindən ibarətdir. “X2 B.V.” Şirkətinin 01.02.2021-ci il tarixli “ştatların ixtisarı haqqında” əmrindən görünür ki, bu əmrlə Tender təklifləri üzrə müdir, Kommersiya və Marketinq üzrə Koordinator, X3 üzrə Koordinator və Satınalma üzrə Böyük Mütəxəssis vəzifələri üzrə ştat vahidləri xəbərdarlıq müddətləri nəzərə alınmaqla ixtisar edilmişdir. “X2 B.V.” Şirkətinin TO-BAK021-567 və TO-929986-568 nömrəli əmrləri ilə X3 üzrə Koordinator vəzifəsində çalışan işçi X1 Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq işdən azad edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X2 B.V.” Şirkəti ilə İddiaçı arasında bağlanmış 01.06.2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə əsasən, iddiaçı “X2 B.V.” Şirkətində Kommersiya və Marketinq üzrə Koordinator vəzifəsinə işə qəbul olunmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən olunmuşdur ki, “X2 B.V.” Şirkətində struktur islahatlarının aparılması ilə əlaqədar MMC-nin bir neçə ştat vahidləri, o cümlədən Kommersiya və Marketinq üzrə Koordinator ştatı ləğv edilmiş və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26.05.2021-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77-ci maddəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o, ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanılan işçilərin ixtisasının və peşəkarlıq səviyyələrinin ondan yuxarı olmamasına, bundan başqa öhdəsində yetkinlik yaşına çatmamış 2 övladının olmasına istinad edərək, onun əmək müqaviləsinin ləğv edilməsini Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. Məhkəmə iddiaçının bu dəlillərini də əsassız hesab edir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Hazırkı mübahisənin hallarından isə görünür ki, iddiaçının işlədiyi koordinator vəzifəsi tək ştat vahidi olmaqla, ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair 26.05.2021-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı - cavabdeh “X2 B.V.” Şirkətinə qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar