Məhkəmə qərarları › İş №2(009)-1735/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1735/2022

27.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1735/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi X3 və vəkili Nümayəndə, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, X10 Ramisovnanın iştirakları ilə İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və X12 cəlb edilməklə) Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli iclasında X4 və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdirlər. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1-də yerləşən iki otaqlı mənzil İddiaçı Məmməd oğlunun mülkiyyətindədir. Mənzil ona mərhum anasından qalmışdır. Həmin mənzilə bacısı Səbinə Məmmədova və 2 azyaşlı uşaqları da payçıdırlar. Cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur. Ev 2 otaqlı olduğundan mənzildən sərbəst istifadəsinə problem yaranır. Cavabdehin həmin mənzildən heç bir formada istifadə hüququ yoxdur. Bir yerdə yaşamaları mümkünsüzdür. İddiaçı Cavabdeh heç vaxt istifadə hüququ verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 bildirmişdir ki, Oksananın Larisa ilə heç bir qohumluğu yoxdur. Oksananın atası həmin mənzili almışdır. O, həyat yoldaşı ilə birlikdə yaşamamışdır. Oksananın yoldaşı rəhmətə gedəndən sonra gəlib onun həyat yoldaşı ilə birlikdə yaşamışdır. Həmin mənzildə Oksana, onun həyat yoldaşı və uşaqları, nəvələri yaşamışdırlar. Hərdən uşaqlarını götürüb istirahətə aparırmış. Oksana həmin mənzili onun həyat yoldaşının adına keçirmişdir. 2013-cü ildə yoldaşı vəfat etmişdir. Uşaqlar isə Oksana ilə qalırdılar. Səbail rayon İcra Hakimiyyətinə yoldaşı sağ ikən uşaqlara görə müraciət etmişdir. O, vəfat edəndən sonra Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı uşaqlar qalan evə baxış keçirmiş və orada yaşamağın mümkün olmadığını bildirmişdir. Bu səbəbdən uşaqları özü saxlamış və hal-hazıra kimi də uşaqlara o baxır. 2015-ci ildə uşaqları oradan götürmüşdür. Bəzən gedib həmin mənzilə baxırmışlar. Ona İ qrup əlil kimi pensiya da düzəltmişdirlər. Alkoqol aludəçisi olan Oksana həmişə sərxoş halda olmuşdur. Evə başqa-başqa adamlar gəlib-gedirmiş. Qonşular bütün bunları ona zəng vurub xəbər verirdilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək, bildirmişdir ki, onunla birlikdə ailə üzvləri və bacısı qeydiyyatda olmuşlar. Cavabdehin həmin ailə ilə heç bir qohumluq əlaqəsi yoxdur. Onun sözügedən mənzilə müvəqqəti qeydiyyata alınması heç bir halla sübuta yetirilmir. X12 mənzilin 1/3-nə sahibdir. İş materiallarında olan reyestr sənədlərindən də göründüyü kimi, mənzil iddiaçıya məxsusdur və cavabdeh kənar şəxsdir, iddiaçının ailəsinə heç bir aidiyyatı yoxdur. Cavabdehin rəsmi nikahı var və o, ailə üzvləri ilə birlikdə rəsmi qeydiyyatdadır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, evə məxsus məlumatlar çıxarışda olan məlumatlarla uyğun deyil, belə ki, çıxarışda evin sahəsi düzgün göstərilməyib. Mərhum Oksana uzunmüddətli xəstə idi, ona o baxmışdır. xx.xx.2020-ci il tarixdə Oksana vəfat etmiş və onu özü dəfn etmişdir. Oksananın Larisa adında xalası qızı olmamışdır. İş materiallarından da görünür ki, o, Oksananın köməkçisi təyin edilmişdir. Oksana ona etibarnamə vermişdir. O, Oksana ilə birlikdə yaşamışdır. O, əgər evi kiməsə bağışlamaq istəsəydi ona deyərdi. İddia əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 bildirmişdir ki, orada yaşamır. Həmin mənzilə bəzən gəlib baxırlar. Oksana, Larisa və onun övladları orada yaşayırdılar. İgid onunla sevgilisi kimi birlikdə yaşayırdı. Onlar evli deyildirlər. Keçən il Əhmədlə orada olanda İgid onlardan həmin evdə qalmağı xahiş etmişdir. Qış ayı olduğu üçün ona kirayəçi kimi qalmağa icazə vermişlər. İgid yaza kimi qalacağını, sonra gedəcəyini bildirmişdir. İş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi,ev 32, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə 46 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, X6 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzilin ½ hissəsinin sahibidir, ona aid olan hissədə tək özü qeydiyyatdadır. İş materiallarında olan AZ – İ 945518 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 13 oktyabr 2004-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan 19 dekabr 2012-ci il tarixli mənzilin bağışlanmasına dair müqavilənin surətindən görünür ki, X6 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32-də yerləşən 4 saylı iki otaqlı, ümumi sahəsi 69.5 kv.m olan mənzildən yaşayış sahəsi 19.5 kv.m olan bir otaqdan ½ hissəsini xalası qızı X9 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********83 saylı məktubundan görünür ki, hazırda Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32-də yerləşən 4 saylı mənzilin 1 otağı X1, 1 otağın ½ hissəsi X5, 1 otağın ½ hissəsi isə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, X6 bütün əmlakının idarə edilməsi üçün Cavabdeh etibarnamə vermişdir. İş materiallarında olan AZ – İİ 091543 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 iyul 2020-ci il tarixində vəfat etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin cavabdehin həmin mənzildə yaşaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanındığı imkanından istifadə edərək cavabdehin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X13 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X13 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı cavabdehin mübahisəli mənzildə yaşamasına etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdeh mənzili boşaltmadığından, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mübahisəli mənzilə hər hansı hüququ yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi etibarnaməyə məhkəmə nünasibət bildirərək qeyd edir ki, 06 iyul 2020-ci il tarixində etibarnaməni vermiş şəxsin ölməsi ilə Mülki Məcəllənin 365.1.7-ci maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar