Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1736/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı «mənzil növbəliliyinin bərpası» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təsviri hissə: İddiaçı Cavabdeh QSC-yə qarşı «mənzil növbəliliyinin bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-də mənzil növbəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1985-ci ildən “X6” QSC-nin Bibiheybət Gəmi Təmiri Zavoduna işə düzəlmiş, sonra hərbi xidmətə getmişdir. 1988-ci ildən yenidən həmin zavodda işləməyə başlamışdır. 2013-cü ildə həmin zavoddan boru çilingəri vəzifəsindən, digər gəmi təmiri şirkətinə işə düzəlmişdir. 2023-cü ilin aprel ayında isə yenidən Bibiheybət Gəmi Təmiri Zavodunda işə başlamışdır. Hərbi xidmətlə birlikdə 28 ildir eyni müəssisədə çalışır. Əvvəllər mənzil növbəsində olsa da, bu il öyrəndi ki, mənzil növbəsindən çıxarılmışdır. Mənzil növbəsinin bərpa olunması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh qurum imtina etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız və qanunsuz hesab edilməlidir. Belə ki, İddiaçı xx.xx.1985-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilmiş Vanu Sturua adına Gəmi təmiri zavoduna kran maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə boruçəkən vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə öz xahişinə əsasən işdən azad edilmişdir (əmək kitabçasının surəti əlavə olunur). 1983-cü ildə qəbul edilmiş və 2009-cu il oktybar ayının 01-dək qüvvədə olmuş Mənzil Məcəlləsində mənzil növbəsinə qəbul və növbədən çıxarılma ilə bağlı müvafiq maddələr olsada, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində mənzil növbəsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Qüvvədə olan və qüvvədən düşmüş qanunvericilik normalarına əsasən şəxs öz xahişinə əsasən işəgötürənlə əmək müqaviləsinə xitam verdikdə, işçi mənzil növbəsində saxlanılmır. Hazırki mübahisənin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə əmək münasibətlərinə xx.xx.2013-cü il tarixdə öz xahişinə əsasən xitam verilmişdir (əmrin surəti əlavə olunur). Beləliklədə öz xahişi ilə işdən ayrılması səbəbindən iddiaçının tələbləri təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 izahatında iddia ərizəsini müdafiə etdiyini və iddiaçının mənzil növbəsinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Vanu Sturua adına Gəmi təmiri zavoduna kran maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə öz xahişinə əsasən işdən azad edilmişdir. İşin materiallarından görünür ki, iddiaçı mənzil növbəsi ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət etmiş və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya həmin məsələ ilə bağlı cavab məktubu verilmişdir. Həmin cavab məktubundan görünür ki, iddiaçı öz təşəbbüsü ilə işdən azad olunduğu üçün onun çalışdığı müəssisə üzrə mənzil növbəsi ləğv olunmuşdur. 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinə əsasən isə həmin ildən mənzil növbəsinə qeydiyyat dayandırılmışdır. Bununla əlaqədar onun mənzil növbəsi siyahısına qeydiyyata alınmağı mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2009-cu il oktyabr ayının 01-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olanlar mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda, daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan (müvəqqəti olaraq başqa yerə getdikdə-qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlandığı dövrdə; seçkili vəzifəyə keçdikdə; yaşa və ya əlilliyə görə pensiyaya çıxdıqda; uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verildikdə; SSR İttifaqı va Azərbaycan SSR qanunvericiliyində müəyyən edilmiş bışqa hallarda) başqa müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda, mənzil şəraitinih yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gətməyən məlumat təqdim etdikdə, yaxud uçota götürmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə, altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikd uçotdan çıxarılır. Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında 148 saylı Qərarın 19-cu bəndinə əsasən mənzil növbəsində uçotda olan vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, uçota dayanmaq üçün əsas qalmadıqda; daimi yaşamaq üçün başqa yaşayış yerinə getdikdə; iş yerində uşotda olan vətəndaş, seçkili vəzifəyə keçmək və ya qocalığa, əlilliyə görə pensiyaya çıxmaq hallarından başqa müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqətə uyğun gəlməyən məlumat təqdim etdikdə, yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər qanundan kənar hərəkətlər etdikdə; altı aydan çox müddətə azadlıqdan məhrum olmağa, sürgünə va ya köçürülməyə məhkum edildikdə uçotdan çıxarılırlar. Göründüyü kimi, köhnə mənzil qanunvericiliyinin normaları işçi öz xahişi ilə əmək müqaviləsini pozduqda onun mənzil növbəsini siyahıda saxlanılmasının mümkün olmadığı təsbit etmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində isə mənzil növbəsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı öz xahişi ilə işdən azad edildiyindən o dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən onun mənzil növbəsini siyahıda saxlanılması mümkün olmamış və cavabdeh haqlı olaraq onu həmin mənzil uçotundan çıxarmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1736/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1736/2023
02.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver