Məhkəmə qərarları › İş №2(009)-1737/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1737/2024

03.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1737/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, Bağlar küçəsi 2 ev 32 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, mediasiya İMS xərcinin ödənməsi üçün 50 (əlli) manat dövlət rüsum və məhkəmə büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumü olmaqla ümumilikdə 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh X4 ilə 05 sentyabr 2018-ci il tarixində 3 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahların bağlanması haqında akt qeydləri kitabında № 3105 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 anadan olmuşlar. Cavabdeh onu və övladlarını evdən atmış, övladlarına tək baxır və hazırda Səbail Rayon Məhkəməsinə aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin 2(009)- 1477/2024 saylı mülki iş hakim cənab Şahin Abdullayevin icraatındadır. Cavabdeh ilə el adəti ilə toy edib ünvan ünvan 1əlin köçmüşdür. Bütün cehiz əşyaları hazırda həmin evdədir. Övladları həmin evdə dünyaya gəlmişdir. Cavabdehin valideynləri də həmin evdədir. Onlarla birgə təsərrüfat aparmaqla birgə ailə tərkibində yaşamışlar. İlk vaxtlar münasibətlərinin yaxşı olmasına baxmayaraq, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pisləşmişdir. Artiq 8-9 aydır ki, onu zorla yaşadıqları evdən çıxarmışlar. Hazırda valdeynlərinin yanında yaşayır. Yaşayış şəraiti həddindən artıq ağırdır. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Son vaxtlar cavabdeh ona məxsus cehiz əşyalarını evdən ataraq yandıracağı ilə onu hədələmişdir. Ailənin bərpasının mümkün olması səbəbindən mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Etirazın dəlilləri: iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməli və iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, əvvəla iddiaçı bildirir ki guya cavabdehlər onu yaşadığı mənzildən zorla göndərmişlər və.s. Buna cavab olaraq qeyd edilir ki, 2018-ci ildən hazırki vaxtadək evli olduqları müddətdə iddiaçı onların qaldığı evdən çox öz valideynlərinin evində qalmışdır, yəni bu barədə ona dəfələrlə bildirilsə də o heç kimə məhəl qoymamış, ailədaxili münasibətləri qəsdən pozulmasına şərait yaratmışdır. İddiaçı qeyd edir ki, ailənin bərpası mümkün olacaqdır, lakin qeyd edilməlidir ki, ailənin bərpası üçün yox əksinə ailənin dağılması üçün əlindən gələni etmişdir. Buna sübut olaraq aliment ödənişlərinin tutulması barədə iddianı misal çəkə bilər. Bu hər kəsin qanunla müəyyən olunmuş hüququdur, lakin mənəvi baxımdan, formalaşmış adətənənə baxımından ailə münasibətlərinin pozulması üçün birbaşa əsasdır. Qeyd olunmalıdır ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh2 oğlu Cavabdeh1 daima ailəsinə qayğı göstərmiş, övladlarının bütün ehtiyaclarını qarşılamış və nümunəvi ata olmuşdur. Belə bir halda aliment ödənişi barədə iddia qaldırılması isə ailənin bərpa olunmasının qarşısını tam olaraq almışdır. Cehiz əşyaları ilə bağlı hissəyə də münasibət bildirərək qeyd edilir ki, iddiaçı ilə Cavabdeh1 artıq uzun müddətdir ki, faktiki olaraq bir yerdə yaşamırlar, əşyaların götürülməsi ilə bağlı iddiaçıya dəfələrlə müraciət etsələr də, o əşyalarını geri götürməkdən imtina etmişdir. Yaşayış hüququnun verilməsi ilə bağlı tələbə münasibət bildirərək məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, yaşayış hüququnun verilməsi üçün əvvəla şəxsin ora istifadə hüququ olmalıdır. İddiaçının isə həmin mənzilə heç bir hüququ yoxdur. Əmlak Cavabdeh2linin mülkiyyətindədir. Bundan əlavə iddiaçı özü isə başqa yaşayış sahəsində qeydiyyatdadır, onun cavabdehin oğlu ilə müvəqqəti yaşaması isə ona bu hüququ verməyə əsas deyil. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi Mənzil Məcəlləsi mübahisələndirilən halla bağlı məsələni aydın şəkildə tənzimləyir və hətta burada söhbət ailə üzvündən gedir, iddiaçı isə heç Cavabdeh2 ailə üzvü belə deyil. Bundan əlavə onu da qeyd edək ki, iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət edərkən nikahın ləğvi, uşaqların onda saxlanılması və. s kimi müraciət etməsinə baxmyaraq iddiasında yalnız aliment tələb etmişdir. Cavabdeh1 qarşılıqlı idda ərizəsi verərək onların arasında olan nikahın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, iş Səbail Rayon Məhkəməsində Şahin Abdullayevin icraatındadır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat vermiş, cavabdehə məxsus evin iki mərtəbəli olduğunu, bütün şəraiti olduğunu, amma hazırki yaşadığı evdə iki uşaqla valideynlərinin iki otaqlı mənzilində qala bilmədiyini, Suraxanı rayonunda olan evin təmirsiz olduğunu bildirmiş, buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında iddiaçının işə çıxdığı vaxtdan həftənin 5 günü anası gildə Badamdarda qaldığını, evə şənbə, bazar günləri gəldiyini, ailəsindən ayrı yaşamağı iddiaçıya təklif etdiyini, iddiaçının valideynlərinin Suraxanıda da evi olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Əsəd oğlu iddia tələbini qəbul etməyərək izahatında etirazı müdafiə etdiyini, iddianın əsassız olduğunu, evin mülkiyyətçisinin Cavabdeh2 olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2018-ci il tarixli, AZ-İİ seriyalı, 294425 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış və həmin nikah 3105 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 avqust 2019-cu il tarixli, AZ-İV seriyalı, 325685 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə X7 Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh1, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, AZ-İV seriyalı, 583799 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə X6 Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh1, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsi, ev 32A saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh1 ilə 05 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X7 və xx.xx.2021-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları vaxtdan İddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsi, ev 32A saylı mənzilinə köçmüş və ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. Uşaqları da həmin ünvanda yerləşən evdə doğulub yaşamışlar. Həmçinin müəyyən edilmişdir ki, tərəflərin ailə münasibətləri münasibətləri pozulduğuna görə iddiaçı 1 ilə yaxın vaxtdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsi, ev 32A saylı mənzili tərk edərək uşaqları ilə birlikdə valideynlərinin mənzilində yaşayır və alimet tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh də nikahın pozulmasına dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və barışıq üçün tərəflərə 3 ay vaxt verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 16(009)-142/2024 nömrəli qərardadı ilə Cavabdeh1 xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsi, ev 32A saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı daimi yaşamağa başqa yeri olmadığını əsas gətirərək azyaşlı övladları xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsi, ev 32A saylı mənzilə köçürülmələrini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 ilə 05 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurması, həmin vaxtdan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsi, ev 32A saylı mənzilinə köçməsi və ailəsi ilə birlikdə orada yaşaması, tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə X7 və xx.xx.2021-ci il tarixdə X6 adlı uşaqlarının həmin ünvanda yerləşən evdə doğulub yaşamaları, eləcə də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsi, ev 32A saylı mənzilinin digər Cavabdeh2 mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı digər sübutlarla yanaşı məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad edərək uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.” Məhkəmə, İddiaçı ilə Cavabdeh1 05 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmalarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin məzmununa görə, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.” Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarı ilə belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (30.2) Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. (30.5) Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçı mənzilin mülkiyyətçisi olan cavabdehin (2018-ci ildən onun oğlunun arvadıdır) ailə üzvü olmamaqla, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyildir. İddiaçı cavabdehin gəlini olmaqla, oğlu ilə 2018-ci ildə nikaha daxil olmuş və bir ilə yaxın vaxtdır ki, ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrı yaşayırlar. Tərəflər arasında hüquq münasibətləri iddiaçının cavabdeh ilə nikaha daxil olduğu vaxtdan – 2018-ci ildən yarandığından məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından hər hansı bir hüququ yaranmamışdır. Belə olan halda isə iddiaçının həmin mənzilə cavabdehin iradəsinə zidd köçürülməsi mülkiyyətçi kimi cavabdehin hüquqlarını pozmuş olar. Belə ki, hazırda cavabdeh iddianı qəbul etmir və təmin edilməsinə etiraz edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və “mənzilə köçürülmə” tələbinə dair iddiasının əsassız olması nəticəsinə gəlir. Məhkəmə, iddiaçının “iddiaçının azyaşlı uşaqları xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021ci il təvəllüdlü X1 dair” dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının azyaşlı uşaqları faktiki olaraq onun himayəsində olmaqla onunla birlikdə yaşayırlar və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 16(009)- 142/2024 nömrəli qərardadı ilə Cavabdeh1 xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (27.2) Məhkəmə, qanunvericiliyin tələbini və xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 faktiki olaraq anaları İddiaçı himayəsində olmalarını, hazırki qətnamə ilə İddiaçı mübahisəli mənzilə köçürülməsi tələbinə dair iddiasının əsassız olması nəticəsinə gəlindiyini nəzərə alaraq, iddiaçının bununla bağlı dəlillərini də əsassız hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar