Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1745/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (Xəzər Rayon Əmək Müfəttişliyi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən əmək haqqı və son haqq-hesab” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə (Xəzər Rayon Əmək Müfəttişliyi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən əmək haqqı və son haqq-hesab” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi tərəfindən iddaçı İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi, 2024-2025-ci il ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi və İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin maddi texniki təminat şöbəsinin təminat manqasının istehsalat sahəsi və xidməti otaq yığışdıran vəzifəsinə işə bərpa olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə cavabdeh Dövlət Sərhəd Xidməti əvəzinə yalnışlıqla Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi qeyd edildiyini bildirmiş və cavabdehin Dövlət Sərhəd Xidməti kimi başa düşülməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi tərəfindən xx.xx.2025-ci il tarixində İddiaçı işdən çıxarılma əmrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi tərəfindən iddaçı İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi, 2024-2025-ci il ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin maddi texniki təminat şöbəsinin təminat manqasının istehsalat sahəsi və xidməti otaq yığışdıran vəzifəsinə işə bərpa olması və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi tərəfindən xx.xx.2025-ci il tarixində İddiaçı işdən çıxarılma əmrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı orta təhsillidir. İddiaçı xx.xx.2011-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Maddi texniki şöbəsi təminat qurupunun istehsalat şöbəsinə xidməti otaqları yığışdıran xadimə vəzifəsinə Azərbaycan respublikasının əmək məcələsinin 51-ci maddəsinə müafiq olaraq təyin edilmişdir. Sözü gedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 150 azn məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmiş, sonradan əmək haqqı yüksəlməklə sonuncu dəfə işçiyə hər ay 420 manat məbləğində əmək haqqı ödənilməsi qeyd olunmuşdur. Belə ki, onların əmək müqaviləsinə uyğun olaraq nahar vaxtı saat 13:00 - dan saat 14:00 - dəkdir. Rəhbərlik tərəfindən nahar etmək üçün nəzərdə tutulan otaqa cavabdeh şəxs İddiaçı təyin edilmişdir. Həmin otaq açarla bağlanarab açarlar İddiaçı saxlanırdı. xx.xx.2025-ci il tarixində digər iş yoldaşları X4 iş vaxtından əvvəl təxminən 12:30-da İddiaçı yaxınlaşaraq nahar etmək üçün nəzərdə tutulan otağın açarlarını ona verməsini tələb etmişdir. Bu zaman Aytən ona etirazını bildirmişdir. Saat 13:00-da nahar etmək üçün nəzərdə tutulan otaq açıldıqdan sonra nahar zamanı Nərmin özü haqqında hirsli hirsli danışarkən Aytən ona irad bildirmişdir ki, qoy istirahətimizi edək yeməyimizi yeyək, bura dərdisər yeri deyil. Bundan sonra birdə xəbər tutduq ki, Nərmin məktəb rəhbərliyinə bizdən İddiaçı, X3 və İddiaçı barəsində şikayət ərizəsi yazmış və həqiqəti əks etdirməyən böhtan atmışdır. Sonradan hadisə barədə izahatımız alınmışdır. Nərmin ərizəni yazdıqdan sonra xx.xx.2025-ci il tarixində bizdən izahat alınmış və xx.xx.2025-ci il tarixindən işə buraxılmamışıq. İşə gəlməyimizə baxmayaraq məktəbin nəzarət buraxılış məntəqəsindən məktəbə daxil olmağa icazə verilməyib. Məktəbin rəhbərliyi bizi işdən uzaqlaşdırmış və xx.xx.2025-ci il tarixində əmək kitabçalarımız verilmişdir. Baş vermiş hadisə düzgün araşdırılmamış düzgün qiymətlənməmişdir. Əmək kitabçamızı aldıqda bilmişik ki, məni xx.xx.2025 ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmişdir. Sonuncu dəfə əmək haqqı xx.xx.2025 ci il tarixində mənə ümumilikdə 340 azn ödəniş olunmuşdur. İddiaçı işdən çıxarılarkən onun 2024-2025-ci il ərzində yuxarıda qeyd olun aylar ərzində əmək haqqısı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ödənilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbin qanunsuz hərəkətlərindən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin qaynar xəttinə şikayət etmişdir. X7 Xidməti tərəfindən şikayəti araşdırılır. Dəfələrlə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbin rəhbərliyinə yenidən işə bərpa olunma və işdən azad olunma haqqında əmrin surətinin verilməsi barədə ərizə yazılsa da heç bir cavab verilməmişdir. xx.xx.2025 ci il tarixində əmək kitabçası təqdim edilmişdir. Həmin tarixdə də Hümbətova X1 müraciət etmişdir. İddiaçı xx.xx.2025 ci il tarixindən işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. O, tək yaşayır. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbin rəhbərliyi ilə dəfələrlə əlaqə yaradılsa da o hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən və yenidən işə bərpa etməkdən boyun qaçırır. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbin rəhbərliyi tərəfindən işdən azad olunarkən "Əmək müqaviləsinə xitam verilməsi" barədə ƏMR-lə tanış olmamış və ona Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. İddiaçı işlədiyi dövrdə bir dəfə də olsun işində nöqsan olmamışdır. Göstərilən xüsusatları nəzərə alaraq hesab edirik ki, cavabdeh Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi iddaçı İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2025 ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməklə işdən azad edilib və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmri “SİMA” imza vasitəsilə elektron kabinetinə (informasiya sisteminə) yerləşdirilmişdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürüb. Belə ki, o, xx.xx.2025-ci il tarixdə işdən azad olunsa da Səbail Rayon Məhkəməsinə yalnız xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Həmin gündən işçi işə gəlməmiş, yəni əmək müqaviləsinə xitam verildiyi ona məlum olmuşdur. Belə ki, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmr – işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması o cümlədən, maddi təminatını almaması (əmək haqqı, pul mükafatları) onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Bununla belə, mediasiya təklifi yalnız xx.xx.2025-ci ildə göndərmiş, xx.xx.2025-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə etmiş, məhkəməyə isə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri Nümayəndə və X5 iddiaya etiraz edərək işdən çıxarılma əmrinin qanuni olmasını göstərmiş və iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə istehsalat sahəsi və xidməti otaqları yığışdıran vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 403.77 manat təşkil etmişdir. -2024-cü ilin avqust ayı üzrə Maddi Texniki təminat Şöbəsinin mülki işçilərinin tabel cədvəlindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixədək məzuniyyətdə olmuş, 5 gün işləmişdir. -Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin işçilərinə məzuniyyət müavinətinin verilməsi üçün 2024-cü ilin avqust ayı üzrə ödəniş cədvəlindən çıxarışından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı 839,42 manat məbləğində məzuniyyət müavinəti ödənilmişdir. -Xüsusi Məktəbin rəisi tərəfindən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Xüsusi Məktəbin maddi-texniki təminat şöbəsinin istehsalat sahəsi və xidməti otaqları yığışdıranı vəzifəsində işləyən aşağıda adları qeyd olunan işçiləri Əmək müqaviləsinin 9.5-ci maddəsini (əmək intizamını pozma) eləcə də, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2007-ci il tarixli 07 nömrəli “Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının (işçilərinin) etik davranış qaydaları” əmrini kobud şəkildə pozmuşlar: işçi X6; işçi X3; işçi İddiaçı. Adları qeyd edilən şəxsi intizamını, digər işçilərə mənfi nümunə olmalarını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) müvafiq olaraq tutduqları vəzifələrindən azad edilməsi və əmək müqavilələrinə xitam verilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisinin 176 ş/h nömrəli xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) müvafiq olaraq işçi İddiaçı xx.xx.2025-ci il tarixdən maddi-texniki təminat şöbəsinin təminat manqasının istehsalat sahəsi və xidməti otaqları yığışdıran vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmr edilmişdir. Əmrin əsası kimi Xüsusi məktəbin rəisinin xx.xx.2025-ci il tarixli 3-38/2-4/361/2025 No-li raportu göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin kadrlar bölməsinin “Əmək kitabçalarının qeydiyyat jurnalı”na əsasən xx.xx.2025-ci ildə işdən azad olunma barədə əmrinə əsasən İddiaçı əmək kitabçası xx.xx.2025-ci il tarixdə imza etdirilməklə təhvil verilmişdir. -Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00350 saylı arayışından görünür ki, İddiaçı “əmək müqaviləsinin bərpası” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 15.30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin nümayəndəsi iştirak etməmişdir. İMS üçün ərizənin tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin istehsalat sahəsi və xidməti otaqları yığışdıran vəzifəsində işləmişdir. Xüsusi Məktəbin rəisinin raportuna əsasən Xüsusi Məktəbin maddi-texniki təminat şöbəsinin istehsalat sahəsi və xidməti otaqları yığışdıranı vəzifəsində işləyən işçiləri, o cümlədən iddiaçı əmək müqaviləsinin 9.5-ci maddəsini (əmək intizamını pozma), eləcə də Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2007-ci il tarixli 07 nömrəli “Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının (işçilərinin) etik davranış qaydaları” əmrini kobud şəkildə pozmuşdur. Həmin işçiləri intizamını, digər işçilərə mənfi nümunə olmalarını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) müvafiq olaraq tutduqları vəzifələrindən azad edilməsi və əmək müqavilələrinə xitam verilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin Baş Qərargah rəisinin xx.xx.2025-ci il tarixli 176 ş/h saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Əmrin əsası kimi Xüsusi məktəbin rəisinin xx.xx.2025-ci il tarixli 3-38/2-4/361/2025 No-li raportu göstərilmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. xx.xx.2025-ci il tarixli əmrdə işdən azad olunma əmrinin əsası kimi işçinin işdən azad olunma tarixindən bir gün sonra tərtib edilmiş raport göstərilmişdir. İşçi əmək funksiyalarını pozma səbəbi ilə (etik davranış qaydalarını pozduğuna görə) işəgötürənin təşəbbüsü ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. -186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. İntizam tənbehinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Həmin normanın İ hissəsi intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin normanın İİ hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 187-ci maddəsinin İİİ hissəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitm verilə bilər. Həmin Məcəllənin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Göründüyü kimi, işçiyə qeyd edilən intizam tənbehlərindən hər hansı birinin verilməsi işəgötürənin hüquq kimi müəyyən edilmişdir. Lakin məhkəmə qeyd edir ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürən öz hüquqlarından işçi barəsində intizam tənbehi tətbiq edərkən sui-istifadə etməməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, o cümlədən hadisədən sonra işçilər tərəfindən verilmiş izahatlarla iddiaçının hadisədə hər hansı bir təqsirinin olması müəyyən edilməmişdir. Buna baxmayaraq işçilər arasında baş verən konfliktlə əlaqədar yaranan hadisə ilə bağlı işəgötürən iddiaçı barəsində ən sərt intizam tənbehini tətbiq etmişdir ki, məhkəmə bu yanaşmanı əsaslı hesab etmir. Digər tərəfdən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Qanunvericiliyin qeyd edilən norması intizam tənbehinin intizam pozuntusu törədildiyi gündən 1 ay keçənədək verilməsini nəzərdə tutur. Yuxarıda qeyd edildiyi kimi, işçilər arasında xx.xx.2025-ci il tarixində insident baş versə də, bu barədə işəgötürən məlumatlı olsa da, işdən azad olunma əmri xx.xx.2025-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Göründüyü kimi qanun birmənalı şəkildə işəgötürənə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və əsaslara düzgün riayət etməsi vəzifəsi qoymuşdur. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının işdən azad olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə, iddianı “2024-2025-ci il ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi hissəsində” əsassız hesab edir və təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, 2024-cü ilin avqust ayı üzrə Maddi Texniki təminat Şöbəsinin mülki işçilərinin tabel cədvəlindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixədək məzuniyyətdə olmuş, 5 gün işləmiş, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin işçilərinə məzuniyyət müavinətinin verilməsi üçün 2024-cü ilin avqust ayı üzrə ödəniş cədvəlindən çıxarışından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı 839,42 manat məbləğində məzuniyyət müavinəti ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar iddianın rədd edilməsi ilə bağlı dəlilləri üzrə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya işdən azad olunma əmri təqdim olunmamış, əmək kitabçası isə xx.xx.2025-ci il tarixdə təqdim olunmuş, iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, arayış xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, məhkəməyə isə xx.xx.2025-ci il tarixdə müraciət olunmuşdur. Başqa sözlə, işçi pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi barədə dəlilləri əsassızdır. Məhkəmə, iddiaçının barəsində olan əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmasını qeyd edərək, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 30 may 2025-ci il tarixli, 176 ş/h nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “maddi texniki təminat şöbəsinin təminat manqasının istehsalat sahəsi və xidməti otaqları yığışdıran” vəzifəsinə bərpa olunmalı, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən 29 aprel 2025-ci il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 30 may 2025-ci il tarixli, 176 ş/h nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “maddi texniki təminat şöbəsinin təminat manqasının istehsalat sahəsi və xidməti otaqları yığışdıran” vəzifəsinə bərpa olunsun. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən 29 aprel 2025-ci il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1745/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1745/2025
25.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver