Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1758/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Sultanova (Rzayeva) Anjelika Elxan qızının – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sultanova (Rzayeva) Anjelika Elxan qızı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 15 saylı evin 79 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki,Bakı şəhəri, Səhail rayonu, A.Quliyev küçəsində yerləşən 15 saylı evin 79 saylı mənzilini xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunun Dövlət notariusu Ləmbəranski E.Ə. tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən cavabdeh Alla Kaovalyovadan almışdır. Alqı-satqı müqaviləsi əsasında aldığı ev xx.xx.2003-cü il tarixdə mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir. Evi aldıqdan sonra cavabdeh bütün əmlaklarını da götürüb həmin evdən köçüb getmiş və evi ona təhvil vermişdir. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. Lakin cavabdeh mənzili ona təhvil versə də, onun özü və həyat yoldaşı hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki yaşayış yerləri məlum olmadığından, məlum olan sonuncu qeydiyyatda olduqları ünvandan məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin göstərilən ünvanda yaşamadıqlarına dair qeyd yazılmış məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin məlum olan sonuncu qeydiyyatda olduqları yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış bildiriş məhkəməyə qaytarıldığından, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxx 2003-cü il tarixli 191524 nömrəli müqavilədən görünür ki, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Səbail rayonu, T.Ulyansev (indiki A.Quliyev) küçəsində yerləşən 15 saylı evin 79 saylı mənzilini Sultanova (Rzayeva) Anjelika Elxan qızına satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 157183 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi 15 saylı evin, 79 saylı mənzili xx xxxx 2003-cü il tarixdə X1 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi 15 saylı evin, 79 saylı mənzilində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli nikahın pozulması haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X3 arasındakı nikah xx xxxxxxx 2017-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 380 № ilə qeydiyyat aparılmışdır. Nikah ləğv olunduqdan sonra qadına – Sultanova soyadı verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM- 152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi 15 saylı evin, 79 saylı mənzili tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçıcavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 157183 nömrəli Qeydiyyat vəsiqəsi əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçı Sultanova (Rzayeva) Anjelika Elxan qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi 15 saylı evin, 79 saylı mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 157183 nömrəli Qeydiyyat vəsiqəsi əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçı Sultanova (Rzayeva) Anjelika Elxan qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi 15 saylı evin, 79 saylı mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi 15 saylı evin, 79 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1758/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1758/2020
24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver