Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1767/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh2-nin vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2-nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi qeyd edilməklə) qarşı “təmsilçilik vəzifəsindən azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2-nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi qeyd edilməklə) qarşı “təmsilçilik vəzifəsindən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi vəzifəsindən azad edilməyinə dair qərarın verilməsi vəsifəsinin Cavabdeh2-yə həvalə edilməsi, Cavabdeh1 MMC-nin direktoru vəzifəsindən azad edilməyinə dair qərara uyğun olaraq dövlət reyestrində dəyişiklik edilməsi üçün müvafiq sənədləşmə işlərinin aparılması Cavabdeh1 MMC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdeh "xxxx" MMC-nin təsisçisi xarici hüquqi şəxs olan Cavabdeh2-nin nümayəndəsi tərəfindən ona MMC-yə direktor təyin olunmağını təklif etdi. 2019-cu ilədək əvvəllər istehsalla məşğul olmuş MMC-nin fəaliyyəti həmin dövrdə dayanmışdır. Lakin təsisçinin nümayəndəsinin verdiyi məlumata əsasən istehsal yenidən bərpa edilməliydi. Üzərindən bir müddət keçdikdən sonra gördü ki, bunlar ümumiyyətlə istehsala başlamaq fikirləri yoxdur və 2019cu ilin noyabrında vəzifədən azad olunmağına dair ərizəylə təsisçiyə müraciət etdi. Lakin qısa müddət öncə ona məlum oldu ki, hansısa səbəbdən təsisçi onun işdən azad edilməyi haqda ümumi yığıncaq çağırmamış, qərar verməmiş və o hal-hazırda da dövlət reyestrində "xxxx" MMC-nin direktoru kimi qeydiyyatdadır. Həmçinin bildirir ki, ona indiyə qədər hər hansı bir məvacib ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2-nin vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçının cavabdeh qismində qoyduğu Cavabdeh1 MMC-nin faktiki olaraq hal-hazırda təsisçisi yoxdur. Digər cəmiyyət ümumiyyətlə ləğv olunub bircə Cavabdeh2-dir o da artıq ləğv olunub və təsisçiləri yoxdur. Şirkətin Rusiyadakı əvvəllər direktoru olmuş şəxsi tapdığını, onun vasitəsilə təsisçilərlə bağlı sənədlərin əldə etməyə çalışdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin nümayəndəsi X2 izahatında cəmiyyətin təsisçilərinin olmamağı və ya cəmiyyətin ləğv olunması barədə qeydiyyat idarəsinə də müvafiq məlumat verilməliydi. Bu səbəbdən Cavabdeh1 MMC-nin direktoru vəzifəsindən azad edilməyinə dair qərarın dövlət reyestrində dəyişiklik edilməsi üçün müvafiq sənədləşmə işlərinin aparılması Cavabdeh1 MMC-yə həvalə edilməlidir. Cavabdeh1 MMC dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin təsisçisinin 17 oktyabr 2019-cu il tarixli qərarı ilə cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, mənzil 17 olmaqla xx.xx.2007-ci il tarixdə qanuni təmsilçi Cavabdeh2 və "xxxx" Şirkəti olmaqla qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin nizamnaməsindən görünür ki, xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh1 MMC-nin direktoru İddiaçı 15 noyabr 2019-cu il tarixdə Cavabdeh2-yə müraciət edərək direktor vəzifəsindən azad edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMCnin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, mənzil 17 olmaqla xx.xx.2007-ci il tarixdə qanuni təmsilçi Cavabdeh2 və "xxxx" Şirkəti olmaqla qeydiyyata alınmış, Cavabdeh1 MMC-nin təsisçisinin 17 oktyabr 2019-cu il tarixli qərarı ilə cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin direktoru İddiaçı 15 noyabr 2019-cu il tarixdə Cavabdeh2-yə müraciət edərək direktor vəzifəsindən azad edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-ci hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 35-ci maddəsinin İİİ-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi vəzifəsindən azad edilməyinə dair qərarın verilməsi vəsifəsi Cavabdeh2-yə həvalə edilməli, Cavabdeh1 MMC-nin direktoru vəzifəsindən azad edilməyinə dair qərara uyğun olaraq dövlət reyestrində dəyişiklik edilməsi üçün müvafiq sənədləşmə işlərinin aparılması Cavabdeh1 MMC-yə həvalə edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi vəzifəsindən azad edilməyinə dair qərarın verilməsi vəsifəsi Cavabdeh2-yə həvalə edilsin. Cavabdeh1 MMC-nin direktoru vəzifəsindən azad edilməyinə dair qərara uyğun olaraq dövlət reyestrində dəyişiklik edilməsi üçün müvafiq sənədləşmə işlərinin aparılması Cavabdeh1 MMC-yə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 MMCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1767/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1767/2023
02.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver