Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1794/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmək münasibətinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmək münasibətinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X8 FZE” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi onun arasında mövcud olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən 15 may 2025-ci il tarixindən xitam verilməsi, bununla bağlı dəyişikliklərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq" altsistemində (ƏMAS) qeydiyyatının aparılması öhdəliyinin Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında "X8 FZE" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuni təmsilçi olmağıyla bağlı qeydlərin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsasları: o, "X8 FZE” şirkəti ilə əmək münasibətlərinə başlamışdır. Bununla da o, şirkətin Azərbaycan Respublikasındakı filialının direktoru vəzifəsinə təyin edilmişdir. Lakin sonra 15 aprel 2025-ci il tarixində əmək münasibətlərinə xitam verilməsi və direktor vəzifəsindən azad olunmağı barədə ərizə ilə “X8 FZE” şirkətinin rəhbərliyinə rəsmi şəkildə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsaslanaraq (yəni, öz təşəbbüsümlə) əmək müqaviləsinə 15 may 2025-ci il tarixdən etibarən xitam verilməsini və həmin şirkətin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsindən azad edilməyini xahiş etmişdir. Lakin artıq iki ay vaxt keçməsinə baxmayaraq bu müraciətiylə bağlı heç bir hüquqi tədbir görülməmişdir yəni, qanunla müəyyən edilmiş müddət ərzində ərizənin icrası təmin edilməmiş, işdən azad edilməyi barədə əmr qəbul edilməmiş və ya digər sənədlə rəsmi cavab verilməmişdir. Beləliklə, əmək münasibətləri faktiki olaraq dayandırılsa da, əmək müqaviləsi rəsmi şəkildə ləğv edilməmişdir. Qeyd etmək lazımdır ki, “X8 FZE” şirkəti ilə olan əmək münasibətləri faktiki olaraq başa çatmasına baxmayaraq, əmək münasibətləri formal olaraq qüvvədə qalması və ona xitam vermək hüququnun icrasının mümkünsüz olması nəticəsində onun bir sıra hüquqları pozulmuşdur. Belə ki, əmək münasibətlərinin formal olaraq qüvvədə qalması onun digər işəgötürənlərlə yeni əmək müqaviləsi bağlamaqda və əmək bazarında aktiv iştirak etməkdə maneəyə çevrilmişdir. Bu məqsədlə 18 iyun 2025-ci il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə Bakı 18 saylı Mediasiya Təşkilatına əmək münasibətlərinə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Təyin edilmiş mediasiya şurasının üzvü, mediator X4 tərəfindən 07 iyul 2025-ci il tarixdə, saat 10:30-da keçirilmiş X1 iştirak edilməməsi barədə Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən MBŞ/18/2025- 00464 nömrəli arayış təqdim edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş hüquqa əsasən işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək hüququnun reallaşdırılması işəgötürən tərəfindən qeyri-mümkün etmişdir. Belə ki, əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququndan işçi tərəfindən istifadə edilməsinin faktiki icrası mümkünsüz edilmişdir. Beləliklə, qanunla müəyyən edilmiş hüququmun icra edilməməsi, onun məhkəmə yolu ilə bərpa olunmasına zərurət yaratmışdır. Bu halları nəzərə alaraq fərdi əmək hüquqlarının bərpası məqsədilə əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirməsi və “Əmək və Məşğulluq" altsistemində (ƏMAS) müvafiq qeydlərin aparılması məqsədi ilə məcbur olub məhkəməyə müraciət edir. Əmək müqaviləsinə xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi bu barədə müvafiq qeydin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS) daxil edilməsinə əsasdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "X8 FZE" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ********** saylı VÖEN nömrəsi ilə fəaliyyət göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir, Həmçinin bildirmişdir ki, İddiaçı heç bir yerdə işləyə bilmir. Şirkətin filialı hazırda VÖEN aktiv olsa da fəaliyyət göstərmir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 ərizənin təmsil etdiyi quruma münasibətdə təmin edilməsinə etiraz etmiş və göstərmişdir ki, hazırki mübahisə inzibati mübahisə olmadığından onların üzərinə öhdəlik qoyula bilməz. Cavabdeh “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə və üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı 15 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, o, “X8 FZE” şirkətinin rəhbərliyinə rəsmi şəkildə müraciət edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsaslanaraq (yəni, öz təşəbbüsümlə) əmək müqaviləsinə 15 may 2025-ci il tarixdən etibarən xitam verilməsini və həmin şirkətin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsindən azad edilməyini xahiş etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 20 avqust 2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) xx.xx.2006-cı il tarixində dövlət qeydiyyatına alınmışdır, hal-hazırda fəaliyyəti aktivdir. Eyni zamanda bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən sorğulanan digər məlumatlar reyestr məlumatlarına aid edilmədiyindən aidiyyəti üzrə müraciət etməyiniz tövsiyyə olunur. - “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İddiaçı qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində direktor vəzifəsinə işə götürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı 15 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, o, “X8 FZE” şirkətinin rəhbərliyinə rəsmi şəkildə müraciət edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsaslanaraq (yəni, öz təşəbbüsümlə) əmək müqaviləsinə 15 may 2025-ci il tarixdən etibarən xitam verilməsini və həmin şirkətin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsindən azad edilməyini xahiş etsə də, cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Hazırda iddiaçı cavabdehin direktor vəzifəsində qeydiyyatı mövcud olduğundan başqa iş yerində işə qəbul üçün müraciət edə bilmir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. - 35-ci maddəsinin İİİ hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. - 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 fevral 2025-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, 1. Azərbaycan Respublikası Konstitusiyasının 15 və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir. 2. Azərbaycan Respublikası Mülki Məcəllənin 389-cu maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir. Cavabdeh tərəfindən iddia tələbinin dəlillərini təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eləcə də həmin dəlilləri təkzib edəcək hər hansı bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı onunla “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməyə cəhd etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Belə olan halda isə onun sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ pozulmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı arasında mövcud olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən 15 may 2025-ci il tarixindən xitam verilməli, “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı arasında mövcud olan əmək münasibətlərinə xitam verilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) qeydiyyatının aparılması hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “X8 FZE” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuni təmsilçi olmağı ilə bağlı qeydlərin ləğv edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı arasında mövcud olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən 15 may 2025-ci il tarixindən xitam verilsin. “X8 Fze” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı arasında mövcud olan əmək münasibətlərinə xitam verilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) qeydiyyatının aparılması hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “X8 FZE” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuni təmsilçi olmağı ilə bağlı qeydlərin ləğv edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1794/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1794/2025
23.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver