Məhkəmə qərarları › İş №2(009)-1802/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1802/2023

28.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1802/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin elektron informasiya sisteminə yerləşdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin elektron informasiya sisteminə yerləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən mühasib vəzifəsində işə qəbul edilmişdir və müqavilə 2 il müddətinə bağlanmışdır. Lakin müqavilə bağlandığı vaxtdan pandemiya dövrünə təsadüf etdiyindən, heç bir fəaliyyət göstərməmiş, həmin vaxtdan cavabdehlə aralarında formal olaraq əmək müqaviləsi qüvvədə qalmışdır. Lakin əmək münasibətlərinə xitam verildikdən sonra bildirişin sistemdə qeyd olunması ilə bağlı Cavabdeh MMC-nin 2020-ci ildən hal-hazırkı vaxtadək fəaliyyət göstərib-göstərməməsi barədə məlumat əldə edə bilməmişdir. Cavabdeh MMC-nin təsisçisi və direktoru Türkiyə Respublikasının vətəndaşı Mustafa Bekmez adlı şəxs olduğundan, Azərbaycan Respublikasının hüdudlarını tərk edərək getmiş və onunla əlaqə saxlamağa cəhd göstərsə də, tapa bilməmişdir. Lakin hal-hazırki vaxtadək əmək müqaviləsinin müddəti bitməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sistemində aktiv əmək müqaviləsinin olması qeyd edilmişdir. O, əmək müqaviləsi üzrə bildirişin ləğv edilməsi ilə bağlı cavabdehin hüquqi ünvanın yerləşdiyi ünvan 1 ünvanına müraciət etsə də, həmin ünvanda MMC olmadığından, əmək müqaviləsi üzrə bildirişin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam verilməsi və əmək müqaviləsi üzrə bildirişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin ünvanı məlum olmadığından onun nümayəndəsi məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı ünvandan məhkəmə bildirişi müvafiq qeydlə (“şirkət yoxdur”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPMnin 147-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə məhkəmə təərfindən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə xxxxxxx000400 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC-yə mühasib vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 431,28 manat təşkil etmiş, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmiş, həmin müqavilə qüvvədədir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsin əsasən mühasib vəzifəsinə işə qəbul edilmişdir və müqavilə 2 il müddətinə bağlanmışdır. Lakin müqavilə bağlandığı vaxtdan pandemiya dövrünə təsadüf etdiyindən, heç bir fəaliyyət göstərməmiş, həmin vaxtdan cavabdehlə aralarında formal olaraq əmək müqaviləsi qüvvədə qalmışdır. Lakin əmək münasibətlərinə xitam verildikdən sonra bildirişin sistemdə qeyd olunması ilə bağlı Cavabdeh MMC-nin 2020-ci ildən hal-hazırki vaxtadək cavabdehin fəaliyyət göstərib-göstərməməsi barədə məlumat əldə edə bilməmişdir. Hal-hazırkı vaxtadək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sistemində aktiv əmək müqaviləsinin olması qeyd edilmişdir. Azərbаycan Respublikası 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi 2 il müddətinə bağlanmış və müqavilənin müddəti bitməsinə baxmayaraq, hal-hazırkı vaxtadək işdən azad olunmamışdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası 68-ci maddəsinin “B” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə əmək müqaviləsinin xitam edilməsi barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınmasını təmin etməsini xahiş etmişdir. İş üzrə Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/8/2023-01652 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən “əmək müqaviləsinə xitam verilməsi” tələbi üzrə xx.xx.2023-cü il tarixdə 12.00-13.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. İş üzrə elektron məhkəmə portalında olan məlumata əsasən İddiaçı Cavabdeh MMCdə mühasib vəzifəsində işləyir, onun aylıq əmək haqqı 431,28 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “mühasib” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 2 il müddətinə bağlanılmış və əmək haqqı 431,28 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti bitsə də və iddiaçı əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınmasına dair işə götürənə bildiriş göndərsə də, onun bu müraciətinə işəgötürən tərəfindən münasibət bildirilməmiş, bu səbəbdən hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədə qalmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X1 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X1 Xidmətinin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinə xitam verilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar