Məhkəmə qərarları › İş №2(009)-1806/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1806/2024

04.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1806/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 sentyabr 2024cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, 09 sentyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, cavabdehin xx.xx.2024-cü il tarixli 246/k saylı, xx.xx.2024-cü il tarixli 478/k saylı əmrlərinin ləğvi, işə bərpa olunması, xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqının orta aylıq əmək haqqı həcmində ödənilməsi, faktiki iş saatlarının tabeldə, aylar üzrə hesablanmış yekun haqq-hesab cədvəlində düzgün əks olunmamasının, işlədiyi bütün dövr ərzində iş saatlarının mənimsənilməsinin tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinı onunla əsaslandırmışdır ki, 2019-cu ilin noyabr ayından Cavabdeh MMC-də işləyir. İşlədiyi müddətdə əməyinin sərt şəkildə istismarı ilə bağlı çoxsaylı şikayətlər etsə də, qanunun əliliyini təmin etməli olan qurumlar tərəfindən Mərkəzi Hakimiyyətin çoxsaylı sahibkarlıq subyektlərindən biri olan Azpetrolla bağlı şikayətlər də təmin olunmamış qalıb. xx.xx.2024-cü il tarixli ərizə ilə Prezident Administrasiyasına müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X3 sözü gedən şikayəti ilə bağlı qanunun tələb etdiyi şəkildə araşdırılma aparılmasına rəsmi səlahiyyət verilməsini xahiş etdi. X5 Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişlər ki, nəzərinizə çatdırırıq ki, “sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Səttar Mehbalıyevin müraciətinə cavabından da aydın olur ki, həmin qurumun funksiyası yalnız avtoritar rejimə xidmət etmək üçün yaradılan, kifayət qədər vəsait yığılan, məramı məlum olmayan fondlardan biridir. Təkrar şikayətlərini görən Cavabdeh MMC-nin rəhbərliyi onu işdən azad etmək üçün hüquqi baza yaratmaq qərarına gəlir. xx.xx.2024-cü il tarixində gecə növbəsindən çıxıb evdə istirahət etdiyi (yatdığı) vaxt, (hansı ki, həmin gün axşam da işlədiyi 69 saylı Siyəzən YDM-də ikinci növbədə olmalıydı) məntəqənin direktoru tərəfindən ona çoxsaylı zənglər edildi, istirahət hüququnu pozaraq rəhbərliyin əmrinə əsasən həmin axşam 32 saylı "xxxx" YDM-də işdə olmalı olduğunu, 69 saylı Siyəzən YDM-ə buraxımayacağını bildirdi. xx.xx.2024-cü il tarixli 246/K saylı əmrdən çıxarış ona xx.xx.2024-cü il tarixində rəsmi olaraq təqdim edilib. Qanuna zidd hərəkətlərlə əlaqədar Azpetrol rəhbərliyinə rəsmi şəkildə məktub ünvanladı. xx.xx.2024-cü il tarixdə məktubu 792 daxil olma nömrəsi ilə ümumi şöbədə qeydiyyata alınıb hüququ şöbəsinə yönləndirilib. Nəhayət Cavabdeh MMC-nin baş direktoru tərəfindən 18 aprel 2024-cü il tarixli, 478/K saylı əmr verilərək qeyd olunmuşdur ki, 32 saylı "xxxx" YDM-nin növbə rəisi İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirməyərək işə çıxmadığına, habelə “növbə rəisinin vəzifə təlimatının" tələblərini pozaraq məntəqədaxili nizam- intizamın və iş ahənginin pozulmasına yol verdiyinə görə onunla bağlanmış E146182/1 saylı .. xx.xx.2021-ci il tarixli əmək müqaviləsi, 18 aprel 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin. Nəzərinizə çatdırıram ki, əmək haqqı ştat cədvəli üzrə saatlıq tarif əsasında ödənilir. Günlər üzrə iş vaxtının uçotu cədvəlində hər işçinin iş saatının başlanması və bitməsi dəqiq əks olunur və hər işçinin imzası olmaqla idarənin möhürü ilə təsdiq olunur. Tabeldə isə iş saatları faktiki iş saatları ilə uyğunsuzluq olmaqla yanaşı əmək haqqımın ödənilməsi tabeldəki iş saatları əsas götürülməklə hesablanır. O, iddia ərizəsində qeyd etdiyi tələblərlə mediasiya təşkilatına müraciət etsə də, ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, əvvəlcə 1, 2 və 3-cü tələblərə münasibətdə qeyd etmək istəyirlər ki, iddiaçı tələblərində xx.xx.2024-cü il tarixli, 246/k saylı, xx.xx.2024-cü il tarixli, 478/k saylı əmrlərin ləğvi, işə bərpa, xx.xx.2024-cü il tarixindən işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqının orta aylıq əmək haqqı həcmində ödənilməsini tələb etmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli, 246/k saylı Əmr - istehsalat zərurəti ilə əlaqədar olaraq onun, xx.xx.2024-cü il tarixindən 32 saylı "xxxx" YDM-nə keçirilməsi ilə əlaqədardır. Belə ki, Şirkətin 22 fevral 2024-cü il tarixli, 246/K saylı Əmri ilə İddiaçı Şabəddinoviç "xxxx" MMCnin 32 saylı "xxxx" YDM-nə növbə rəisi vəzifəsinə keçirilmiş və bu barədə Əmrdən çıxarış ona rəsmi təqdim edilmişdir. Lakin, həm şifahi, həm də yazılı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı 32 saylı "xxxx" YDM-nə işə çıxmamış, işə çıxmamasına əsas olan üzrlü səbəblər barədə Şirkətə hər hansı bir sənəd təqdim etməmişdir. Xüsusi olaraq nəzərə çatdırılır ki, İddiaçı Şabəddinoviç iiə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, E146182/1 saylı əmək müqaviləsinin 1,3-cü bəndinə əsasən, “zərurət yarandığı təqdirdə istehsalat zərurəti ilə əlaqədar işəgötürən işçinin iş yerini dəyişdirə bilər işçidən ölkə daxilində, yəni Şirkətin bir struktur bölməsindən digərinə və ya Şirkətlə müqavilə bağlamış hər hansı müəssisəyə səfər etmək tələb oluna bilər. İş yerinin dəyişdirilməsi, işçinin ixtisasına, ixtisas dərəcəsinə və peşəsinə təsir etməmək şərtilə, işçinin başqa işə keçirilməsi sayılmır”. Göründüyü kimi, sözügedən işçinin əmək hüquqları Şirkət tərəfindən pozulmamış, əksinə işçi İddiaçı təyin edilmiş məntəqəyə işə çıxmamaqla əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Zəruri olaraq qeyd edilməlidir ki, növbə rəisi İddiaçı Şabəddinoviçin təyin edilən vaxtdan işə çıxmaması məntəqədə növbə rəislərinin işə çıxma vaxtları ilə əlaqədər tarazlıq pozulmuşdur ki, bu da iş yerində işin əmək və icra intizamının normal ahənginin pozulması ilə nəticələnmişdir. Bundan başqa, iddia ərizəsində qeyd edilən “faktiki iş saatlarının (günlər üzrə iş vaxtının uçotu cədvəlində imzayla və müəssisənn möhürü ilə təsdiq olunmuş) tabeldə, aylar üzrə hesablanmış yekun haqq-hesab cədvəlində düzgün əks olunmamasının, işlədiyi bütün dövr əzində iş saatlarının mənimsənilməsinin məhkəmə tərəfindən tanınması” tələblərə münasibətdə qeyd etmək istəyirlər ki, İddiaçı müharibə iştirakçısı olduğunu əsas gətirərək, ona xüsusi güzəşt və imtiyazların verilməsini tələb edir. Nəzərə alsaq ki, Şirkətdə 300-ə yaxın növbə rəisi vəzifəsində işləyən əməkdaşlar fəaliyyət göstərir ki, həmin şəxslərin arasında vətən müharibəsi iştirakçıları olan şəxslər də vardır. Lakin İddiaçı istisna olmaqla, həmin şəxslərin heç biri bu və ya digər formada onlara xüsusi güzəşt və imtiyazların verilməsini tələb etməmiş, eyni zamanda hüquqlarının pozulması ilə bağlı hər hansı bir şikayətləri olmamışdır. Bu mənada, İddiaçı özünə xüsusi güzəşt və imtiyaz, üstünlük tələb etməsinin heç bir hüquqi və qanuni əsası yoxdur. Nəzərə alsaq ki, sözügedən şəxsin eyni məzmunlu şikayətinə və tələblərinə bütün məhkəmə instansiyaları tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı faktiki iş saatlarının tabeldə, aylar üzrə hesablanmış yekun haqq-hesab cədvəlində düzgün əks olunmamasını və eyni zamanda işlədiyi dövr əzində iş saatlarının mənimsənilməsini özündə ehtiva edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bu halın mövcudluğunu yalnız özünün izahatı ilə əsaslandırmağa çalışmışdır. İddiaçının izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddianı qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk öncə iddia tələbinin “xx.xx.2024-cü il tarixli 246/k saylı əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. İş materiallarına əlavə edilmiş: E146182 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Təhlükəsizlik Xidməti və Nəzarət İdarəsinin inspektoru vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 1.3-cü bəndində qeyd edilir ki, tərəflər razılaşırlar ki, işəgötürən işçinin iş yerini dəyişdirə bilər və işçidən ölkə daxilində, yəni Şirkətin bir struktur bölməsindən digərinə və ya Şirkətlə, müqavilə (subpodrat, icarə və s.) bağlamış hər hansı müəssisəyə səfər etmək tələb oluna bilər. İş yerinin dəyişdirilməsi, işçinin ixtisasına, ixtisas dərəcəsinə və peşəsinə təsir etməmək şərtilə, işçinin başqa işə keçirilməsi sayılmır. "xxxx" MMC-nin 22 fevral 2024-cü il tarixli 246/k saylı əmrindən çıxarışda qeyd olunur ki, 69 saylı “Siyəzən” YDM-nin növbə rəisi istehsalat zərurəti ilə əlaqədar və onunla bağlanmış E146182/1 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1.3 bəndinə əsasən xx.xx.2024-cü il tarixindən 32 saylı “Qusar” SDK YDM-nə növbə rəisi vəzifəsinə keçirilsin. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh şirkətdə Təhlükəsizlik Xidməti və Nəzarət İdarəsinin inspektoru vəzifəsinə işə qəbul edilmişdir. Sonradan şirkətin 22 fevral 2024-cü il tarixli əmri ilə iddiaçı 69 saylı “Siyəzən” YDM-nin növbə rəisi vəzifəsindən 32 saylı “Qusar” SDK YDM-nə növbə rəisi vəzifəsinə keçirilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən əmrin ləğvinə əsas yoxdur. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə razılaşdırılmışdır ki, işəgötürən işçinin iş yerini dəyişdirə bilər və işçidən ölkə daxilində, yəni Şirkətin bir struktur bölməsindən digərinə səfər etmək tələb oluna bilər. İşəgötürən müqavilənin qeyd olunan şərtinə uyğun olaraq, istehsalatda yaranmış zərurətlə əlaqədar işçinin iş yerini dəyişdirmiş və onu ixtisas dərəcəsinə və peşəsinə uyğun işə keçirmişdir. İşçinin yeni iş yeri onun peşəsinə uyğun olmaqla, sadəcə ərazi baxımından fərqli olmuşdur. Bu isə o deməkdir ki, işçinin hazırki vəziyyətdə iş yerinin dəyişdirilməsi başqa işə keçirilməsi sayılmır. Belə olan halda işəgötürənin qeyd olunan əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmaqla onun ləğvi üçün heç bir əsas yaratmır. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli 478/k saylı əmrlərinin ləğvi, işə bərpa olunması, xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqının orta aylıq əmək haqqı həcmində ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. İş materiallarında əlavə edilmiş: 32 saylı Qusar SDK YDM-nin direktoru, növbə rəisi, TXNİ-nin inspektoru və xəzinədarı tərəfindən tərtib olunmuş aktlarda qeyd olunur ki, növbə rəisi İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə heç kimə xəbər etmədən işə gəlməmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqının 02 saylı, 16 aprel 2024-cü il tarixli protokolunda qeyd edilmişdir ki, İddiaçı işə çıxmayaraq əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyini, eyni zamanda “Növbə rəisinin vəzifə təlimatının” tələblərini pozaraq məntəqədaxili nizam-intizamın və iş ahənginin pozulmasına yol verdiyini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilsin. "xxxx" MMC-nin 18 aprel 2024-cü il tarixli 478/K saylı əmrində qeyd edilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin 18 aprel 2024-cü il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, işəgötürən işçini iş vaxtı yol verdiyi nöqsanlara görə qanunvericiliyin tələbinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Belə ki, iddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə heç kimə xəbər etmədən işə gəlməmiş və bununla həm “Növbə rəisinin vəzifə təlimatının” tələblərini, həmçinin işin ahəngini pozaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bundan sonra cavabdeh tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq Həmkarlar İttifaqına müraciət edilmiş və iclasın razılığı alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə “iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsas tələbdən törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsi də rədd edilməlidir. Məhkəmə iddia tələbinin “faktiki iş saatlarının tabeldə, aylar üzrə hesablanmış yekun haqq-hesab cədvəlində düzgün əks olunmamasının, işlədiyi bütün dövr ərzində iş saatlarının mənimsənilməsinin tanınması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı ərizəsində əmək müqaviləsi razılaşdırılmış iş saatından əlavə işlədiyini və bunun iş tabelində qeyd olunan faktiki iş saatları ilə uyğun gəlmədiyini göstərsə də, istinad etdiyi bu halı təsdiq edə biləcək kifayət qədər mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar