Məhkəmə qərarları › İş №2(009)-1824/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1824/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1824/2023 24.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehin Bakı şəhərində xx.xx.2019-cu ildə əvəzləşmə müqaviləsi imzalamışlar. Müqavilənin 6.2-ci bəndinə əsasən yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq, yaşayış binasında təmirli və mətbəx mebeli ilə təmin olunmuş mənzil “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə verilməlidir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən “Mülkiyyətçi” yaşayış sahəsini “Kooperativ”ə təhvil verildiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq “Mülkiyyətçi”yə təhvil verilənə qədər “Mülkiyyətçi”nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 500 manat olmaqla kompensasiya “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə ödənilir. Kompensasiya 3 aylın qabaqcadan olmaqla “Mülkiyyətçi”nin bank hesabına ödənilir. Mənzilin təmiri başa çatdırılaraq “Mülkiyyətçi”yə təhvil verilənə qədər Bakı şəhəri üzrə kirayə mənzillərin qismində ciddi artma və ya azalma baş verərsə təyin olunmuş kompensasiyaya yenidən baxılır. xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında cavabdehə ərizə yazaraq “Kooperativ”in əməkdaşı Musayeva Samirə xanıma təqdim etmişdir. O, ərizədə göstərmişdir ki, “xx.xx.2019-cu il tarixli əvəzləşmə müqaviləsinə əsasən Siz tərəfindən müqavilənin 6.2; 6.3; 6.4; 1.2.3; 7.2.9; 7.2.11 bəndlərinə əməl olunmayıb. Təhvil-təslim aktına əsasən (03 avqust 2019-cu ildən 10 yanvar 2023-cü ilədək) Siz tərəfdən 24740 (iyirmi dörd min yeddi yüz qırx) manatdan 22200 (iyirmi iki min iki yüz) manat məbləğində kirayə pulu ödənilib. Qalan 2540 (iki min beş yüz qırx) manat ödənilməmiş qalmışdır. Baxmayaraq ki, təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə imzalanıb, lakin tərəfinizdən təmir işləri xx.xx.2023-cü il tarixində yekunlaşıb (sübut:fotovideo materiallar). Bu müddət də kirayə haqqı 2960,0 manat ödənilməmişdir. Qalan 5500,0 (beş min beş yüz) manat məbləği 10 iş günü ərzində mənim bank hesabıma köçürülməsini xahiş etmişəm. Lakin qalan 5500,0 (beş min beş yüz) manat mənim bank hesabıma köçürülməyib”. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən 5500 manat, nümayəndə xərci 100 manat və 76 manat dövlət rüsumu, ümumilikdə 5676 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehlə aralarında bağlanılmış və İcra Hakimiyyəti tərəfindən də təsdiq olunmuş əvəzləşmə müqaviləsində kirayə haqqı üçün 500 manat müəyyən edilsə də, o, kirayə haqqının baha olmasını cavabdehə bildirmiş, cavabdeh 600 manat kirayə haqqının ödənilməsi ilə razılaşmış və ödənilən kirayət haqqının məbləği hər ay 600 manat olmuşdur. Əvəzləşmə müqaviləsində də qiymət artımının həyata keçirilməsi nəzərdə tutulur. Təhvil-təslim aktı imzalandıqdan sonra mənzildə aparılmış qüsurlu təmir səbəbi ilə yaşayış mümkün olmadığı üçün mənzilə köçə bilməmiş, mənzildə təmir may ayının 23-dək davam etmiş, hətta həmin tarixdə xırda qüsurlar qalsa da, o, bununla razılaşmış və mənzilə köçmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, CD diskə baxış keçirib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə “Kooperativ” qismində Cavabdeh MTK ilə “Mülkiyyətçi” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əvəzləşmə müqaviləsinin surətinə əsasən “Mülkiyyətçi” mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 14 saylı mənzilinin sökülmək üçün “Kooperativ”ə təhvil verməyi, “Kooperativ” isə bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili “Mülkiyyətçi”yə təhvil verməyi öhdəsinə götürür (bənd 1.1.2). Sərəncama əsasən yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq yaşayış binasında təmirli və mətbəx mebeli ilə təmin olunmuş mənzil “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə təhvil verilir (bənd 6.2). “Kooperativ” tərəfindən inşa ediləcək binanın və mənzilin xüsusiyyətləri: binanın mərtəbələrin sayı: 19, mənzilin ümumi sahəsi: 95,38 kv.m., giriş: 3 (blok C), mənzilin ümumi mərtəbəsi 5, mənzilin yaşayış mərtəbəsi: 2. Mənzilin plan-cizgisi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilir (bənd 6.2.1). “Mülkiyyətçi” yaşayış sahəsini “Kooperativ”ə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq “Mülkiyyətçi”yə təhvil verilənə qədər “Mülkiyyətçi”nin müvəqqəti yaşayış sahəsi ilə təmir edilməsi məqsədi ilə hər təqvim ayı üçün 500 manat olmaqla kompensasiya “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə ödənilir. Kompensasiya 3 aylıq qabaqcadan olmaqla “Mülkiyyətçi”nin bank hesabına ödənilir. Mənzilin təmiri başa çatdırılaraq “Mülkiyyətçi”yə təhvil verilənə qədər Bakı şəhəri üzrə kirayə mənzillərin qiymətində ciddi artma və ya azalma baş verərsə təyin olunmuş kompensasiyaya yenidən baxılır. Yaşayış sahəsinin boşaldılması “Kooperativ” tərəfindən həyata keçirilir (bənd 6.3). Yaşayış binasında mənzil inşa və təmir olunduqdan sonra “Kooperativ” mənzilin qəbul edilməsi üçün “Mülkiyyətçi”yə yazılı bildiriş göndərir. “Mülkiyyətçi” yazılı bildirişi aldıqdan sonra 5 gün müddətində mənzili qəbul edir. “Mülkiyyətçi”nin istəyi ilə mənzilə köçürülməsi “Kooperativ” tərəfindən həyata keçirilir (bənd 6.4). “Mülkiyyətçi” tərəfindən müqavilənin şərtləri pozulduğu halda “Mülkiyyətçi”dən vurulmuş ziyanı tələb etmək və cərimə tətbiq etməsi “Kooperativ”in hüququdur (bənd 7.1.2). Bu müqavilə üzrə öhdəliklərini tam şəkildə və vaxtında icra etməsi, bu müqavilədə nəzərdə tutulmuş müddətdə tikinti işlərini başa çatdırmaq və müqavilə şərtlərinə uyğun təmirli, istilik sistemi (isti döşəmə) və mətbəx mebeli ilə təmin olunmuş mənzili “Mülkiyyətçi”yə təhvil vermək, mənzilin təmiri zamanı mənzilin daxili ara kəsmələri və təmir ilə bağlı digər məsələlərin qarşılıqlı razılıq əsasında həll etməsi, mənzilin işıq, su, qaz sayğacları ilə eləcə də telekommunikasiya xətləri ilə təchiz olunmasını təmin etməsi, bu müqavilə ilə nəzərdə tutulmuş qaydada “Mülkiyyətçi”yə mənzil təhvil verilənə qədər “Mülkiyyətçi”ni müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə kompensasiya ödəməsi, mövcud yaşayış binaları söküldükdən sonra söküldükdən sonra “Mülkiyyətçi”nin xeyrinə mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində torpaq sahəsi barədə təminat qeydinin aparılması ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq lazımi sənədlər toplusunu yığaraq “Mülkiyyətçi”ni təmin etməsi, yaşayış binasında tikinti quraşdırma işləri yekunlaşdırıldıqdan sonra yaşayış binasının istismara qəbul edilməsi üçün lazımi sənədlər toplusu müvafiq Dövlət Qəbul Komissiyasına təqdim etməsi, yaşayış binası müvafiq Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edildikdən sonra yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının “Mülkiyyətçi”nin adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusunu “Mülkiyyətçi”yə təqdim etməsi “Kooperativ”in öhdəlikləridir (bənd 7.2.1, 7.2.3, 7.2.4, 7.2.5, 7.2.7, 7.2.9, 7.2.10,). İş üzrə “Mülkiyyətçi” qismində İddiaçı və “Kooperativ” qismində Cavabdeh MTK tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Mülkiyyətçi” ilə “Kooperativ” arasında bağlanmış xx.xx.2019-cu il tarixli əvəzləşmə müqaviləsinə əsasən “Mülkiyyətçi” Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 8, 14 saylı mənzili tam boş olaraq mənzili xx.xx.2019-cu il tarixdə “Kooperativ”ə təhvil verdi, “Kooperativ” isə təhvil aldı. Mənzilin daxili qapıları, pəncərələri, hamam aksessuarları və digər əşyalar “Mülkiyyətçi” tərəfindən sökülərək aparılmışdır. İş üzrə “Kooperativ” qismində Cavabdeh MTK və “Mülkiyyətçi” qismində İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Mülkiyyətçi” ilə “Kooperativ” arasında bağlanmış xx.xx.2019-cu il tarixli əvəzləşmə müqaviləsinə əsasən “Kooperativ” Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları,10 ünvanında yerləşən “C” bloku, ümumi 5-ci mərtəbə, yaşayışın 2-ci mərtəbəsində yerləşən 95,38 kv.m. təmirli mənzili xx.xx.2023-cü il tarixdə “Mülkiyyətçi”yə təhvil verdi, “Mülkiyyətçi” isə təhvil aldı. Yuxarıda göstərilən mənzildə aşağıdakı işlər qüsursuz olaraq həyata keçirilmişdir: 1. Giriş və daxili qapıların quraşdırılması (1 ədəd giriş qapısı, 4 ədəd daxili qapısı); 2. Pəncərələrin quraşdırılması (Aliminium pəncərələri); 3. Dəmir beton və hörgü işlərinin görülməsi; 4. Daxili divar və arakəsmələrin hörülməsi; 5. Divarların suvanması və finiş işləri üçün hazırlanması; 6. Elektik və santexnik xətlərinin çəkilməsi; 7. Qaz, su, elektrik və kanalizasiya çıxarışların verilməsi; 8. Qaz, su və işıq sayğacların quraşdırılması; 9. Sanitar qovşağında, mətbəxdə və dəhlizdə isti döşəmənin çəkilməsi;

10. Düzləşdirici döşəmə qatının yayılması; 11. Daxili divarların üzlənməsi (seramik, divar kağızı);

12. Daxili tavanların boyanması; 13. Döşəmələrin üzlənməsi (seramik, laminat və laminat plintusları); 14. Santexnika aksesuarlarının quraşdırılması (güzgü, unitaz, çanaq, qarışdırıcılar); 15. Mənzil fasadlarının üzlənməsi; 16. Eyvan döşəmələrində seramiklərin döşənməsi; 17. Eyvanlarda aydınlatma aksesuarlarının quraşdırılması; 18. Fasad divarların üzəlnməsi və boyanması; 19. Mətbəx mebelin quraşdırılması; 20. Kombi və radiator quraşdırılması (1 ədəd kombi, 4 ədəd radiator); 21. Telekommunikasiya xəttlərin çəkilməsi. Qeyd: bu akt imzalandıqdan sonra aylıq icarə haqqının ödənişi dayandırılacaqdır. Həmçinin mənzil təhvil verildikdən sonra, “Mülkiyyətçi” tərəfindən gətirilən işçi qüvvəsi yaxud digər şəxslər hər hansı xəsarət və ya sağlamlığa başqa problemlər yarandıqda “Mülkiyyətçi” özü cavabdehlik daşıyacaqdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MTK-nın İdarə Heyətinin sədri X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, xx.xx.2019-cu il tarixli əvəzləşmə müqaviləsinə əsasən MTK tərəfindən müqavilənin 6.2, 6.3, 6.4, 1.2.3, 7.2.9, 7.2.11 bəndlərinə əməl olunmayıb. Təhvil-təslim aktına əsasən (xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək) MTK tərəfindən 24.740 manatdan 22.200 manat məbləğində kirayə pulu ödənilib. Qalan 2540 manat ödənilməmiş qalmışdır. Baxmayaraq ki, təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə imzalanıb, lakin MTK tərəfindən təmir işləri xx.xx.2023-cü il tarixdə yekunlaşıb (sübut: foto-video materialları). Kirayədə yaşadığı mənzili xx.xx.2023-cü il tarixdə təhvil vermişdir. Burda da ödənilməmiş kirayə haqqı 2960 manat ödənilməmiş qalmışdır. Ümumilikdə ödənilməmiş kirayə haqqı 5500 manat qalmışdır. Odur ki, ona ödənilməmiş 5500 manat pulu 10 iş günü ərzində bank hesabına köçürülməsinni MTK-dan tələb edir. Əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İddiaçı hesabdan çıxarışından görünür ki, müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdə - 1.811 manat (3 aylıq kompensasiya), xx.xx.2019-cu il tarixdə - 1.829 manat (3 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 1.811 manat (3 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 613 manat (1 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 606 manat (1 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 606 manat (1 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 606 manat (1 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 606 manat (1 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 606 manat (1 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 606 manat (1 aylıq kompensasiya), xx.xx.2020-ci il tarixdə - 606 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2021-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2022-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2022-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2022-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2022-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2022-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2022-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2022-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya), xx.xx.2022-ci il tarixdə - 605 manat (1 aylıq kompensasiya) məbləğində kompensasiya ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin müvafiq şərtlərinə əsasən iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 14 saylı mənzilini sökülmək üçün cavabdehə təhvil vermiş, cavabdeh isə yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdıqdan sonra 24-30 ay müddətində həmin ərazidə inşa olunacaq yaşayış binasında təmirli və mətbəx mebeli ilə təmin olunmuş mənzili iddiaçıya təhvil verməyi, iddiaçı yaşayış sahəsini cavabdehə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq iddiaçıya təhvil verilənə qədər iddiaçının müvəqqəti yaşayış sahəsi ilə təmir edilməsi məqsədi ilə hər təqvim ayı üçün 500 manat olmaqla kompensasiya (kirayə haqqı kimi) cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, kompensasiyanı 3 aylıq qabaqcadan olmaqla iddiaçının bank hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, qeyd edilən müqavilədə kirayə haqqı kimi 500 manat nəzərdə tutulsa da, müqavilə şərtində kirayə mənzillərin qiymətində artımı olma səbəbindən təyin olunmuş kompensasiya yenidən baxılma müddəası əks olunduğundan və iddiaçı cavabdehlə 600 manat kirayə haqqının ödənilməsi ilə bağlı razılığa gəldiyindən, iddiaçıya cavabdeh tərəfindən ödənilən kirayə haqqı da məhz 600 manat təşkil etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əvəzləşmə müqaviləsinə əsasən MTK Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları 10 ünvanında yerləşən “C” bloku, ümumi 5-ci mərtəbə, yaşayışın 2-ci mərtəbəsində yerləşən 95,38 kv.m. təmirli mənzili iddiaçıya təhvil vermişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən – xx.xx.2022-ci il tarixədək Cavabdeh MTK tərəfindən iddiaçıya aylıq 600 manat olmaqla cəmi 22.200 manat məbləğində kompensasiya (kirayə haqqı kimi) ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən təhvil-təslim aktı imzalanan tarixədək ödənilməli olan 24.740 manatdan 22.200 manat məbləğində kirayə pulu ödənilmiş, 2.540 manat ödənilməmiş qalmışdır. Təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə imzalansa da, ona təhvil vermiş mənzildə aparılmış təmir işlərində nasazlıq olduğu üçün və həmin vəziyyətdə mənzildə yaşaması qeyri-mümkün olduğu üçün cavabdeh tərəfindən qüsurlu təmir işləri yenidən görülərək xx.xx.2023-cü il tarixdə yekunlaşmış və bu müddətdə də kirayə haqqı 2960 manat ödənilməmiş qalmışdır. Ümumilikdə iddiaçıya 5.500 manat ödənilməmiş kirayə haqqı qalmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən 5.500 manat, nümayəndə xərcinə görə 100 manat və 76 manat dövlət rüsumu, ümumilikdə 5.676 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə qeyd edir ki, müqavilə şərtlərinə əsasən mülkiyyətçi yaşayış sahəsini “Kooperativ”ə təhvil verildiyi tarixdən mənzilin təmiri başa çatdırılıb “Mülkiyyətçi”yə təhvil verilənə qədər “Mülkiyyətçi”nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 500 manat olmaqla kompensasiyanı “Mülkiyyətçi”yə ödəməyi “Kooperativ” öhdəsinə götürmüş, sonradan tərəflər arasında həmin məbləğin 600 manat olmasına dair razılıq əldə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mənzilə dair təhvil-təslim aktı imzalansa da, mənzildə aparılan təmir işlərində olan qüsurlar səbəbi ilə iddiaçı həmin mənzilə köçüb yaşaya bilməmiş, cavabdeh tərəfindən mənzildə mövcud olan qüsurların aradan qaldırılması bir neçə ay çəkmiş və iddiaçı həmin mənzilə xx.xx.2023-cü il tarixdə köçərək yaşamağa başlamışdır. İddiaçının mənzildə aparılan təmir işləri ilə bağlı həmin mənzildə yaşayışın qeyri-mümkün olması təqdim olunmuş CD diskə baxış zamanı da təsdiq olunmuşdur. Məhkəmə iddiaçının həm təhvil-təslim aktı imzalanan tarixədək (xx.xx.2023-cü il) cavabdeh tərəfindən ödənilməmiş qalmış kompensasiyanın (2.540 manat), həm də təhvil-təsim aktı imzalandıqdan sonra ona təhvil verilmiş mənzildə qüsurların aradan qaldırılması və onun həmin vaxtdan mənzildə yaşamağa başladığı tarixədək (xx.xx.2023-cü il) ödənilməli olan kompensasiyanın (2.960 manat), cəmi 5500 manat kompensasiyanın tutulması ilə bağlı tələbi üzrə qeyd edir ki, qeyd edilən müddətlər ərzində kompensasiyanın ödənilməməsi ilə bağlı hal məhkəmə iclasında öz təsdiqini tapdığından, bununla da cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsi müəyyən edildiyindən, iddiaçının həmin tələblə məhkəməyə müraciəti əsaslı hesab edilməlidir. Məhkəmə məhkəməyə təqdim olunmuş "xxxx" ASC vasitəsi ilə bank köçürülmələrini əks etdirən hesabatda cavabdeh tərəfindən iddiaçıya 22.200 manat məbləğində (bank komissiya xərci kimi əlavə 206 manat) ödənişin həyata keçirilməsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya həm təhvil-təslim aktı imzalanan tarixədək, həm də həmin tarixdən təmir işləri tam yekunlaşmış vəziyyətdə iddiaçıya təhvil verildiyi və iddiaçının həmin mənzildə yaşamağa başladığı tarixədək ödənilməli olan ümumi kompensasiya məbləği 5500 manat təşkil edəcəkdir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır və qaldırılan iddia əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 100 (yüz) manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10 nömrəli müqavilədən və xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə "xxxx" MMC-yə 100 (yüz) manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 100 (yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 76 (yetmiş altı) manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə kompensasiya kimi ödənilməmiş 5.500 manat, hüquqi xidmət üçün ödənilən 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76 manat, cəmi 5.676 (beş min altı yüz yetmiş altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar