Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1833/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsində istifadədə olan 9 nömrəli, 2 mərtəbəli binada 52.1 kv.m ümumi, 42.1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsində istifadədə olan 9 nömrəli, 2 mərtəbəli binada 52.1 kv.m ümumi, 42.1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə onun, yəni İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 göstərilən mənzildə yaşayırlar. Halhazırda cavabdehlərin yaşadığı mənzil qanuni çıxarışla onun mülkiyyətindədir. Cavabdehlərin bu ünvanda yaşaması üçün heç bir hüquqi əsas, o cümlədən mülkiyyətçi və cavabdehlər arasında notarial qaydada təsdiq olunmuş müqavilə yoxdur, onların bu ünvanda qeydiyyatı tamamilə formal xarakter daşıyır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər onun bacısı və onun qızlarıdır. O, mübahisəli mənzili 1995-ci ildə qardaşının vasitəsi ilə almışdır. Belə ki, 1995-ci ildə onun Bakı şəhərində qeydiyyatı olmadığı üçün o, qardaşına pul verərək özü üçün ev aldırmış və 1996-cı ildə həmin mənzil dövlət reyestrində qardaşının adına qeydiyyata alınmışdır. Daha sonra mənzili öz adına keçirmək istəyərkən qardaşının həyat yoldaşı buna qarşı çıxmış və ona görə də, o, məhkəməyə müraciət etmişdir. 1997-ci ildə məhkəmənin qətnaməsinə əsasən həmin mənzil onun mülkiyyəti hesab edilmişdir. 2003-cü ildə cavabdehlərin xahişi ilə onların müvəqqəti olaraq ona məxsus mənzildə qeydiyyata düşmələrinə icazə vermişdir. Cavabdehlər təxminən 2014-cü ilə qədər başqa ünvanlarda yaşamışlar, sonra cavabdehlərin xahişi ilə o, cavabdehlərin onun mənzilində yaşamalarına razılıq vermişdir. Mənzilin kommunal xərclərini həm o, həm də cavabdeh olan bacısı ödəmişdir. Artıq o öz oğlunu evləndirmək istəyir, lakin cavabdehlər könüllü olaraq mənzildən çıxmaq istəmirlər. Ona görə də, cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı onun doğma bacısıdır və mübahisəli mənzil onun qardaşı tərəfindən ailə üçün alınmışdır ki, bu evdən hamı istifadə etsin. Qardaşı həmin mənzili öz adına almışdır. Lakin sonra iddiaçı məhkəməyə müraciət edərək mənzilin onun adına keçirilməsinə nail olmuşdur. Həmin məhkəmədə anasının xahişi ilə qardaşı həmin mənzili iddiaçının puluna aldığını bildirmişdir. O, qızları ilə birlikdə həmin mənzilə 2003-cü ildə qeydiyyata düşmüş, lakin başqa ünvanda yaşamışlar. Bununla yanaşı, davamlı olaraq gəlib həmin mənzildə də yaşamışlar. 2014-cü ildə o, boşandıqdan sonra mübahisəli mənzilə köçərək bu günə kimi övladları ilə birlikdə orada yaşayır. Mənzilin kommunal xərclərini iddiaçı ilə birlikdə növbə ilə ödəyirlər. Onun və qızlarının mübahisəli mənzildən başqa digər yaşayış sahəsi yoxdur. Ona görə də, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir və bildirmişdir ki, mübahisəli evi Babayev Eldar yəni, İddiaçı və Cavabdeh1 qardaşları almışdır. Həmin mənzil hər iki bacının yaşaması üçün alınmışdır. Cavabdehlər mübahisəli mənzildə 2003-cü ildən qeydiyyata düşsələr də, həmin mənzildə 2013-cü ildən iddiaçı ilə birlikdə yaşayırlar. İddiaçının da bildirdiyi kimi evin kommunal xərcləri birlikdə ödənilir. Həmçinin cavabdehlərin başqa yaşayış sahəsi yoxdur. Cavabdehlər mübahisəli mənzildə iddiaçının ailə üzvləri kimi yaşadıqları, orada qeydiyyatda olduqları üçün yalnız iddiaçı tərəfindən kompensasiya verilməklə mənzildən çıxarıla bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2-282/1997 saylı, 01 may 1997ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Məmmədəli qızının cavabdehlər X5 və başqalarına qarşı alqı-satqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılmalarına dair iddiası təmin edilərək, X2 ilə X5 arasında Bakı şəhəri, Cəfərov Qardaşları küçəsindəki 9 №-li evin 10 № li mənzilinin alqı-satqısına dair 23 noyabr 1995-ci il tarixli müqaviləsi Bakı şəhəri İH-nin Texniki İnventarlaşdırma və MHQ idarəsinin X3 adına vermiş olduğu 03.04.1996-cı il tarixli 13 №-li qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X3 ailəsi ilə Bakı şəhəri, Cəfərov Qardaşları küçəsindəki 9 №-li evin 10 №-li mənzilindən çıxarılmaları, X1 24 milyon manat pul tutulub X4 verilməsi qət edilmişdir. İş materiallarında olan 30/2002 saylı, 30.12.1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Cəfərov Qardaşları küçəsi, 9 saylı evin 10 saylı mənzilin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Məmmədəli qızının adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestrindən 01.11.2007-ci il tarixli, ********* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsində istifadədə olan 0.0447 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada 52.1 kv.m ümumi, 42.1 km.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 559 nömrəli reyestr kitabının 51489 nömrəli vərəqində qeydiyyta alınmışdır. İş materiallarında olan ******* №-li, 05.07.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 10 sentyabr 2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin mənzildə onunla birlikdə Cavabdeh2, X7, Cavabdeh3 və İddiaçı da qeydiyyatdadırlar. İş materiallarında olan 58 saylı Səbail rayon Mənzil-Kommunal Təəsərrüfatı Birliyinin 206 saylı, 02.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Cəfərov Qardaşları küçəsi, 9 saylı evin 10 saylı mənzilinə 09.09.2003-cü ildə qeydiyyata düşüblər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, mübahisəli ünvan 2 ünvanda yerləşən 10 saylı mənzil alqı-satqı müqaviləsi əsasında X4 məxsus olmuş, lakin İddiaçı Məmmədəli qızı alqı-satqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin 01 may 1997-ci il tarixli qətnaməsi ilə İddiaçı Məmmədəli qızının iddiası təmin edilmişdir. Bundan sonra Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 9 nömrəli evin 2 otaqlı 10 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə 30.12.1997-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Eləcə də müəyyən olundu ki, cavabdehlər 2003-cü ildə iddiaçının razılığı ilə mübahisəli mənzildə qeydiyyata alınmış və 2014-cü ildən köçərək iddiaçı ilə birlikdə həmin mənzildə halhazıradək yaşayırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinın qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2003-cü ildən yarandığından, mübahisənin həllinə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri. uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə Cavabdeh1 və onun övladları mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı qanunda xüsusi olaraq dairəsi göstərilmiş ailə üzvləri (ər, uşaq və valideyn) deyildirlər. Belə olan halda Cavabdeh1 mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə bağlanan notariat gaydasında təsdiqlənən yazılı razılaşma olduğu halda yarana bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 övladları ilə birlikdə iddiaçıya məxsus mübahisəli mənzilə köçərkən mənzilin mülkiyyətçisi ilə yaşayış binasının tərki hissəsindən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı notariat qaydasında təsdiqlənməli yazı razılaşma bağlamamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götüirmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bir əmlak hüququ olaraq mülkiyyət hüququ, təmin etdiyi səlahiyyətin həcmi baxımından tam və bütöv olan yeganə əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hiiququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncaın vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh1 və onun övladlarının mübahisəli mənzilə istifadə hüququ yaranmadığından onlar mənzildən çıxarılmalıdırlar. Məhkəmə eləcə də, hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə olan yaşayış yeri üzrə qeydiyyatı mənzildən istifadə hüququ əldə etməsi kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinin birinci hissəsində yaşayış yeri üzrə qeydiyyatın konkret məqsədləri müəyyən edilmişdir: -ölkədə yaşayan şəxsləri qeydiyyata almaq; -onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaq; -insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq. Həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının qänunvericiliyində yalnız qeydiyyat amilinin yaşayış sahəsindən istifadə hüququ yaratması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 25.12.2009-cu il tarixli qərarında şəxsin mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq mənzilə istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaəti Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarına zidd hesab etmiş və bu halın mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində, Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 9 saylı evin 10 saylı mənzilindən çıxarılmalıdırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 9 saylı evin 10 saylı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1833/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1833/2021
08.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver