Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1842/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katib Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı 3-cü şəxs qismində "xxxx" QSC-nin sədri Cavabdeh2 cəlb olunmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının, istifadə edilməyən məzuniyyət haqqının verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 3-cü şəxs qismində "xxxx" QSC-nin sədri Cavabdeh2 cəlb olunmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Cavabdeh2 onun işdən çıxarılmağı barədə 01 oktyabr 2020-ci il tarixli əmrini ləğv edib onun işə bərpa olunmağı, sədr Cavabdeh2 ona qarşı qərəzli hərəkətlərinə son qoyulması, məcburi iş buraxma müddəti - 01.10.2020-ci il tarixdən 2021-ci ilin hal-hazırki ayına kimi tam əmək haqqı hesablanaraq, 01.10.2020-ci il tarixdən 2021-ci ilin hal-hazırki ayı üçün hər gecikdirilmiş gün üçün bir faiz hesabı ilə hesablanmaqla, əmək fəaliyyətsiz qaldığına görə təyin olunmuş müavinətin və bütün bu müddət ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablanaraq və işəgötürən tərəfindən ona vurulmuş mənəvi ziyanın məbləği kimi 4000 manat məbləğin cavabdeh və üçüncü şəxsdən tutulub ona ödənilməklə, həmin cəmiyyətdə əvvəlki işinə bərpa edilməyi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin Sədri Cavabdeh2 01 oktyabr 2020-ci il tarixli əmri ilə onun əmək müqaviləsinin 2020-ci ilin sonuna kimi qüvvədə olmasına baxmayaraq, sonradan həmin müqavilə saxtalaşdırılmaqla, yəni 31.12.2020 il tarixini pozub 2 ay əvvələ, yəni verilmiş əmrə uyğunlaşdırmaq məqsədilə 30.09.2020-ci il tarixinə dəyişdirməklə qanunsuz və əsassız olaraq birtərəfli qaydada əmək fəaliyyəti dayandırılmışdır. O, işdən çıxarılmasını qanunsuz hesab edir. Belə ki, o, 1994-cti il tarixdən 2007-ci il tarixədək əmək müqaviləsi ilə, 2007-ci il tarixdən 2020-ci ilin dekabr ayının 31-dək mülki-hüquqi müqavilə ilə "xxxx" QSC-nin Azərbaycan Beynəlxalq Radiosunda əmək fəaliyyəti göstərmişdir. Əslində cavabdehin qeyd etdiyi kimi onun müqaviləsinin vaxtı bitməmişdir. Yuxarıda qeyd etdiyi kimi bu saxtalaşdırılmışdır. Ona görə də hesab edir ki, onun işdən çıxarılmağı qərəzli xarakter daşıyır və tam qanunsuzdur. Cəmiyyətdən qeyri-qanuni işdən çıxarıldığına görə, bir ailə başçısı kimi maddi vəziyyəti olduqca ağır və dözülməz haldadır. Belə ki, ailədə yeganə qazanc gətirən odur və həyat yoldaşı da işləmir, evdar qadındır. Buna görə də, maddi vəziyyətləri olduqca ağır və dözülməz haldadır. Ailəsinin vəziyyəti olduqca ağırdır. Həyat yoldaşı evdar qadın olmaqla ailədə ondan başqa, əmək qabliyyətli ailə üzvü yoxdur. 26 ildən yuxarı işləyərək ailəsini bir tikə çörək pulu qazandığı bir yerdən onu heç bir səbəb olmadan qanunsuz olaraq, işdən çıxarmışlar. O, işdən çıxmaq barədə heç bir ərizə yazmamışdır. Bundan xəbəri də olmamışdır. Bundan əlavə, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən 26 ildən yuxarı qüsursuz həmin müəssisədə işlədiyi üçün o, işdə saxlanılmaq üzrə üstünlük hüququna malikdir. Buna baxmayaraq, qanunsuz olaraq işdən çıxarılmışdır. Cavabdeh Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozaraq həmkarlar ittifaqının rəyini almadan onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Ona görə də, hesab edir ki, onun işdən çıxarılması qərəzli xarakter daşıyır və tam qanunsuzdur. Əmri indiyə kimi cavabdehdədir, ondan gizlədərək verməyiblər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək onun əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş və izah etmişdir ki, İddiaçı iddia ərizəsində özünün də göstərdiyi kimi 2007-ci ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də əmək müqaviləsi ilə işləmişdir. Lakin 2007-ci ildə həmin əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra tərəflər arasında bağlanan 15 yanvar 2019-cu il tarixli müqavilə isə mülki-hüquq müqaviləsi olmuşdur. Həmin müqavilənin də müddəti 30 sentyabr 2020-ci il tarixdə quratmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olmamışdır. Onların arasında olan mülki-hüquq müqaviləsinin isə müddəti sona çatdığı üçün bu müqaviləyə qanunvericiliyin tələblərinə müvafiq qaydada xitam verilmişdir. İddiaçı iddia ərizəsində saxtalaşdırma, qərəz, yaxud qanunsuzluqla bağlı göstərdikləri isə heç bir sübuta söykənməyən və həqiqətə uyğun olmayan ifadələrdir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq 3cü şəxs "xxxx" QSC-nin sədri Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (“Sifarişçi”) ilə İddiaçı (“İcraçı”) arasında 15 yanvar 2019-cu il tarixdən 30.09.2020-ci il tarixədək mülki-hüquq müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs; əmək müqaviləsi (kontraktı) isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, əmək qanunvericiliyi əmək müqavilələrinin bağlanmasının sərbəstliyi prinsipini müəyyən etmişdir və əmək müqaviləsi bağlamaq işəgötürənin (habelə işçinin) hüququ kimi nəzərdə tutulmaqla o (onlar), qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz(lər). Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, sifarişçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə icraçı BəydəmirliƏkrəm Əlisahib oğlu arasında 15 yanvar 2019-cu il tarixdə mülki-hüquq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sifarişçi sifariş verməyi, icraçı isə Beynəlxalq Radioda türk redaksiyası müəllifliyini yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin 30.09.2020-ci il tarixinə qədər qüvvədə olması müəyyən edilmişdir. Həmin Müqavilənin 3.2-ci maddəsinə əsasən tərəflər müqavilənin qarşılıqlı razılığa əsasən yeni müqavilə bağlanmadan eyni müddətə uzadılması, 5.2-ci maddəsinə əsasən müqavilə üzrə münasibətlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənməsi və tərəflər arasında əmək münasibətləri yaratmaması barədə razılığa gəlmişlər. Tərəflər arasında bağlanmış mülki-hüquq müqaviləsinə müddəti başa çatdığı üçün 30.09.2020-ci il tarixində xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında əmək münasibətləri olmamış, onlar arasında mülki-hüquq müqaviləsi bağlanmış, tərəflər həmin müqavilə üzrə görülməli işin predmetini və şərtlərini özləri müəyyən etmişlər. Həmçinin müqavilə üzrə tərəflər işçi və işəgötürən deyil, sifarişçi və icraçı adlandırılmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya göstərdiyi xidmətlərə görə hər ay müəllif qonorarı ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı 3-cü şəxs qismində "xxxx" QSC-nin sədri Cavabdeh2 cəlb olunmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının, istifadə edilməyən məzuniyyət haqqının verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1842/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1842/2021
22.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver