Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1843/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X4 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh 28 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıcavabdeh 28 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Yaylaq” b/y-nın 348-360 saylı bağ sahəsinə dair onun vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək miras qalmış əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyini 28 saylı Dövlət Notariat ofisinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X6 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Yaylaq” b/y-nın 348-360 saylı bağ sahəsinin mülkiyyətçisidir və bağ sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış almışdır. Atası xx xxxx 2011-ci ildə vəfat etmişdir. Atasını vəfatından sonra anası qanun üzrə vərəsəlik şəhadətnaməsi almış və atasının mülkiyyətində olan digər mənzil anası X1 adına rəsmiləşdirilmişdir. Atasının il dönümündə xx.xx.2020-ci il tarixdə onun keçmiş iş yoldaşları onlara gəlmişdilər və onlar bildirdilər ki, onların hamısına işləyən vaxt Zirə qəsəbəsindən bağ sahəsi verilib. Bundan sonra onlar bir neçə vaxt köhnə sənədləri axtarıb bağ sahəsinə dair çıxarışı tapdılar. Bağ sahəsinin onun adına rəsmiləşdirilməsi ilə bağlı ASAN Xidmət mərkəzinə müraciət edəndə bildirildi ki, mirasın qəbul edilməsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalısınız, ondan sonra rəsmiləşdirilmə aparılmalıdır. Onu da qeyd edir ki, anası və bacısı onun xeyrinə rəsmi olaraq mirasın qəbulundan imtina ediblər. Bununla bağlı tərəfindən ərizə ilə 28 saylı notariat ofisinə müraciət olunmuş və notarius Elmar Kərimovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən ona qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina olunmuşdur. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçıiddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahat verərək bildirmişdir ki, onlar o zaman bağ sahəsinin olmasını bilmədikləri üçün notariat ofisində miras əmlaka daxil olan əmlak olduğunu deməmişdilər. Qızının xeyrinə mirasdan imtina edir, digər mənzili isə o biri qızına bağışlayacaq. Məhkəmənin xx.xx.2020-ci il tarixli baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahat verərək bildirmişdir ki, atasının il dönümündəxx.xx.2020-ci il tarixdə onun keçmiş iş yoldaşları onlara gələndə belə bir bağ sahəsinin olduğunu bilmişlər və sonradan çıxarışı axtarıb tapmışlar. Hal-hazırda isə bacısının xeyrinə mirasdan imtina edir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2020 ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli, qərarından görülür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən müəyyən edilmiş müddət ötürüldüyündən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil, bu səbəbdən ona məhkəməyə müraciət etməyi tövsiyə olunur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Yaylaq” b/y-nın 348-360 saylı bağ sahəsi tam olaraq X3 xüsusi mülkiyyətindədir. Bu barədə qeyd xx.xx.2011-ci il tarixdə 289 nömrə ilə reyestr kitabının 27058 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 1 a, mənzil 4 tam olaraq X1 xüsusi mülkiyyətindədir. Bu barədə qeyd xx.xx.2012-ci il tarixdə 1570 nömrə ilə reyestr kitabının 143525 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 450934 nömrəli, xx xxxx 2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxx 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan АЗБ 161880 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olub. Ata qrafasında X6, ana qrafasında Quliyeva (Məmmədova) X12 qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdənisə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanınöldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, miras qoyan X6 öldükdən sonra onun vərəsəsi X4 miras əmlakının bir hissəsini qəbul etmiş və bu barədə vərəsəlik haqqında şəhadətnamə verilmişdir, digər əmlak barədə vaxtında məlumatsız olduqlarından vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməmişdirlər. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Yaylaq” b/y-nın 348-360 saylı bağ sahəsini qızı İddiaçıtərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalı, miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki‑Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki‑Prosessual Məcəlləsinin 216- 220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 miras qalmış əmlakın qəbul edilməsi müddəti bərpa olunsun. X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Yaylaq” b/y-nın 348-360 saylı bağ sahəsinə dair İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi 28 saylı Dövlət Notariat ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1843/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1843/2020
10.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver