Məhkəmə qərarları › İş №2(009)-1857/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1857/2022

14.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1857/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Əliyeva (İsmayılova) Aynurə Kəmran qızının Cavabdeh Elbrus qızına qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (İsmayılova) Aynurə Kəmran qızı Cavabdeh Elbrus qızına qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanıda yerləşən fərdi yaşaış evin kirayəçisi olmuşdur. Həmin evi o nikah dövründə əldə etmişdir, ev onlara Bakı İcra Hakimiyyəti tərəfindən ayrılmış və 149 MKİS -də bu haqqda müvafiq sənədləşmə aparılmışdır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2335/2020 saylı qətnaməsi ilə onun cavabdeh X1 ilə bağlanılmış rəsmi nikah pozulmuşdur, təxminən 2021-ci ilin iyul ayında iddiaçı X1 ona qarşı “mənzilə köçürülmə, əmlakda payın müəyyən edilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. İddia tələblərindən biri, xx.xx.2008-ci il tarixdə ona ayrılmış, ünvan 2 ünvanda yerləşən 2 sotun üstündə 3 otaqlı fərdi yaşaış evə qarşı payın müəyyən edilməsi olmuşdur. xx.xx.2021-ci il tarixli 2(005)-1615/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi iddiasının qismən təmin edilməsini, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 55 saylı evin 18 saylı məzilinə onun 1/2 hissədə payı müəyyən edilməsini, həmin mənzilə köçürülməsini, iddianı qalan hissədə təmin edilməməsini qət etmişdir. X1 bu qətnamədən sonra mübahisəli ünvan 3 ünvanda yerləşən 2 sotun üstündə 3 otaqlı fərdi yaşayış evi zəbt etmiş, saxta yolu ilə bütün sənədləri onun qohumu Cavabdeh Elbrus qızının adına keçirtmişdir. Odur ki, keçmiş əri X1 3 saylı xüsusi təyinatlı MKT-nin rəhbərləri ilə cinayət əlaqəsinə daxil olmuş, onun evi ilə bağlı sənədləri saxtalaştırmış və onları Cavabdeh Elbrus qızının adına düzəltdirmişlər. O, 149 saylı MKİS -in rəisi Tural adlı şəxslə görüşmüş və ona öz pretenziyalarını bildirmişdir. O iddiaçıya cavab vermişdir ki, “get hara istəyirsən şıkayət et, sənəd vermişəm, yaxşı eləmişəm. Sənə verən sənədlə ev neçə otaqdan ibarət olduğu göstərilmər, sənə bir otaq da bəs olar”. Bundan başqa, onun razılığı və xəbəri olmadan evində qanunsuz sex açmışdılar. Bundan da əlavə qeyd edir ki, həmin şəxslər hal-hazırda evini saxta sənədlə satışa qoyublar. Cavabdeh tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən ev qeyri-yaşayış sahəsi olmaqla yanaşı həmin ərazidə avtomobil təmir sexi yerləşməkdədir. Hazırda cavabdehin qeydiyyatı həmin ünvana olsa da orada yaşamaq üçün heç bir şərait yoxdur.İddiaçı daimi olaraq yaşayış yerini dəyişmişdir və həmin tarixdən 6 ay müddət ötdüyünə görə mübahisəli mənzilə dair hüquqlarını itirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnın 185.5-ci maddəsinə əsasən isə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 17831 nömrəli mənzil kirayəçisi haqqında məlumatda ünvan 1 ünvanında yerləşən evin kirayəçisinin X2 olduğu qeyd edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən evin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırılması zamanı mübahisəli evə dair mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı sübut məhkəməyə təqdim edilməmiş və tərəflərin hər ikisinin mübahisəli mənzilin özbaşına tikili olduğu barədə vermiş olduqları izahatlar, işin halları və iş materialları ilə, mübahisəli evin mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı şəxsə məxsus olması müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, mübahisəli ev özbaşına tikili olmaqla, hər hansı müvafiq razılıq və ya icazə alınmadan inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-cı və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, özbaşına tikilinin aparılması özü-özlüyündə qanunvericiliyin tələblərinə zidd olduğundan, özbaşına tikiliyə iddia edilən hüquqlar şəxsin dövlət tərəfindən tanınan və qorunan hüquqlarına aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad edilən Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının köçürülməsi xahiş etdiyi fərdi yaşayış evi özbaşına tikili olmasına baxmayaraq iddiaçının sözügedən mənzildə yaşamaq hüququ vardır. Belə ki, iddiaçı sözügedən mənzilin icarədarı kimi mübahisəli mənzilə yaşayış hüququ əldə etmişdir. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı istifadə hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Bu səbəbdən iddiaçı ünvan 1 ünvanında yerləşən evə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əliyeva (İsmayılova) Aynurə Kəmran qızı ünvan 1 ünvanında yerləşən evə köçürülsün. Ödənilən 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar