Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1867/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh (Məcidovanın), onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, oğlu X9 cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızı ilə nikahına 2020-ci ildə qətnamə əsasında nikaha xitam verilmişdir. Nikah pozulduqdan sonra oğlu mənzili tərk edərək Türkiyə Respublikasına köçmüşdür. Keçmiş həyat yoldaşı cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızı və övladları: 2007-ci il təvəllüdlü X11, 2010-cu il təvəllüdlü X17 və 2011-ci il təvəllüdlü X12 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyatda olmadan yaşamaqla, onun mənzilinə daxil olmasına maneələr törətməklə mülkiyyət hüququndan məhrum ediblər. Yuxarıda göstərilənlər cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızı və övladlarının mənzildən çıxarılmaqla mənzilinə daxil olmasına yaranan maneələrin aradan qaldırılması üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi arasında rəsmi ailə münasibətləri olmadığından cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsində iddiaçının ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Həmçinin cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsas yoxdur. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun mənzildən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızının və övladları: 2007-ci il təvəllüdlü X3, 2010-cu il təvəllüdlü X10 və 2011-ci il təvəllüdlü X4 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmaqla mənzilinə daxil olmasına yaranan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh onun keçmiş gəlinidir, oğlundan boşanıb, oğlu burada yaşamır. Gəlini evində qeydiyyatsız yaşayır. O, evini satıb gəlininə və nəvələrinə normal ev almaq istəyir. İddiaçı eyni zamanda göstərmişdir ki, mübahisəli evin pulunu o, vermişdir. Belə ki, Vişnyovkada baba mülkü satılmış və satışdan əldə olunan pul vəsaiti mübahisəli evin alınmasına verilmişdir. Evi oğlu almamışdır. Məhkəmə iclasında cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızı iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının oğlu Əflatunla nikahda olan dövründə hazırki ev alınmışdır, evin pulunu Əflatun vermişdir, formal surətdə anasının adına rəsmiləşdirilmişdir. Hətta Əflatun onunla nikahını birinci uşaqdan sonra rəsmiləşdirmişdir. Onun əvvəlcədən planları olmuş, kifayət qədər pul qazanmış, vəsaiti olmuş, lakin aldığı avtomaşın, əmlakları digər şəxslərin adlarına rəsmiləşdirmişdir. Artıq uzun müddətdir ki, Əflatun onlara hər hansı bir yardım etmir, külli miqdarda aliment borcu yaranmışdır. Hesab edir ki, yaşadıqları ev formal surətdə iddiaçının adına rəsmiləşdirildiyindən və evin faktiki sahibi onları olduğundan, qaldırılan iddia əsassızdır və məhkəmədən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, mübahisəli ev cavabdehin iddiaçının həyat yoldaşı ilə birgə nikah dövründə olduğu zaman onların əldə etdikləri pul vəsaiti hesabına alınmışdır və formal olaraq iddiaçının adına sənədləşdirilmişdir. Lakin bu halları təsdiq edən sübutlar onlar tərəfindən əldə edilə bilməmişdir. Hesab edir ki, iddiaçı əmlakın formal mülkiyyətçisi olduğundan onun qaldırdığı iddia əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X15, anası İddiaçıdır. İş üzrə xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə satıcıya məxsus hissəsi X19 tərəfindən İddiaçı Əşraf qızına 30.000 manat dəyərində satılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayaş evi paylı mülkiyyət hüququ üzrə X20 (xx.xx.2006-cı il tarixdən - 2/36 hissə), X1 (9/36 hissə), X6 (2/36 hissə), X7 (6/36), X14 (2/36 hissə), X2 (3/36 hissə), İddiaçı (xx.xx.2015-ci il tarixdən - 12/36 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli fərdi yaşayış evinin texniki pasportun surətindən görünür ki, İddiaçı və başqalarına məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evi 1953/1960-cı illərdə tikilmiş, 2 mərtəbədən, 8 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 183,56 kv.m., yaşayış sahəsi 117,99 kv.m, köməkçi sahəsi 65,57 kv.m., tikinti altı sahəsi 247,67 kv.m. təşkil etmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2227/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X18 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 398 nömrəli ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalması, iddiaçı X8 xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər uşaq üçün saxlanılmaları üçün hər ay 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla tutularaq Cavabdeh verilməsi, qətnamənin alimentlə bağlı hissələri dərhal icra olunması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li arayışa əsasən X18, X5, X27, X28, X13, X29, X23, X32 Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə portaldan çıxarışından və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanda qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdən iddiaçının paylı mülkiyyətindədir və iş üzrə cavabdeh iddiaçının oğlunun keçmiş həyat yoldaşıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının oğlu ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanılmış nikah Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və iddiaçının oğlundan uşaqların saxlanılması üçün aliment tutulmuşdur. Nikah pozulduqdan sonra iddiaçının oğlu mübahisəli mənzili tərk edərək Türkiyə Respublikasına köçmüşdür. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı 2015-ci ildə mənzil üzərində mülkiyyət hüququnu əldə etdikdən sonra, həmin tarixdən oğlu və onun ailəsinin həmin mənzildə yaşamalarına razılıq vermiş və cavabdeh həmin tarixdən hazırki vaxtadək mənzildə qeydiyyatda olmadan yaşayır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmadan yaşamaqla, onun mənzilinə daxil olmasına maneələr törətməklə mülkiyyət hüququndan məhrum etmişdir. Bu səbəbdən iddiaçı cavabdehin uşaqları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilinə daxil olmasına yaranan maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş tələbi hüquqi qiymət verməmişdən əvvəl cavabdehin mübahisəli evə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisəli ev xx.xx.2015-ci il tarixə iddiaçının mülkiyyətinə keçmiş və həmin ildə cavabdeh mübahisəli evə köçərək hal-hazıradək qeydiyyatda olmadan uşaqları ilə birlikdə orada yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş və hazırda qüvvədə olan AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsnasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz» Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən gəlin mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olsalar da və cavabdeh 2015-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmadan yaşasa da, o, ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyindən və mənzil qanunvericiliyin tələblərinə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün, o evin mülkiyyətçisinin ailə üzvü olmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh evin mülkiyyətçisi olan iddiaçıya münasibətdə onun ailə üzvü olmadığından (gəlin ailə üzvü hesab olunmadığından) və onun həmin evə istifadə hüquqları yaranmadığından, qaldırılan iddia əsaslı hesab edilməlidir. Belə ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, cavabdehin mübahisəli evə hər hansı istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, iddiaçı mülkiyyətində olan evdə cavabdehin yaşayış yeri üzrə qeydiyyata alınmadan uşaqları ilə yaşamalarına və həmin evdən istifadə etmələrinə etiraz etdiyindən, cavabdehin mülkiyyətçinin iradəsinə zidd mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını həyata keçirilməsini məhdudlaşdırdığından, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı evdə heç bir hüquqi əsas olmadan yaşaması müəyyən edildiyindən, iddia tələbi cavabdehə münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin övladları 2007-ci il təvəllüdlü X3, 2010-cu il təvəllüdlü X10 və 2011-ci il təvəllüdlü X4 mübahisəli evdən çıxarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların yaşayış yeri valideynlərindən birinin yaşayış yeri sayıldığından, həmçinin məhkəmə qətnaməsi ilə uşaqların cavabdehin yanında saxlanılmaları müəyyən edildiyindən, eyni zamanda ananın mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, iddia tələbi uşaqlara münasibətdə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızı övladları - xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı evdən çıxarılsın, iddiaçının mülkiyyətində olan evə daxil olmasına yaranan maneələr aradan qaldırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev