Məhkəmə qərarları › İş №2(009)-1897/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1897/2021

16.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1897/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «mənzilə olan istifadə hüquqlarına xitam verilməsi » tələbi barədə iddiasına dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və həmin qətnamənin onun pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh ilə olan nikahlarına 2011-ci il tarixində rəsmi olaraq son qoyulmuşdur. Cavabdeh özünə məxsus əşyaları evdə saxlasa da, artıq 6 ildən artıq müddətdir ki, həmin mənzildə yaşamır. Cavabdehlə iddiaçı arasında olan razılaşmaya əsasən cavabdehin sözügedən mənzilə qarşı iddiasından imtina etməsi müqabilində iddiaçı kompensasiya olaraq ona məxsus Mercedes Benz markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə vermişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı məhkəmədə iddianı müdafiə edib, iddia tələbinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən mənzil özbaşına tikilidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil özbaşına tikili olmaqla iddiaçının xüsusi mülkiyyətində deyildir. Məhkəmə araşdırılması zamanı mübahisəli evə dair mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işin halları və iş materialları ilə mübahisəli evin mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı şəxsə məxsus olması müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, üzərində istifadə hüquqlarının xitam verilməsi iddia edilən ev özbaşına tikili olmaqla, hər hansı müvafiq razılıq və ya icazə alınmadan inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-cı və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, özbaşına tikilinin aparılması özü-özlüyündə qanunvericiliyin tələblərinə zidd olduğundan, özbaşına tikiliyə iddia edilən hüquqlar şəxsin dövlət tərəfindən tanınan və qorunan hüquqlarına aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad edilən Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin mübahisə predmeti olmuş evə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, bununla belə mübahisə edilən evin özbaşına tikili olması özü-özlüyündə qanunvericiliyə zidd olduğundan, həmin özbaşına tikiliyə iddia edilən hüquqlar şəxsin dövlət tərəfindən tanınan və qorunan hüquqlarına aid edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar