Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1898/2022 22.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Cavabdeh2 Qəmbər oğlunun iştirakları ilə, İddiaçı (üçüncü şəxs Cavabdeh2 Qəmbər oğlu) Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (üçüncü şəxs Cavabdeh2 Qəmbər oğlu) Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 38000 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vasitəçi olan Cavabdeh2 Qəmbər oğlunun vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus olan 2 otaqlı mənzil 38000 manata iddiaçıya satılmışdır. Ev alındıqdan sonra evin daxilində və çardaq hissələrində, qaz və elektrik sahələrində xeyli təmir işləri aparmışdır. Bütün kommunal xərcləri öz adına ödəmişdir. Sonralar məlum olmuşdur ki, həmin mənzilin əslində başqa sahibi varmış və həmin mənzil mübahisəlidir. Hətta bununla bağlı müvafiq məhkəmə qətnamələri də mövcuddur. 30 iyun 2022-ci il tarixində iki nəfər icra məmuru gələrək xəstə uşağı belə nəzərə almadan evi boşaltmaqlarını tələb etmişlər. Çıxarışı olmayan, texniki pasportu, kommunal sahələri iddiaçıya məxsus olan, bir ildən artıq yaşadığı evi xəbəri olmadan başqasına satmışdır. Ona görə də, Cavabdeh1 ödədiyi 38000 manat pul ondan tutularaq iddiaçıya ödənilməlidir. Həmin vaxtdan bir il keçməsinə baxmayaraq Cavabdeh1 pulu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, xəstə oğlunun pensiyası ilə bankdan kredit götürərək mübahisəli mənzili Cavabdeh1 almışdır. Cavabdehin anası ona bildirmişdir ki, həmin evi alanda Sədaqət Röyala evin problemli olduğunu və satmamasını demişdir. Lakin cavabdeh bunu bilə-bilə evi ona satmışdır. Həmin evin sahibi Arif adlı şəxs onu məhkəməyə vermiş və evdən çıxartmışdır. Həmin iş hal-hazırda Apellyasiya Məhkəməsindədir. İki xəstə oğlu ilə çöldə qalıb, gedəcək yeri yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, cavabdeh keçən məhkəmə prosesində özü iddianı etiraf etmişdir. Cavabdehin də müəyyən hüquqları vardır, lakin o hüquqlar bu məhkəmə prosesində mübahisələndirilməməlidir. Burda tələb konkret olaraq pul tələbidir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tamamilə əsassızdır. Mülki qanunvericilikdə vicdanlı alıcı deyilən bir norma vardır. Cavabdeh özü də pul ödəyərək həmin mənzili Cavabdeh2 vasitəçiliyi ilə Sədaqət adlı xanımdan almışdır. Həmin ev özbaşına tikilidir, heç bir sənəd mövcud deyil. Cavabdeh iddiaçı ilə eyni vəziyyətdədir. 38000 manatın cavabdehdən tələb edilməsi üçün səbəbliəlaqə mövcud deyil. Mülki Məcəllənin heç bir norması pozulmamışdır. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Qəmbər oğlu bildirmişdir ki, Arifi və Sədaqəti tanıyır. Arif evləri tikib satmaqla məşğul olur. Arif evi Sədaqətə, Sədaqət Röyala, Röyal da İlkanəyə satmışdır. O sadəcə vasitəçi olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında cavabdeh evi Sədaqət xanımdan aldığını, 3-4 ay özü yaşayıb sonra iddiaçıya satdığını bildirmişdir. İddiaçıya satan zaman sayğaclar sıfırlanıb, notarial qaydada adına keçirdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı xx.xx.2022-ci il tarixli Cavabdeh1 və Cavabdeh2 Qəmbər oğluna ünvanlandığı pretenziya məktubundan görünür ki, 15 gün müddətində 38000 manat pulun ödənilməsi tələb edilir, əks halda məhkəməyə və istintaq orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-1569/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İsgəndərli Sədaqət Sədi qızı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış evindən çıxarılmış və yaşayış evi boşaldılaraq X1 verilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8891/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin sözügedən qətnaməsi “cavabdehin ailə üzvlərinin evdən çıxarılması” hissəsində ləğv edilmişdir. İş üzrə Ali Məhkəmənin 2(102)-2070/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İsgəndərli Sədaqət Sədi qızının kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə xx.xx.2021-ci il tarixli, AKX-02974xx/xx-2021 saylı müqavilədən və abonentin saldosundan görünür ki, İddiaçı ilə Azəriqaz İB arasında qazın alğı-satqısı barədə müqavilə imzalanmış, Səbail rayonu 1-ci Buxta küçəsində İddiaçı məxsus evə Zenner G4T Mexaniki sayğac xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır. İş üzrə xx.xx.2021-ci il tarixli, 44204841 saylı müqavilədən görünür ki, Səbail Rayon Su Kanal İdarəsi ilə İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə imzalanmışdır. İş üzrə tərəflər arasındakı 07 may 2021-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 1-ci Buxta küçəsi 15S-də olan 2 otaqlı mənzili 38000 manata İddiaçı satması, bütün kommunalları İddiaçı adına keçirməsi, İddiaçı isə sözügedən mənzili 38000 manata Cavabdeh1 almasına dair razılaşmaya hər iki tərəfdən imza atılmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. (MM 144.1) Belə ki, müqavilə bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (Mülki Məcəllənin 390.2 və 406.1-ci maddələri). Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsi notariat qaydada təsdiqlənməmişdir. Bu hal Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin müqavilənin etibarsızlığına səbəb olur. İş materiallarından görünür ki, tərəflər arasında sadə yazılı müqavilə bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. İş materiallarından görünür ki, Cavabdeh1 məhkəmənin 22 sentyabr 2022-ci il tarixli iclasında iddia tələbini etiraf edərək mənzilini cavabdehə satdığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməklə iddiaçını həmin faktları sübut etmə vəzifəsindən azad etmişdir. Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin maddədən də göründüyü kimi, cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsi iddia tələbinin təmin edilməsi üçün yetərli sübut növü olmaqla, sonradan hər hansı formada şübhə altına alına bilməz. O da nəzərə alınmalıdır ki, həmin etiraf məhkəmə zalında video-audio yazı aparılmaqla edilmişdir və bu zaman etiraf etmiş şəxsə kənar müdaxilə olması, onun kənar şəxslərin təzyiqi altında olması və s. istisna edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 38.000 (otuz səkkiz min) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 38.000 (otuz səkkiz min) manat tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1898/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1898/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver