Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1899/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 09.06.2021-ci il tarixli K-584 saylı əmrinin ləğv olunaraq işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 27.02.2019-cu il tarixdən cavabdeh "xxxx" MMC-nin İnzibati İşlər Departamenti, Təchizat və Təsərrüfat Şöbəsi, Nəqliyyat sektorunda minik avtomobili sürücüsü kimi fəaliyyət göstərmişdir. "xxxx" MMC-nin 09.06.2021-ci il tarixli K-584 saylı rəsmi əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyətinə son verilməsinə dair rəsmi əmrin nə əsli, nə də ki, surəti ona təqdim olunmamışdır. 2021-ci ilin aprel ayında Bayıl qəsəbəsinin “GPON” texnologiyası ilə təmin olunması məqsədi ilə həmin ərazidə işləyən işçi qrupunun nəqliyyatını təmin etmək üçün "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin direktoru Nazim Əliyev tərəfindən vəzifələndirildi. Onun burada vəzifəsi əməkdaşları həmin ərazidə gəzdirməkdən ibarət idi. Ancaq iş yoldaşlığı xətrinə və işin sürətli getməsi məqsədi ilə rəhbərliyin də məlumatı daxilində həmin işçi qrupuna fiziki olaraq öz köməkliyini göstərmişdir. Bundan başqa, mənzillərə rabitə qurğularının quraşdırılması məqsədi ilə vətəndaşlarla əlaqə saxlayan zaman onun şəxsi nömrəsindən istifadə edilib. Bu və digər hallar vətəndaşlarda onun vəzifəsi haqda yanlış anlaşmalara gətirib çıxarıb. Həmin ərazidə işləyən zaman bir xanım ona yaxınlaşaraq mənzilinin rabitə ilə təmin olmasını xahiş etdi. Bu səbəblə xanımın ünvanında rabitə naqillərinin keçirilməsi üçün işçi qrupunun üzvü İlqar tərəfindən baxış keçirildi və 130 metr naqilə ehtiyac olduğu müəyyən edildi. İlqar tərəfindən vətəndaşa müəssisə tərəfindən hər bir vətəndaşa ödənişsiz 100 metrə qədər naqilin ayrıldığı, ancaq həmin ünvana 130 metr naqilin lazım olduğu və ehtiyac olan 30 metr naqilin hər bir metri üçün xanımdan 1 manat tələb etdi. Ancaq həmin naqilin vahid qiyməti 1 manat deyil və bu vəsait vətəndaş tərəfindən müəssisənin kassasına rəsmi qəbz ilə ödənilməlidir. Xanım ilə razılaşandan sonra həmin ünvana rabitə xətlərinin çəkilişi işçi qrupu tərəfindən aparıldı. İş yekunlaşandan sonra vətəndaş tərəfindən yaxınlığında o olduğu üçün 30 manat pul verilmək istənilmiş ancaq tərəfindən həmin məbləğin ona yox İlqara verilməli olduğu bildirilsə də, vətəndaşın israrı nəticəsində tərəfindən həmin pul götürülüb İlqara verilmişdir. Həmin ünvanda rabitə xətlərinin çəkilişi aparılan zaman bir başqa vətəndaş tərəfindən qonşunun şəhid ailəsi olduğu və xidmətin ona ödənişsiz olmalı olduğu bildirilmişdir. Buna cavab olaraq işçi qrupunun əməkdaşları İlqar və Zamin tərəfindən xanıma şəhidin hansı “Qarabağ döyüşlərinin” iştirakçısı olduğu soruşulmuş və 1ci Qarabağ döyüşü cavabı alınandan sonra çəkilişdən imtina etmişlər. Bu sözü gedən hadisələrdə onun heç bir günahı olmadığına baxmayaraq, vətəndaşların bəzi şəxslər tərəfindən yanlış yönləndirilməsi nəticəsində o, cavabdehin rəhbərliyi tərəfindən qanunsuz şəkildə cəzalandırılaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunmuşdur. Bundan əlavə ona təqdim olunmalı işdən azad olunmağına dair əmr ona qanunsuz şəkildə təqdim olunmamışdır. Özü Azərbaycan Dövlət X1 İqtisadiyyatı və idarəetmə fakultəsini 2007-ci ildə bitirmiş, ailəlidir, ailəsi altı nəfərdən ibarətdir, iki övladı, atası (yataq xəstəsidir), anası (İİ qrup əlildir), yoldaşı və o, ailədə tək işləyən odur, maddi vəziyyətləri yaxşı deyil. 28 iyul 2021-ci il tarixdə iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, iddia ərizəsinin 1-ci vərəqinin 2-ci abzasında qeyd edilən “Ancaq həmin naqilin vahid qiyməti 1 manat deyil və bu vəsait vətəndaş tərəfindən müəssisənin kassasına rəsmi qəbz ilə ödənilməlidir” cümləsi “”Bakı Telefon Rabitəsi” MMC-də izahatı alınarkən verilən məlumat əsasında ona məlum olmuşdur ki, naqilin vahid qiyməti 1 manat deyil və bu vəsait vətəndaş tərəfindən müəssisənin kassasına rəsmi qəbz ilə ödənilməlidir» kimi oxunmasını xahiş etmişlər. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək göstərdi ki, İddiaçı özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə "xxxx" MMC-nin K584 nömrəli, 09 iyun 2021-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı 17.05.2021-ci il tarixində 1 saylı Rabitə Xidmətləri Mərkəzinin 581 indeksli ATS-nin xidməti ərazisində GPON layihəsi üzrə işlərin icrası zamanı xidmətin qoşulmasını həyata keçirən aidiyyatı əməkdaşları nəqliyyat vasitəsilə müvafiq ünvanlara apararkən əmək funksiyasına aid olmayan (və ya vəzifə səlahiyyətlərinə aid edilməyən) işlərin icrası ilə məşğul olmuş, yəni İddiaçı işçiləri ünvanlara apararkən yaşayış binalarında (MTK-larda) məskunlaşan və GPON xidmətinə qoşulmaq istəyən vətəndaşlardan əsassız olaraq pul tələb etmişdir. Bununla əlaqədar iddiaçı işdən çıxarılmışdır. Göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edərək iddianın rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab etmişdir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin 24.06.2021-ci il tarixli, **********1 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi altsisteminə əsasən İddiaçı ilə "xxxx" MMC arasında 27.02.2019-cu il tarixdən 27.02.2020-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmış və 10.06.20201-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 27.10.2008-ci il tarixli ******* nömrəli əmək kitabçasından görünür ki, "xxxx" MMC-nin 10.06.2021-ci il tarixli, k-584 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Təqdim olunmuş "xxxx" MMC-nin baş direktor vəzifəsinin müvəqqəti icra edən N.Mərdanov tərəfindən "xxxx" MMC-nin X2 Komitəsinin sədri İ.Bəkirova ünvanlanmış 04.06.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin İnzibati işlər departamenti, Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı 17.05.2021-ci il tarixində 1 saylı Rabitə Xidmətləri Mərkəzinin 581 indeksli ATS-nin xidməti ərazisində GPON layihəsi üzrə işlərin icrası zamanı xidmətin qoşulmasını həyata keçirən aidiyyəti əməkdaşları nəqliyyat vasitəsilə müvafiq ünvanlara nəql edərkən əmək funksiyasına aid olmayan (və ya vəzifə səlahiyyətlərinə aid edilməyən) işlərin icrası ilə məşğul olmuşdur. Belə ki, İddiaçı işçiləri ünvanlara nəql edərkən yaşayış binalarında (MTKlarda) məskunlaşan və GPON xidmətinə qoşulmaq istəyən vətəndaşlardan əsassız olaraq pul tələb etmişdir, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Təqdim olunmuş "xxxx" MMC-nin X2 Komitəsinin sədri İ.Bəkirov tərəfindən "xxxx" MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edən N.Mərdanova ünvanlanmış 08.06.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin X2 Komitəsinə daxil olmuş İRİED-060 saylı 04.06.2021-ci il tarixli məktubda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı 17.05.2021-ci il tarixində 1saylı Rabitə Xidmətləri Mərkəzinin 581 indeksli ATS-nin xidməti ərazisində GPON layihəsi üzrə işlərin icrası zamanı xidmətin qoşulmasını həyata keçirən aidiyyatı əməkdaşları nəqliyyat vasitəsilə müvafiq ünvanlara apararkən əmək funksiyasına aid olmayan (və ya vəzifə səlahiyyətlərinə aid edilməyən) işlərin icrası ilə məşğul olduğu, yəni İddiaçı işçiləri ünvanlara apararkən yaşayış binalarında (MTK-larda) məskunlaşan və GPON xidmətinə qoşulmaq istəyən vətəndaşlardan əsassız olaraq pul tələb etdiyi bildirilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünü əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə "xxxx" MMC-nin X2 Komitəsi razılığını bildirmişdir. Təqdim olunmuş 04.06.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin İnsan resurslarının idarə edilməsi departamentinin işə qəbul və sənədləşmə şöbəsinin müdiri Nigar Əliyeva, baş mütəxəssislər Leyla Nağıyeva və Nigar Rəsulova bu aktı tərtib edirlər ondan ötrü ki, "xxxx" MMC-nin İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı özünün əmək fanksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək və icra intizamını kobud şəkildə pozulması ilə əlaqədar olaraq insan resurslarının idarə edilməsi departamentinin işə qəbul və sənədləşdirmə şöbəsinin baş mütəxəssisi Leyla Nağıyeva, 1 saylı rabitə xidmətləri mərkəzinin direktoru Nazim Əliyev və İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun müdiri Ələddin Abbasov tərəfindən İnsan resurslarının idarə edilməsi departamentinin işə qəbul və sənədləşdirmə şöbəsinə dəvət olunmuşdur. Lakin İddiaçı dəvət olunmasına baxmayaraq gəlməmişdir Təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 iyun 2021-ci il tarixli, k 584 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı 10 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda göstərildiyi kimi, İddiaçıla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsinin qaydası AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində müəyyən olunmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfıyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı 10 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsi ləğv edilmiş və o, işdən azad edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçı işçiləri ünvanlara apararkən yaşayış binalarında (MTK-larda) məskunlaşan və GPON xidmətinə qoşulmaq istəyən vətəndaşlardan əsassız olaraq pul tələb etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 iyun 2021-ci il tarixli, K 584 nömrəli əmri qanunla müəyyən edilmiş qaydada qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1899/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1899/2021
28.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver