Məhkəmə qərarları › İş №2(009)-1903/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1903/2023

18.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1903/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğvi və işə bərpa» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğvi və işə bərpa» tələbi barədə iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, N nömrəli hərbi hissənin anesteziologiya və intensiv terapiya bölməsinin baş tibb bacısı vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, həmin iş üzrə icraata xitam verir. Bu eynilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın da hüquqi əsası kimi çıxış edir. Məhkəmə yuxarıda göstərilən normalara əsasən qeyd edir ki, məhkəmələr MPM-ə və digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədənkənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüququ və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən MPM-ə və digər qanunlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüququ və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən kənar edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasında cavabdehin iddiaçı barəsində qəbul etdiyi inzibati əmr və iddiaçı tərəfindən həmin əmrin mübahisələndirilməsi durur. AR Müdafiə Nazirliyi inzibati orqan olduğundan və iddiaçı tərəfindən iddia edildiyinə görə onun barəsində qəbul edilmiş əmr qanunsuz olduğundan hazırki tələb inzibati məhkəmə icraatının baxış predmeti olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar