Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1908/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş (ƏMR 2393/22) xx.xx.2022-ci il və (Əmr 2562/22) xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, onun əvvəlki işinə (cavabdeh təşkilatda satış təmsilçisi vəzifəsinə) bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı (işdən azad olunduğu gündən bərpa olunan günə kimi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən (ƏMR 1962/22) xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. 29 may 2022-ci il tarixdə X11 yerləşən ST.JOHN mağazasında cavabdeh təşkilatın digər işçisi yəni satış təmsilçisi X8 tərəfindən mübahisə zəminində o, iddiaçını döymüş bu zaman həmin hadisə müşahidə kamerası ilə qeydə alınmışdır. Hadisə ilə bağlı iddiaçı polisə müraciət etmiş və X8 AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh təşkilatın direktoru Sənan Axundov yeni işçi kimi iddiaçını günahlandırıb onu işdən azad etmişdir. Səbəbi də o idi ki, Olesya Demçenko və Sənan Axundov arasında şəxsi münasibətlər var idi. Buna görə o, heç bir cəza almadı, sadəcə yüngül töhmət aldı. Bundan başqa, şirkətdə öz haqqını tələb etdiyi üçün Sənan Axundov “mənim ürəyim belə istəyir” deyib, iddiaçının üstünə polis müfəttişini (yəni sahə müfəttişini) çağıraraq onu kobudcasına şirkətdən qovmuşdur. Bununla kifayətlənməyərək 6 ilə yaxın iş fəaliyyətini sübutu olan əmək kitabçasını zədələdi. İddiaçının heç bir günahı olmadan, əmək kitabçasına “70 D” maddəsi yəni sınaq müddətində özünü doğrultmadı yazılmışdır. Bu maddənin yazılmaması üçün iddiaçı çox xahiş etmiş və Sənan Axundov ona oyun quraraq “gəl öz ərizənlə işdən çıx” tələbini irəli sürmüşdür, iddiaçı da ərizəni 1 gün gec gedib yazdığı üçün Sənan Axundovun işçisi kadrlar üzrə mütəxəssis Xədicə Həsənova iddiçıya hədə-qorxu gələrək “bundan sonra gəlmə, səni maddə ilə çıxardırıq” deyərək 6 ilə yaxın olan əmək fəaliyyətinə ləkə vuraraq əmək kitabçasında AR ƏM-nin 70-ci maddəsinin “D” bəndi qeyd olundu. Elədiyi bu hərəkətin qanunsuz olduğunu onlara dedikdə, Sənan Axundov məhkəməyə müraciət olunmasın deyə yenə onu aldadaraq 1 günlük işə qəbul etmiş, sonra öz istəyi ilə işdən azad etmişdir. Bu yolla o elədiyi qanunsuzluğun üstünü yeni bir qanunsuz hərəkət ilə ört-basdır etmək istədi. Onun bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı başqa işə düzəlməkdən məhrum olmuşdur. Bütün şirkətlərdə iddiaçıya “nəyə görə 1 ay işləmisən” sualını verərək onu işə götürmürlər və əmək kitabçasına baxanda isə orada “70 D” maddəsini görəndə onu işə götürmək fikrindən daşınırlar. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh təşkilat tərəfindən qəbul edilmiş (ƏMR 2393/22) xx.xx.2022-ci il və (Əmr 2562/22) xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməli, iddiaçını əvvəlki işinə cavabdeh təşkilatda satış təmsilçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı (işdən azad olunduğu gündən bərpa olunan günə kimi) ödənilməlidir. Birincisi, iş yerində baş vermiş hadisəyə görə təqsir iddiaçıda deyil cavabdeh təşkilatın digər əməkdaşı X8 da olmuşdur. Bu hal X4 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarda öz təsdiqini tapmışdır. İkincisi, iddiaçı işlədiyi dövr ərzində (sınaq müddətində) özünü doğrultmayacaq hər hansı hərəkət etməmişdir. Üçüncüsü, cavabdeh təşkilatın rəhbərliyi tutduğu vəzifəsindən sui-istifadə edərək iddiaçıya psixoloji təzyiq edərək aldadaraq öz xahişi ilə işdən azad olunması barədə ərizə yazdırmışlar. Yəni, iddiaçı işdən azad olunması barədə ərizəni yazmağa məcbur olmuşdur (iradəsinə zidd olmuşdur). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12, 51-ci maddəsinin İ hissəsinə, 53-cü maddəsinin İ, İİİ və İV, 84-cü maddənin İ- İİİ, 68-cı maddəsinin İ hissəsinə, 12-ci maddəsinin 1-ci hissəsinin C) bəndinə, 300-cü maddəsinə əsasən cavabdeh tərəfindən qəbul edilmiş (ƏMR 2393/22) xx.xx.2022-ci il və (Əmr 2562/22) xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, onun əvvəlki işinə (cavabdeh təşkilatda satış təmsilçisi vəzifəsinə) bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı (işdən azad olunduğu gündən bərpa olunan günə kimi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, “StJohn” mağazasına işə yeni qəbul edilmiş satış təmsilçisi İddiaçı və satış təmsilçisi X9 mağazada nizam-intizam qaydalarını kobud şəkildə pozmuşlar. Belə ki, onlar xx.xx.2022-ci il tarixində mağaza daxilində dalaşaraq etik qaydalara uyğun olmayan sözlərdən istifadə etməklə mübahisə etmişlər. Cavabdeh MMC-nin meneceri N.F.Fərəcovanın təqdimatına əsasən MMC rəhbərinin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində əsasən, etik davranış normalarına və daxili nizam-intizam qaydalarına riayət edilməməsinə görə öz hərəkətləri ilə şirkətin işgüzar nüfuzuna xələl gətirdikləri üçün “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X5 şiddətli töhmət verilmişdir. Lakin məhz İddiaçı sınaq müddəti ərzində belə hərəkətlərə yol verdiyi üçün şirkət onunla əmək münasibətlərini davam etdirmək istəməmişdir. Bundan əlavə, nümayəndə sınaq müddətində iddiaçının işdən azad edilməsinin qanuni olduğunu, onun isə həmin maddə ilə işdən çıxmaq istəmədiyini bildirərək, sonra öz xahişi ilə azad edilmə ərizəsini təqdim etməsini, şirkətin ona kömək etmək məqsədi ilə ikinci dəfə 20 iyun 2022-ci il tarixində əmr qəbul etməsini, lakin həmin əmri elektron sistemə daxil edə bilmədiklərini, buna görə də, iddiaçını 22 iyun 2022-ci il tarixdə təkrarən işə qəbul edib, növbəti gün isə öz ərizəsinə əsasən işdən azad edilməsini, heç bir qanunpozuntusuna yol verilməməsini göstərmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin (vəkilinin) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 162 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş, ilk 3 ay sınaq müddəti hesab edilmişdir. - Cavabdeh MMC-nin 16 iyun 2022-ci il tarixli, 2353/22-01 nömrəli intizam tənbehinin verilməsi haqqında əmrindən görünür ki, xx.xx.2022-ci il tarixində “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X9 iş vaxtı mağazada müştərilər olarkən ucadan, qeyri-etik ifadələr işlətməklə mübahisə etmiş, nəticədə mağazanın normal iş ahəngi pozulmuş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində əsasən, etik davranış normalarına və daxili nizam-intizam qaydalarına riayət edilməməsinə görə öz hərəkətləri ilə şirkətin işgüzar nüfuzuna xələl gətirdikləri üçün “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X5 şiddətli töhmət verilmişdir. Əmrin verilməsinə əsas Cavabdeh MMC-nin meneceri N.F.Fərəcovanın təqdimatı göstərilmişdir. - Cavabdeh MMC-nin 2393/2022 saylı, 17 iyun 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, satış təmsilçisi vəzifəsində işləyən İddiaçı Rəşad qızı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xx.xx.2022-ci il tarixində xitam verilmiş, işçiyə sonuncu iş günü bu əmrin surəti, əmək kitabçası və istifadə edilməmiş 0 əsas məzuniyyət günlərinə görə pul əvəzi və 0 iş günü hesabı ilə son haqq-hesab ödənilməsi barədə əmr verilmişdir. - Cavabdeh MMC-nin meneceri N.F.Fərəcovanın təqdimatından görünür ki, “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X9 mağazada nizam-intizam qaydalarını kobud şəkildə pozmuşlar. Belə ki, onlar mağaza daxilində dalaşaraq etik qaydalara uyğun olmayan sözlərdən istifadə ediblər. Bunu nəzərə alaraq onlara töhmət verilməsini vacib hesab edir. - İddiaçı Cavabdeh MMC-nin direktoruna yazdığı xx.xx.2022-ciil tarixli ərizəsində xx.xx.2022-ciil tarixli 2393/22/saylı əmrin maddəsinin dəyişdirilməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 20 iyun 2022-ci il tarixli barışıq sazişinə əsasən, Cavabdeh MMC-nin sabiq işçisi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsini nəzərə alaraq xx.xx.2022-ci il tarixli əmrlə, işdən azad olunmasının hüquqi əsası dəyişdirilərək, xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (yəni işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə) xitam veriləcəkdir. - İşdən azad olunmasının əsaslarının dəyişdirilməsi barədə Cavabdeh MMC-nin 2592/22-02 nömrəli, 20 iyun 2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 2393/2022 nömrəli Əmr etibarsız hesab edilərək, İddiaçı ilə bağlanmış 162 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 75-ci maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən, işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə xitam verilmişdir. - İddiaçı Cavabdeh MMC-nin direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində onunla əmək müqaviləsi bağlamaqla xx.xx.2022-ci il tarixdən həmin MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 202 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş, ilk 1 ay sınaq müddəti hesab edilmişdir. - İddiaçı Cavabdeh MMC-nin direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 2562/2022 saylı, 23 iyun 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, satış təmsilçisi vəzifəsində işləyən İddiaçı Rəşad qızı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixində xitam verilmiş, işçiyə sonuncu iş günü bu əmrin surəti, əmək kitabçası və istifadə edilməmiş 0 əsas məzuniyyət günlərinə görə pul əvəzi və 0 iş günü hesabı ilə son haqq-hesab ödənilməsi barədə əmr verilmişdir. Əmrin verilməsinə əsas İddiaçı Rəşad qızının xx.xx.2022-ci il tarixli ərizəsi göstərilmişdir. - İddiaçı əmək kitabçasından görünür ki, 2393/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən, xx.xx.2022-ci il tarixində o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadığına görə Cavabdeh MMC tərəfindən tutduğu vəzifədən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. 2513/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən, xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. 2562/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən, xx.xx.2022-ci il tarixində Azərbaycan Respubliası Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda onun işdən azad edilməsinin qanunsuzluğunu mübahisələndirir və barəsində olan işdən azad edilmə barədə əmrlərin ləğvini və s. tələb edir. Cavabdeh tərəf isə iddiaçının işdən azad edilməsinin əsaslarının onun xahişi ilə dəyişdirilməsini və sonradan işdən azad edilərkən əmək qanunvericiliyinin tələblərinə tam əməl olunması əsası ilə iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 75-ci maddəsinin İ hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin normanın 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə nəzərdə tutulan əlavə hallardan biri də tərəflərin qarşılıqlı razılığıdır. Məhkəmə, hazırkı mübahisənin qanuni həlli baxımından göstərilən əsasla iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.2-2.3 bəndlərinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 7 ay 18 gün müddətinə Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, lakin işçinin birinci 3 ay sınaq müddəti hesab edilmişdir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdar etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər. Tərəflərin izahatlarından və iş materiallarından məlum olmuşdur ki, “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X9 mağazada nizam-intizam qaydalarını kobud şəkildə pozmuşlar. Belə ki, onlar xx.xx.2022-ci il tarixində mağaza daxilində dalaşaraq etik qaydalara uyğun olmayan sözlərdən istifadə etməklə mübahisə etmişlər. Cavabdeh MMC-nin meneceri N.F.Fərəcovanın təqdimatına əsasən MMC rəhbərinin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndində əsasən, etik davranış normalarına və daxili nizam-intizam qaydalarına riayət edilməməsinə görə öz hərəkətləri ilə şirkətin işgüzar nüfuzuna xələl gətirdikləri üçün “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X5 şiddətli töhmət verilmişdir. Bundan sonra 2393/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən, həmin tarixdə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində o, özünü doğrultmadığına görə Cavabdeh MMC tərəfindən tutduğu vəzifədən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ciil tarixli 2393/22/saylı əmrin maddəsinin dəyişdirilməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmiş, onun bu ərizəsi nəzərə alınaraq xx.xx.2022-ci il tarixli əmrlə, işdən azad olunmasının hüquqi əsası dəyişdirilərək, xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (yəni işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə) xitam veriləcəyi barədə Cavabdeh MMC-i ilə 20 iyun 2022-ci il tarixli barışıq sazişi bağlanmış, bunun da nəticəsində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 2393/2022 nömrəli Əmrin etibarsız hesab edilərək, onun ilə bağlanmış 162 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, (işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə) xitam verilməsinə dair «işdən azad olunmasının əsaslarının dəyişdirilməsi barədə» Cavabdeh MMC-nin 2592/22-02 nömrəli, 20 iyun 2022-ci il tarixli əmri verilmişdir. Lakin həmin əmr elektron informasiya sisteminə daxil edilməmişdir. Daha sonra, İddiaçı Cavabdeh MMC-nin direktoruna yazdığı xx.xx.2022-ciil tarixli ərizə ilə müraciət edərək onunla əmək müqaviləsi bağlamaqla xx.xx.2022-ci il tarixdən həmin MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilməsini xahiş etmiş və tərəflər arasında 202 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanaraq iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə ilk 1 ay sınaq müddəti hesab edilməklə işə qəbul olunmuşdur. 1 gün sonra isə İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilməsini xahiş etmiş və Cavabdeh MMC-nin 2562/2022 saylı, 23 iyun 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin İİ hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixində xitam verilmişdir. İddiaçı tərəfin dəlillərinə görə xx.xx.2022-ci il tarixli əmrin qanunsuzluğunu cavabdehə bildirildikdən sonra sonuncu bu hərəkətin qanunsuz oldugu üçün məhkəməyə müraciət olunmasın deyə iddiaçını aldadaraq 1 günlük işə qəbul etməsini, sonra öz istəyi ilə işdən azad etməsini göstərmiş, beləliklə də işdən azad olunmasına dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmrlərinin qanunsuz olmasını göstərərək onların ləğv edilməsini tələb etmişdir. Məhkəmə vurğulayır ki, qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin İ hissəsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, işə qəbul olan şəxsin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə işçi və işəgötürən arasında bağlanan əmək müqaviləsində sınaq müddəti müəyyən oluna bilər. Sınaq müddəti işəgötürənlə işçi arasında qarşılıqlı razılıq əsasında müəyyən olunmuş əmək şəraitinin şərtlərindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir. Məhkəmə qeyd edir ki, işəgötürənin işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xitam verilməsi sırf işəgötürənin təşəbbüsü ilə baş verir ki, bu da onun hüququdur. Belə ki, Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən, sınaq müddəti bitənədək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin normanın 4-cü bəndinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. İşin arahdırılmış hallarından görünür ki, iddiaçı barəsində verilmiş intizam tənbehi barədə əmrin qanunilyini mübahisələndirməmiş, həmin əmrin verilməsindən 1 gün sonra cavabdeh iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndi ilə xitam vermişdir. İddiaçı qeyd edilən maddə ilə işdən azad olunmasının qanunsuz olmasını göstərsə də, məhkəmə onun cavabdehə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsini və həmin tarixdə onunla cavabdeh arasında işdən azad olunması barədə xx.xx.2022-ci il tarixli əmrin hüquqi əsasının dəyişdirilərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən (yəni işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə) xitam veriləcəyinə dair barışıq sazişinin bağlanmasını iddiaçının cavabdehlə əmək münasibətlərinin davam etdirmək niyyətinin olmaması ilə bağlı iradə ifadəsi kimi qiymətləndirir. İddiaçının iddia ərizəsindən də görünür ki, o, xx.xx.2022-ci il tarixli əmrdən sonra digər işə düzəlməklə bağlı cəhdlər etmiş, lakin özü qeyd etdiyi kimi “bütün şirkətlərdə iddiaçıya “nəyə görə 1 ay işləmisən” sualını verərək onu işə götürmürlər və əmək kitabçasına baxanda isə orada “70 D” maddəsini görəndə onu işə götürmək fikrindən daşınırlar”. Məhz buna görə də iddiaçı cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixli 2393/22/saylı əmrin maddəsinin dəyişdirilməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmiş, cavabdeh də qarşılıq verərək bununla bağlı öz aralarında barışıq sazişi imzalamaq yolu ilə razılığa gəlmiş və yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli əmri qəbul etmişdir. Lakin göstərilən dəyişiklik Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin elektron informasiya sistemində əksini tapmadığı üçün iddiaçı yenidən cavabdehə bununla bağlı müraciət etmiş və aralarında olan qarşılıqlı razılaşmaya əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə yeni ərizə ilə müraciət edərək işə qəbul edilməsini xahiş etmiş, cavabdeh bu dəfə də sabiq işçiyə qarşılıq verərək onunla yeni əmək müqaviləsi bağlayaraq müvafiq əmr qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçı 1 gün əvvəl bağladığı müqaviləyə öz xahişi ilə xitam verilməsini xahiş etməsinə dair ərizə vermiş, həmin tarixdə Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən verilmiş əmr də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin elektron informasiya sistemində qeyd edilmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçının gələcəkdə digər iş yerlərində işləməsi üçün cavabdeh şirkətdən işdən azad edilmə səbəbinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciətləri nəticəsiz olmamış və nəticədə onun öz arzusu ilə işdən azad edilməsinə dair əmr verilmişdir. Lakin buna baxmayaraq iddiaçı cavabdeh tərəfindən aldadılmasını bildirərək 17 və 23 iyun 2022-ci il tarixli əmrlərin qanunliyini mübahisələndirərək əvvəlki işinə bərpa edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən aldadılaraq yuxarıda göstərilən ərizələrin yazdırılması və əmrlərin verilməsi barədə göstərilənlər məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığı üçün əsassızdır. Məhkəmə iddia tələblərinə uyğun olaraq həmin əmrlərin qanunilyinə qiymət verərək hesab edir ki, cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmrləri qanunvericiliyin tələblərinə uyğun qəbul edilsə də, əslində iddiaçının istəyinə əsasən xx.xx.2022-ci il tarixli əmrin qüvvədən salınması məqsədi ilə verilmiş əmrlərdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələri onun könüllü iradə ifadəsi olaraq cavabdehlə əmək münasibətlərinin davam etdirmək niyyətinin olmamasının birbaşa təsdiqidir. Məhkəmə hesab edir ki, işə qəbul və azad olunma barədə 22 və 23 iyun tarixli əmrlər qəbul edildiyi üçün 17 iyun 2022-ci il tarixli əmr özü-özlüyündə öz əhəmiyyətini itirmiş və hüquqi qüvvəyə malik sənəd kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, 2592/22-02 nömrəli, 20 iyun 2022-ci il tarixli əmri elektron sistemə yerləşdirilmədiyi üçün qüvvəyə minməsə də, xx.xx.2022-ci il tarixli 2393/2022 nömrəli əmrini Cavabdeh MMC özünün 2592/22-02 nömrəli, 20 iyun 2022-ci il tarixli əmri ilə də etibarsız sayaraq bu barədə öz mövqeyini bildirmişdir. Beləliklə, işin faktiki hallarına əsasən xx.xx.2022-ci il tarixli 2393/22 saylı əmr əhəmiyyət kəsb etməsə də, Xidmətin sistemində qüvvədə olduğu və həmin əmrlə bağlı iddia tələbi olduğu üçün məhkəmə göstərilənlərə əsasən iddia tələbinin İddiaçı barəsində olan xx.xx.2022-ci il tarixli 2393/22 saylı əmrin ləğv olunması hissəsində təmin edilməsini mümkün sayır. Məhkəmə iddia tələbinin cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, sözügedən əmr iddiaçının özünün könüllü verdiyi ərizə əsasında qəbul edilmiş və o, əmrdə göstərilən məzmunla bağlı cavabdehlə qarşılıqlı razılaşmaya əsasən barəsində belə əmrin verilməsi arzusunda olmuşdur. Əmr əmək qanunvericiliyin tələblərinə uyğun verildiyindən məhkəmə onun ləğv edilməsi üçün hüquqi əsasların olmaması qənaətinə gəlir və iddia tələbinin bu hissədə təmin edilməsini mümkün saymır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçının xx.xx.2022-ci il tarixli əmrin ləğvi ilə bağlı irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün və iddiaçının işdən azad edilməsi barədə sözügedən əmr qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün qəbul edildiyindən iddiaçının əvvəlki işinə (cavabdeh təşkilatda satış təmsilçisi vəzifəsinə) bərpa edilməsi tələbi üzrə arahdırma aparılmasına və ona hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Lakin məhkəmə eyni zamanda hesab edir ki, xx.xx.2022-ci il tarixli 2393/2022 nömrəli əmrin məhkəmə tərəfindən ləğv edilməsi nəticəsinə gəlindiyindən və iddiaçı xx.xx.2022-ci il tarixdən işdən qanuni əsaslarla azad edildiyindən, o, faktiki olaraq həmin tarixə qədər Cavabdeh MMC ilə əmək münasibətlərində olan işçi kimi qiymətləndirilməli və buna görə də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ona əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olsa da, hər bir halda məhkəmə iddia tələbindən kənara çıxmamalı, çıxdığı halda kənara çıxmanın müstəsnalığını əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə verdiyi işə qəbul barədə ərizəsi və onun da əsasında eyni tarixli işə qəbulla bağlı xx.xx.2022-ci il tarixli əmrin verilməsinə əsas iddiaçının işə qəbulla bağlı ərizəsi deyil, xx.xx.2022-ci il tarixli əmrin etibarsız hesab edilməklə əsasının dəyişdirlməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmrin elektron sistemə yerləşdirilə bilməməsi olmuşdur. Məhkəmə, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabehlə əmək münasibətlərində olması kimi qiymətləndirdiyi üçün xx.xx.2022-ci il tarixli əmrlə bağlı iddia tələbindən kənara çıxmaqla özü hüquqi mövqeyini bildirməyi zəruri sayır. İddiaçı xx.xx.2022-ci il tarixli əmrin qanuniliyini mübahisələndirməsə də, həmin əmrin və onun verilməsinə əsas olmuş ərizənin əslində hansı məqsəd üçün verilməsini nəzərə alaraq məhkəmə iddia tələbi olmamasına baxmayaraq iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlamaq səlahiyyətindən istifadə edərək müstəsna hal kimi hesab edir ki, xx.xx.2022-ci il tarixli əmr də özü–özlüyündə etibarsızdır. Məhkəmə bu qənaətə gələrkən iddiaçı barədə xx.xx.2022-ci il tarixli əmrin işəgötürən tərəfindən etibarsız sayılmasını, xx.xx.2022-ci il tarixli əmrin isə elektron sistemə daxil edilmədiyi üçün hüquqi əhəmiyyət kəsb etməməsini, hazırki qətnamə ilə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi nəticəsinə gəlindiyini, beləliklə də iddiaçının faktiki olaraq xx.xx.2022-ci il tarixə kimi cavabdehin rəsmi işçisi sayılmasını, belə olan halda isə xx.xx.2022-ci il tarixli əmrin də qəbul edilməsinin formal məqsədlə olmasını nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı barəsində olan xx.xx.2022-ci il tarixli 2393/22 saylı əmri ləğv olunmalı, barəsində olan 2513/2022 saylı, xx.xx.2022-ci il tarixli əmr etibarsız sayılmalı, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixədək əmək haqqı hesablanıb verilməli, Cavabdeh MMC-dən (ödənilən 50 manat mediasiya xərci nəzərə alınmaqla) 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissələrdə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində olan 2393/22 saylı, xx.xx.2022-ci il tarixli əmr ləğv olunsun. İddiaçı barəsində olan 2513/2022 saylı, xx.xx.2022-ci il tarixli əmr etibarsız sayılsın. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı hesablanıb verilsin. Cavabdeh MMC-dən 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1908/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1908/2022
21.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver