Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1916/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi buraxılmış iş günü üçün əmək haqqının ödənilməsi cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı Astara rayon Hərbi Komissarlığında məxfi kargüzar vəzifəsində çalışmışdır. 22 may 2025-ci il tarixdə ona bildirmişdirlər ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müvafiq komissiya üzvlərinin iştirakı ilə məxfi kargüzarlıqda saxlanılan məxfi qrifli sənədləri həmin şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi Cəmil Məmmədovdan təhvil-təslim aktı ilə qəbul etmiş, xx.xx.2025-ci il tarixdə isə məxfi məlumat daşıyıcılarının illik yoxlaması həyata keçirilərkən nöqsanların aşkarlanması barədə akt tərtib edilmişdir. İddiaçı məxfi kargüzarlıqda olan məxfi qrifli sənədlərin qorunmasına və saxlanılmasına laqeyd yanaşıb məxfi hissənin otağının qapısını dəfələrlə açıq saxlamış, xidməti fəaliyyətlə bağlı olmayan hallarda şöbənin digər əməkdaşlarının həmin otağa daxil olmasına şərait yaratmış, nəticədə xx.xx.2017-ci il tarixli 59m nömrəsi ilə qeydə alınmış “Jurnalların, kartotekaların və bağlanmış işlərin uçotu jurnalı”nın 2-ci cildə naməlum şəraitdə itmişdir. Xidmət rəisinin xx.xx.2025-ci il tarixli əmri ilə təyin olunmuş “Dövlət sirri təşkil edən məlumatın yayılması faktı ilə bağlı xidməti təhqiqa komissiyası” tərəfindən Xidmətin Astara rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə məxfi qrifli həmin jurnalın axtarışı aparılmış, müsbət nəticə əldə edilmədiyindən xx.xx.2025-ci il tarixdə axtarışa xitam verilmişdir. Şöbənin rəisinin raportu əsasında təqdimat Həmkarlar İttifaqı Komitəsinə göndərilmişdir. Təqdimata Komitədə baxılmış və iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, eyni zamanda iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin kargüzarı vəzifəsinə işə qəbul edilmişdir. Dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə 10 nömrəli öhdəliyə əsasən İddiaçı işə qəbul edilərkən öz xidməti fəaliyyətinə və vəzifə borcuna görə dövlət sirri ilə işləməyə buraxılacağı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 22 may 2025-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 02 may 2025-ci il tarixli protokolunda və qərarında qeyd edilir ki, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilir. Protokolda eyni zamanda qeyd edilir ki, İddiaçı öz çıxışında göstərilən səhvlərini etiraf etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilati nəzarət baş idarəsinin rəisinin 20 may 2025-ci il tarixli rəyində qeyd edilir ki, İddiaçı məxfi kargüzarlıqda olan məxfi qrifli sənədlərin qorunmasına və saxlanılmasına laqeyd yanaşıb məxfi hissənin otağının qapısını dəfələrlə açıq saxlamış, xidməti fəaliyyətlə bağlı olmayan hallarda şöbənin digər əməkdaşlarının həmin otağa daxil olmasına şərait yaratmış, nəticədə xx.xx.2017-ci il tarixli 59m nömrəsi ilə qeydə alınmış “Jurnalların, kartotekaların və bağlanmış işlərin uçotu jurnalı”nın 2-ci cildə naməlum şəraitdə itmişdir. Xidmət rəisinin xx.xx.2025-ci il tarixli əmri ilə təyin olunmuş “Dövlət sirri təşkil edən məlumatın yayılması faktı ilə bağlı xidməti təhqiqa komissiyası” tərəfindən Xidmətin Astara rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə məxfi qrifli həmin jurnalın axtarışı aparılmış, müsbət nəticə əldə edilmədiyindən xx.xx.2025-ci il tarixdə axtarışa xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin kargüzarı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 22 may 2025-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir Məhkəmə qeyd edir ki, sözügedən əmrin ləğvinə əsas yoxdur. Belə ki, işdə olan sübutlardan görünür ki, iddiaçı vəzifə səlahiyyətlərini icra etməyə başlayarkən dövlət sirri ilə işləməyə buraxılması ilə bağlı məlumatlandırılmışdır. Lakin o buna baxmayaraq, vəzifə səhlənkarlığına yol verərək, məxfi qrifli sənədlərin qorunmasına və saxlanılmasına laqeyd yanaşmış və məxfi qrifli sənədin itirilməsinə səbəb olmuşdur. Göründüyü kimi, iddiaçının əmək funksiyalarını, maddi məsul şəxs kimi üzərinə düşən vəzifələri, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də dövlət sirrini yaymamaq barədə üzərinə götürmüş öhdəliyə əməl etməməsi işin hallarından, tədqiq olunmuş sübutlardan, eləcə də tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsində əmək qanunvericiliyinin tələbinə zidd hal mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə eyni zamanda qeyd edir ki, işəgötürən tərəfindən daxili təhqiqatın nəticəsində işçi tərəfindən yol verilmiş kobud nöqsanların təsdiqindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq Həmkarlar İttifaqına müraciət edilmiş və iclasın rəyi alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi və s.” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1916/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1916/2025
10.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver