Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1924/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızının etibarnamə üzrə nümayəndə və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızının Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onunla 01.05.2019-cu il tarixdə 01.06.2019-cu il tarixə kimi olan müddətə bağlanmış Əmək Müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar onun işdən azad edilməsinə dair 194-21 saylı, 01.06.2021-ci il tarixli əmrin ləğv edilməsi; həmin tarixdən işinə bərpa edilməsi, məcburi buraxılmış iş günləri üçün ona çatası əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərə görə cavabdehdən 50.000 manat pulun və hüquqi yardım üçün vəkilə ödədiyi 500 manat pulun Cavabdeh MMC-dən alınıb İsayeva (Nuriyeva) Zərifə Yusif qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 01.05.2019-cu il tarixdə Cavabdeh MMC üzrə 154-1 saylı əmrlə "xxxx" MMC-nə satış üzrə məsləhətci vəzifəsinə işə qəbul edilmiş və həmin vaxt onunla bağlanmış 472 saylı «Əmək Müqaviləsi»nin 2.2.-ci bəndində işin birinci həftəsi «sınaq müddəti» hesab edilməsi, 2.3-cü bəndində Müqavilənin 01.05.2019-cu il tarixdən 01.06.2019-cu il tarixə kimi müddətə bağlanması; 4.1-ci bəndində əsasən işçiyə ayda 263,69 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. 472 saylı Əmək Müqaviləsinin 2.3-cü bəndində işçinin 01.05.2019-cu ildən 01.06.2019-cu ilə kimi işə qəbul edilməsi müəyyən edilsə də, 4.26-cı bəndində «iş ilinin 01.05.2019-01.05.2020 aylardan ibarət olan dövrü əhatə etməsi» və ona hər növbəti iş ili üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilməsi, 4.27-ci bəndində məzuniyyətin müddətinin 21 gün olması göstərilmişdir. İşəgötürən tərəfindən hər hansı bir məlumat verilmədən Əmək Müqaviləsi bağlandığı müddətdən sonra 24 dəfə olmaqla, 01.06.2021-ci il tarixə kimi uzadılmış, "xxxx" MMC üzrə 13.11.2019-cu il tarixli, 334 nömrəli əmrlə Z.Y.İsayeva «satış üzrə məsləhətçi» vəzifəsindən «kurator-operator» vəzifəsinə keçirilmiş və 194-21 saylı, 01.06.2021-ci il tarixli əmrlə «əmək müqaviləsinin müddətinin bitməsi» motivi ilə bağlı işdən azad edilmişdir. Belə hesab edir ki, o, qanunsuz və əsassız olaraq işdən azad edilmiş və 194-21 saylı, 01.06.2021-ci il tarixli əmr ləğv edilərək işə bərpa edilməli, məcburi buraxdığı iş günlərinin haqqı ona ödənilməlidir. İsayeva (Nuriyeva) Zərifə Yusif qızının “Əmək Kitabçası”ndan göründüyü kimi o, "xxxx" MMC-də iki il bir ay müddətində işlədiyi dövr ərzində hər hansı bir əmək qaydaları pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Bundan başqa, 29.12.2020-ci ildə X2 ilə Yasamal rayon Qeydiyyat Şöbəsində 154 nömrə ilə qeydaiyyata alınmış Nikaha daxil olmaqla ailə qurmuş və nikaha girdiyi vaxt “Nuriyeva” soyadı qəbul etmiş X3 13.04.2021-ci ildə Bakı şəhəri, Ziya Bünyadov 34 ünvanda yerləşən “FİTAL MƏRKƏZ FENETİCS” tibb mərkəzində tibbi müayinədən keçdiyi vaxt onun 13 həftəlik hamilə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsinin 9 saylı Qadın Msləhətxanasında verilmiş 04.06.2021-ci il tarixli, 81 saylı arayışdan göründüyü kimi X3 21 (iyirmi bir) həftəlik hamilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin iəğv olunmasını qadağan edən hallar müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsində işəgötürən tərəfindən hamilə qadınların barəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. Qanunun tələbindən göründüyü kimi, işəgötürən "xxxx" MMC hamilə olan X1 bağlanmış Əmək Müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar həmin Müqavilənin müddətini uzatmaqdan imtina etməklə qanunu pozmuşdur. Cavabdehin qanunsuz və əsassız əmri nəticəsində Z.İsayeva işə çıxmadığına görə əmək haqqı da almır və onun işə bərpa olunacağı günə kimi almalı olduğu əmək haqqı da cababdehdən alınıb ona verilməlidir. İsayeva (Nuriyeva) Zərifə Yusif qızı 01.06.2021-ci il tarixdə iş yerində olarkən qəflətən müdiriyyətin “siz əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı işdən azad edilirsiniz” deyərək ona işdən azad edilməsinə dair "xxxx" MMC-nin 194-21 saylı əmrin surəti təqdim edilərkən İsayeva (Nuriyeva) Zərifə Yusif qızı bu qəfləti hadisədən özü də bilmədən stress keçirmiş və bununla bağlı tibbi yardım alaraq müalicə olunmuşdur. Nəticədə, ana bətnində olan körpə də bu əzab-əziyyəti çəkməli olmuşdur ki, bununla da, İsayeva (Nuriyeva) Zərifə Yusif qızına mənəvi zərər də vurulmuşdur və zərərçəkmiş kimi həmin zərəri 50.000 manat dəyərində qiymətləndirir və həmin məbləğ pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan başqa, iddia ərizəsinin hazırlanması və məhkəmədə onu təmsil etməsi üçün hüquqi yardımla bağlı vəkillə bağladığı Müqavilə üzrə vəkilə 500 manat pul ödəmişdir ki, həmin pullar da cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında iddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək onun əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş və izah etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə tutuduğu vəzifədən azad edilmişdir. İddiaçı iddia tələbini Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə istinad etməklə əsaslandırmışdır ki, həmin maddənin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə qadınların əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Halbuki Əmək Məcəlləsinin 79-cu maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Əmək Məcəlləsinin 73-cü maddəsində isə müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası göstərilmişdir. Hesab edir ki, iddiaçı bilərəkdən Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə istinad etsə də, bilərəkdən həmin maddənin ikinci hissəsinə istinad etməmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Təqdim olunmuş Cavabdeh ilə X3 arasında bağlanmış 472 №-li Əmək müqaviləsindən görünür ki, X3 01 iyun 2019-cu il tarixdən 01.05.2020-ci il tarixədək satış üzrə məsləhətçi vəzifəsinə qəbul olunmuş və həmin müqavilə ilə ona 263,69 manat əmək haqqı ödənilməsi göstərilmişdir. Təqdim olunmuş Cavabdeh 194 nömrəli 01 iyun 2021-ci il tarixli əmrindən görünür ki, kurator operator X3 ilə 01.05.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən 01.06.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin 9 saylı Qadın Məsləhətxanasının 81 saylı, 04.06.2021-ci il tarixli arayışından görünür ki, X3 21 (iyirmi bir) həftəlik hamilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs; əmək müqaviləsi (kontraktı) isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, əmək qanunvericiliyi əmək müqavilələrinin bağlanmasının sərbəstliyi prinsipini müəyyən etmişdir və əmək müqaviləsi bağlamaq işəgötürənin (habelə işçinin) hüququ kimi nəzərdə tutulmaqla o (onlar), qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz(lər). Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "b" bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. İş materiallarından göründüyü kimi, iddiaçı X3 ilə əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. Qanunun göstərilən norması əmək müqaviləsinin müddətinin qurtarmasına görə işçinin əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış 472 №-li əmək müqaviləsinə əsasən X3 01 iyun 2019-cu il tarixdən 01.05.2020ci il tarixədək əmək haqqı 263,69 manat olmaqla satış üzrə məsləhətçi vəzifəsinə qəbul olunmuş və onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin 194 nömrəli, 01 iyun 2021ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən 01.06.2021-ci il tarixində xitam verilmişdir. İddiaçı iddia tələbinin əsası kimi hamilə olması ilə əlaqədar olaraq onunla əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-hissəsinin tələblərinin pozulduğuna istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-hissəsinə əsasən işəgötürən tərəfindən hamilə qadınların əmək müqaviləsinin iəğv edilməsi qadağandır. Bununla yanaşı, həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsi bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəların bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyini nəzərdə tutur. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, hamilə olması ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuz olması barədə iddiaçının dəlili əsassızdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, ona görə də, iddia tələbi işə bərpa hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, işə bərpa hissəsində iddia tələbi təmin edilmədiyi üçün mənəvi ziyanın ödənilməsi və hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğin cavabdehdən tutulması hissəsində də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızının Cavabdeh MMC-ə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1924/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1924/2021
26.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver