Məhkəmə qərarları › İş №2(009)-1930/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1930/2020

10.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1930/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı fərdi əmək müqaviləsinin ləğv edilməsi, bununla bağlı məlumatların Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin elektron sistemə işlənilməsi, əmək haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı fərdi əmək müqaviləsinin ləğv edilməsi, bununla bağlı məlumatların Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin elektron sistemə işlənilməsi, əmək haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2020-ci ildə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-də barista (kofedüzəldən) vəzifəsinə işə qəbul olmuşdur. Onunla aparan danışıqlara əsasən zəhmət haqqı olaraq 600 manat ödənilməli idi. İşlədiyi 1 həftə müddətində müqavilə məbləğinin 250 manat olduğunu müəyyən etmiş və öz etirazını bildirmişdir. Bu etirazına görə işdən uzaqlaşdırılmışdır. Dəfələrlə iş yerinə getsə də, onu iş yerinə buraxmayaraq, işini icra etməsinə şərait yaradılmadı. Bundan sonra o, əmək kitabçanı və müvafiq əmrini tələb etdikdə ona məlumat veriləcəyi bildirildi. Fevral ayının sonunda və mart ayının əvvəlində bir daha müraciət etdikdə ondan 60 manat pul vəsaitin ödənilməsini və bundan sonra sənədlərini verəcəklərini bildirdilər. Artıq o, özünə iş axtarmağa başlamış və mart ayının sonunda işə düzəlmək müraciət etdikdə ona adının işçi kimi cavabdehin işçisi olduğunu və bu səbəbdən də onunla əmək müqaviləsi bağlamaqdan imtina edilmişdir. Daha sonra o, bu məsələyə aydınlıq gətirilməsi üçün dəfələrlə cavabdehə müraciət etsə də, ona düzgün cavab verilməmişdir və hər dəfə ondan pul tələb edilmişdir. Həmin dövrdə ölkədə və o cümlədən Bakı şəhərində COVİD-19 pandemiyası ilə bağlı ciddi karantin rejimi olduğu üçün aidiyyəti dövlət orqanlarına müraciət edə bilməmişdir. Nəhayət o, cavabdehə işdən azad edilməsi barədə rəsmi ərizə və eyni zamanda 2020ci ilin may ayının əvvəlində 6 saylı Bakı şəhər Dövlət Əmək Müfəttişliyinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyində araşdırma zamanı məlum oldu ki, həqiqətən onu işdən azad etməyiblər və buna baxmayaraq onun əmək funksiyası icra etməyə şərait yaradılmamışdır. Bu müddətdə hara işlə bağlı müraciət etsə də, onunla əmək müqaviləsi bağlanması mümkün olmayıb. Çünki cavabdeh onunla əmək müqaviləsinə xitam verməyib və bununla bağlı məlumatları qərəzli olaraq sistemə işləməyib. Cavabdeh qanunsuz olaraq onu işləməyə imkan yaratmamış və xx.xx.2020-ci il tarixdən bu vaxtadək ona əmək haqqı ödənilməmişdir. İşləməsinə cavabdeh bilərəkdən maneçilik törətmişdir və əmək funksiyanı icra etməməsində onun hər hansı təqsiri olmayıb. Bu səbəbdən məcburi iş buraxmaya görə ona aylıq əmək haqqı ödənilməlidir. Sistemdən çıxarışa əsasən müəyyən olur ki, cavabdeh onunla xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlayaraq sistemə işləmişdir. Eyni zamanda ona bununla bağlı müvafiq əmri və ya əmək kitabçasını təqdim etmir. Bundan başqa o, dəfələrlə etdiyi müraciətdən və araşdırmadan sonra əmək müqaviləsinə xitam verilmədiyini bildikdən sonra cavabdehə yazılı şəkildə də ərizə ilə müraciət etmişdir. Ancaq cavabdeh öz qanunsuzluğunu davam etdirmişdir. Cavabdeh ona nə işləməyə şərait yaratmamışdır, nə də ki qanuni uyğun olaraq əmək müqaviləsinə xitam verməmişdir ki, o, başqa işə düzəlsin. O, dəfələrlə başqa iş tapmışdır və ilkin razılaşmalarına əsasən tapdığı iş yerinin ona təklif etdiyi aylıq əmək haqqı 600 manat olmuşdur. Göstərilənləri nəzərə alaraq İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi (ləğv edilməsi) və bununla bağlı məlumatların Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin elektron sisteminə işlənilməsi və bununla bağlı bildirişin surətinin iddiaçıya təqdim edilməsi vəzifəsinin “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilməsi, xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən anadək məcburi işburaxma müddəti üçün xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsinin “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilməsi, vurulmuş maddi ziyanın əvəzi kimi 2020-ci ilin mart ayından başlayaraq hər təqvim ayı üçün 600 manat olmaqla, cəmi 3600 manatın və vurulmuş mənəvi ziyanın əvəzinə xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının 4 misli həcmində (1000 manat) pul vəsaitinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” MMCdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin yanında dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə xxxxxxx000200 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə pesepşn vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 250 manat müəyyən edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanılmışdır. İş üzrə İddiaçı tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, 2020-ci ilin fevral ayında “xxxxxxxxx” şirkətilə əmək müqaviləsi əsasında işə qəbul olunmuşdur. Lakin COVİD-19 virusunun Respublikada yayılmasının qarşısının alınması səbəbilə elan edilmiş karantin şəritinin tələblərini riayət edərək işə gedə bilməmişdir. Adına aktiv əmək müqaviləsi olduğundan karantinlə bağlı birdəfəlik müavinət ala bilməmişdir. Beləliklə, 2020-ci ilin İİİ və İV ayları üçün heç bir əmək haqqı və ya digər müavinat ala bilməmişdir. Bunları nəzərə alaraq əmək haqqını almasına hüquqlarını bərpa etməyə yardım etməsini xahiş etmiş, eyni zamanda xx.xx.2020-ci ildən etibarən əmək müqaviləsinə xitam verilməsinə vasitəsi olmasını xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən “xxxxxxxxx” MMC-nin direktorun adına yazılmış ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdən etibarən öz xahişi ilə onu tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “resepşn” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə bir il müddətinə bağlanılmış və əmək haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək həmin tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Lakin iddiaçının bu ərizəsi cavabdeh tərəfindən cavabsız qalmış və nəticədə hazırki vaxtadək tərəflər arasında bağlanmüş əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların elektron sistemə işlənməsi və bununla bağlı bildirişin ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; məcburi işburaxmaya üçün xx.xx.2020-ci il tarixli əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının ona ödənilməsi və vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sistemində qeydiyyata alımnası ilə bağlı tələbi üzrə aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən iddiaçının ərizəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə “tərəflərdən birinin təşəbbüsü” əsası ilə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilmasə barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi barədə elektron informasiya sistemində müvafiq qeydiyyatın aparılmasının və bu barədə iddiaçıya bildirişin verilməsinin cavabdehə həvalə edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır. İddiaçının qətnamə icra edilən günədək məcburi işburaxmaya görə əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının ödənilməsi tələbi üzrə məhkəmə qeyd edir ki, həmin hissədə tələb qismən əsaslı hesab edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə o halda yol verilir ki, məhkəmə işəgötürənin əmrini qanunsuz hesab etməklə işçini əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul etmiş olsun. İddiaçı tərəfindən isə işə bərpa ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. AR Əmək Məcəlləsinin 300-cü madəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iclasında iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi müəyyən edilmişdir ki, iddiaçı işəgötürənin müəssisəsində bir həftə işləmişdir və əmək haqqının 250 manat olduğunu müəyyən etdikdən sonra buna etiraz etmişdir. Bu səbəbdən iddiaçı işəgötürən tərəfindən işdən uzaqlaşdırılmış və faktiki olaraq həmin vaxtdan iddiaçı hər hansı əmək funksiyasını yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı işəgötürənin müəssisəsində bir həftə ərzində işlədiyi üçün, ona həmin müddət üçün əmək haqqı və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab verilməlidir. AR Əmək Məcələlsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə maddi ziyanın əvəzi kimi 3600 manat, vurulmuş mənəvi ziyanın əvəzi kimi 1000 manat məbləğində pulun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissələrdə tələb təmin edilməməlidir. AR Əmək Məcəlləsinin 195-ci maddəsində işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar göstərilmişdir. Məhkəmə qeyd edir ki, araşdırma zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Digər tərəfdən AR Əmək Məcəlləsinin 290-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən maddənin qeyd hissəsinə əsasən bu maddənin (290-cı maddənin) üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə hesab edir ki, iddiaçı işəgötürən tərəfindən ona maddi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eyni zamanda işəgötürən tərəfindən iddiaçıya hər hansı üsulla mənəvi ziyan vurulması halları da müəyyən edilmədiyindən, iddia tələbi 3600 manat maddi və 1000 manat mənəvi ziyanın tutulması hissələrində əsassız hesab edilməli və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxx» MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən “tərəflərdən birinin təşəbbüsü” əsası ilə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya son haqq-hesab ödənilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İddiaçı son haqq-hesabın ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin elektron informasiya sistemində yerləşdirilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin surətinin İddiaçı verilməsi «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə həvalə edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar