Məhkəmə qərarları › İş №2(009)-1931/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1931/2023

01.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1931/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilməmiş əmək məzuniyyəti günləri üçün pul əvəzinin, müvəqqəti əvəzetməyə görə ödənilməmiş əmək haqqının və son haqq hesab zamanı əskik ödənilmiş məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzi və ilkin mediasiya sessiyasında xidmət haqqı və digər xərclərə görə ödənilmiş 56 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bildirmişdir ki, Əmək Məcəlləsinin 178.2-ci maddəsinə görə, müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur. Müflis elan olunmuş bankın işçilərinin əmək haqlarının əmək qanunvericiliyinə uyğun olaraq birinci növbədə, yaxud bank qanunvericiliyində müəyyən edilmiş növbəlilik qaydasında ödənilməli olması ilə bağlı 13 iyun 2017-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunda qeyd olunmuşdur ki, müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin ödənilməsi yalnız lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilən banka qarşı irəli sürülən əmək haqqı tələblərinə aiddir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)- 42/2023 nömrəli qərarı ilə Cavabdeh ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 14 iyul 2023-cü il tarixində İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən 0257 reyestr nömrəli kreditor tələbi qeydə alınmışdır. Sözügedən tələb 6,656.51 manat məbləğində olmuşdur. Fond tərəfindən qeydə alınmış tələb təhlil edilmiş və 5,451.00 manat hissəsi etiraz edilmiş tələblər siyahısına daxil edilmişdir. Etirazın səbəbi kimi isə, “bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövrdən əvvəlki dövrə” aid olması qeyd edilmişdir. 1,205.51 manat məbləğində vəsait isə qəbul edilmiş tələblər siyahısına daxil edilmişdir. Qanunun 87.1-ci maddəsinə əsasən, yəni bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Plenumunda qeyd olunmuşdur ki, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Qanunun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Bank sahəsi spesifik sahə olduğuna görə, eyni hüquq münasibətlərini tənzimləyən konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmçinin Əmək Məcəlləsinin 142.1-ci maddəsinin tələblərinə görə, məzuniyyət vaxtının əmək haqqısı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. Həmin Məcəllənin 140.4-cü maddəsinə əsasən, məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Yuxarıda göstərilən halları nəzərə alaraq bildirirəm ki, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya birbaşa olaraq işçinin orta aylıq əməkhaqqına əsasən verilir. “Banklar haqqında” Qanunun 82.1.5ci maddəsinin tələblərinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri ondan əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödəniləcəkdir. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq mülki iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2017-ci il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Həmin Qərarda göstərilmişdir ki, hüquqi şəxs ləğv edilərkən kreditorların tələblərinin ödənilməsini, yəni ödəniş növbəliliyini müəyyən edən Mülki Məcəllənin 62-ci maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliliyi isə müflis elan olunmuş bankın aktivlərinin bölüşdürülməsinə aiddir. Lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklara qarşı tələblərin ödəniş növbəliliyi yalnız Təlimatın 13-cü bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsindən fərqli olaraq, həmin bənddə işçilərin əmək haqqı ilə bağlı tələblərinin üçüncü növbədə ödənilməsi müəyyən edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 4-cü maddəsinə müvafiq olaraq, maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının) qərarları normativ xarakterli aktlar hesab edilir. Həmin Qanunun 4.4-cü maddəsinə görə, normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Bu mövqedən çıxış edərək belə nəticəyə gəlmək olar ki, lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda nəzərdə tutulmadığından, eləcə də Əmək Məcəlləsi Təlimatdan üstün hüquqi qüvvəyə malik olduğundan belə bankların işçilərinin əmək haqqı ilə bağlı tələbləri ödənilərkən Əmək Məcəlləsinin 178.2-ci maddəsi rəhbər tutulmalıdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə uyğundur. AR Əmək Məcəlləsinin 178.2-ci maddəsinə əsasən müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. “Banklar haqqında” Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Qeyd olunan Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Məhkəmə yuxarıda göstərilən normalara əsasən qeyd edir ki, məhkəmələr MPM-ə və digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədənkənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüququ və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən MPM-ə və digər qanunlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüququ və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən kənar edir. Məhkəmə qeyd edir ki, hazırki işdə cavabdeh müəssisə ləğv edilməmiş, müflis elan edilmişdir. Belə olan halda isə işçilərə ödənməli ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə ki, işçi banka qarşı hazırki tələblə banka müraciət etməli, bank isə öz növbəsində tələbi qəbul edilmiş və ya etiraz edilmiş tələblər siyahısına daxil etməlidir. Bundan sonra isə siyahıya daxil edilən tələblər üzrə ödənişlər növbəlilik qaydasında həyata keçirilməlidir. Əgər iddiaçının tələbi etiraz edilmiş tələblər sırasına daxil edilərsə, o zaman həmin siyahını təsdiq etdiyi zaman məhkəmə bankdan etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün sübutlar tələb edə bilər. İddiaçının etiraz edilmiş yaxud qəbul edilmiş tələbi hazırda məhkəmənin icraatında olduğu təqdirdə isə iddiaçı həmin məsələyə baxan məhkəməyə müraciət etmək və dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə, həmin iş üzrə icraata xitam verir. Bu eynilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın da hüquqi əsası kimi çıxış edir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar