Məhkəmə qərarları › İş №2(009)-1934/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1934/2023

13.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1934/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «kompensasiya» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «kompensasiya» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilməmiş əmək məzuniyyəti günləri üçün pul əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının tələbi qismən olaraq qəbul edilmiş tələblər sırasına daxil edilmiş və təsdiq edilməsi üçün dünənki tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «kompensasiya» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə, həmin iş üzrə icraata xitam verir. Bu eynilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın da hüquqi əsası kimi çıxış edir. AR Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2017-ci il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Həmin Qərarda göstərilmişdir ki, hüquqi şəxs ləğv edilərkən kreditorların tələblərinin ödənilməsini, yəni ödəniş növbəliliyini müəyyən edən Mülki Məcəllənin 62-ci maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliliyi isə müflis elan olunmuş bankın aktivlərinin bölüşdürülməsinə aiddir. Lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklara qarşı tələblərin ödəniş növbəliliyi yalnız Təlimatın 13-cü bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsindən fərqli olaraq, həmin bənddə işçilərin əmək haqqı ilə bağlı tələblərinin üçüncü növbədə ödənilməsi müəyyən edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 4-cü maddəsinə müvafiq olaraq, maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının) qərarları normativ xarakterli aktlar hesab edilir. Həmin Qanunun 4.4-cü maddəsinə görə, normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Bu mövqedən çıxış edərək belə nəticəyə gəlmək olar ki, lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda nəzərdə tutulmadığından, eləcə də Əmək Məcəlləsi Təlimatdan üstün hüquqi qüvvəyə malik olduğundan belə bankların işçilərinin əmək haqqı ilə bağlı tələbləri ödənilərkən Əmək Məcəlləsinin 178.2-ci maddəsi rəhbər tutulmalıdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə uyğundur. AR Əmək Məcəlləsinin 178.2-ci maddəsinə əsasən müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. “Banklar haqqında” Qanunun: “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Məhkəmə yuxarıda göstərilən normalara əsasən qeyd edir ki, məhkəmələr MPM-ə və digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədənkənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüququ və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən MPM-ə və digər qanunlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüququ və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən kənar edir. Məhkəmə qeyd edir ki, hazırki işdə cavabdeh müəssisə ləğv edilməmiş, müflis elan edilmişdir. Belə olan halda isə işçilərə ödənməli ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə ki, işçi banka qarşı hazırki tələblə banka müraciət etməli, bank isə öz növbəsində tələbi qəbul edilmiş və ya etiraz edilmiş tələblər siyahısına daxil etməlidir. Bundan sonra isə siyahıya daxil edilən tələblər üzrə ödənişlər növbəlilik qaydasında həyata keçirilməlidir. Əgər iddiaçının tələbi etiraz edilmiş tələblər sırasına daxil edilərsə, o zaman həmin siyahını təsdiq etdiyi zaman məhkəmə bankdan etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün sübutlar tələb edə bilər. İddiaçının etiraz edilmiş yaxud qəbul edilmiş tələbi hazırda məhkəmənin icraatında olduğu təqdirdə isə iddiaçı həmin məsələyə baxan məhkəməyə müraciət etmək və dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «kompensasiya» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar