Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1942/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə hüquqlarının itirilmiş hesab edildməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 5 saylı evin 44 saylı mənzildinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını və həmin qətnamənin onun pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olması göstərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 5 saylı evin 44 saylı mənzilini 10.10.2019-cu il tarixdə Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən cavabdehdən almışdır. Alqı-satqı müqaviləsi əsasında aldığı ev 17.10.2019-cu il tarixdə mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o həmin mənzilin mülkiyyətçisidir. Evi aldıqdan sonra cavabdeh bütün əmlaklarını da götürüb həmin evdən köçüb getmiş və evi ona təhvil vermişdir. Həmin vatxdan ev onun sahibliyində və istifadəsindədir. Lakin cavabdeh mənzili ona təhvil versə də, onun özü hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır. Hal-hazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzilə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 17.10.2019-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektindəki ev 5, 44 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş 10 oktyabr 2019-cu il tarixli, № ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən Cavabdeh mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə verir. Təqdim olunmuş 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 227 nömrəli, 16.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Bu səbəbdən məhkəmə bildirişinin ona verilməsi mümkün olmadı. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, İddiaçı oğlu Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 5 saylı ev 44saylı mənzili 10 oktyabr 2019-cu ildə alqı-satqı müqaviləsinə əsasən almışdır və həmin vaxtdan ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən 17.10.2019-cu il tarixli, ********** saylı çıxarışa əsasən onun adına qeydiyyata alınmışdır. İddiaçıya məxsus mənzildə mənzilin keçmiş sahibi Cavabdeh qeydiyyatdadır, lakin mənzildə yaşamır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehin mənzilə dair istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 5 saylı evin 44 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Həmin qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 5 saylı evin 44 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1942/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1942/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver