Məhkəmə qərarları › İş №2(009)-1943/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1943/2021

28.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1943/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - cavabdeh Qərbi Kaspi Universitetinə qarşı «işə bərpa, əmək haqqının ödənilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Qərbi Kaspi Universitetinə qarşı «işə bərpa, əmək haqqının ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2021-ci il tarixdən öz vəzifələrinə bərpa edilməsi, məcburi işburaxmaya görə və işlədiyi müddətdə almadığı əmək haqlarının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı texniki elmlər üzrə fəlsəfə doktorudur. 18 fevral 2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında dərs ilinin sonunadək (31.08.2019) müddətə əmək müqaviləsi bağlandı və iddiaçı “Mexaniki qurğular və maşınlar” kafedrasına dosent əvəzi müəllim vəzifəsinə qəbul edildi. 03.09.2019-cu il tarixdə iddiaçı ilə Universitet arasında dərs ilinin sonunadək olan müddətə yəni 31.08.2020-ci il tarixədək yeni əmək müqaviləsi bağlandı. 2020/2021-ci dərs ilinin əvvəlində yeni dərs ili üçün bağlanması nəzərdə tutulmuş əmək müqaviləsinin boş formasına imza atmaq üçün iddiaçıya təqdim edildikdə iddiaçı orada müqavilənin hansı müddətə və ya müddətsiz bağlanması barədə qeyd görmədikdə, müqavilənin sonuncu səhifəsində yuxarıda imza etdi, sonra isə “müqavilə müddətini qeyd edin, aşağıya imza atım” deyib boş müqaviləni onlara qaytarmışdır. Lakin bir neçə ay keçsə də həmin müqaviləni imzalamaq üçüç iddiaçıya təqdim etmədilər və iddiaçı buna əvvəlki müqavilə ilə fəaliyyətini davam etdirdiyini nəzərə alaraq buna o qədər də əhəmiyyət vermədi. Lakin 2021-ci ilin yanvar ayının ortalarında iddiaçının kadrlar şöbəsinə dəvət edərək, ona öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmağını xahiş etdilər. Lakin iddiaçı buna etiraz etdikdən sonra iddiaçıya əmək müqaviləsini təqdim etdikdə o, müqavilə müddətinin 31 yanvar 2021-ci ilədək yazıldığını görüb bu müddəti indi, həm də ondan xəbərsiz, onunla razılaşmadan yazıldığını bildirmişdir. Daha sonra iddiaçıya iki dəfə yazılı xəbərdarlıq göndərmişdirlər. 01 mart 2021-ci il tarixdə iddiaçıya əmək kitabçası təqdim edilmişdir. Cavabdeh eyni zamanda iddiaçının işlədiyi müddətdə verilməyən aylıq və yarımçıq qalmış əmək haqlarını eyni zamanda istifadə etmədiyi məzuniyyət haqqını da verməmişdirlər. Cavabdeh iddiaçının maddi vəziyyətinin pis olmasını, ailədə yeganə işləyən olduğunu, kredit borcunun olduğunu bilsə də, bunları nəzərə almamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli xarakter daşımış və müqavilənin müddəti 31.01.2021-ci il tarixədək müəyyən edilmişdir. Sözügedən müqavilə iddiaçı tərəfindən şəxsən doldurularaq imzalanmışdır. Müqaviləyə xitam veriləcəyi barədə iddiaçıya 2 dəfə yazılı şəkildə xəbərdarlıq edilmişdir. X1 universitetə ünvanlanmış məktuba verilmiş cavab və ona əlavə edilmiş sənədlər müfəttişlik tərəfindən araşdırılmış və iddiaçının şikayətinin əsassız olduğu, ona tədris etdiyi dərs yükünə görə əmək haqqının ödənildiyi və universitet tərəfindən iddiaçıya ödənilməmiş hər hansı bir məbləğin olmadığı müəyyən edilərək iddiaçıya bu barədə yazılı məlumat verilmişdir. İddiaçı əmrin surətini və mək kitabçasını 01 mart 2021-ci il tarixdə almasına baxmayaraq məhkəməyə 25 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, əmək kitabçasını və əmrin surətini 01 mart 2021-ci il tarixdə əldə etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, həmin izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan: 18.02.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 18.02.2019-cu il tarixdən 30.06.2019-cu il tarixədək Qərbi Kaspi Universitetinə müəllim vəzifəsinə işə qəbul edilmişdir. 03.09.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 03.09.2019-cu il tarixdən 31.08.2020-ci il tarixədək Qərbi Kaspi Universitetinə dosent vəzifəsinə işə qəbul edilmişdir. 11.09.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 11.09.2020-ci il tarixdən 31.01.2021-ci il tarixədək Qərbi Kaspi Universitetinin “Mexaniki qurğular və maşınlar” kafedrasına müəllim vəzifəsinə işə qəbul edilmişdir. Qərbi Kaspi Universitetinin 29.01.2021-ci il tarixli 12/K №-li əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) 01.02.2021-ci il tarixdən xitam verilmişdir. 11 sentyabr 2020-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı əmək müqaviləsini 01 mart 2021-ci il tarixdə imza etməklə qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatla müəyyən olunmuşdur ki, İddiaçı 03.09.2019-cu il tarixdən 31.08.2020-ci il tarixədək Qərbi Kaspi Universitetinə dosent vəzifəsinə işə qəbul edilmiş, sonradan “Mexaniki qurğular və maşınlar” kafedrasına müəllim vəzifəsinə keçirilmişdir. X3 Universitetinin 29.01.2021-ci il tarixli 12/K №-li əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı əmək kitabçasını və əmrin surətini 01.03.2021-ci il tarixdə əldə etməsinə və bununla da həmin gün hüquqlarının pozulmasının aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə məhz 02.07.2021-ci il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdürlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh Qərbi Kaspi Universitetinə qarşı «işə bərpa, əmək haqqının ödənilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar