Məhkəmə qərarları › İş №2(009)-1947/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1947/2025

07.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1947/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək yəni 1 il altı ay əlavə işlədiyi 35.000 manat və mənəvi zərər kimi 15.000 manat vəsaitin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" MMC-də xx.xx.2009-cu ildən sağlamlıq üzrə məsləhətçi vəzifəsində çalışmışdır. Halbuki, ondan ali təhsil haqda diplom və müvafik iş stajı tələb etdilər və onu həkim vəzifəsinə götürdüklərini bildirdilər. Ona əmək müqaviləsinin surətini göstərmədikləri üçün, o nə vəzifəsinə götürüldüyünü bilmədi. Bütün bu illər müddətində o, faktiki olaraq həkim kimi fəaliyyət göstərmiş, müraciət edən işçilərin ehtiyac olanda yaralarını bağlamış, qan təyziqlərini ölçmüş, qanda təyziqin yüksək və yaxud aşağı olduğu zaman tədbir görmüşdür. Kəskin böyrək ağrıları vaxtı inyeksiyalar edib müvafiq xəstəxanaya yönəltmiş və reseptlər yazmışdır. Bunlar isə təlimata görə məsləhətçinin vəzifəsinə aid olmamışdır. Pandemiya dövründə sutkalıq iş rejimi ilə işə cəlb olunmuş, lakin əmək haqqını ödəməmişlər. İstirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində, habelə gecə vaxtı görülən işlərə və çox növbəli iş rejiminə görə əlavə əmək haqqının ödənilməmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək yəni 1 il altı ay əlavə işlədərək əmək haqqını verməyiblər.Əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı müraciət nəticəsiz qalmışdır. Etirazın dəlilləri: İddiaçı tərəfindən verilmiş ərizədə göstərilən tələblər əsassız və qanunsuzdur, aşağıda göstərilən səbəblərə görə rədd edilməlidir: 1. Əmək münasibətləri və vəzifə iddia ərizəsində qeyd olunur ki, guya iddiaçıya əmək müqaviləsinin surəti təqdim edilməmiş və hansı vəzifəyə işə qəbul olunduğundan xəbərsiz olmuşdur. Vətəndaş İddiaçı ilə əmək münasibətləri onunla bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə əsasən yaranmışdır. Sözügedən müqavilə iki nüsxədə tərtib olunmaqla müqavilə tərəfləri tərəfindən rəsmi qaydada imzalanmışdır və iddiaçıya öz nüsxəsi təqdim edilmişdir. Cavabdeh MMC-də sağlamlıq üzrə məsləhətçi vəzifəsi həmin vəzifə üzrə öhdəliklərə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilən Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 əsasən, tarif-ixtisas xüsusiyyətlərinə görə mütəxəssis kateqoriyasına uyğun gələn vəzifə hesab edilir. Bu baxımdan, işçi ilə əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq vəzifənin xüsusiyyətləri nəzərə alınmış və işçidən peşə hazırlığı və təhsili barədə müvafiq sənəd təqdim etməsi tələb olunmuşdur. İşlədiyi müddət ərzində İddiaçı vəzifə təlimatında nəzərdə tutulan əmək funksiyasını icra etmiş, ondan vəzifə səlahiyyətlərinə uyğun olmayan işlərin yerinə yetirilməsi tələb olunmamışdır. Tibbi xidmətlərinin göstərilməsi “Azertrans Ltd" MMC-nin fəaliyyət sahəsinə aid olmadığından şirkətimizin ştat cədvəlində həkim ştatı olmamışdır. Eyni zamanda iddiaçı təsdiq etdiyi sənədlərdən (əmək müqaviləsi, əmrlər, əmək müqavilə bildirişi, yazdığı müxtəlif ərizə və izahatlar) aydın görünür ki, o, vəzifəsinin məhz sağlamlıq üzrə məsləhətçi olması barədə tam məlumatlı olmuşdur. İddiaçı bildirib ki, X4 Xidmətinə müraciət etmiş, lakin nəticə əldə etməmişdir. Qeyd edilməlidir ki, həmin dövlət orqanı tərəfindən hər hansı pozuntu aşkar edilməmişdir. Bu hal özü iddia tələblərinin əsassız olduğunu göstərir. Yuxarıda göstərildyi səbəblərə görə iddiaçının tələbləri əsasız, subyektiv və hər hansı sübutla təsdiq olunmur. 2. Mənəvi ziyan tələbi ilə bağlı Əmək Məcəlləsinin 290-cu maddəsinin qeyd hissəsində göstərilir ki, işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Yuxarıda göstərildiyi kimi, İddiaçı sağlamlıq üzrə məsləhətçi vəzifəsində çalışması faktı tam doğrudur, sənədlərlə təsdiq olunur və iddiaçı bundan tam məlumatlı olmuşdur. İddiaçı mənəvi zərərin vurulmasını sübut edən heç bir fakt və sənəd təqdim etməmişdir. Odur ki, iddiaçının mənəvi zərər barədə tələbləri əsassız hesab edilərək tam həcmdə rədd edilməlidir. 3. Pul tələbinə iddia müddətinin tətbiqi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının tələbləri xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövr əhatə etməsinə baxmayaraq, məhkəməyə iddia ərizəsi ilə ancaq xx.xx.2025-ci il tarixində yəni qanunvericilikdə nəzərdə tutulmuş müddətdən 2 ildən çox sonra müraciət etmişdir. Nəzərə alaraq ki, iddiaçı iddia müddətini buraxmış və iddia müddəti üzrlü səbəbdən buraxılması barədə sübutlar təqdim etməmişdir, məhkəmədən xahiş edirik ki, iddia müddəti tətbiq edərək İddiaçı şirkətimizə qarşı pul tələbinə dair iddianı rədd edəsiniz. Yuxarıda göstərilən səbəblərə görə məhkəmədən xahiş edirik ki, İddiaçı Cavabdeh MMC-yə qarşı bütün iddia tələbləri tam şəkildə rədd edilsin. 4. İş vaxtından artıq işə cəlb edilməsi üçün qanunvericilik tələbləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, işçi iş vaxtından artıq işə yalnız işəgötürənin əmri və işçinin yazılı razılığı əsasında cəlb oluna bilər. İddiaçı bu tələblərin heç birini sübuta yetirə bilməmişdir nə işəgötürənin müvafiq əmri, nə də özünün razılıq ifadə edən sənədi təqdim edilməmişdir. İşçi iddia dövrü ərzində ödənişlə bağlı hər hansı etirazını bildirməmiş, müvafiq tələblərlə işəgötürənə və ya aidiyyəti orqanlara müraciət etməmişdir. 5. Əlyazma vərəqələri ilə bağlı 25.08.25-ci il tarixli hazırlıq iclasında İddiaçı tərəfindən əlyazma vərəqələri iş üzrə sübut kimi təqdim edilmişdir. Həmin vərəqələrin məzmununa əsaslanaraq guya işçinin 24 saat fasiləsiz çalışması faktı təsbit edilmək istənilir. Təqdim olunmuş vərəqələrin sübut kimi qəbul edilməsinə aşağıdakı əsaslarla etiraz edirik: 1. Əlyazma vərəqələrinin hüquqi qüvvəsinin olmaması • Vərəqələr işəgötürən tərəfindən təsdiq edilməmiş, aparılması barədə göstəriş verilməmiş, müəssisənin daxili sənəd dövriyyəsinə daxil edilməmişdir. • Vərəqələrdə müəssisənin möhürü, məsul şəxslərin imzaları və qeydiyyat rekvizitləri mövcud deyil. Bu səbəbdən sənəd hüquqi qüvvəyə malik deyil. • Əlavə olaraq, vərəqlər tikilməyib/nömrələnməyib, ayrı saxlanılıb, vahid sənəd kimi rəsmiləşdirilməmişdir. Onların sonradan dəyişdirilməsi və ya əlavələrin edilməsi texniki cəhətdən mümkündür və buna görə də etibarlılığı şübhə altındadır. • Vərəqlərdə bəzi yerlərdə saatların əvvəlki yazıların üzərinə sonradan əlavə edildiyi görünür ki, bu da sənədin tamlığı və etibarlılığına şübhə yaradır. • Ayrı-ayrı vərəqlərin rəsmi qeydiyyatsız və nəzarətsiz aparılması onların mənbəyini və hazırlanma tarixini müəyyənləşdirməyi mümkünsüz edir. 2. Rəsmi uçot sənədlərinin mövcudluğu • İş vaxtının uçotu qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi tabellərlə aparılır və həmin tabellər işəgötürən tərəfindən təsdiq olunur. • İşçilərin iş rejimi və növbəlilik qaydaları əmək müqavilələrində və daxili qaydalarda dəqiq müəyyən edilmişdir. 3. Təqdim olunmuş vərəqələrin etibarsızlığı • Vərəqələr iddiaçı tərəfindən tərtib olunduğu üçün obyektiv hesab oluna bilməz. • Qeydlərdə işin başlanma və bitmə saatları, iş vaxtının müddəti göstərilməmişdir. • “Avadanlığın təhvil-təslimi” qeydləri yalnız əməkdaşların birbirinə avadanlığın ötürməsini əks etdirə bilər, lakin bu, işçinin iş vaxtından artıq işədiyini sübut etmir. İddiaçı təqdim etdiyi sübut kimi göstərilən əlyazma vərəqələri iş vaxtının və ya davamiyyətin uçotunun aparılması üçün nəzərdə tutulmayıb. Vərəqələrdə qeyd olunan "növbəni təhvil aldım" və "növbəni təhvil verdim" qeydləri işçinin işə gəlmə və ya işdən çıxma saatını deyil, sırf avadanlıqda nasazlıq olub-olmamasının göstərilir. Beləliklə, əlyazma vərəqələrində yazılar işçinin iş vaxtından artıq işədiyini təsdiqləmir və davamiyyətə dair sübut hesab edilə bilməz. İş vaxtının uçotu müəssisədə yalnız rəsmi davamiyyət cədvəlləri vasitəsilə aparılır. İddiaçı 2021-ci ilin yanvarından 2022-ci ilin may ayınadək dövr üzrə kompensasiya tələb edir. Lakin təqdim etdiyi əlyazma qeydləri həmin dövrü tam əhatə etmir. Qeydlər yalnız bəzi günlər üzrə aparılıb, uzun fasilələrlə verilib və ümumi dövrün çox kiçik hissəsini əhatə edir. Əlyazma qeydləri fasiləli, qeyri-ardıcıl aparılıb. Məsələn, bir neçə gün qeyd edildikdən sonra həftələrlə heç bir qeydin olmaması müşahidə olunur. 1-ci vərəqəyə baxsaq, ilk qeyd xx.xx.2020-ci il tarixindədir, növbəti qeyd isə ancaq xx.xx.2020-ci ilə aiddir. Həmin vərəqədə xx.xx.2020– xx.xx.2020 və xx.xx.2020– xx.xx.2020 dövrləri üzrə hərəsi cəmi bir yazı ilə əks olunmuşdur. Bu isə qeydlərin fasiləli və qeyri-ardıcıl aparıldığını göstərir. Bundan əlavə, qeyd olunmalıdır ki, 1-ci vərəqədəki yazılar xx.xx.2020-xx.xx.2021 dövrünü əhatə edir. Halbuki iddiaçının məhkəməyə təqdim etdiyi tələblər yalnız xx.xx.2021-xx.xx.2022 tarixlərini əhatə edir. Deməli, 1-ci vərəqədə göstərilən qeydlər iddia predmeti olan dövrdən tamamilə kənardır və həmin dövr üzrə iddiaçının tələblərini sübut etmək üçün hüquqi əhəmiyyət kəsb etmir. Digər vərəqələri təhlil edərkən məlum olur ki, təqdim olunmuş əlyazma qeydləri iddia dövrünə aid görünməsinə baxmayaraq, həmin dövrü tam və müntəzəm şəkildə əhatə etmir, yalnız ayrı-ayrı günlər üzrə aparılmış fraqmentar şəxsi yazılardan ibarətdir. Qeydlər fasilələrlə və qeyri-ardıcıl aparıldığından, onların əsasında işçinin bütün müddət ərzində mütəmadi və fasiləsiz çalışması barədə nəticə çıxarmaq mümkün deyil. Bundan başqa, yazılarda iş vaxtının başlanma və bitmə saatları, işin faktiki müddəti göstərilməmiş, yalnız “növbəni təhvil almaq” və ya “növbəni təhvil vermək” tipli qeydlərə yer verilmişdir ki, bu da sadəcə avadanlığın ötürülməsini əks etdirir. Belə qeydlər rəsmi uçot sənədi statusuna malik olmayıb, hüquqi qüvvə daşımır və iş vaxtının müəyyən edilməsində əsas götürülə bilməz. Ona görə də, bu materiallar iddiaçının tələblərinin sübutu üçün etibarlı əsas təşkil etmir və işin faktiki müddətini təsdiqləmək gücündə deyil. Belə fraqmentar, subyektiv və şübhə doğuran, avadanlığın təhvil təsliminə aid qeydlər əsasında bütün iddia dövrü üzrə faktiki iş vaxtı barədə nəticə çıxarmaq hüquqi baxımdan əsassızdır. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı tərəfindən təqdim olunmuş əlyazma vərəqələrinin sübut kimi qəbul edilməməsini və iş üzrə iş vaxtının müəyyən edilməsində yalnız işəgötürənin rəsmi uçot sənədlərinə istinad olunmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının tələbləri xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövr əhatə etməsinə baxmayaraq, İddiaçı məhkəməyə iddia ərizəsi ilə ancaq xx.xx.2025-ci il tarixində yəni qanunvericilikdə nəzərdə tutulmuş müddətdən 2 ildən çox sonra müraciət etmişdir. Nəzərə alaraq ki, iddiaçı iddia müddətini buraxmış və iddia müddəti üzrlü səbəbdən buraxılması barədə sübutlar təqdim etməmişdirş İddia müddəti tətbiq edərək İddiaçı şirkətimizə qarşı pul tələbinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2009- 2024-cü illər ərzində cavabdeh şitkətdə eyni vəzifədə işləmişdir. Əmək haqqı alıb, lakin müqavilədən kənar məvacib almırdı. Pandemiya dövründə gecə növbəsində də işləməsinə baxmayaraq onun əvəzi ödənilməmişdir. Həmçinin həkim olduğu halda onu neçə il məsləhətçi kimi işlətmələri ona mənəvi zərər vurmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 etirazı müdafiə edərək bildirmişdir ki, tabelə uyğun ödəniş tam olaraq edilib. İddia gec verildiyinə görə sübut təqdim etmək imkanından məhrum olmuşlar, vaxtında iddia verilsə idi video görüntüləri təqdim edərdilər və müəyyən olunardı neçə saat işləyib. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 iyun 2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi Bakı şəhər İdarəsinə ünvanladığı məktubunda Siz cəmiyyətə sağlamlıq üzrə məsləhətçi vəzifəsinə işə qəbul olunduğunuzu və hal-hazıradək emək müqaviləsinə əsasən bu vəzifədə işlədiyinizi və tibbi xidmət göstərilməsi cəmiyyətin fəaliyyət sahəsinə aid olmadığından həkim kimi ixtisasınız üzrə işləməyinizin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi" alt sisteminə tərəfimizdən baxış keçirilərkən Sizinlə “Azertrans LTD" MMC ilə aranızda əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişin qeydiyyatının növcud olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır. -ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 13 may 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasınin Əmək və Əhalinin Sosial Müdafiesi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığınız müraciətə Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar araşdırmaya dair ətraflı məlumat verməyiniz məqsədi ilə ünvanınıza **********5 nömrəli xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, (050-323- 84-85) əlaqə saxlanılmış, lakin Siz Bakı şəhər İdarəsinə gəlməmisiniz. Bildiririk ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən əmək müqaviləsində nəzərdə tutulmuş 749.64 manat tarif vəzifə maaşınıza əlavə olaraq 305.85 manat (istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilrməyən bayram günlərində, habelə gecə vaxtı görülən işlərə və çox növbəli iş rejimine görə) əlavə əmək haqqının ödənildiyi müəyyən edilmişdir. Həmçinin həmin əmək müqaviləsində sürüşkən qrafik üzrə iki növbəli iş rejimində işlədiyiniz məlum olmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin " mək müqaviləsi bildirişi" alt sisteminə tərəfimizdən baxış keçirilərkən əmək müqavilənizin bağlanmasına dair bildirişinizin qüvvədə olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır. -ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 16 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığınız müraciətə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar müvafiq izahat təqdim edilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin ünvanlarına (AZ1026, ünvan 5ri, Səbail rayonu, Böyük Qala, ev 37) 3-17- 5/2-48004/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Müəssisə tərəfindən təqdim edilən sənədlərdən tibbi xidmət göstərilməsi "xxxx" MMC-nin fəaliyyət sahəsinə aid olmadığından orada həkim ştatının olmadığı və sizin təhsil aldığınız ixtisas üzrə həkim kimi işləməyinizin mümkün olmadığı məlum olmuşdur. Eyni zamanda müəssisə tərəfindən təqdim edilən sənədlərdən sizin əmək müqavilənizdə, əmrlərdə, əmək müqaviləsi bildirişinizdə və yazdığınız müxtəlif ərizə və izahatlarda vəzifəninizin sağlamlıq üzrə məsləhətçi kimi qeyd edildiyi müəyyən edilmişdir. Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən sizinlə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində "sağlamlıq üzrə məsləhətçi" vəzifəsi üzrə bağlanmış əmək müqaviləsi bildirişinin qüvvədə müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, araşdırmaya təqdim olunan sağlamlıq üzrə məsləhətçi vəzifəsinə keçirilməyinizlə əlaqədar yazdığınız ərizəniz ilə bağlı X4 Xidmətinə yaxınlaşıb tanış ola bilərsiniz. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. -ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 16 may 2025-ci il tarixli məktubdan görünür ki, Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar izahatınızın təqdim edilməsi məqsədilə ünvanınıza (AZ1007, Bakı şəhəri, Azadlıq pr., ev 160 mənzil 3) 3-17-5/2-R-35736/2025 saylı xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuşdunuz. Araşdırma zamanı “AZERTRANS LTD" MMC-nin ünvanına (AZ1026,ünvan 5ri, Səbail rayonu, Böyük Qala, ev 37) 3-17- 5/235738/2025 saylı xx.xx.2025-cü il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan sənədlərin təqdim olunması “AZERTRANS LTD" MMC tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən sizinlə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində "sağlamlıq üzrə məsləhətçi” vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyi müəyyən edilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. "xxxx" MMC tərəfindən sənədlər X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılaraq cavablandırılacaqdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. -"xxxx" MMC-nin 10 fevral 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də sağlamlıq üzrə məsləhətçi vəzifəsində çalışmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də sağlamlıq üzrə məsləhətçi vəzifəsində çalışmışdır. Hazırda, iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək -1 il altı ay pandemiya dövründə gecə növbəsində də işləməsi qarşılığında ona ödənilməyən 35.000 manat pulun, eləcə də ixtisası həkim olduğu halda 2009-cu ildən məsləhətçi kimi işlədildiyinə görə ona dəymiş mənəvi zərərin əvəzi kimi 15.000 manat vəsaitin ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 155.5-ci maddəsinə əsasən, əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. - 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. İddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. İddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət müddətini konkret müəyyən etmişdir ki, bu da qanunvericiliyin mühüm əhəmiyyət kəsb edən institutlarından biridir. Belə ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materialları və tərəflərin izahatı ilə təsdiq olunur ki, iddiaçı 2021-ci ilin yanvar ayının 2-dən 2022-ci ilin may ayının 29-dək müddət ərzində 2009-cu ildən (məsləhətçi vəzifəsində çalışdığı barədə məlumatlı olmaqla) əmək münasibətlərində olduğu Cavabdeh MMC tərəfindən ona edilməli olan ödənişlərin düzgün hesablanmadığını, həmçinin ona mənəvi zərər vurulduğunu iddia edir. Bu iddia ilə iddiaçı məhkəməyə 05 avqust 2025-ci il tarixində müraciət etmişdir. İlkin mediasiya sessiyası barədə arayış isə 21 iyul 2025-ci il tarixində alınmışdır. Bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Belə ki, o hüququnun pozulduğunu iddia etdiyi (02 yanvar 2021-ci il - 29 may 2022-ci il) müddətdən bir ildən çox vaxt keçdikdən sonra mediasiya təşkilatına və məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar