Məhkəmə qərarları › İş №2(009)-1975/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1975/2021

28.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1975/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin cehiz əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının oğlu il rəsmi nikaha daxil olmuşdur. 15 noyabr 2019-cu il tarixdə nikah pozulmuşdur. ünvan 1 ünvanında yerləşən ev iddiaçının sahibliyindədir və mənzil kirayə müqaviləsi onunla bağlanılmışdır. Cavabdeh valideynləri ilə yaşasa da cehiz əşyaları sözügedən evdə qalmaqdadır. Bu vəziyyətdən istifadə edərək, müxtəlif vaxtlarda cavabdeh günlərlə həmin evdə yaşayır. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin ounmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən ev barəsində 05.04.2001-ci il tarixdə İddiaçı adına şəxsi hesab açılmışdır. İddiaçının oğlu X2 ilə cavabdeh arasında olan nikah 15 oktyabr 2019-cu il tarixdə pozulsa da, həmin vaxtdan müddət keçməsinə baxmayaraq, cavabdeh sözügedən evdən cehiz əşyalarını götürməmişdir. Qeyd edilənlər iddiaçının izahatı, işdə olan 17083 nömrəli mənzil kirayə vərəqəsi, AZ-İ № 335329 nömrəli nikahın pozulması haqqında şəhadətnamə ilə təsdiqlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir 69.1-ci maddəsinə əsasən Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Göründüyü kimi, cavabdeh qeyd olunan qanunvericiliyin tələblərinə əsasən artıq iddiaçının ailə üzvü statusunu itirmiş və bu səbəbdən artıq sözügedən evdə daimi olaraq yaşamamaqdadır. Lakin cavabdeh özünə məxsus cehiz əşyalarını iddiaçının sahibliyindəki evdə saxlamaqla iddiaçının mənzildən sərbəst şəkildə və öz istədiyi kimi istifadə etməsinə maneçilik törətməkdədir. Bu səbəbdən iddia təmin edilərək cavabdeh cehiz əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən cehiz əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar