Məhkəmə qərarları › İş №2(009)-1984/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1984/2020

13.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1984/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi R.M.Qənbərovun iştirakları ilə İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh MMC-nin 1299 saylı, xx xxxxxx 2020-ci il tarixli əmri ilə müqavilə müddətinin qurtarması ilə əlaqədar xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr qanunsuzdur və ləğv edilməlidir. Belə ki, onunla xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC arasında 135 No-li müddətli əmək müqaviləsi bağlanılaraq Biznesin inkişafı və marketinq departamentinin marketinq şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. İşəgötürənlə bağlanan əmək müqaviləsinin tələblərinə, şərtlərinə uyğun vəzifə səlahiyyətlərini layiqincə nöqsansız, qüsursuz yerinə yetirmişdir. Təhsili alidir. 1998ci ildə Bakı Dövlət Universitetini bitirib bakalavr dərəcəli Beynəlxalq münasibətlər ixtisasına, 2007ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib magistr dərəcəli Biznesin təşkili və idarə edilməsi ixtisasına yiyələnmişdir. xx.xx.1998-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 22 illik ümumi iş təcrübəsinə malikdir. 12 ili rabitə sektorunda müxtəlif vəzifələrdə işləmişdir. Ümumi əmək fəaliyyəti dövründə barəsində heç bir intizam tənbehi görülməyib. Ailəlidir, xx.xx.2004-cü və xx.xx.2010-ci il təvəllüdlü iki övladları var. xx.xx.2004-cü il təvəllüdlü böyük oğlu İman Ömər Elşad oğlunun sağlamlıq imkanları məhduddur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndi öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv edilməsini qadağan edir. İşəgötürən onunla bağladığı əmək müqaviləsinə xitam verməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndini pozmuşdur. Məlum olduğu kimi dünya ölkələri, habelə Azərbaycan Respublikası da bütün səylərini yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. 2020-ci il mart ayından etibarən COVİD-19 xəstəliyi X2 tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülüb və hal-hazırda da görülməkdədir. Konoravirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə ölkə vətəndaşlarına dövlət tərəfindən maksimum dərəcədə dəstək göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən COVİD-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması məqsədi ilə sosial-iqtisadi dəstək paketlərinin qəbul olunmuşdur. Bundan əlavə işsizliklə bağlı probleblərin həlli daim gündəlikdə məsələdir. Azərbaycan Respublikasının Prezidenti çıxışlarında dəfələrlə işəgötürənlərə müraciət edərək mövcud pandemiya dövründə insanların işsiz qoymamağa dair xəbərdar etdiyi bir zamanda işəgötürən onun əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi, işəgötürən əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası ƏM-nin tələblərinə, pandemiya dövründə Azərbaycan Respublikası Prezidentinin pandemiya ilə bağlı göstəriş və tövsiyələrini, habelə ali təhsilini, iş stajını, ailəli, himayəsində 18 yaşadək sağlamlıq imkanları məhdud övladının olmasını nəzərə almayıb. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin 1299 saylı, xx.xx.2020-ci il tarixli əmrini ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, iki ali təhsili var, üç dildə sərbəst danışır. Cavabdeh təşkilatda işlədiyi müddət ərzində onun tərəfindən verilmiş ideya əsasında cavabdeh təşkilat 11000 manat qazanc əldə etmişdir. pandemiya dövründə işləmişdir, lazımlı kadrdır, nəyə görə belə bir mütəxəssisin çıxarılmasını anlamır. Məhkəmə iclasında izahatı alınmış cavabdeh «xxxxxxx» MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanılmışdır. Müqavilə müddəti bitdikdən sonra isə onunla əsək münasibətlərinə xitam verilmişdir .Əmr qanunidir və bu səbəbdən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə İman (Göyüşova) Ülviyə Hüseyn qızının əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin Biznes inkişafı və marketinq departamentinin Marketinq şöbəsinə müdir vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 135 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin Biznes inkişafı və marketinq departamenti Marketinq şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi 3 ay müddətinə bağlanılmış və 3 ayı sınaq müddəti hesab edilmişdir. Həmin müqaviləsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 ay müddətinə bağlanmışdır. İş üzrə Cavabdeh MMC-nin 1299 saylı, xx.xx.2020-ci il tarixli əmri ilə Biznes inkişafı və marketinq departamentinin Marketinq şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən son haqq-hesab aparılmaqla xitam verilmişdir. İş üzrə Respublika Uşaq Klinik Xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibbi vərəqəsindən 1532 saylı çıxarışının kserosurətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü İman Ömər Elşad oğlu kardiologiya şöbəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müayinə almış, kliniki diaqnozu: AGÜQ.Q20.1DORV+Pulmonar stenoz əməliyyatdan sonkı vəziyyət. Q22.1 Sağ boşluqların genişlənməsi. Rezidual VSD Q21.0 LRA darlıq. Pulmonar yetərsizlik İİ-İİİ dərəcə, Q22.2 Trikuspid çatmamazlıq İİ dərəcə 136.1 AÇ-İ dərəcə. J35.1 Qan dövranı çatmamazlığı-İİ dərəcə.150.0. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin Biznes inkişafı və marketinq departamenti Marketinq şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmiş və onun bağlanılmış əmək müqaviləsi 3 ay müddətinə bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən əmək müqaviləsi müəyyən edilmiş müddətə - 3 ay uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri xx.xx.2020ci il tarixədək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini birbirlərindən tələb etməmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin 1299 saylı xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız hesab edilməsinin əsası kimi əmək müqaviləsinə xitam verərkən işəgötürən onun ali təhsilini, iş stajını, himayəsində 18 yaşadək sağlamlıq imkanları məhdud uşağının olmasını nəzərə almaması ilə əlaqələndirmiş, bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulmasını qeyd etmişdir. Bu səbəbdən iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmrinin ləğv edilməsini xahiş etmişdir. AR Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:

1. əmək müqaviləsinin müddətinin qurtarması;

2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 79-cu maddəsi tətbiq edilərkən 2 əsasla işdən azad olunan işçilər üçün bu imtiyaz nəzərə alınmır. Bu hal işəgötürən tərəfindən AR ƏM-nin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddə ilə (müddətli əmək müqaviləsinin xitam verilməsi) xitam verilən hallara şamil edilmir. Qanunvericiliyin bu tələbindən də göründüyü kimi, iddiaçı müddətli əmək müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra onunla əmək münasibətlərinə xitam verildiyindən onun istinad etdiyi qanunvericilik norması bu hala şamil edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqını hesablanıb ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC- nin xx xxxxxx 2020-ci il tarixli 1299 saylı əmrinin ləğv edilməsi, onun Biznes inkişafı və marketinq departamentinin Marketinq şöbəsinin müdiri vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar