Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1995/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh MTK-ya qarşı «sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MTK-ya qarşı «sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilə dair maliyyə arayışının və ümumi yığıncaq qərarnından (protokolundan) çıxarışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı artıq 13 ildir ki, ünvan 1-də inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzildə yaşayır. Həmin mənzili o, mərhum X1 almışdır. Lakn bu illər ərzində mənzilin rəsmi çıxarış sənədinin əldə olunması ilə bağlı müxtəlif çətinliklərlə üzləşir. MTK-nın nümayəndəsi uzun illərdir ki, bu hüququn reallaşdırılmasına süni maneələr yaradır. Bu proses artıq səkkiz ildir ki, onu həm maddi, həm mənəvi cəhətdən yormuşdur. O, həmin mənzilin rəsmi çıxarışını almaq istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarından olan: X3 ilə İddiaçı arasında bağlanmış 14 fevral 2012-ci il tarixli mənzil sahəsinin alqısatqısına dair ilkin müqaviləyə əsasən tərəflər xx.xx.2008-ci il tarixli sərəncama, xx.xx.2008-ci il tarixli orderin surətinə və Cavabdeh MTK ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən ünvan 1-də inşa edilmiş yaşayış binasının 7-ci girişinin, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin 62.920 manata satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişdirlər. Həmin Müqavilənin 3-cü bəndinə qeyd edilir ki, alıcı satış məbləğindən 35392,50 manatı nağd şəkildə satıcıya ödəmişdir. X3 ilə İddiaçı arasında bağlanmış 16 iyul 2012-ci il tarixli mənzil sahəsinin alqı-satqısına dair ilkin müqaviləyə əlavə barədə sazişə əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş mənzil sahəsinin alqı-satqısına dair ilkin müqavilədə satış qiymətindən 27477,50 manat pulu satıcı X2 nağd şəkildə ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən ünvan 1-də inşa edilmiş yaşayış binasının 7-ci girişinin, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin 62.920 manata alqı-satqısı barədə X3 ilə İddiaçı razılığa gəlmişdirlər. Mənzilin dəyəri tərəflərin hər ikisinin razılığı ilə 62.920 manat müəyyənləşdirilmişdir. Həmin məbləğ İddiaçı tərəfindən X.Həsənova tam ödənilmişdir. Mənzil bundan sonra iddiaçının sahibliyinə keçmişdir və o vaxtdan hazırki vaxta kimi də onun sahibliyindədir. İddiaçı mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd əldə etmək üçün mənzilə dair maliyyə arayışı və digər zəruri sənədlərin ona təqdim edilməsi üçün cavabdeh MTK-ya müraciət etməsinə baxmayaraq, cavabdeh bundan imtina edir. AR Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvanverilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mənzil Məcəlləsinin: 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə işin hallarına qanunvericiliyin tələblərinə istinadən qiymət verərək qeyd edir ki, iddiaçı mənzilin dəyərini tam ödəməklə kooperativin payçısı olmuşdur. Mənzillə bağlı rəsmiləşdirmə işləri aparıldıqdan sonra mənzil iddiaçıya təhvil verilmişdir və hazırda da sahibliyindədir. Belə olan halda iddiaçının mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış almaq üçün tələb olunan sənədlər MTK tərəfindən iddiaçıya təhvil verilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyi "xxxx" MTK-ya həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1995/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1995/2025
10.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver