Məhkəmə qərarları › İş №2(009)-2002/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2002/2022

12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2002/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında 01 aprel 2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 4 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ilin oktyabr ayında toyda tanış olmuş, 2019-cu ilin dekabr ayında elçilik, 07 mart 2020-ci ildə onların nişanları olub. Nişanın bütün xərclərini onun anası və qardaşı qarşıladı. Nişan üzüklərini də onun anası aldı. Nişan olandan sonra Cavabdeh bəzi geyim əşyalarını onlarda qoymuşdur. 2020-ci ildə ölkə üzrə bütün tədbirlər, bütün toy məclislərinin keçirilməsi qadağan edilmişdir. Cavabdeh ilə ilk öncə nikahın rəsmiləşdirilməsini, daha sonra isə karantin rejimi bitdikdən sonra toy mərasiminin keçirilməsinə razılaşmışlar. Bu səbəbdən onlar 01 aprel 2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 4 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra 4-5 ay keçməsinə baxmayaraq, Cavabdeh onlara gəlib-getməməsini, toyun təşkil edilməsi haqqında söhbətlərin olmaması onu şübhələndirdi və o, Cavabdeh anası ilə əlaqə saxlamış və bütün bunları ondan soruşmuşdur. Cavabdehin anası ona bildirmişdir ki, oğlu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ünvanı bilmədiyi bir evdə özündən yaşda böyük bir xanımla yaşayır və anası ilə əlaqəsi yoxdur. Nikahları Cavabdeh tərəfindən ailə qurmaq niyyəti olmadan bağlanmışdır. Qeyd edir ki, nikahları rəsmi qeyd edilsə də, toyları olmamış, aralarında hər hansı ər-arvad münasibətləri olmamış və onlar bir gün də olsun bir yerdə yaşamamışlar. Onlar ayrı yaşayaraq və ayrı təsərrüfat aparırlar. Cavabdehlə çoxdan əlaqə qura bilməmiş, belə ki, o, əlaqə nömrələrini dəyişmiş və yeni nömrələrini ona verməmişdir. Əldə etdiyi məlumata əsasən, Cavabdeh narkotik vasitələrin aludəçisi olduğu üçün tutulmuş və hazırda cinayət işi üzrə istintaq aparılır. Onun barəsində həbs qətimkan qərarı seçilmişdir və hazırda Cavabdeh 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, cavabdehin anası onlara elçi gələndə ona qaşının birinin olmadığı bir üzük və baş örtüyü gətirmişdi. Nişanı isə cavabdehin imkanı olmadığından onun anası təşkil etmiş, üzükləri də anası almışdır. Çünki cavabdehin anası deyirdi ki, onların nişan gətirməyə imkanları yoxdur, ona görə də, anası məcburiyyət qarşısında qalaraq nişan üzüklərini almış və 2-3 ədəd xonça düzəltmişdi. Yəni cavabdeh tərəfindən nişan zamanı ona hər hansı hədiyyə gətirilməmişdir. O, cavabdehin təkidi ilə tez nikah bağlamış, lakin nikah bağladıqdan bir müddət sonra cavabdeh özünü şübhəli aparmağa başlamış, yəni harada yaşaması, nə işlə məşğul olması barədə suallara cavab verməkdən yayınmış, bir dəfə onunla kafedə görüşən zaman qollarında kəsiklərin olduğunu görüb, bunun səbəbini soruşduqda, polislər onu saxladığından, qollarını kəsdiyini bildirmiş, daha sonra cavabdehin telefonuna zəng çatmadığı üçün bunun səbəbini onun anasından soruşduqda, anası cavabdehin Bakıda özündən yaşca böyük bir qadınla yaşadığını, iddiaçı ilə ailə qurmaq istəmədiyini anasına deməsi səbəbindən oğlunun işlərinə qarışmadığını bildirmişdir. Bir müddət cavabdehin telefonuna zəng çatmadığından, cavabdehlə nikahlarını könüllü ləğv etdirmək üçün məcbur olub anası ilə birlikdə cavabdehin anasının yaşadığı Biləsuvar rayonu, Ağalıkənd kəndinə getmiş və orada onlara məlum olmuşdur ki, cavabdeh və qardaşı narkotikə görə tutulmuş və hazırda istintaq təcridxanasındadır. Bundan sonra onun anası cavabdehin anasının elçilikdə gətirdiyi üzüklə baş örtüyünü cavabdehin anası ilə metro tərəfdə görüşərək ona qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Cavabdeh təcridxanada saxlanılır və iddia ərizəsinin surəti ona təqdim olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsinə də hüquqi qiymət verməklə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 803305 saylı, xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında 01 aprel 2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində nikahın bağlanmasına dair 14 sayı ilə qeyd aparılmış və iddiaçıya “Nəsirova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X1 rayon Məhkəməsinə ünvanlanmış xx/xx-4382 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 3 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh iddia ərizəsinin surəti təqdim olunmuşdur. İddiaçı sözügedən nikahın etibarsızlığını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad edərək irəli sürmüş və iddia tələblərini bu əsaslarla müdafiə etmişdir. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiaçının istinad etdiyi qanunvericilik normasının dispozisiya şərtlərinin hazırki iddiaya münasibətdə mövcudluğunun olubolmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.Axundovanın şikayəti üzrə” 18 fevral 2014-cü il tarixli qərarında izah etmişdir ki, Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Eyni zamanda, ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:- nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; - pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad). Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında nikah bağlansa da, onlar faktiki olaraq birlikdə yaşamamış, toy mərasimi keçirilməmiş və ümumiyyətlə tərəflər ailə münasibətlərində olub birgə təsərrüfat aparmamışlar. Bunun əksinə olaraq, cavabdeh bütün hərəkətləri ilə iddiaçı ilə ailə qurmaq niyyətində olmadığını göstərmiş, belə ki, başqa qadınla qeyri-rəsmi münasibətdə olmuş, iddiaçı ilə ünsiyyətini kəsmiş, iddiaçının telefon zənglərinə cavab verməmiş, hətta cinayət məsuliyyətinə cəlb olunması, istintaq təcridxanasında saxlanıldığı barədə iddiaçıya məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, cavabdehlə birlikdə deyil, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Beləliklə, cavabdehin ailə qurmaq niyyəti olmadan iddiaçı ilə nikaha daxil olması faktı məhkəmə iclasında müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanımaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Uydurma əqd isə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 340.1-ci maddəsi). İş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə hesab edir ki, nikahın etibarsız sayılması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 01 aprel 2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış və 14 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar