Məhkəmə qərarları › İş №2(009)-2019/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2019/2020

29.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2019/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri X5 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək münasibətləri prosesində əmək mübahisələrinin həlli zamanı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2015-ci ilin avqust ayından işdən azad olunma tarixinədək hər rüb bir əmək haqqı miqdarında mükafat məbləği miqdarında və işdən çıxarıldığı gündən hal-hazıradək əmək kitabçasının ona təqdim edilmədiyinə görə ona hesablanacaq və ödənilməli olan pensiya məbləği miqdarında maddi ziyanın, 10000 (on min) manat mənəvi zərərin ödənilməsi və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnoloqiyaları Nazirliyinin radio-televiziya yayımı və radiotezlikləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Rabitə və X1 KGMS-288 nömrəli, xx.xx.2013-cü il tarixli əmri ilə qeyd olunan vəzifəyə təyin olunmuş və işlədiyi müddət ərzində heç bir nöqsanı olmamış və rəhbərlik tərəfindən bir dəfə də olsun ona intizam tənbehi verilməmişdir. Əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və layiqincə yerinə yetirdiyi üçün işə başladığı dövrdən 2015-ci ilin avqust ayına qədər rəhbərlik tərəfindən hər rüb bir əmək haqqı miqdarında mükafatlandırılmışdır. Sonra isə, Nazirin birinci müavininin xx.xx.2015-ci il tarixli məktubu əsasında ona verilən mükafatlar heç bir əsas olmadan dayandırılmışdır. Belə ki, həmin məktubun ümumiyyətlə onun işlədiyi vəzifə öhdəliklərinə heç bir aidiyyətinin olmaması barədə rəhbərliyə etdiyi şifahi müraciətlərinə cavab olaraq bildirilmişdir ki, narahatçılığa heç bir əsas yoxdur, ona verilən mükafatlar müvəqqəti dayandırılmış, lakin hər bir halda ona hər rüb verilməsi nəzərdə tutulan mükafatların miqdarında ödənişlər tam miqdarda ilin və yaxud gələcək illərin yekununda veriləcəkdir. Demək olar ki, 2015-ci ilin sonundan hal-hazıradək ona yalançı vədlər verilməklə, nəticə etibarı ilə ödənilməli olan mükafatlar heç bir əsas olmadan ödənilməmişdir. Xüsusi olaraq qeyd edir ki, nazirlikdə çalışan və onun vəzifəsinə uyğun olan bütün əməkdaşlara mükafatlar verilsə də, nədənsə ona mükafat verilməsi əvəzinə yalançı vədlər verilmişdir. Bundan başqa, cari ilin fevral ayının 02-də, işəgötürən tərəfindən Nazirliyə dəvət olunmuş və orada ona bildirilmişlər ki, vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar o, işdən azad olmağı barədə ərizə təqdim etməlidir. Onun tərəfindən ərizə təqdim olunmasına baxmayaraq, o, işdən azad olunmuş, lakin başqa vəzifə ilə təmin olunmamışdır. O, qanunsuz işdən çıxarılmağına görə məhkəməyə müraciət etsə də, rəhbərliyin ona qarşı hörmətlə yanaşmasını, yəni 2015-ci ilin avqust ayından işdən azad olunma tarixinədək hər rüb bir əmək haqqı miqdarında mükafat məbləğinin ona ödəniləcəyi barədə vəd verildiyini nəzərə alaraq, işin məhkəmədənkənar həlli baxımından iddia tələbi üzrə ərizəsi baxılmamış saxlanılmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ona ödənilməli olan mükafat məbləğlərinin ödənilməsi üçün heç bir tədbir görülməmiş, hətta əmək kitabçası ona qaytarılmamışdır. Məlumat üçün qeyd edir ki, qüvvədə olan əmək qanunvericiliyinin tələbinə görə, Əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri, sərəncamı, qərarı onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı, ödənilməmiş mükafatlar və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını təsbit etsə də, cavabdeh tərəfindən qeyd olunan qanunvericiliyin imperativ normasına əməl olunmamış və həmin normanın tələbi kobudcasına pozulmuşdur.Xüsusi olaraq qeyd edir ki, cavabdehin ona qarşı uzun sürən, demək olar ki, bir ildən artıq bilə-bilə qanunsuz hərəkətlərinə məruz qaldığı üçün «mükafat haqqının ödənilməsi və əmək kitabçasının təqdim olunması barədə» rəsmi ərizə ilə müraciət etmişdir. Ərizədə göstərilmişdir ki, o, uzun müddətdir ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin radio-televiziya yayımı və radiotezlikləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Rabitə və X1 KGMS-288 nömrəli, xx.xx.2013-cü il tarixli əmri ilə qeyd olunan vəzifəyə təyin olunmuş və işlədiyi müddət ərzində heç bir nöqsanı olmamış və rəhbərlik tərəfindən bir dəfə də olsun ona intizam tənbehi verilməmişdir. Əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və layiqincə yerinə yetirdiyi üçün işə başladığı dövrdən 2015-ci ilin avqust avına qədər rəhbərlik tərəfindən hər rüb bir əmək haqqı miqdarında mükafatlandırılmışdır. Sonra isə, Nazirin birinci müavininin xx.xx.2015-ci il tarixli məktubu ilə, yəni onun işlədiyi qruma aidiyyəti olmayan məktub üzrə ona verilən mükafatlar heç bir əsas olmadan dayandırılmışdır. Belə ki, həmin məktubun ümumiyyətlə onun işlədiyi vəzifə öhdəliklərinə heç bir adiyyətinin olmaması barədə rəhbərliyə etdiyi şifahi müraciətlərinə cavab olaraq bildirilmişdir ki, narahatçılığa heç bir əsas yoxdur, ona verilən mükafatlar müvəqqəti dayandırılmış, lakin hər bir halda ona hər rüb verilməsi nəzərdə tutulan mükafatların miqdarında ödənişlər tam miqdarda ilin və yaxud gələcək illərin yekununda veriləcəkdir. Demək olar ki, 2015-ci ilin sonundan hal-hazıradək ona yalançı vədlər verilməklə, nəticə etibarı ilə ödənilməli olan mükafatlar heç bir əsas olmadan ödənilməmişdir. Bundan başqa, cari ilin fevral ayının 02də, işəgötürən tərəfindən Nazirliyə dəvət olunmuş və orada ona bildirilmişdir ki, vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar o, işdən azad olmağı barədə ərizə təqdim etməlidir. Onun tərəfindən ərizə təqdim olunmasına baxmayaraq, o, işdən azad olunmuş, lakin başqa vəzifə ilə təmin olunmamışdır. Eləcə də, verilməli olan mükafat məbləğləri ona ödənilməmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, ona ödənilməli olan mükafat məbləğlərinin ödənilməsi üçün heç bir tədbir görülməmiş, hətta əmək kitabçası ona qaytarılmamışdır. Onun işdən çıxarılmağına baxmayaraq, rəhbərliyin ona qarşı hörmətlə yanaşmasını, həmçinin 2015-ci ilin avqust ayından işdən azad olunma tarixinədək hər rüb bir əmək haqqı miqdarında mükafat məbləğinin ona ödəniləcəyi barədə vəd verildiyini nəzərə alaraq, əlaqəli orqanlara şikayət ərizəsi ilə müraciət etməmişdir. Təəssüflər olsun ki, cavabdehin xx.xx.2020-ci il tarixli. 1-2106/3366-20 nömrəli cavab məktubunda ona bildirilmişdir ki, əmək müqaviləsi üzrə nəzərdə tutulan ödənişlər vaxtlı-vaxtında ona ödənilmişdir. Hansı ki, onun müraciətində 2015-ci ilin avqust ayına qədər rəhbərlik tərəfindən hər rüb bir əmək haqqı miqdarında mükafatın ödənilməsi ilə bağlı idi. Cavabdeh isə həmin mükafat barəsində heç bir məlumat bildirməmişdir. Eləcə də, cavabdeh işdən azad olmağı barədə əmri ona təqdim etməmiş, bu da, əlavə olaraq ona maddi ziyanın vurulmasını sübut edir. Belə ki, işdən çıxarıldığı gündən hal-hazıradək əmək kitabçası ona təqdim edilmədiyinə görə ona hesablanacaq və ödənilməli olan pensiya məbləği müəyyən edilməmişdir ki, həmin məbləğ qədər də ona maddi ziyan dəymişdir. Odur ki, əmək münasibətləri prosesində əmək mübahisələrinin həlli zamanı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə və bu cür qanunsuz hərəkətlərinə son qoyulmasına, 2015-ci ilin avqust ayından işdən azad olunma tarixinədək hər rüb bir əmək haqqı miqdarında mükafat məbləği miqdarında və işdən çıxarıldığı gündən hal-hazıradək əmək kitabçasının ona təqdim edilmədiyinə görə, ona hesablanacaq və ödənilməli olan pensiya məbləği miqdarında maddi ziyanın və 20 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Həmçinin qeyd etmək istəyir ki, rabitə sistemində yaranmış imicinin qorunması baxımından, cavabdeh ilə aralarında yaranmış mübahisənin ictimailəşdirilməməsi məqsədilə və cavabdehin əməkdaşı tərəfindən bərabərlik hüququnu pozmaqla ona qarşı etdikləri bilə-bilə qanunsuz hərəkətləri nəticəsində keçirdiyi iztirablar nəticəsində istirahətə ehtiyacı olduğundan, mənəvi zərər kimi cavabdehin hesabına 10 000 manat mənəvi zərərin tutulmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin izahatına əlavə olaraq qeyd etmişdir ki, məhkəmə baxışı dövründə əmək kitabçasını cavabdehdən götürmüşdür. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri X5 və X4 iddia tələbinə etiraz edərək göstərmişlər ki, İddiaçı xx.xx.2013-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin radio-televiziya yayımı və radiotezlikləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində əmək fəaliyyətinə başlamış və 2013-cü il 01 noyabr tarixində bağlanmış əmək müqaviləsinə əsasən işçiyə hər ay 1.173 manat əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçıya 2013-cü ildən-2015-ci ilin dekabr ayınadək 1.173 manat, 2015-ci ilin dekabr ayından-2017-ci ilin fevral ayına qədər 1.291 manat, 2017-ci ilin fevral ayından işdən azad olunan dövrə qədər isə 1.420 manat əmək haqqı və iş stajına görə əlavələr vaxtında ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən, əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Belə ki, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə Həmkarlar İttifaqı Komitəsi arasında imzalanan Kollektiv Müqavilə”nin 10.6-cı bəndinə əsasən, Nazirliyin və digər dövlət orqanlarının tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi, yeni və qabaqcıl texnologiyanın tətbiqi, maddi resursların qənaəti və s. ilə əlaqədar olaraq mühəndis-işçi heyəti idarə tərəfindən mükafatlandırıla bilər. Eyni zamanda Kollektiv Müqavilənin 12-ci hissəsinə əsasən, ilin yekunlarına görə mükafatlandırma istehsalat planlarının yüksək keyfiyyətlə yerinə yetirilməsinin, istehsalatın səmərəsini yüksəldən və elmin naliyyətlərinin istehsalatda tətbiq etməni stimullaşdırmaq üçün işçilərə ilin yekunlarına görə (13-cü əmək haqqı) mükafat verilə bilər. İddiaçı əmək haqqı barədə məlumat cədvəlindən aydın olur ki, ona maddi yardım, 13-cü əmək haqqı və məzuniyyətə çıxmağa görə yardım vaxtında ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü göstərilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixində Nəqliyyat, Rabitə və X6nə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 69.3-cu maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, iddiaçı Əmək Məcəlləsinin 69.3-cü və 84-cü maddələrinə əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2019-cu il 4 fevral tarixli İR-013 nömrəli əmri ilə işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verildikdən sonra vətəndaşa xx xxxxxx 2019-cu il tarixli 1-21-21/671-19 nömrəli məktubla əmək kitabçasının götürülməsi ilə bağlı məktub göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə əmək kitabçası iddiaçıya təhvil verilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı işdən azad olunarkən ona 2.083,78 manat məbləğində son haqq-hesab ödənilmişdir. Beləliklə qeyd olunanlardan və işin hallarından məlum olur ki, İddiaçı işlədiyi müddət ərzində əmək müqaviləsi ilə nəzərdə tutulan qaydada əmək haqqı və ona bərabər tutulan ödənişləri vaxtı-vaxtında almış, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş, həmin gün əmək kitabçasının alınması ilə bağlı ona məktub göndərilmiş və xx xxxxxx 2020-ci il tarixində isə əmək kitabçasını götürmüş, ona ödənilməli olan son haqq-hesab ödənilmişdir. Eyni zamanda iddiaçının mənəvi zərərlə bağlı tələbi ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Lakin işin hallarından məlum olur ki, iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər gətirən hallara yol verilməmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin radioteleviziya yayımı və radiotezlikləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli, 011XM44000101 nömrəli məlumatdan görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin radio-televiziya yayımı və radiotezlikləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşçinin aylıq əmək haqqının məbləği 1420,39 manat qeyd edilmişdir. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyi Dövlət X7 xx.xx.2019-cu il tarixli, k/ə-86 nömrəli əmrindən görünür ki, NRYTN-nin radioteleviziya yayımı və radiotezliklər üzrə səlahiyyətli nümayəndəsi İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və axırıncı haqq-hesab ödənilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli, 011XM440001X0 nömrəli məlumatdan görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “xx.xx.2019” tarixli, “İR- 013” nömrəli, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 2019-cu ilin fevral ayına dair haqq hesab vərəqindən görünür ki, İddiaçı yekun olaraq 2053,31 manat məbləğində pul ödənilmişdir. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və X6 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1-21-21/671-19 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verildiyi, bununla əlaqədar ən qısa zamanda əmək kitabçasının alınması üçün İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinə müraciət etməsi bildirilmişdir. - Azərbaycan Respublikasının Rabitə və X3 birinci müavini tərəfindən “xxxx” MMC-yə və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubun surətindən görünür ki, “xxxx” MMC-nin gəlirlərinin azalması, göstərilmiş xidmətlərə görə debitor borclarının yığımında yaranan çətinliklər, həmçinin xarici, yerli şirkətlər və banklar qarğısında öhdəliklərin artması ilə əlaqədar “xxxx” MMC-də yaranmış maliyyə çətinliyi nəzərə alınaraq, MMC-nin işçiləri, o cümlədən RYTNnin səlahiyyətli nümayəndələrinin əmək haqqına ödənilən əlavələrin (mükafatlar, məzuniyyətlə bağlı maddi yardımlar "və.s) “xxxx” MMC-nin maliyyə imkanları daxilində kollektiv müqavilənin şərtlərinə uyğun həyata keçirilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər idarəsində xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək səlahiyyətli nümayəndə vəzifəsində işləmiş və ona maddi yardım, 13-cü əmək haqqı və məzuniyyətə çıxmağa görə yardım ödənilmişdir. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 1-2-106/3366-20 saylı məktubundan görünür ki, onun Nazirliyə daxil olmuş mükafatın ödənilməsi və əmək kitabçasının təqdim olunması barədə ərizələrinə tərəflərindən baxılmışdır. Bildirirlər ki, onlar işlədikləri müddət ərzində əmək müqaviləsi ilə nəzərdə tutulan qaydada əmək haqqı və ona bərabər tutulan ödənişləri vaxtlı-vaxtında almışdır. Eyni zamanda, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilib və ona 2083,78 AZN son haqq-hesab ödənilmişdir. Bununla yanaşı, onlara əmək kitabçasının təqdim olunması ilə bağlı xx.xx.2019-cu il tarixli 1-21-21/671-19 nömrəli məktub ünvanlanmış və xx.xx.2020-ci il tarixində əmək kitabçası ona təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin radio-televiziya yayımı və radiotezlikləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində əmək fəaliyyətinə başlamış və 2019-cu il 4 fevral tarixli İR-013 nömrəli əmri ilə işdən azad olunmuşdur. İddiaçıya 2013-cü il 01 noyabr tarixindən 2015-ci ilin dekabr ayınadək 1.173 manat, 2015-ci ilin dekabr ayından-2017-ci ilin fevral ayına qədər 1.291 manat, 2017-ci ilin fevral ayından işdən azad olunan dövrə qədər isə 1.420 manat əmək haqqı və iş stajına görə əlavələr ödənilmişdir. İşin materiallarından görünür ki, iddiaçının tələbinin əsas mahiyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2019-cu il 4 fevral tarixli İR-013 nömrəli əmri ilə işdən azad olunduqdan sonra 2015-ci ildən işdən çıxan vaxta kimi ona verilən mükafatların heç bir əsas olmadan dayandırılmasının qanunsuzluğu təşkil edir və o, məhz bu halla bağlı cavabdehin əməkdaşı tərəfindən bərabərlik hüququnu pozmaqla ona qarşı etdikləri bilə-bilə qanunsuz hərəkətləri nəticəsində keçirdiyi iztirablar nəticəsində istirahətə ehtiyacı olduğundan, mənəvi zərər kimi cavabdehin hesabına 10000 manat mənəvi zərərin tutulmasını da tələb edir. İşin materiallarından görünür ki, həqiqətən də cavabdehin işlədiyi müəssisədə əmək haqqına ödənilən əlavələrin (mükafatlar, məzuniyyətlə bağlı maddi yardımlar və.s) ödənilməsində çətinliklər “xxxx” MMC-nin gəlirlərinin azalması, göstərilmiş xidmətlərə görə debitor borclarının yığımında yaranan çətinliklər, həmçinin xarici, yerli şirkətlər və banklar qarğısında öhdəliklərin artması ilə əlaqədar yaranmışdır və işin bu halı Azərbaycan Respublikasının Rabitə və X3 birinci müavini tərəfindən “xxxx” MMC-yə və RYTN-nin səlahiyyətli nümayəndələrinə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubun məzmununda aydın şəkildə izah edilmişdir. Qeyd edilən məktubda həmçinin “xxxx” MMC-də yaranmış maliyyə çətinliyi nəzərə alınaraq, MMC-nin işçiləri, o cümlədən RYTN-nin səlahiyyətli nümayəndələrinin əmək haqqına ödənilən əlavələrin (mükafatlar, məzuniyyətlə bağlı maddi yardımlar və.s) “xxxx” MMC-nin maliyyə imkanları daxilində kollektiv müqavilənin şərtlərinə uyğun həyata keçirilməsidə tövsiyyə olunmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər idarəsi ilə Həmkarlar İttifaqı Komitəsi arasında imzalanan 2018-2020-ci illər üçün Kollektiv Müqavilənin 10.6-cı bəndinə əsasən, Nazirliyin və digər dövlət orqanlarının tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi, yeni və qabaqcıl texnologiyanın tətbiqi, maddi resursların qənaəti və s. ilə əlaqədar olaraq mühəndis-işçi heyəti idarə tərəfindən mükafatlandırıla bilər. Həmin Müqavilənin 12-ci hissəsinə əsasən ilin yekunlarına görə mükafatlandırma istehsalat planlarının yüksək keyfiyyətlə yerinə yetirilməsinin, istehsalatın səmərəsini yüksəldən və elmin nailiyyətlərinin istehsalatda tətbiq etməni stimullaşdırmaq üçün işçilərə ilin yekunlarına görə (13-cü əmək haqqı) mükafat verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 155.5-ci maddəsinə əsasən, əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Belə ki, AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. (ƏM 157-ci maddəsinin 6-cı hissəsi) Əmək Məcəlləsinin 158-ci maddəsinin 1-ci hissəsinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Göründüyü kimi, əmək haqqına əlavə ilə mükafat həvəsləndirici pul vəsaiti olmaqla yanaşı, eləcə də onun verilməsi təşəbbüsü işəgötürənə aid olmaqla onun hüququdur. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2015-ci il tarixli məktubu əsasında ona verilən mükafatların heç bir əsas olmadan dayandırılması ilə bağlı iddia tələbləri əsassızdır. Belə ki, cavabdeh iddiaçı ilə arasında bağlanılan əmək müqaviləsi ilə üzərinə iddiaçıya əmək haqqı ilə yanaşı həmçinin mükafatlar da ödənilməsi kimi öhdəlik götürməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və layiqincə yerinə yetirdiyi üçün işə başladığı dövrdən 2015-ci ilin avqust ayına qədər rəhbərlik tərəfindən hər rüb bir əmək haqqı miqdarında mükafatlandırılması halı mövcud olsa da, xx.xx.2015-ci il tarixdən iddiaçı işdən çıxanadək öz əmək vəzifələrini olduğu kimi yerinə yetirməkdə davam etməsinə baxmayaraq Nazirin birinci müavininin qeyd edilən tarixli məktubu əsasında ona verilən mükafatların dayandırılması halı əmək qanunvericiliyinin tələblərinin və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə Həmkarlar İttifaqı Komitəsi arasında imzalanan Kollektiv Müqavilə”nin qeyd edilən bəndlərindən də görünür ki, mühəndis-işçi heyətinin idarə tərəfindən mükafatlandırılması və işçilərə ilin yekunlarına görə (13-cü əmək haqqı) mükafat verilməsi işəgötürənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Həmçinin, kollektivin müqaviləyə əsasən bu mükafatlandırma Nazirliyin və digər dövlət orqanlarının tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi, yeni və qabaqcıl texnologiyanın tətbiqi, maddi resursların qənaəti və s. əlaqədar olmaqla yanaşı ilin yekunlarına görə mükafatlandırmanın istehsalat planlarının yüksək keyfiyyətlə yerinə yetirilməsinin, istehsalatın səmərəsini yüksəldən və elmin nailiyyətlərinin istehsalatda tətbiq etməni stimullaşdırmaq üçün nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş İddiaçı əmək haqqı barədə məlumat cədvəlindən də görünür ki, ona maddi yardım, 13-cü əmək haqqı və məzuniyyətə çıxmağa görə yardım vaxtında ödənilmiş, işdən azad olunarkən ona müvafiq hesablamalar aparılmaqla son haqq-hesab da ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına zərurət qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının tələbinin əmək münasibətləri prosesində əmək mübahisələrinin həlli zamanı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2015-ci ilin avqust ayından işdən azad olunma tarixinədək hər rüb bir əmək haqqı miqdarında mükafat məbləği miqdarında ona hesablanacaq və ödənilməli olan pensiya məbləği miqdarında maddi ziyanla bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, iddiaçının bununla bağlı iddia tələbini əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də həmin tələb rədd edilməlidir. Məhkəmə iddia tələbinin 10000 (on min) manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələb 2015-ci ildən işdən çıxan vaxta kimi iddiaçıya verilən mükafatların heç bir əsas olmadan dayandırılmasının qanunsuzluğu ilə bağlı tələbdən törəmə olduğundan, həmin tələb üzrə irəli sürülən faktiki hallarınisə onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassız sayıldığı üçün mənəvi tələb üzrə araşdırma aparılmaqla ona hüquqi qiymət verilməsinə zərurət yoxdur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, tələbin bu hissəsi də rədd edilməlidir. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə tələbin iddiaçının işdən çıxarıldığı gündən hal-hazıradək əmək kitabçasının ona təqdim edilməməsi ilə bağlı hissəsi üzrə qeyd edir ki, iddiaçı izahatında məhkəmə baxışı dövründə ona əmək kitabçasının qaytarılmasını göstərsə də, iddia tələbinin həcminin azaldılması və ya həmin hissə üzrə iddiasını geri götürməsinə dair ərizə vermədiyi üçün məhkəmə həmin tələbə MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri sayır və hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğu üçün rədd olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etməyi də zəruri sayır ki, iddiaçı əmək münasibətləri prosesində əmək mübahisələrinin həlli zamanı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2015-ci ilin avqust ayından işdən azad olunma tarixinədək hər rüb bir əmək haqqı miqdarında mükafat məbləği miqdarında ona hesablanacaq və ödənilməli olan pensiya məbləği miqdarında maddi ziyanla bağlı tələb irəli sürərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş müddəti də üzürsüz səbəbdən buraxmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiya şərtlərini pozmuş, iddia qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzürlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar