Məhkəmə qərarları › İş №2(009)-2029/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2029/2023

11.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2029/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 65 MÖ/T 53 sayılı mənzildə yaşayış sahəsindən istifadə etmək hüququnun tanınması və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 65 MÖ/T 53 sayılı mənzil mülkiyyət hüququ əsasında Cavabdeh aiddir. Artıq 20 ildən çoxdur ki, idddiaçılar İddiaçı1 və iddiaçının qızı İddiaçı2 sözügedən mənzildə yaşamış, birgə sahiblik etmiş və həmin mənzildən birgə istifadə etmişdirlər. Lakin cavabdeh iddiaçıların həmin mənzildə yaşayış sahəsində istifadə etmə hüquqlarını məhdudlaşdırır. İddiaçı1 Cavabdeh ilə xx.xx.1991-ci il tarixdən rəsmi nikahdadırlar. İddiaçılar hal-hazırda həmin mənzildə qeydiyyatdadırlar və 2-ci bir yaşayış yerləri yoxdur. Qalmadıqları, müraciət etmədikləri qohumları qalmamışdır və qohumların evlərində müəyyən müddətdən artıq qalmaq mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, evin 1953-cü ildən tikildiyini, torpağın dövlətə məxsus olduğunu, evi özəlləşdirmək üçün order və digər sənədləri tapmadığını, iddiaçıları evdən qovmadığını, rəsmi şəkildə ayrılmadıqlarını, Qubada 4 gün dincəlməkdə olduğu zaman çıxıb getdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: İş materiallarında olan V-ЖГ seriyalı, № 459423 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan AZ-T № 077368 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “Cavabdeh”, ana qrafasında “İddiaçı1” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı2 AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, o Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 65 53 sayılı mənzildə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № 352 saylı Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 45 saylı MKİS arayışına əsasən İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 65 53 sayılı mənzildə qeydiyyatdadır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı1 ilə Cavabdeh xx.xx.1991-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan iki övladı olmuşdur: Tərəflər 20 ildən artıq Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 65, mənzil 53 sayılı mənzildə yaşamışlar. İddiaçıların mübahisəli evdən başqa digər yaşayış sahəsi yoxdur. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi, daşınmaz əşyaya subyektiv hüququn birinci şərti bu hüququn müvafiq orqanda (daşınmaz əmlakın dövlət reyestrində) qeydiyyata alınmasıdır. Məhz dövlət qeydiyyatından sonra subyektiv hüququn digər elementləri, yəni müdafiə və tələb etmək hüququ yaranır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakla bağlı hər hansı bir hüquqi hərəkətin edilməsini xüsusi reyestrdə qeydiyyatının müyyənləşdirilməsi, əmlakın mülkiyyətçisinin, habelə istənilən potensial alıcısının hüquqlarının müdafiəsi ilə əlaqədardır. Çünki, yalnız qeydiyyata alınmış hüquqları dövlət tanıyır və onun müdafiəsinə təminat verir. Daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyatının əhəmiyyəti Konstitusiya Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Mülki Prosessual Məcəllənin 81-ci maddəsindən irəli gələn sübutların mümkünlüyü prinsipi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qanunverici daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən sübutetmə vasitəsi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı müəyyən etmiş və bu halın digər sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq oluna bilməzliyini müyyənləşdirmişdir. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Hazırki işdə mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 65 MÖ/T 53 sayılı mənzil hüquqi vəziyyətinə görə özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda, iddiaçı qeyd edilən evə mülkiyyət və ya digər əşya hüququnu təsdiqləyən hər hansı sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun anologiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx.xx.2009-cu il tarixdən əvvəl yarandığından və bu münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də, icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. İşdən görünür ki, tərəflər mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmiş və sonradan cavabdeh iddiaçıları yaşadıqları evə buraxmır. Məhkəmə hesab edir ki, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 65, mənzil 53 sayılı mənzilə cavabdehin razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından, cavabdehlə birgə təsərrüfat apardığından, mübahisəli ev iddiaçıların yeganə yaşayış yeri olduğundan, orada Cavabdehla bərabər hüquqlar əldə etmişdir. Ona görə də, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 65, ö/t 53 saylı mənzilə köçürülsünlər və həmin yaşayış sahəsindən istifadə etsinlər və iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 65, ö/t 53 saylı mənzilə köçürülsünlər və həmin yaşayış sahəsindən istifadə etsinlər. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar