Məhkəmə qərarları › İş №2(009)-203/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-203/2024

28.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-203/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "X9" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "X10" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X9" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X9" MMC tərəfindən onun, yəni İddiaçı barəsində verilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsaslanan xx.xx.2023-cii il tarixli, 47 №-li əmrin və bu əmrə əsasən ******* saylı əmək kitabçasının 2-ci və 3-cü səhifələrində 2-ci qeyd nömrəsi ilə yazılmış "Azərbaycan Respublikası Əmək Məcəlləsi 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilib" qeydinin etibarsız sayılaraq ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməyi və ona 12 may 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın dəlilləri: o, yəni - İddiaçı ilə "X9" MMC arasında bağlanmış 17 aprel 2017-ci il tarixli əmək müqaviləsinə əsasən o qeyd olunan voleybol klubunda mətbuat xidməti üzrə mütəxəssis (mətbuat katibi) vəzifəsinə işə qəbul edilmişdir. 2023-cü ilin aprel ayında Azərbaycan Voleybol Federasiyasının prezident postunda dəyişiklik oldu və həmin posta Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov seçildi. Həmin vaxt, yəni 2023-cü ilin may ayının 5də klubun keçmiş prezidenti Dağıstan Hüseynov onlara bildirdi ki, federasiyanın yeni rəhbəri bütün klubların sıfırlanması və işçilərin hamısının işdən çıxarılması barədə göstəriş vermişdir. Bu zaman o və digər işçilər kompensasiya ödənilmədən işçilərin öz ərizəsi ilə işdən azad edilməsi tələbinə etiraz etdilər və rəhbərliyin dəyişməsinə görə kiçik işçilərin işdən azad edilməsi tələbi ilə razılaşmadılar. Lakin onlara verilən cavabda qeyd olundu ki, bu adi prosedur qaydasıdır, bütün ştatlar üzrə vəzifə tutmuş işçilər işdən azad ediləcək, daha sonra isə öz ərizəsi ilə işdən çıxanlar həmin işə yenidən götürüləcəklər, amma könüllü ərizə əsasında işdən çıxmayanlar aprel və may ayları üçün hesablanmış əməkhaqqını ala bilməyəcək və işə qayıtmaq şansını itirəcəklər. Məhz bu formada məlumatlandıqlarına görə hər kəs, o cümlədən o da may ayının 12-si "könüllü" ərizə yazmışlar. Lakin ərizənin nəticəsi olaraq onlara nə əmr, nə də ki, əmək kitabçası təqdim olundu. Daha sonra kluba Akif adında sponsor gəldi və onlarla tanış olaraq bildirdi ki, may ayının 20-dən sonra ərizə yazan hər kəs işə yenidən götürülmək üçün yoxlanışa dəvət olunacaqdır. Amma maraqlı məqam budur ki, bu formada məlumatlandırıldıqlarına görə onlar könüllü ərizə yazmağa məcbur edilərək işdən çıxdıqları zaman klubun mühasibi, insan resursları üzrə mütəxəssis (HR) və meneceri komandanın işində saxlanılmış və onlar işə gedib-gəlmişlər. Onlar bu halı sonradan bildilər və anladılar ki, aldanıblar. Bunu onun insan resursları üzrə mütəxəssis (HR) ilə "Whatsapp" proqramı vasitəsilə apardığı yazışmalar da təsdiq edir. Onlar ərizə yazmağa məcbur edilərək işdən ayrıldıqdan sonra bu məsələ uzandı və onlara əvvəlki işlərinə qayıtmaqları barədə heç bir dəvət göndərilmədi. Buna görə də, o, iyunun 6-da Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucovla görüşdü. O, ona bildirdi ki, sözügedən məsələdən xəbərdardır, amma 1-2 ay ərzində onun işinə qayıtmağı mümkün deyil, çünki bu qərar rəhbərlik tərəfindən verilmişdir. O həmçinin bildirdi ki, işinə tezliklə bərpa edilməyi mümkün olmamasının səbəbi işçilər arasında ajiotajın yaratmamaqdır. Buna görə də, o, baş katibdən hansı səbəbə görə mühasibin, menecerin və insan resursları üzrə mütəxəssisin işdə saxlandığını soruşdu və bu sualına cavab ala bilmədi. Hər bir halda əmək kitabçasının işdə saxlanılması və ona qaytarılmaması işinə geri qayıdacağı inamı yaratmışdı. 1 ay keçdikdən sonra o "X9" MMC-nin yeni rəhbəri Orxan Kərimovla görüşdü. Klub prezidenti ona bildirdi ki, o hələ komanda yığır, inzibati heyətə ehtiyacı yoxdur. Bu zaman belə bir sual meydana çıxır ki, inzibati heyət lazım olmayan komandada mühasib, menecer və insan resursları üzrə mütəxəssis niyə saxlanılır? O bu sualı Orxan Kərimovun özündən də soruşdu, lakin o ona həmin şəxsləri onun işdə saxlamadığını bildirdi. Daha sonra o Azərbaycan Voleybol Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovun qəbulunda oldu. Qəbul zamanı federasiyanın rəhbəri ona klubların sıfırlanması ilə bağlı hər hansı bir göstəriş vermədiyini və ümumiyyətlə məsələdən xəbərinin olmadığını, bu barədə ilk dəfə eşitdiyini bildirdi. Göründüyü kimi, federasiya rəhbərinin xəbəri olmadan, onun adından istifadə edərək klub rəhbərliyi insanları kütləvi şəkildə işdən azad etmişdir. Şahin Bağırovun qəbulunda olan zaman ona onun heç bir səbəb olmadan, təzminat belə ödənilmədən, qanunsuz olaraq işdən çıxarılmağı, eyni zamanda artıq 3 aydır ki, yerinə yetirilməyən vədlərlə işə bərpa olmamağı haqqında bildirdikdən sonra o, ona Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucova məsələ ilə bağlı göstəriş verəcəyini qeyd etdi. O, qəbuldan 10 gün sonra baş katiblə prosesin hansı mərhələdə olduğu ilə bağlı əlaqə saxlamağa çalışdı, lakin bu mümkün olmadı. Daha sonra, o Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə görüşə bilmək üçün federasiyanın mətbuat katibi Şəfəq Kərimova ilə görüşdü. Ona məsələni olduğu kimi çatdırıb Faiq Qarayevlə danışmaq istədiyini bildirdi. Amma qəbul üçün çağırılmadı. X13 qəbulunda olmağından artıq 3-4 aydan çox vaxt keçib və bu məsələ hələ də öz həllini tapmayıb. O, bu məsələ barədə narazılığını kütləvi informasiya vasitələri hesabına da işıqlandırmışdır və ictimaiyyətin diqqətinə çatdırmışdır. Bundan sonra bəzi xəbər saytlarının əməkdaşları tərəfindən "X9" MMC-nin prezidenti Orxan Kərimovla əlaqə saxlanmışdır. Bu zaman o, qeyd etmişdir ki, onun özü vəzifəyə o işdən çıxarıldıqdan sonra gəlmişdir, yəni o, iyunun sonlarında işə başlamış, o isə aprel ayında işdən çıxarılmışdır. Ona görə də, hər hansısa bir şərh verməsi mümkün deyil. O həmçinin onunla görüşərək komandanı yeni qurmağa başladıqlarını və klubda hazırda bu vəzifənin boş olduğunu bildirdiyini də qeyd etmişdir. Əvvəla, o işdən may ayının 12-də azad edilmişdir. İkinci olaraq isə o, 10 iyul tarixində Orxan Kərimovla görüşən zaman da ona komandanın yığıldığını bildirmişdi. Buna görə də, o, ona inzibati heyətin nə vaxt lazım olacağı barədə sual verdikdə o, vaxtı dəqiq bilmədiyini və mövsüm başlayanda, yəni sentyabr ayında ilk olaraq köhnə işçiləri çağıracağını bildirmişdi. Lakin hələ də o əvvəlki işinə bərpa olunmağı üçün klub tərəfindən çağırılmamışdır. Həmçinin xəbər saytları tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucovla yaradılan əlaqə zamanı o sözügedən məsələnin klubun daxili işi olduğunu, onların klubun işinə müdaxilə etmədiyini, federasiyadan maliyyələşən klubların olduğunu, hər mövsümün sonunda klubda fəaliyyət göstərən hər kəslə müqavilənin sona çatdırılması və növbəti mövsüm yeni müqavilənin bağlandığını, artıq «Azerreyl»də yeni rəhbərinin olmasını və heyəti də onun özünün müəyyənləşdirəcəyini bildirmişdir. Həmçinin o, onun AVF-nin prezidenti Şahin Bağırovun qəbulunda olduğunu və onun ona həmin məsələnin araşdırılacağını bildirdiyini də qeyd etmişdir. Yekun olaraq o bildirmişdir ki, onlar peşəkar klubların daxili işlərinə qarışa bilmir və klub rəhbərliyi özü hər kəslə görüşəcək. O, 6 ildir ki, "X10" MMC-də mətbuat xidməti üzrə mütəxəssis kimi fəaliyyət göstərmiş və heç vaxt mövsüm yekunlaşan zaman baş katibin qeyd etdiyi formada işdən azad olma halı ilə rastlaşmamışdır. Onun qeyd etdiyi bu hal idarə heyətinə deyil, komandanın heyətinə aiddir. Göründüyü kimi, cavabdeh MMC tərəfindən heç bir əsas olmadan, federasiya rəhbərindən xəbərsiz onun adından istifadə etməklə o, və klubun digər işçiləri qanunsuz olaraq işdən azad edilmişlər. İşdən azad edilməklərinə dair ərizəni onlar aprel və may ayları ərzində öz əməkləri haqqını ala bilməməkləri və yenidən işə bərpa olunmadıqları mümkün olmaması hədəqorxusuyla yazmışlar. Ona görə də, o, "X9" MMC-də tutduğu vəzifə üzrə işə yenidən bərpa edilməlidir və ona cavabdeh tərəfindən işdən hədə qorxu ilə azad edildiyi gündən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işdən özü istəyərək çıxmamış, aldadılaraq işdən çıxma ərizəsini yazmışdır. Daha sonra işə qaytarılmayacağını anlamış və əmri dərhal mübahisələndirmişdir. Anlayana qədər isə işə qaytarılacağına ümid etmişdir. Əmək kitabçası ona təqdim edilməmiş, sonradan o özü müraciət edib götürmüşdür. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Etirazın dəlilləri: İddia tələbinə münasibətdə iddia müddəti tətbiq edilməklə tələb rədd edilməlidir. İddia ərizəsinin məzmunundan güründüyü kimi, iddiaçı cavabdehə işdən azad olunma barədə ərizə ilə müraciət etmiş, ərizədə işdən azad olunma tarixini xx.xx.2023-ci il göstərmiş, həmin tarixdən iddiaçı öz ərizəsinə əsasən işdən azad olunmuş, həmin tarixdən onunla əmək münasibətlərinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a" yarım bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü, əmək müqavilasinə xitam verilməsinin əsaslarından biridir. Qeyd olunanlar nəzərə alaraq, İddiaçı "X9" MMC-nə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə" iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Həmçinin, cavabdeh "X9" MMC tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinə münasibətdə iddia müddəti tətbiq edilməklə tələb rədd edilməlidir. İddia ərizəsinin məzmunundan güründüyü kimi, iddiaçı xx.xx.2023-cri il tarixdə öz ərizəsinə əsasən işdən azad olumuşdur, həmin tarixdən onunla əmək münasibətlərinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində gösterilən haldan başqa (kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəsisələrdə həmkarlar ittifaqları təşkilatlarının nəzdində yaradılmış fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqana müraciətlər) qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi günden etibaren 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin hallarından göründüyü kimi, iddia ərizəsi, iddiaçı tərəfindən işdən azad olunma barədə əmr əldə edildikdən 6 ay 11 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaya dair cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etirazda göstərilmiş əsaslarla yanaşı, iddia müddətini tətbiq etməklə iddia telebinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "X10" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddia əsassızdır, iddia müddəti iddiaçı tərəfidən ötürülüb. Ərizənin kim tərəfindən tərtib edilməsi deyil, imza əhəmiyyət daşıyır. Ərizənin mahiyyəti iddiaçıya məlum idi, onun iradə ifadəsi göstərilib. Əmək kitabçasının təqdim edilməsi əhəmiyyət kəsb etmir. İşdən çıxarıldığını bilirdi. İyun ayında yeni rəhbərin gəlişi ilə işə bərpa edilməyib. Oktyabr ayında məhkəməyə müraciət edilib. İddia müddəti hətta o aydan sonra belə 4 ay ötürülüb. İddianın mahiyyəti üzrə bildirir ki, özü imza edərək hədə qorxusuz, təzyiqsiz işdən azad edilməsi barədə ərizəni təqdim etmişdir. Eyni zamanda, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır, iddia əsassız olduğundan və iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, 2013-cü ildən otel üzrə inzibati vəzifədə, sonra "Azerreyl” Voleybol klubunda işləmişdir. Klub ikinci iş yeri idi. Onu dəvət edib bildirdilər ki, sənədə imza atmalıdır, çünki rəhbərliyin dəyişilməsi ilə əlaqədar müqavilələr yenilənməli idi. Sonra məlumat gəlmədi. Daha sonra hamının işə bərpa olunması barədə xəbər tutmuş, o, isə işə bərpa olunmamışdır. Onun əsas iş yeri olmadığı üçün ona o qədər də maraqlı olmayıb orada yenidən işləməyə başlamaq. 13-15 nəfər əməkdaş var idi. Nahid bəy bildirmişdir ki, bütün kollektiv imzalayacaq ərizəni, amma sonra məlum oldu ki, bəzi işçilər imzalamamış, çoxu da işə bərpa edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 bildirmişdir ki, "X10"nda insan resursları üzrə mütəxəssis vəzifəsində işləyir. Şirkətdə rəhbər dəyişiklikləri dövrü idi, bəzi işçilər öz xahişləri ilə ərizə yazaraq işdən çıxmaq istədiklərini bildirdilər. Həmin ərəfədə 5-7 nəfər təsir göstərilmədən öz xahişləri ilə işdən azad edildilər. İşçilər şablon ərizə formasını ondan istəmiş o da təqdim etmişdir. Çağırıb heç kəsə bildirilməyib ki, ərizəsini yazıb işdən çıxsın. Şəxsi seçimləri olmasına görə işdən işçilərin çıxmasını soruşmamışlar. İddiaçının əmək kitabçasını gec təqdim edilməsi onun səhvi olmuşdur. İşdən çıxanda əmək kitabçasını istədikdə əməkdaşlara təqdim edirdi. Çoxu da gəlib götürürdü. Amma iddiaçı tələb etməmiş, o da təqdim etməyi unutmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X2 bildirmişdir ki, "X10"nda baş mühasib vəzifəsində işləyir. Rəhbərlikdə dəyişikliklər baş tutacaqdı. İddiaçı gəlib özü öz ərizəsini yazmaq istədi, yazdı və işdən azad edildi. Həmin ərəfədə bir neçə nəfər işdən öz təşəbbüsləri ilə azad edildi. Yeni rəhbərlik tərəfindən işçilərin ərizə yazmaları barədə göstəriş verilməyib. Heç kimə təzyiq göstərilməyib. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Sübutlar: İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Sosila arayışdan görünür ki, İddiaçı "X10" MMC 17.04. 2017-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək "X10" MMC-də mətbuat xidməti üzrə mütəxəssis vəzifəsində işləmişdir. - İşəgötürən "X10" MMC və işçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 15 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı 3 ay sınaq müddəti tətbiq edilməklə mətbuat xidməti üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinin ləğv edilməsi barədə ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən "X9" MMC-nin mətbuat xidməti üzrə mütəxəssis vəzifəsindən şəxsi təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi barədə müraciət etmiş və həmin ərizə onun tərəfindən imzalanmışdır. - "X9" MMC-nin xx.xx.2023-cü il tarixli 47 saylı əmrindən görünür ki, "X9" MMC-nin mətbuat xidməti üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “a”-tərəflərdən birinin təşəbbüsü-maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı onun xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müraciətləri üzrə ünvanlanmış məktubdan görünür ki, müraciəti ilə əlaqədar, "X10" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onun "X10” MMC-nin rəhbəri arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, qanunvericiliyin tələblərinin gözlənilməklə xitam verildiyi məlum olmuşdur. Həmçinin, onun xx.xx.2023-cü il tarixində iş vaxtından artıq vaxt ərzində işlərə cəlb olunduğu, lakin iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165ci maddəsinin (əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla) tələblərinə uyğun hesablanıb ödənilmədiyi, həmçinin təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışa əsasən, onun bank hesabına sonuncu iş günü deyil, xx.xx.2023-cü il tarixində 1286,04 (bir min iki yüz səksən altı manat dörd qəpik) AZN və 2474,99 (iki min dörd yüz yetmiş dörd manat doxsan doqquz qəpik) AZN vəsaitin köçürüldüyü səbəbindən, "X10” MMC-nin sabiq prezidenti X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq son haqq-hesabının 30 (otuz) gün ərzində əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi ilə bağlı "X10” MMC-nin prezidenti X3 xx.xx.2023-cü il tarixli 3-17-5/2-41236/2023 nömrəli məktubla icrası məcburi olan göstəriş verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) tərəfimizdən müvafiq qaydada "X10” MMC-nin prezidenti X6 inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edildiyindən yenidən işə qəbul edilməyi məqsədilə "X10” MMC-nin rəhbərliyinə müraciət etməyi məqsədəuyğun hesab edilir. Müraciətdə qeyd etdiyi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixində "X10" MMC-yə mətbuat xidməti üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən "X10" MMC-nin mətbuat xidməti üzrə mütəxəssis İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı işdən çıxarılmasına dair əmrin əsassız olduğunu, ona təzyiq göstərilməklə aldadılaraq ərizə yazdırıldığını bildirərək işdən əsassız və qanunsuz olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddiaçının öz təşəbbüsü ilə işdən azad edildiyini, eləcə də iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. İş materialları və işin faktiki hallarından da göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 47 saylı əmrlə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları, tədqiq edilmiş sübutlarla, o cümlədən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilir ki, "X9" MMC-nin 2023-cü ilin may ayı ərəfəsində rəhbərliyin dəyişilməsi səbəbi ilə bir sıra işçilərin öz təşəbbüsləri ilə işdən azad edilmələri halı baş vermişdir. Bu hal işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı rəhbərliyin dəyişilməsi səbəbindən müqavilələrin yenilənməli olması adı ilə işçilərə işdən azad edilmələri barədə ərizələrin təzyiq göstərilməklə yazdırılmasını və onların sonradan işə qəbul ediləcəklərinə inandırmaqla onların işdən azad edilmələrini iddia edir. Məhkəmə işin araşdırılmış hallarını və tədqiq edilən sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bundan başqa iddia ərizəsindən və iddiaçının öz izahatından da göründüyü kimi o, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr verildikdə bundan məlumatlı olmuş, lakin işə yenidən bərpa ediləcəyini ümid etdiyindən əmri mübahisələndirməmiş, işə bərpa olunmadığını gördükdən sonra bununla bağlı X4 şikayət etmiş, daha sonra isə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında əmək kitabçasını əmr verildikdən sonra ona təqdim edilməməsinin onda işə yenidən götürüləcəyinə inam yaratmasına, əmək kitabçasını sonradan götürməsinə, hazırki iddia tələbi ilə məhkəməyə hüququnun pozulmasının aşkar edildiyi gündən 1 ay müddətində müraciət etməsinə istinad etsə də, məhkəmə hesab edir ki, sadalanan hallar qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin ötürülməməsinə əsas olan hallar kimi qiymətləndirilə bilməz. Məhkəmə iddiaçının 12 may 2023-cü il tarixindən işdən azad edilməsini və bu barədə elə həmin gündən məlumatının olmasını və mediasiya təşkilatına müraciət etdiyi müddət də nəzərə alınmaqla məhkəməyə müraciət etdiyi müddəti diqqətə alaraq belə qənaətə gəlir ki, iddiaçı tələb irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbinin işə bərpa hissəsi əsassız olduğundan, eləcə də iddia müddəti tətbiq edilərək rədd edildiyindən, iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "X10" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X10" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar