Məhkəmə qərarları › İş №2(009)-2046/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2046/2021

27.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2046/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə 21.05.2021-ci il tarixdə Siyəzən rayon Məhkəməsinə müraciət edərək işə bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qərardadı ilə cavabdeh əsl Cavabdeh İB ilə əvəz edilmiş və mülki iş 13.07.2021-ci il tarixdə aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə daxil olmuşdur. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 19 ildən çoxdur ki, Siyəzənneft NQÇİ-də çalışır. Məsuliyyətli işçi olmaqla bərabər, xoşrəftar olmaqla da kollektiv tərəfindən sayılıb seçilən işçı olmuşdur. Onun həyat yoldaşı X2 NQÇİ-də çalışmış və iş zamanı dünyasını dəyişmişdir. Bu səbəbdən İddiaçı işlə təmin etmişlər və 3 azyaşlı övladının gündəlik tələbatlarını həmin məvaciblə təmin etmişdir. Həmçinin bildirir ki, bu yaxınlarda işçiləri attestasıya imtahanı etmişlər və İddiaçı həmin imtahandan yüksək bal toplamıdır. Əmək Məcəlləsinin 66-cı maddəsində qeyd olunur ki, eyni peşədə 3 dəfə atestasıya olunan işçilərin atestasiya olunması qadağandır. Bu gün xeyli işçilər vardırkı imtahandan az bal toplamış və hal-hazırdada iş yerində qalmaqdadırlar. Burdanda aydın görünür ki, İddiaçı işdən azad olunmağı qərəzli mövqedən çıxış etməkdədir. Eyni Məcəllənin 67-ci maddəsinin 5-ci bəndinə əsasən. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Eyni maddə də qeyd olunur ki, işçini qərəzli olaraq işdən azad etmək yolverilməzdir. Mülki Prosesual Məcəllənin 4-cü maddəsinin 1-ci bəndinə əsasən isə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə "Siyəzənneft" NQÇİ arasında 18.01.2010-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, elmi-tədqiqat istehsalat işləri sexində 4-cü dərəcə istehsalat sahəsini və xidmət otaqları yığışdıran vəzifəsində işə başlamışdır. “Siyəzənneft” NQÇİ Həmkarlar İttifaqı Komissiyasına “Azneft" İB-nin strukturunun optimal laşdmlması haqqında 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ei maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün müraciət edilmişdir. “Siyəzənneft” NQÇİ-nin X3 heyyəti iclasının 08.04.2021-ci il tarixli protokulu ilə “Siyəzənneft” NQÇİ- nin müraciətinə baxıldığını və iddiaçı da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Cavabdeh İstehsalat Birliyi “Siyəzənneft" NQÇİ-nin SOCAR**********00070020B00051 saylı 23.04.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən İddiaçı ilə 18.01.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3- cü maddəsinə əsasən ona on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçının iddia ərizəsində “attestasiya imtahanından yüksək nəticə topladığını bildirsə də, məhkəməyə təqdim olunmuş cədvəldə olun test imtahanının nəticəsinə görə “0" bal topladığı aydın görünür, iddiaçı eyni zamanda iddia ərizəsində onun qərəzli olaraq işdən çıxarılmasını bildirsə də, həmin qərəzin nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə iddia ərizəsini əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işçilərin ixtisarı zamanı yeganə qazanc yeri işlədiyi müəssisə olduğundan onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan olunduğunu qeyd etməsi əsassızdır. İş materiallarından görünür ki, iddiaçı nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (OM 79), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM 78) sırasında deyil. Başqa sözlə, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, işə götürən tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmışdır. Belə ki, iş üzrə İddiaçı işlədiyi vəzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı minimum 90 və ondan yuxarı bal toplayanlar işdə saxlanılmaq hüququ əldə etmiş, digərləri ilə bağlanan əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Məhkəmənin 26.08.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, iddiaçı 19 ildən çox Siyəzənneft NQÇİ-də işləyib. Onun yoldaşı da Siyəzənneft NQÇİ-də işləyib və iş zamanı dünyasını dəyişib. 3 azyaşlı övladının gündəlik tələbatlarını həmin məvaciblə təmin etmişdir. İdarədə tək işləyən xadimə odur. İdarədə iş davam edir, xadiməyə ehtiyac var. Bankdan onun adına kredit götürüb işləməsə onu ödəyə bilməyəcək və krediti o ödəməli olacaq onun isə maddi vəziyyəti çox pisdir. Bu səbəbdən onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ilə "Siyəzənneft" NQÇİ arasında 18.01.2010-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, elmitədqiqat istehsalat işləri sexində 4-cü dərəcə istehsalat sahəsini və xidmət otaqları yığışdıran vəzifəsində işə başlamışdır. Ştatların ixtisar olunması ilə əlaqədar işdən çıxarılmışdır. Eyni zamanda attestasiya imtahanından yüksək nəticə toplaya bilməyib. Himayəsində azyaşlı övladı yoxdur. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin, İddiaçı nümayəndəsi X1 26.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, uzağ məsafə ilə əlaqədar 27.08.2021- ci il tarixli iclasda iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Əmək Müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin Elmi tədqiqat istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işə qəbul olmuşdur. İş materiallarında olan Cavabdeh İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ-nin SOCAR**********00070020B00047 saylı 21.04.2021-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İş materiallarında olan Socar-ın Cavabdeh İstehsalat Birliyinin “Ştatın İxtisar edilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli bildirişindən görünür ki, Socar-ın Cavabdeh İstehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında 01 sentybar 2021-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, İddiaçı tutduğu vəzifə (peşə) üzrə ştatların ixtisarı nəzərdə tutulur. Bu səbəbdən, İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, 31 mart 2021-ci il tarixli ləğv edilməsi barədə bildiriş İddiaçı göndərilmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "xxxx" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78.1 -ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 80.1 -ci maddəsinə əsasən. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, işçi İddiaçı Cavabdeh İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin Elmi tədqiqat istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işə qəbul olmuşdur. “Siyəzənneft” NQÇİ Həmkarlar İttifaqı Komissiyasına Cavabdeh İB-nin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün müraciət edilmişdir. “Siyəzənneft” NQÇİ-nin X3 Heyyəti iclasının protokolu ilə “Siyəzənneft” NQÇİ-nin müraciətinə baxıldığını və İddiaçı da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Cavabdeh İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ-nin SOCAR**********00070020B00047 saylı 21.04.2021- ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3- cü maddəsinə əsasən ona on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Məhkəmə göstərilən halların İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etdiyini nəzərə alaraq 21 aprel 2021-ci il tarixli SOCAR**********00070020B00047 nömrəli əmrin etibarlığı üzrə əlavə araşdırma aparmağı zəruri hesab etmir. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Bundan əlavə, işəgötürən tərəfindən İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, “Siyəzənneft” NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçınuı Cavabdeh İstehsalat Birliyinə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar