Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2047/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi və Dövlət Notariat Arxivi göstərilməklə) hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi və Dövlət Notariat Arxivi göstərilməklə) hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Firması ilə Ərizəçi arasında bağlanılmış xx.xx.2003-cü il tarixli, 198532 saylı, 4Ə-4- 820 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 4 otaqlı ümumi sahəsi 164 kv.m olan 35 saylı mənzilə dair alqı-satqı münasibətlərinin olması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməli və ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, ərizəçi tərərindən ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə edilməmişdir. AR MPM-nin 150.1.2-ci maddəsinə əsasən ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizə geri qaytarılır. Hakim digər tərəfdən qeyd edir ki, xüsusi icraat qaydasında işlər üzrə məhkəmənin vəzifəsi hüquqi əhəmiyyətli olan faktların mövcud olub-olmamasını, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanların və notariat orqanlarının həyata keçirdikləri hərəkətlərin hüquqauyğun olub-olmamasını təsdiq etməkdən, habelə itirilmiş müəyyən növ sənədlərə hüquqları bərpa etməkdən, habelə şəxsin hüquqi statusunu müəyyən etməkdən və s.-dən ibarətdir. Məhkəmə xüsusi icraat qaydasında müəyyən etdiyi faktlardan yaranan hüquqi nəticələrə toxunmur. Xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan və hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. Ərizəçi tərəfindən verilmiş ərizəyə gəldikdə hakim qeyd edir ki, onun tərəfindən müəyyən olunması xahiş olunan fakt xüsusi icraat qaydasında baxıla bilməz. Ərizəçi "xxxx" Firması ilə 2003-cü il tarixdə mənzilin alqı-satqısına dair notariat ofisində təsdiqlənmiş müqaviləni itirdiyi üçün onun dublikatını əldə etmək məqsədilə notariat ofisinə müraciət edərkən sənədlərin Dövlət Notariat Arxivinə təhvil verildiyini müəyyən etmiş, arxivə müraciət edərkən isə 2003-cü il tarixdə aparılmış notariat hərəkətlərinin qeydə alındığı 820 reyestr nömrəsi ilə digər şəxslərin adına notariat hərəkətlərinin rəsmiləşdirməsini müəyyən edərək aldığı mənzilə dair alqı-satqı münasibətlərində olma faktının məhkəmə qaydasında müəyyən edilməsini xahiş edir. “Notariat Haqqında” AR Qanunun tələblərinə əsasən Dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən məlumatlar əsasında təsdiq edilir(Maddə 46). Qeyd olunan Qanunun tələblərinə əsasən notariusun və notariat hərəkətini aparan digər vəzifəli şəxsin apardıqları bütün notariat hərəkətləri notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir(Maddə 43). Qanunun qeyd edilən tələblərindən də göründüyü kimi əmlakın özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi üçün həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyatdan keçməsi zəruridir və əmlakın alqı-satqısı notariat orqanında rəsmiləşdirilərkən notariat hərəkətləri notariat reyestrində qeyd edilməlidir. Hakim qeyd edir ki, ərizəçinin aldığı mənzilin mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən mənzilin özgəninkiləşdiriməsinin rəsmiləşdirilməsi zamanı həmin hərəkətlərin qeydə alındığı reyestr nömrəsi ilə (820 saylı) başqa notariat hərəkətlərinin rəsmiləşdirilməsi müəyyən edilmişdir. Başqa sözlə xx.xx.2003-cü il tarixdə "xxxx" Firması ilə Ərizəçi arasında mənzilə dair alqı-satqı müqaviləsinin notariat orqanında rəsmiləşdirilməsi təsdiqini tapmır. Bununla belə hakim qeyd edir ki, AR MPM-nin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair işlərə də baxır. Ərizəçinin də istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 7.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə və sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Yəni hakim qeyd edir ki, ərizəçinin aldığı mənzil üzərində "xxxx" Firmasının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdirsə və hazırda da onun adına qeydiyyatdadırsa bu halda daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam verməklə bağlı qaldırılan tələbə iddia icraatı qaydasında baxılmalıdır. Hakim eyni zamanda qeyd edir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirildiyindən, belə bir rəsmiləşdirilmənin mövcudluğu isə reyestrdə aparılan qeydlə müəyyən edilməli olduğundan ərizəçinin müəyyən edilməsinin xahiş etdiyi faktın (alqı-satqı münasibətində olma faktı) məhkəmə qaydasında təsdiq edilməsi yolverilməz hesab edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim izah edir ki, ərizəçi ünvan 1 ünvanda yerləşən 35 saylı mənzil üzərində "xxxx" Firmasının mülkiyyət hüququnun mövcudluğu halında həmin əmlakın onun adına rəsmiləşdirilməsi ilə bağlı həmin firmaya, onun müraciəti müsbət cavablandırılmadığı təqdirdə iddia icraatı qaydasında mövcud məsələnin həlli ilə əlaqədar məhkəməyə, əmlak üzərində mülkiyyət hüququnun mövcud olmadığı təqdirdə isə mənzilə dair bağlanılmış müqavilə və pay haqqının ödənilmə sənədləri ilə əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı reyestr xidmətinə müraciət edə bilər. Beləliklə hakim hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizənin xüsusi icraat qaydasında baxılmasına yol verilmədiyindən, ərizə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi və Dövlət Notariat Arxivi göstərilməklə) hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə ünvan 1 ünvanda yerləşən 35 saylı mənzil üzərində "xxxx" Firmasının mülkiyyət hüququnun mövcudluğu halında həmin əmlakın onun adına rəsmiləşdirilməsi ilə bağlı həmin firmaya, onun müraciəti müsbət cavablandırılmadığı təqdirdə iddia icraatı qaydasında mövcud məsələnin həlli ilə əlaqədar məhkəməyə, əmlak üzərində mülkiyyət hüququnun mövcud olmadığı təqdirdə isə mənzilə dair bağlanılmış müqavilə və pay haqqının ödənilmə sənədləri ilə əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı reyestr xidmətinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2047/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2047/2024
17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver