Məhkəmə qərarları › İş №2(009)-2058/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2058/2020

02.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2058/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi onun vəkili Vəkil1, Cavabdeh2 Cavabdehlərin etbarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 47 saylı evin 57 saylı mənzili onun mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 49,7 kv.m-dən, yaşayış sahəsi 49,7 kv.m.-dən, köməkçi sahəsi 7,0 kv.m.olmaqla 2 yaşayış otaqdan ibarətdir. O, Cavabdeh1 ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onların xx.xx.1999-cu il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. Cavabdeh1 rəsmi nikaha daxil olduqdan sonra onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində yerləşən 34 saylı evin, 81 saylı mənzilə gəlin köçmüşdür. Bir müddət həmin ünvanda yaşadığından sonra Cavabdeh1 ilə birlikdə 2006-cı ilin yanvar ayında ona məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 47 saylı evin 57 saylı mənzilinə köçmüşlər. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2020-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışına əsasən qeyd olunan mübahisəli mənzil üzrə hazırda o, və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadır. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 345492 nömrəli, xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən nikahları pozulmuşdur. Belə ki, Cavabdeh1 ilə rəsmi nikahları pozulduqdan sonra münasibətləri çox gərgindir, Cavabdeh1 ilə birlikdə bir mənzildə yaşamaq qeyri-mümkündür. Bu səbəbdən hesab edirəm ki, ona ədalətli kompensasiya məbləği verilməklə mənzil üzrə istifadə hüququna xitam verilməlidir. Həmçinin, Cavabdeh2 da anası ilə birlikdə yaşamaq niyyətindədir. Hazırda Cavabdeh2 subaydır və anası mənzili tərk edəcəyi təqdirdə onunla birlikdə mübahisəli mənzili tərk edəcəyi ifadə etmişdir. Mübahisəli mənzilin hazırki bazar dəyəri təxminən 100.000 manat və mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə eyni şəraitli və 2 otaqlı mənzilin kirayə haqqı məbləği isə təxminən 300-350 manat arası təşkil edir. Bununla da onun tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8.400 manat məbləğində təklif olunan kompensasiya məbləği ədalətli olmaqla yanaşı, həm də cavabdehlərin uzun müddət eyni şəraitdə yaşamalarına imkan verir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 47 saylı evin 57 saylı mənzilində olan istifadə hüquqlarına hər birinə ayrılıqda kompensasiya yolu ilə xitam verməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi Vəkil1 idda tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan kirayə haqları barədə internet məlumatlarını dəqiq hesab etmir. Onu sübut növü kimi qiymətləndirilməməsini xahiş edir. Onlar tərəfindən məhkəməyə audit hesabatı təqdim edilmişdir. Həmin hesabatda müəyyən edilən məlumatlar daha möhtəbərdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 15 ildir ki, mübahisəli evdə yaşayır. O evdən çıxmaq istəmir, həmin ev onun oxuduğu tədris müəssisəsinə və şəhərin mərkəzi infrastrukturuna yaxındır. Atası ilə hazırda bir yerdə yaşayır, hər hansı mübahisəsi və problemi yoxdur. Lakin atasından nəyə görə onları məhkəməyə verilməsini soruşmamışdır. Məhkəməyə yazılı etiraz təqdim etmişdir, orada göstərilənləri bir daha təsdiq edir və məhkəmədən ona qarşı qaldırılan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehlərin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, nümayəndəsi olduğu Cavabdeh1 tərəfindən də məhkəməyə yazılı etiraz təqdim olunmuşdur. Həmin etirazda ətraflı məlumat verilmişdir. Cavabdeh1 1999-cu ildən mübahisəli evdə qeydiyyatdadır. 2006-cı ilədək həmin ev kiaryə verilmiş, ara sıra tərəflər özləri yaşamışlar. 2006-cı ildən sonra isə mütəmadi olaraq həmin evdə yaşamışlar. Cavabdeh1 iddiaçı tərəfindən ona təklif olunan kompensasiya məbləği ilə razı deyil. Həmin məbləği 18000 manat həddində olacağı təqdirdə ədalətli hesab edilə bilməsini qeyd edir. Digər Cavabdeh2 isə ümumiyyətlə həmin evdən getmək istəmir, ona görə də hər hansı kompensasiya müqabilində istifadə hüququna xitam verilməsi ilə razı deyil. Göstərilənləri nəzərə alaraq cavabdehlərin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhər Tİ və MHQİ (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Xəqani küçəsində yerləşən 47 saylı evin 57 saylı mənzili xüsusi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli nikah haqqında şəhadətnamənin kserosurətinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1062 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Bayramov, arvada Süleymanova soyadı verilmişdir. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 109 No ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 47 saylı evin 57 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə İddiaçı sifarişinə əsasən “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş müstəqil auditor hesabatından görünür ki, İddiaçı məxsus mənzilin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 100.000 manat məbləğində müəyyən edilmişdir. Mənzilin Bakı şəhəri üzrə zonaya görə analoji mənzilə uyğun aylıq irayə haqqı məbləği 300-350 manat müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. AR Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 47 saylı evin 57 saylı mənzili mülkiyyət hüququ əsasında xx.xx.1995-ci il tarixdə İddiaçı məxsusdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1998-ci ildə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2 adlı uşağı var. Tərəflər nikaha daxil olduqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində yerləşən 34 saylı evin, 81 saylı mənzilə köçmüşlər, lakin 2006-cı ilin yanvar ayında həmin mənzildən çıxıb daimi yaşamaq üçün iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 47 saylı evin 57 saylı mənzilinə köçmüşlər. Tərəflər arasında olan nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmiş və buna baxmayaraq hazırki vaxtadək cavabdeh mübahisəli mənzildə yaşamağa davam edir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə köçdükdən sonra Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından istifadə hüququ əldə etmişdir və hazırda tərəflər arasında nikah ləğv edilsə də, həmin hüquq saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə kompensasiya vermək yolu ilə istifadə hüquqlarına AR Mülki Məcələlnin 228.2-ci maddəsinin tələbləri baxımıqndan xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı omluşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 ilə nikahın pozulduqdan sonra münasibətləri gərgin olduğuna görə onunla birlikdə bir mənzildə yaşamaq qeyrimümkündür. Oğlu Xalid da anası ilə birlikdə yaşamaq niyyətindədir. Bu səbəbdən iddiaçı cavabdehlərə hər birinə kompensasiya verilməklə onların istifadə hüquqlarına xitam verilməsini və onların evdən çıxarılmasını xahiş edir. İddiaçı iddia tələbində cavabdehlərin istifadə hüquqlarına kompensasiya verilməsi ilə bağlı məbləği göstərməsə də, iddia ərizəsində həmin məbləğin hər birinə 8400 manat məbləğində müəyyən edilməsini ədalətli hesab etmişdir. Məhkəmə qeyd edir ki, kompensasiya məbləği iddiaçı tərəfindən iddia tələbində göstərilməsə də, məhkəmə tərəfindən təklif olunan kompensasiya məbləğinə aydınlıq gətrilməli və təklif olunan məbləğə iddiaçının razılığına uyğun olaraq müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir.

2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli müstəqil auditor hesabatından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin bazar dəyəri 100.000 manat, mənzilin yerləşdiyi ərazidə isə mübahisəli mənzilə uyğun mənzilin aylıq kirayə haqqı 300-350 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı cavabdehlərin hər birinə istifadə hüquqlarının kompensasiyası kimi 8400 manat (350 manat x 24 ay = 8400 manat) verilməsinə razılığını bildirmişdir. Məhkəmə iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğini və iddiaçı tərəfindən cavabdehin hər birinə təklif olunan kompensasiya məbləğini nəzərə alaraq hesab edir ki, həmin məbləğ cavabdehlərin hər birinə (cavabdehlərin ikisi birlikdə yaşayarsa 4 il müddətinə) iki il ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Həmin məbləği məhkəmə hesab edir ki, ədalətlidir və hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarından görünür ki, Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyinə əsasən hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüququ onlara mənzilin dəyərindən pay ayrılması hüququnu verməsə də, yuxarıda göstərilən qərarda qeyd edildiyi kimi kompensasiya verilməsi elə əvəzləşdirməni nəzərdə tutmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edildiyindən, iddia tələbi cavabdehlərin mübahisəli mənzildən çıxarılması hissəsində də əsaslı hesab edilməli və təmin edilmədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, qətnamənin cavabdehlərə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması hissələri eyni vaxtda icra edilməlidir. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 47 saylı evin 57 saylı mənzili üzrə Cavabdeh1 istifadə hüquqlarına 8.400 (səkkiz min dörd yüz) manat, Cavabdeh2 istifadə hüquqlarına 8.400 (səkkiz min dörd yüz) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 47 saylı evin 57 saylı mənzilindən çıxarılsınlar. Qətnamə cavabdehlərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi və onların mənzildən çıxarılması hissələrində eyni vaxtda icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar