Məhkəmə qərarları › İş №2(009)-2058/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2058/2022

02.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2058/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 MMC-nin "xxxx" X1 İttifaqı Komitəsinə qarşı işdən azadolma barədə əmrin və Həmkarlar İttifaqı Komitəsinin Protokolunun ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İdarə Heyətinin sədri Əfqan Cəlilova və Cavabdeh1 MMCnin "xxxx" X1 İttifaqı Komitəsinin sədri Sara Həsənovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri X8 tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında 15 iyul 2022-ci il tarixli, Ə-2242/22 nömrəli əmrin və "xxxx" X1 İttifaqı Komitəsinin sədri Sara Həsənovanın sədrliyi ilə qəbul edilmiş 29 aprel 2022-ci il tarixli, 1 nömrəli protokolun ləğvinə, "xxxx" X2 şöbəsinin mütəxəssisi vəzifəsinə bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovun 15 iyul 2022-ci il tarixli, Ə-2242/22 saylı Əmri ilə "xxxx" X2 Şöbəsinin mütəxəssisi vəzifəsinə dair onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. "xxxx" X1 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 1 nömrəli protokolu və xx.xx.2022-ci il tarixli İRD PUŞ-01-09-01-147 nömrəli xəbərdarlıq teleqramı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin çıxarılmasına əsas olub. Lakin sədrin işdən azad olma barəsində əmrində xəbərdarlıq teleqramının nömrəsi düzgün göstərilməyib. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli, Ə-2242/22 saylı əmri və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 1 nömrəli protokolu qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir və onun İnzibati şöbənin mütəxəssisi vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul edilməlidir. Hal-hazırdakı iddia ərizəyə əlavə edilmiş “Azərpoçf’ MMC-nin İdarə Heyətinin sədrinin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə təqdim etdiyi təqdimatdan görünür ki, "xxxx" RM-nin 1 vahid rəis müavini ştatı, Mühasibat uçotu və hesabat şöbəsi ləğv edilərək 1 vahid müdir - baş mühasib ştatı (yəni mənim vəzifəmə dair) və 6 vahid mühasib ştatı, poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsinin 1 vahid mütəxəssis ştatı və 2 vahid mütəxəssis ştatı, inzibati şöbənin 1 vahid baş mütəxəssis ştatı, 1 vahid mütəxəssis ştatı, 0,5 vahid fəhlə, 0,5 vahid tərcüməçi ştatı, Müştəri xidmətləri şöbəsindən 4 vahid sürücü-kuryer ştatı ləğv edilib və inzibati şöbəyə 4 vahid sürücü ştatı əlavə edilib, inzibati şöbədən 1 vahid baş mütəxəssis ştatı ləğv edilib və Müştəri Xidmətləri şöbəsinə 1 vahid baş mütəxəssis ştatı əlavə edilib. Bununla əlaqədar "xxxx" Rabitə Müəssisəsində müvafiq ixtisarların həyata keçirilməsinə Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirməyini “Azərpoçf’ MMC İdarə Heyətinin sədri xahiş etmişdir. Həmin təqdimatdan göründüyü kimi (iki 0,5 ştat vahidlərini 1 ştat vahidi hesab etməklə) 13 ştat vahidi ixtisar edilmişdir. Amma “Azərpoçf’ MMC-nin sədrinin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinə təqdim etdiyi təqdimatda ixtisar edilən ştat sayı 8 ştat vahidi kimi göstərilib. Həm də, "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar yığıncağının xx.xx.2022-ci il tarixli 1 №-li protokolunda da ixtisar edilən ştat sayı göstərilmir. Məhkəmənin nəzərinə zəruri çatdırır ki, Cavabdeh1 MMC-nin sədrinin işdən azad olma əmri və "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar yığıncağının protokolu eyni tarixdə tərtib olunmuşdur, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Hesab edir ki, X3 tələsik yığıncağının səbəbi, qanuna uyğun 10 gün müddətdə Cavabdeh1 MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilovun 103-9/9720-22 saylı, xx.xx.2022-ci il tarixli məktubun baxılmasında, onun iştirakını təmin etmədən, fikrini bildirmədən, barəsində protokolda struktur dəyişikliyi və ştat vahidlərinin ləğv edilməsi ilə əlaqədar nə onun fikrini dinləmədən, nə də yığıncaqda iştirak edən şəxslər onun ixtisarı ilə bağlı fikirlərini bildirməməklərin səbəbin mütləq məhkəmə qaydasında araşdırmalıdır. AR ƏM-nin tələblərinə zidd hərəkətlər aşkarlandığı halda sözügedən Həmkarlar İttifaqı Komitəsinin protokolu ləğv edilməlidir. Bundan əlavə, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovun xx.xx.2022-ci il tarixli, Ə- 2242/22 saylı Əmrində onun vəzifəsinə dair ştat vahidinin ixtisar edilməsinin AR-nın “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmin ştat vahidinin ixtisar edilməsi barədə əsas kimi heç bir qərar göstərilmir. Cavabdeh1 MMC-nin sözügedən əmrində aralarında bağlanmış əmək müqaviləsinə xitam vermişdir, lakin başqa vəzifəyə keçirilməyi barədə sədr heç bir tədbir görməmişdir. Göründüyü kimi tutduğu əvvəlki vəzifə olan "xxxx" RM-nin inzibati şöbəsinin mütəxəssisi ştat vahidinin ixtisar edilməsi məhz həmin "xxxx" RM-nin ştat cədvəlinə uyğunlaşdırılmasınm nəticəsində də baş verməmişdir. Deməli, onun işdən azad edildiyi ştat vahidinin ixtisar edilməsi məhz əməyin təşkilində müvafiq ştat cədvəlinə uyğunlaşdırma ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə bağlı dəyişiklər edilməsi ilə əlaqədar meydana çıxmamışdır. Bundan əlavə o, mütəxəssis vəzifəsindən azad edilmişdir, bu barədə məlumatı olsa da belə, tərəf kimi əmrlə razılaşmır, bu barədə əmrdə qeyd etmişdir, ona görə də, bu hal işin mübahisəli halı kimi hesab edilməlidir. Göründüyü kimi, işəgötürən qismində çıxış edən cavabdehlər tərəfindən sözügedən əmrdə onun işdən azad edilməyinin, həmin ştat vahidinin ixtisar edilməsinin zəruriliyi əsaslandırılmamış, habelə işçi qismində çıxış edən onun ixtisası, peşəsinə uyğun başqa işə keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülməmişdir. Həmçinin, həmin ştat vahidinin ixtisar edilməsi məhz əməyin təşkilində müvafiq qərarın icrası ilə bağlı dəyişikliyin edilməsi zərurətindən irəli gəlməmişdir. Bununla da, şərh olunanlardan və əlavə edilmiş sənədlərdən göründüyü kimi, işəgötürən qismində və protokol tərtib edən Həmkarlar İttifaqı Komitəsi onunla ştat vahidinin ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları tam şəkildə aşkar edilir. Ona görə də, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. O bununla əlaqədar onu qeyd edir ki, tələbi tam sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin xüsusi əhəmiyyətdə araşdırmanın zərurəti yaranmır. İddia tələbinin təsdiqlənməsi üçün sübut etdiyi hallar mövcud olduğu üçün iddia tələbim rədd edilə bilməz. AR ƏM-in 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. O, Cavabdeh1 MMC-də və "xxxx" RM-də xx-xx-1998-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi dövrdə qanun pozuntularına yol verməmişdir, rəhbərlik qarşısındada hörməti həmişə yüksək olub. Cavabdeh1 MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilovun xx.xx.2022-ci il tarixli, Ə-2242/22 №-li tələsik əmri ilə AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh1 MMC-nin sədri AR ƏM-in 78.1-ci maddəsinin qanuni tələblərin pozaraq əmr verərkən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçi kimi vəzifəsində saxlandığı halı nəzərə almamışdır. AR ƏM-in 16.1-ci maddəsinə əsasən Əmək münasibətlərində yaşına, qulluq mövqeyinə, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq şəristəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Lakin Cavabdeh1 MMC-nin sədri ARƏM-in 16.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədri buna göz yumaraq, ayrı-seçkilik edərəkonun inzibati şöbənin mütəxəssisi vəzifəsini qanunsuz ixtisara salmaqla onu işdən azad etməklə, lakin həmin dövrdə başqa işə keçmə haqqında əmri ilə ondan təcrübəsi az olan, "xxxx" RM-nin Mühasibat uçotu və hesabat şöbəsinin mühasibləri X4, X5, X9 və X10 18 may 2022-ci il tarixindən əmək haqqı saxlanılmaqla Cavabdeh1 MMC-nin Baş ofisinin Maliyyə departamentinin Mühasibatlıq şöbəsinə ştatdankənar mühasib vəzifəsinə keçirilmişlər. Həmdə inzibati şöbədə çalışdığı üçün AR ƏM-in 16.4-cü maddəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Həm də inzibati şöbədə çalışdığı mütəxəssis vəzifəsi ixtisara düşdüyü halda, müştəri şöbəsinə vahid ştat əlavə edildiyi halda, onun işdən azad olunmağı qanunsuzdur. Yuxarıda sadalananlardan açıqaşkar məlum olur ki, o, Cavabdeh1 MMC-nin idarə heyətinin sədri və "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən ayrı-seçkiliyə məruz qaldığına görə, pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməyində haqlıdır. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilovun əsl Cavabdeh1 MMC ilə, Cavabdeh1 MMC-nin "xxxx" RM-nin Həmkarlar Komitəsinin sədri Sara Həsənovanın əsl Cavabdeh1 MMC-nin "xxxx" RM-nin İttifaqı komitəsi ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də bildirmişdir ki, AR Əmək Məcəlləsinin 223.1 və 223.2-ci maddəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaranmalıdır. Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir. Həmin Məcəllənin 223.5-ci maddəsinə əsasən işəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın, yəni X13 Xidmətinin razılığı ilə yenidən təşkil və ya ləğv edilə bilər. 116 nəfər işçisi olan "xxxx" Rabitə Müəssisəsinin ona aid olan yeganə əmək mühafizəsi üzrə mütəxəssisi ştatı AR ƏM-nin 223-cü maddəsinin qanuni tələblərini pozaraq cavabdeh “Azərpoçf ’ MMC ixtisar edir və bu pozuntularla "xxxx" X1 İttifaqı Komitəsi qanunsuz razılaşır, bu barədə saxta protokol tərtib ediblər. "xxxx" RMnin Həmkarlar İttifaqı Komitəsinin 29 aprel 2022-ci il tarixli protokolun saxtalığı bundan ibarətdir ki, protokol “Azərpoçf’ MMC-nin rəhbərinin sifarişi ilə tərtib edilmişdir, yəni təsir altında tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə guya ki, Həmkarlar İttifaqı Komitəsi iclas keçirmişdir. X14 Komitəsinin protokolda göstərilmiş şəxslərin çıxışlarına diqqət etdikdə açıqaşkar məlum olur ki, xx.xx.2022-ci il tarixdə iclas keçirilməyib, ona görə ki, iclasda iştirak edən şəxslər öz çıxışlarında qeyd edirdilər ki, ixtisara düşən şəxslərə bildirişlər 11 may 2022-ci il tarixdə təqdim edilmişdir. Əmək qanunvericiliyin tələblərinə əsasən ixtisara düşən şəxslərə bildiriş işəgötürənin əmrindən və Həmkarlar İttifaqı Komitəsinin iclasından əvvəl verilməlidir. Lakin hal-hazırdaki işçilərin ixtisarı ilə bağlı qanuna zidd olaraq bir saxta formada bildirişlər işəgötürənin əmrindən və Həmkarlar İttifaqı Komitəsinin əmrlə eyni xx.xx.2022-ci il tarixdə keçirilən iclasdan 1 ay 13 gün keçdikdən sonra 11 may 2022-ci il tarixdə verilməsi faktı bir də sübuta yetirir ki, işəgötürənlə Həmkarlar İttifaqı Komitəsi qanunsuz və işəgötürənin təsiri altında saxta sənədləşdirmə aparılması öz təsdiqini tapır. AR ƏM-nin 80-ci maddəsinə əsasən X6 işəgötürənin tədqimatı daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Amma əks haldır ki, AR ƏM-nin 80-ci maddəsinin tələbləri pozularaq tələsik demək olar ki, bir saat ərzində Həmkarlar İttifaqı Komitəsi özünün əsaslandırılmış qərarını yox, iclas protokolunu işəgötürənə təqdim etmişdir ki, işəgötürən isə işçilərin ixtisarı ilə bağlı həmin protokolu əmrində əsas kimi göstərmişdir. Bundan başqa, Həmkarlar İttifaqı Komitəsinin ixtisara düşən şəxslərə rəsmi çağırışı olmayıb və həmin şəxslərin iclasda iştirakı təmin olunmayıb, hətta qanunsuz tərtib edilmiş iclas protokolu ilə tanış etməyiblər. O isə həmin protokolu təkidlə götürmüş ixtisara düşən başqa bir şəxsdən götürmüşdir. Cavabdeh X1 İttifaqı Komitəsinin işçilərin ixtisara salınması ilə bağlı əsaslandırmış qərarı yoxdur. X15 əsaslandırma aparsaydı onun 42 il əmək fəaliyyətinə, 42 ildən, 10 ili isə əmək mühafizəsi üzrə mütəxəssis fəaliyyətinə nəzər yetirmiş olsaydı, onlara məlum olardı ki, qanuna uyğun olaraq onun iş vəzifəsi ixtisara düşə bilməz. Onun rabitə sahəsində 42 illik əmək fəaliyyətinin təcrübəli peşəkarlığını nəzərə almadan qərəzli formada işdən azadolma əmri verilmişdir. O, məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən 1 (bir) ay sonra ona iş təklif olunur və bu məqamı Cavabdeh1 MMC-nin nümayəndəsi sübut növü kimi əsassız olaraq məhkəməyə təqdim edir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli Ə-2242/22 saylı əmri ilə "xxxx" X1 İttifaqı Komitəsinin qəbul etdiyi xx.xx.2022-ci il 01 nömrəli protokolun ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müəyyən etdiyi prosedur qayda və tələblərin şərtləri pozulmuşdur. Lakin qanunvericiliyə görə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. İşçilərin müvafiq hallarda sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Buradan da göründüyü kimi işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edə və ixtisar zamanı bunu nəzərə ala bilər. Məlumat üçün bildirir ki, İddiaçı rabitə sahəsində ümumilikdə 10 il iş stajına malik olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" RM-nin inzibati şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. Onu da qeyd edir ki, "xxxx" Rabitə Müəssisəsinin strukturunun yenidən təşkil edilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli, Ə-36/22 saylı əmr əsasında Cavabdeh1 MMC tərəfindən İddiaçı ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 9 (doqquz) təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi ilə əlaqədar 13 may 2022-ci il tarixli, İRD PUŞ - 01-09- 01-147 nömrəli teleqram göndərilmişdir. Həmin xəbərdarlıqda işçiyə əmək müqaviləsinə xitam veriləcəyi tarix aydın şəkildə göstərilmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər təqvim həftəsinin bir günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad olunacağı bildirilmişdir. Təəssüf ki, xəbərdarlıq edildikdən sonrakı müddət ərzində iddiaçının peşəsinə və ixtisasına uyğun vakant yer olmadığına görə ona başqa yer təklif oluna bilinməmişdir. Hesab edir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçi tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən müvafiq tədbirlər görmüşdür. Əlavə olaraq ştatların ixtısarı ilə bağlı məsələ cavabdehin xx.xx.2022-ci il tarixli, 103-9/1/9720-22 saylı müraciəti əsasında Həmkarlar İttifaqının iclasında müzakirə olunmuş və xx.xx.2022-ci ildə HİK-nin 01 saylı protokolunda bəzi ştatların ixtisar olunması ilə bağlı müsbət rəy verilmişdir. Əlavə məlumat üçün bildirir ki, iddiaçıya xx.xx.2022-ci il tarixində tərəflərindən peşəsinə və ixtisasına uyğun vakant yer təklif edilmişdir. Həmçinin iddiaçı ilə şifahi danışıq aparılmış, lakin o, təklifləri qəbul etmədiyini bildirmişdir. Yuxarıdakı məqamları nəzərə alaraq bildirir ki, işəgötürənin hərəkətləri qanuvericiliyin tələblərinə tam uyğundur və buna görə də İddiaçı 15 iyul 2022-ci il tarixli, Ə-2242/22 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və Nümayəndə2 izahatında göstərilənlərlə razı olduğunu bildirmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 04 avqust 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-nin "xxxx" X2 şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür: a) Əməyin mühafizəsi üzrə təlimatların aparılması; b) Mülki müdafiə işlərinin təşkili; c) Yanğın təhlükəsizliyinə nəzarət. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" X7 İttifaqı Komitəsinin növbədənkənar yığıncağının 1 №-li, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovun "xxxx" Rabitə Müəssisəsinə ünvanladığı 103-9/1/9720-22 saylı xx.xx.2022-ci il tarixli məktubla müraciətinə "xxxx" RMnin Həmkarlar İttifaqı komitəsində baxıldı və yeni struktur yaradılması ilə əlaqədar "xxxx" RM-də ştatların Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq ixtisar olunmasına idarə heyətinin üzvləri etiraz etmirlər və ştatları ixtisara düşmüş işçilərin müvafiq işlə təmin edilməsinə, ixtisarların minimum səviyəyə endirilməsinə köməklik göstərməyi Cavabdeh1 MMC-nin rəhbəri Əfqan müəllimdən xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh1 Əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli, Ə-2242/22 nömrəli əmrindən görünür ki, "xxxx" X2 şöbəsinin mütəxəssisi İddiaçı Məmməd oğlu ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov tərəfindən Cavabdeh1 MMC-nin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 103-9/1/9720-22 nömrəli məktubdan görünür ki, Cavabdeh1 MMC-nin "xxxx" Rabitə Müəssisəsinin yeni strukturunun yaradılması ilə əlaqədar aşağıda göstərilən ştatların ləğv edilməsi nəzərdə tutulmuşdur. İxtisar edilən ştat sayı - 8 ştat vahidi: "xxxx" RM - 1 rəis müavini ştat vahidi; Mühasibat uçotu və hesabat şöbəsində 1 müdir - baş mühasib ştat vahidi; Mühasibat uçotu və hesabat şöbəsində 2 muhasib ştat vahidi; Poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsi - 1 Baş mütəxəssis ştat vahidi; Poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsi - 2 mütəxəssis ştat vahidi; İnzibati şöbə -1 mütəxəssis ştat vahidi. Bununla əlaqədar "xxxx" Rabitə Müəssisəsində müvafiq ixtisarların həyata keçirilməsinə Həmkarlar İttifaqı Komitəsinin rəyinin bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan İdarə Heyətinin sədri Əfqan Cəlilov tərəfindən Cavabdeh1 MMC-nin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1 MMC-nin "xxxx" Rabitə Müəssisəsinin yeni strukturunun yaradılması ilə əlaqədar aşağıda göstərilən ştatların ləğv edilməsi nəzərdə tutulmuşdur. İxtisar edilən ştat sayı: "xxxx" RM - 1 vahid rəis müavini ştatı; Mühasibat uçotu və hesabat şöbəsinin ləğv edilir: 1 vahid müdir - baş mühasib ştatı və 6 vahid mühasib ştatı; Poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsi - 1 vahid baş mütəxəssis ştatı və 2 vahid mütəxəssis ştatı; İnzibati şöbə - 1 mütəxəssis ştat, 1 vahid mütəxəssis ştatı, 0,5 vahid fəhlə, 0.5 vahid tərcüməçi ştatı; Müştəri xidmətləri şöbəsindən 4 vahid sürücü - kuryer ştatı ləğv edilir və inzibati şöbəyə 4 vahid sürücü ştatı əlavə edilir; İnzibati şöbədən 1 vahid baş mütəxəssis ştatı ləğv edilir və Müştəri xidmətləri şöbəsinə 1 vahid baş mütəxəssis ştatı əlavə edilir. Bununla əlaqədar "xxxx" Rabitə Müəssisəsində müvafiq ixtisarların həyata keçirilməsinə Həmkarlar İttifaqı Komitəsinin rəyinin bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən "xxxx" X2 şöbəsinin mütəxəssisi İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, AZ 1000/********** nömrəli teleqramdan görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli Ə- 36/22/2 nömrəli əmri ilə yeni redaksiyada təsdiq edilmiş "xxxx" Rabitə Müəssisəsinin strukturuna uyğun olaraq onun ştatı ixtisara düşdüyündən, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra 15 iyul 2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azaddır. Bildirilir ki, onunla bağlanmış əmək müqaviləsinə əsasən onun əmək stajına uyğun olaraq, ona orta aylıq əmək haqqısının 2 misli miqdarında işdən çıxarılma müavinəti ödəniləcəkdir. Eyni zamanda nəzərinə çatdırılır ki, işdən çıxarılma müavinəti ilə yanaşı onun razılığı əsasında yuxarıda qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli bir dəfəyə ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər. Bu xəbərdarlıq 13 may 2022-ci il tarixdə qüvvəyə minəcək. Qeyd olunan teleqramın arxa hissəsində İddiaçı xx.xx.2022-ci il tarixdə öz xətti ilə “Həmin teleqramdan imtina etmişəm, teleqramı qəbul etmə ilə bağlı qəbzə imza atmamışam” qeydini yazmışdır. İş materiallarında olan "xxxx" Rabitə Müəssisəsi ilə İddiaçı arasında bağlanmış 04 iyun 2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" Rabitə Müəssisəsinə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə 15 iyul 2022-ci il tarixli, Ə-2242/22 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və X18 Nəbiyevin xx.xx.2022-ci il tarixli, Ə-36/22 nömrəli əmri ilə Cavabdeh1 ”Azərekspresspoçt” Rabitə Müəssisəsinin strukturu və ştat cədvəli təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh1 İdarə Heyətinin sədri tərəfindən İddiaçı ünvanlanmış teleqramdan görünür ki, "xxxx" Rabitə Müəssisəsində aparılmış struktur dəyişikləri ilə əlaqədar İddiaçı tutduğu mütəxəssis ştatı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin siya və ştatları ixtisar edildikdə) ixtisar edilmiş və onunla bağlanılmış əmək müqavilsinə xitam verilmişdir. Bununla əlaqədar olaraq ona Cavabdeh1 MMC-nin 2 saylı poçt filialında (keçmiş əmək haqqı 450 manat saxlanılmaqla) ştatdankənar mütəxəssis vəzifəsi təklif olunur. Ona edilən iş təklifinə xx.xx.2022-ci il saat 09.30-da Cavabdeh1 MMC-nin İnsan Resursları Departamentinə gələrək münasibət bildirməsi xahiş olunmuşdur. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı 1984-cü ildən rabitə sahəsində işləmiş, "xxxx" Rabitə Müəssisəsi ilə bağlanmış 04 iyun 2012-ci il tarixli əmək müqaviləsinə əsasən o, "xxxx" Rabitə Müəssisəsinə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, cavabdehlə xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" RM-nin inzibati şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. "xxxx" Rabitə Müəssisəsinin strukturunun yenidən təşkil edilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ə-36/22 saylı əmrin icrası ilə əlaqədar olaraq iddiaçıya qeyd olunan əmrlə yeni redaksiyada təsdiq edilmiş "xxxx" Rabitə Müəssisəsinin strukturuna uyğun olaraq onun ştatı ixtisara düşdüyündən, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra 15 iyul 2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad olunması, onunla bağlanmış əmək müqaviləsinə əsasən onun əmək stajına uyğun olaraq, ona orta aylıq əmək haqqısının 2 misli miqdarında işdən çıxarılma müavinəti ödəniləcəyi, işdən çıxarılma müavinəti ilə yanaşı onun razılığı əsasında yuxarıda qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli bir dəfəyə ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilə biləcəyi barədə xx.xx.2022-ci il tarixdə teleqramla xəbərdarlıq edilmişdir. Eləcə də, AR Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən ştatların ixtısarı ilə bağlı məsələ cavabdehin xx.xx.2022-ci il tarixli, 103-9/1/9720-22 saylı müraciəti əsasında Həmkarlar İttifaqının iclasında müzakirə olunmuş və xx.xx.2022-ci ildə HİK-nin 01 saylı protokolunda ştatların ixtisar olunması ilə bağlı müsbət rəy verilmişdir. Bundan sonra, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli, Ə-2242/22 nömrəli əmri ilə "xxxx" X2 şöbəsinin mütəxəssisi İddiaçı Məmməd oğlu ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Göründüyü kimi, qanunverici işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçiyə iki ay əvvəldən rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi, eləcə də xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən etmişdir. Qanunverici xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verilməsi qaydasını yalnız işçinin razılığından aslı etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəində isə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işdə saxlanmasına üstülük verilən şəxslərin siyahısı göstərilmişdir. Normadan da göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası müəyyən edilmişdir. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. İddiaçı iddia tələbində onunla bağlanan əmək müqaviləsinə xitam verilərkən həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçınn tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, göstərilmiş hüquqi xidmət, notariat və nəqliyyat xərcləri, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İdarə Heyətinin sədri Əfqan Cəlilova və Cavabdeh1 MMC-nin "xxxx" X1 İttifaqı Komitəsinin sədri Sara Həsənovaya qarşı işdən azadolma barədə əmrin və Həmkarlar İttifaqı Komitəsinin Protokolun ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar