Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2058/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil və 3-cü şəxs X12 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Cavabdeh (3-cü şəxs qismində X14) qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin kompensasiya ödənilməklə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evin 1/2 payının mülkiyyətçisidir. Həmin evə onun razılığı ilə cavabdeh olan qızı və nəvəsi X5 qeydiyyata saldırmışdır, lakin qızı həmin evdə yaşamamışdır. Cavabdeh ailə qurub, digər ünvanda yaşayır. Cavabdehin ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Hazırda cavabdehin qeydiyyatda olması müəyyən çətinliklər yaradır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh və X1 ödənilməməklə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olumasını xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, 2019-cu ilin sentyabr ayından sözügedən ev 1/2 hissədə onun paylı mülkiyyətindədir. Həmin tarixdən sonra cavabdehin həmin evdə yaşadığını görməmişdir. Bu səbəbdən cavabdehin və qızının sözügedən evə pasport qeydiyyatından çıxarılmalarına etiraz etmir. Məhkəmə cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, iddiaçı onun qaynatası, cavabdeh isə baldızıdır. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evdə heç zaman yaşamamışdır. O, həmin evin qonşuluğunda yerləşən 13 saylı evdə yaşamışdır. Cavabdeh nikaha daxil olduqdan sonra bir müddət kirayədə yaşamışdır. Bu səbəbdən iddiaçı həmin vaxt onu və qızının müvəqqəti olaraq hazırki evə pasport qeydiyyatına almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, iddiaçı onun dayısıdır. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evdə heç zaman yaşamamışdır. O, həmin evin qonşuluğunda yerləşən 13 saylı evdə yaşamışdır. İş materiallarında olan: Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı ev xx.xx.2019-cu il tarixdən ½ hissədə İddiaçı, ½ hissədə isə X12 paylı mülkiyyətindədir. Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 501-ci məhəllə, ev 12, mənzil 27 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, giriş 59, M4, m1) xx.xx.2023-cü il tarixdən X6 xüsusi mülkiyyətindədir. Elektron sistemdə Cavabdeh qohumluq məlumatlarından görünür ki, Cavabdeh X10 ilə nikahdadır. Məhkəmə iclasında cavabdehin Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evdə yaşamadığı iddiaçı tərəfin göstərdikləri ilə yanaşı işin digər sübutları ilə tam təsdiq olundu. İddiaçı tərəfin qeyd etdiklərindən, şahid ifadələrindən və iş materiallarından aydın olur ki, cavabdeh mübahisəli ünvanda formal olaraq qeydiyyatda olmaqla orada yaşamır. Cavabdehin və qızının Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evdə qeydiyyatda olmağına baxmayaraq sözügedən evdə yaşamadığından həmin evdən istifadə hüquqları yaranmamışdır. Yaranmayan istifadə hüququna isə məhkəmə qaydasında xitam verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad edilən Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı «yaşayış sahəsinə istifadə hüququnun xitam edilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Cavabdeh və onun qızı X2 mənzilə istifadə hüquqları ümumiyyətlə yaranmadığından mövcud olmayan hüquqa xitam verilməsi mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında “ 04 aprel 1996-cı il tarixli AR Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq icra hakimiyyəti orqanları, yəni, polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Qanunun məzumuna əsasən məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evdən istifadə hüquqlarına malik olmadığı halda həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının hüquqlarının pozuntusuna səbəb ola biləcək hal kimi qiymətləndirilə bilər. Bu səbəbdən hazırki qətnamə cavabdehin sözügedən evə yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas hesab edilməli və cavabdehin həmin evə olan qeydiyyatı ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Hazırkı qətnamə Cavabdeh və X4 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2058/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2058/2025
03.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver