Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2060/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “əmrin və protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “əmrin və protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin “29 iyul 2022-ci il tarixli, Ə-2424/22/1 saylı əmrinin, "xxxx" X2 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolunun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri X5 29 iyul 2022-ci il tarixli, Ə-2424/22/1 saylı Əmri ilə "xxxx" X3 uçotu və hesabatı şöbəsinin Müdir-baş mühasib vəzifəsinə dair onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (b.s. AR ƏM) 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. "xxxx" X2 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 1 nömrəli protokolu və xx.xx.2022-ci il tarixli AZ 1000/********** nömrəli xəbərdarlıq teleqramı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin çıxarılmasına əsas olub. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli, Ə-2424/22/1 saylı əmri və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 1 nömrəli protokolu qanunsuz və əsassız olduğu üçün məhkəmə qaydasında ləğv edilməli və əvvəlki vəzifəsinə bərpa edilməlidir. Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədrinin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə təqdim etdiyi təqdimatdan görünür ki, "xxxx" RM-nin 1 vahid rəis müavini ştatı, Mühasibat uçotu və hesabat şöbəsi ləğv edilərək 1 vahid müdir - baş mühasib ştatı (yəni onun vəzifəsinə dair) və 6 vahid mühasib ştatı, poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsinin 1 vahid mütəxəssis ştatı və 2 vahid mütəxəssis ştatı, inzibati şöbənin 1 vahid baş mütəxəssis ştatı, 1 vahid mütəxəssis ştatı, 0,5 vahid fəhlə, 0,5 vahid tərcüməçi ştatı, Müştəri xidmətləri şöbəsindən 4 vahid sürücü-kuryer ştatı ləğv edilib və inzibati şöbəyə 4 vahid sürücü ştatı əlavə edilib, inzibati şöbədən 1 vahid baş mütəxəssis ştatı ləğv edilib və Müştəri Xidmətləri şöbəsinə 1 vahid baş mütəxəssis ştatı əlavə edilib. Bununla əlaqədar "xxxx" Rabitə Müəssisəsində müvafiq ixtisarların həyata keçirilməsinə Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirməyini Cavabdeh1 MMC İdarə Heyətinin sədri xahiş etmişdir. Həmin təqdimatdan göründüyü kimi (iki 0,5 ştat vahidlərini 1 ştat vahidi hesab etməklə) 13 ştat vahidi ixtisar edilmişdir. Amma Cavabdeh1 MMC-nin sədrinin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinə təqdim etdiyi təqdimatda ixtisar edilən ştat sayı 8 ştat vahidi kimi göstərilib. "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar yığıncağının xx.xx.2022-ci il tarixli, 1 №-li protokolunda da ixtisar edilən ştat sayı göstərilmir. Həmçinin Cavabdeh1 MMC-nin sədrinin işdən azad olma əmri və "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar yığıncağının protokolu eyni tarixdə tərtib olunmuşdur, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Hesab edir ki, Həmkarlar İttifaqı Komitəsinin tələsik yığıncağının səbəbi, qanuna uyğun 10 gün müddətdə Cavabdeh1 MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilovun 103 - 9/9720-22 saylı, xx.xx.2022-ci il tarixli məktubun baxılmasında, iştirakını təmin etmədən, fikrini bildirmədən, barəsində protokolda struktur dəyişikliyi və ştat vahidlərinin ləğv edilməsi ilə əlaqədar nə onun fikrini dinləmədən, nə də yığıncaqda iştirak edən şəxslər ixtisarıyla bağlı fikirlərini bildirməməklərinin səbəbi mütləq məhkəmə qaydasında araşdırılmalıdır. AR ƏM-in tələblərinə zidd hərəkətlər aşkarlandığı halda sözügedən Həmkarlar İttifaqı Komitəsinin protokolu ləğv edilməlidir. Bundan əlavə, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovun xx.xx.2022-ci il tarixli, Ə- 2424/22/1 saylı Əmrində vəzifəsinə dair ştat vahidinin ixtisar edilməsinin AR-nın “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmin ştat vahidinin ixtisar edilməsi barədə əsas kimi heç bir qərar göstərilmir. Həm də Cavabdeh1 MMC-nin sözügedən əmrində aralarında bağlanmış əmək müqaviləsinə xitam vermişdir, lakin başqa vəzifəyə keçirilməsi barədə sədr heç bir tədbir görməmişdir. Göründüyü kimi tutduğu əvvəlki vəzifə olan "xxxx" RM-nin mühasibat uçotu və hesabatı şöbəsinin Müdir-baş mühasib ştat vahidinin ixtisar edilməsi məhz həmin "xxxx" RM-nin ştat cədvəlinə uyğunlaşdırılmasının nəticəsində də baş verməmişdir. Deməli, onun işdən azad edildiyi ştat vahidinin ixtisar edilməsi məhz əməyin təşkilində müvafiq ştat cədvəlinə uyğunlaşdırma ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə bağlı dəyişiklər edilməsi ilə əlaqədar meydana çıxmamışdır. Bundan əlavə o Müdir - baş mühasib vəzifəsindən azad edilmiş, bu barədə məlumatı olsa da belə, tərəf kimi əmrlə razılaşmamış, bu barədə əmrdə qeyd etmiş, ona görə də bu hal işin mübahisəli halı kimi hesab edilməlidir. Göründüyü kimi, işəgötürən qismində çıxış edən cavabdehlər tərəfindən sözügedən əmrdə onun işdən azad edilməsi, həmin ştat vahidinin ixtisar edilməsinin zəruriliyi əsaslandırılmamış, habelə işçi qismində çıxış edən onun ixtisası, peşəsinə uyğun başqa işə keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülməmişdir. Həmçinin, həmin ştat vahidinin ixtisar edilməsi məhz əməyin təşkilində müvafiq qərarın icrası ilə bağlı dəyişikliyin edilməsi zərurətindən irəli gəlməmişdir. Bununla da, şərh olunanlardan və əlavə edilmiş sənədlərdən göründüyü kimi işəgötürən qismində və protokol tərtib edən Həmkarlar İttifaqı Komitəsi onunla vahidinin ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları tam şəkildə aşkar edilir. Ona görə də hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Bununla əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, tələbi tam sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin xüsusi əhəmiyyətdə araşdırmanın zərurəti yaranmır. İddia tələbinin təsdiqlənməsi üçün sübut etdiyi hallar mövcud olduğu üçün iddia tələbi rədd edilə bilməz. AR ƏM-in 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC-nin idarə heyətinin sədri cənab Əfqan Cəlilova və idarə heyətinin İsi Mustafayeva məlumatla müraciət edərək (məlumat iddia ərizəyə əlavə olunur) bildirmişdir ki, “təkrar olaraq tərəfindən yenidən “Colvir” sisteminə düzgün işlənməsini təqdimatla tələb etdikdə ona bildirdilər ki, xx.xx.2021-ci il tarixdə 103 - 1010/5652-21 qeydiyyat nömrəli məktubla Cavabdeh1 MMC-yə müraciət olunub, tezliklə “Colvir” sistemində bütün əməliyyatlar öz əksini tapacaq. 2021-ci il avqust ayında müəssisənin rəhbərliyi dəyişdirildi. xx.xx.2021-ci il tarixdən Səbuhi Abdurəhmanov təyin olundu. Təyinatdan bir müddət sonra o yenidən bildirdi ki, müəssisədə qeyri-nağd yolla qəbul olunmuş göndərişlər “Colvir” sisteminə işlənmir. Rəhbərlik tərəfindən ona cavab olaraq bildirildi ki, onluq deyil. Beləliklə, müəssisədə EMS proqramı ilə “Colvir” sistemi arasında uyğunsuzluqlar yaranmağa başlamışdır. Bu günə kimi də təşkilatlardan qəbul olunan qeyri-nağd göndərişlər “Colvir” Sisteminə vurulmur. Bir il səkkiz ay ərzində ikinci dəfədir ki, struktur dəyişikliyi aparılır. Birinci struktur zamanı müəssisəyə lazım olmayan şöbələr yaradıldı ki, kimlərsə yerləşsinlər. Halbuki, buna zərurət yox idi və ehtiyac olmadığı halda əlavə işçilər işə qəbul olundu. Ona görə də işçilərin say artımı çoxaldı. "xxxx" RM daima mənfəətlə işləyib, hal-hazırda da mənfəətlə işləyir. Yuxarıda göstərilən tələblərdən sonra ona məlum olmuşdur ki, Səbuhi Abdurəhmanov qərəzli şəkildə baş idarəyə təqdimat göndərir ki, müəssisəyə X22 lazım deyil. Hazırda müəssisədə struktur dəyişikliyi aparılır. O, 2000-ci ildən müəssisədə baş mühasib vəzifəsində çalışır. Özü də ikinci dərəcəli şəkərli diabet xəstəsidir. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilir ki, şəkərli diabet xəstələri ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Lakin buna baxmayaraq, X16 işçilərindən ərizə alınıb ki, Sizi baş ofisə qəbul edirik. Ona isə bildiriş verilib ki, X22 ləğv edildiyi üçün ixtisara düşürsünüz. Cavabdeh1 MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilovdan və idarə heyətinin üzvü İsi Mustafayevdən bir daha xahiş etmişdir ki, onu qəbul etsinlər və bu işə yenidən baxılmasına lazımı köməklik göstərsinlər. Yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli məlumat bir də sübuta yetirir ki, cavabdehlər qeyriqanuni üsullarla iradəsinin əleyhinə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. 2016-cı ildən şəkərli diabet xəstəsidir. O, "xxxx" RM-də 2000-ci ildən xx.xx.2022-ci il tarixədək Müdir-baş mühasib vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə rəhbərlik tərəfindən iki və Ukrayna Respublikası tərəfindən bir Fəxri Fərmanlarla mükafatlandırılmışdır. Cavabdeh1 MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilovun xx.xx.2022-ci il tarixli, Ə - 2421/22/1 №-li tələsik əmri ilə AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh1 MMC-nin sədri AR ƏM-in 78.1-ci maddəsinin qanuni tələblərin pozaraq əmr verərəkən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olduğu işçi kimi vəzifəsində saxlandığı halı nəzərə almamışdır. AR ƏM-in 16.1 -ci maddəsinə əsasən Əmək münasibətlərində yaşına, qulluq mövqeyinə, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq şəristəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Lakin Cavabdeh1 MMC-nin sədri AR ƏM-in 16.1 -ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədri buna göz yumaraq, ayrı-seçkilik edərək müdir-baş mühasib vəzifəsini qanunsuz ixtisara salaraq onu işdən azad etməklə, lakin həmin dövrdə başqa işə keçmə haqqında əmri ilə ondan təcrübəsi az olan, onun rəhbərliyi altında çalışan "xxxx" RM-nin Mühasibat uçotu və hesabat şöbəsinin mühasibləri X6, X7, X10 və X14 18 may 2022-ci il tarixindən əmək haqqı saxlanılmaqla Cavabdeh1 MMC-nin Baş ofisinin Maliyyə departamentinin Mühasibatlıq şöbəsinə ştatdankənar mühasib vəzifəsinə keçirilmişlər (əmr iddia ərizəyə əlavə olunur). AR ƏM-in 16.4-cü maddəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalananlardan açıq-aşkar məlum olur ki, o, Cavabdeh1 MMC-nin idarə heyətinin sədri və "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən ayrı-seçkiliyə məruz qaldığına görə pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməyində haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və AR ƏM-nin 16 və 294-cü, AR MPMnin 149-cu maddələrin rəhbər tutaraq Cavabdeh1 İdarə Heyətinin sədri X11 tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında 29 iyul 2022-ci il tarixli, Ə- 2424/22/1 nömrəli əmrin və "xxxx" X2 İttifaqı Komitəsinin sədri Sara Həsənovanın sədirliyi ilə qəbul edilmiş 29 aprel 2022-ci il tarixli, 1 nömrəli protokolun ləğvinə, "xxxx" X3 uçotu və hesabatı şöbəsinin Müdir-baş mühasib vəzifəsinə işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli iclasda Cavabdeh1 MMC iddiaya etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli Ə-2424/22/1 saylı əmri ilə "xxxx" X2 İttifaqı Komitəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 01 nömrəli protokolun ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müəyyən etdiyi prosedur qayda və tələblərin şərtləri pozulmuşdur. Lakin qanunvericiliyə görə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. İşçilərin müvafiq hallarda sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Buradan da göründüyü kimi işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edə və ixtisar zamanı bunu nəzərə ala bilər. Məlumat üçün bildiririk ki, İddiaçı rabitə sahəsində ümumilikdə 22 il iş stajına malik olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" RM-nin Mühasibat uçotu və hesabat şöbəsində müdir - baş mühasib vəzifəsinə təyin edilmişdir. "xxxx" Rabitə Müəssisəsinin strukturunun yenidən təşkil edilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli, Ə-36/22 saylı əmr əsasında Cavabdeh1 MMC tərəfindən İddiaçı ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 9 (doqquz) təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi ilə əlaqədar 11 may 2022-ci il tarixli, İRD PUŞ - 01-09- 01-130 nömrəli teleqram göndərilmişdir. Həmin xəbərdarlıqda işçiyə əmək müqaviləsinə xitam veriləcəyi tarix aydın şəkildə göstərilmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər təqvim həftəsinin bir günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad olunacağı bildirilmişdir. Təəssüf ki, xəbərdarlıq edildikdən sonrakı müddət ərzində iddiaçının peşəsinə və ixtisasına uyğun vakant yer olmadığına görə ona başqa yer təklif olunmamışdır. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən müvafiq tədbirlər görmüşdür. Əlavə olaraq ştatların ixtisarı ilə bağlı məsələ cavabdehin xx.xx.2022-ci il tarixli, 103-9/1/9720-22 saylı müraciəti əsasında Həmkarlar İttifaqının iclasında müzakirə olunmuş və xx.xx.2022-ci ildə HİK-nin 01 saylı protokolunda bəzi ştatların ixtisar olunması ilə bağlı müsbət rəy verilmişdir. İddiaçıya xx.xx.2022 və xx.xx.2022-ci il tarixində peşəsinə və ixtisasına uyğun vakant yer təklif edilmişdir. Həmçinin, iddiaçı ilə şifahi danışıq aparılmış, lakin, o, təkliflərini qəbul etmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, AR Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Buradan da aydın olur ki, İddiaçı ilə əmək münasibətlərinə xəstəliyi ilə əlaqədar deyil, ştatların ixtisarı ilə xitam verilmişdir. İşəgötürənin hərəkətləri qanuvericiliyin tələblərinə tam uyğundur və buna görə də X8 29 iyul 2022-ci il tarixli Ə- 2424/22/1 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin xitam olunmasına əsasdır. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Bundan başqa xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 80.1. və 80.2.-ci maddələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatı daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 154.1-ci maddəsini rəhbər tutaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında izahatı alınmış İddiaçı bildirmişdir ki, Cavabdeh1 MMC-nin "xxxx" X2 İttifaqı Komitəsi tərəfindən protokolun tərtib olunması zamanı heç bir işçinin iştirakı təmin edilməmişdir. İclasda cəmi dörd nəfər iştirak etmişdir. "xxxx" tərəfindən iclasda iştirak edənlərə bildiriş göndərilmişdir. Bildirişlə şifahi tanış olmuşdur. Tərtib olunmuş protokol qeyri-qanunidir. İşlədiyi şöbədə - mühasibat-uçot şöbəsində cəmi 6 nəfər işçi vardır. Həmin şöbədə 6 nəfər işçi ola-ola işləyən yoxdur. Onun nəzarəti altında işləyən işçilər işlə təmin olunurlar, 22 illik iş stajına, peşəkarlıq səviyyəsinə baxmayaraq o, işlə təmin olunmamışdır. İxtisara düşəndən sonra əmr gəlmiş, əmrlə tanış olmuş və etirazını bildirmişdir. 1 ay sonra ona teleqram gəlmişdir ki, sizi Şuşa şöbəsinə mühasibat dəvət edirik. Mənfəətlə çalışan bir müəssisənin mühasibatlığı necə ləğv oluna bilər. Bildiriş ixtisar olmağı ilə bağlı gəlib, Həmkarlar İttifaqının iclası barədə ona bildiriş gəlməmişdir. 29 apreldə iclas keçirilə-keçirilə ona Azərpoçt MMC tərəfindən 11 mayda bildiriş gəlmişdir. Protokol 29 aprel tarixində tərtib olunmuşdur. İclasın nəticəsi olaraq qərar qəbul olunmuşdur. Qərarda bildirilir ki, ixtisara düşmüş işçilər hər biri işlə təmin olunurlar. İkinci dərəcəli şəkərli diabet xəstəsidir. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilir ki, şəkərli diabet xəstələri ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X12 bildirmişdir ki, müəssisədə işçilərin ixtisarı prosesi əmək qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilmişdir. Qanunvericiliyə uyğun olaraq birinci növbədə strukturla bağlı dəyişiklər üçün Həmkarlar İttifaqına yazılı təqdimatla müraciət etmişlər. Həmin təqdimata öncəki ştat cədvəli və nazirlik tərəfindən təsdiq edilmiş yeni ştat cədvəli əlavə edilmişdir. Həmklarlar İttifaqı tərəfindən iclas keçirilib və bu barədə ayın 29-da protokol tərtib olunmuşdur. Bundan sonra işçilərə bildiriş göndərilmişdir. İddiaçıya işdən çıxandan 9 həftə öncə bildiriş göndərilmişdir. Bu müddət ərzində ona yeni iş tapması üçün vaxt verilmişdir. Bildiriş haqqında iddiaçının məlumatı vardır. Həmkarlar İttifaqının iclasında iştirakla bağlı imperativ norma yoxdur. Həmkarlar ittifaqının iclası formal keçirilməyib, tərkibi həmin müəssisənin üzvləridir. Protokolda iclasın keçirilmə vaxtı qeyd olunub. Qərarda işlə təmin olunan müvafiq şəxslərin adı çəkilir, hansı ki, onların peşəkarlıq səviyyəsi daha yüksək qiymətləndirilir. Müəssisənin mühasibatlıq şöbəsi ixtisara düşüb deyə işçilər də avtomatik olaraq ixtisara düşüblər. Həmin şöbənin bəzi işçiləri mərkəz tərəfindən işə götürülüblər. İddiaçıya başqa şöbədə iş təklif edilir, amma o qəbul etmir. Şöbə ləğv olunduğundan iddiaçının həmin şöbədə işləməsi artıq qeyri-mümkündür. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi O.Qurbanov bildirmişdir ki, ixtisarlar zamanı təkcə mühasibatlıq şöbəsi deyil, digər şöbələrə də toxunulub. Onlar tərəfindən əmək qanunvericiliyinin heç bir tələbi pozulmamışdır. Hətta iddiaçıya iş də təklif olunmuşdur. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirmişdir ki, 2001-ci ildən Azərpoçtda işləyib. İşçi sayının çoxluğu ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən ixtisara duşmüşdür. İxtisara düşməsi ilə bağlı ona heç bir məlumat verilməyib. Müəssisə daxilində ona işdən çıxmağı ilə bağlı xəbərdarlıq olunmayıb. Həmkarlar İttifaqının iclası barədə məlumatı olmayıb, iştirakı təmin edilməmişdir. Ona teleqram 13 may və 15 may tarixində gəlmişdir. Bildirilirdi ki, protokola əsasən 15 iyul tarixində sizin əmək fəaliyyətinizə xitam veriləcəkdir. Azərpoçta müraciət etmiş, ona ordan bildirmişlər ki, işçi sayının çoxluğu ilə əlaqədar ixtisara düşmüşdür. Nazirliyin əmrində görünür ki, protokol tərtib olunub, hansı ki, onun iştirakı təmin edilməyib. Məhkəmə iclasında iştirak edən şahid X15 bildirmişdir ki, Həmkarlar İttifaqının iclasına dəvət olunmamış, iclas barədə ona bildiriş gəlməmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən Həmkarlar İttifaqı keçiriləcək iclasa ixtisara düşəcək işçilərə iclasın vaxtı barədə məlumat verməlidir və iştiraklarını təmin etməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 04 avqust 2020-ci il tarixdə Cavabdeh1 MMC-nin "xxxx" X3 uçotu və hesabat şöbəsinə müdir-baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" X9 İttifaqı Komitəsinin növbədənkənar yığıncağının protokolundan görünür ki, yeni struktur yaradılması ilə əlaqədar "xxxx" RM-də ştatların ixtisar olunmasına idarə heyətinin üzvləri etiraz etməmiş və ştatları ixtisara düşmüş işçilərin müvafiq işlə təmin edilməsinə, ixtisarların minimum səviyyəyə endirilməsinə koməklik göstərməyi Cavabdeh1 MMC-nin rəhbərindən xahiş etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, "xxxx" Rabitə Müəssisəsinin strukturuna uyğun olaraq iddiaçının ştatı ixtisara düşdüyündən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə əsasən doqquz təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra 13 iyul 2022-ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi barədə iddiaçıya məlumat verilmişdir. İş materiallarında olan əmrdən görünür ki, Azərekspresspoçt RM-nin Mühasibat uçotu və hesabatı şöbəsinin müdir-baş mühasib İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və yə ştatlar ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli teleqramdan görünür ki, "xxxx" Rabitə Müəssisəsində keçirilmiş struktur dəyişikliklərinə əsasən mühasibat uçotu və hesabatı şöbəsi və müdir-baş mühasib vəzifəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmuş və iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya həmçinin Şuşa, X13 baş mühasib vəzifəsi təklif edilmişdir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli teleqramdan görünür ki, "xxxx" Rabitə Müəssisəsində keçirilmiş struktur dəyişikliklərə əsasən mühasibat uçotu və hesabatı şöbəsi və müdir-baş mühasib vəzifəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmuş və iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya həmçinin Cavabdeh1 MMC-nin 2 saylı poçt filialında əvvəlki əmək haqqı saxlanılmaqla ştatdankənar mühasib vəzifəsi təklif edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 04 avqust 2020-ci il tarixdə Cavabdeh1 MMC-nin "xxxx" X3 uçotu və hesabat şöbəsinə müdir-baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərekspresspoçt RM-nin Mühasibat uçotu və hesabatı şöbəsinin müdir-baş mühasib İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və yə ştatlar ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı işdən azad olma əmrini və həmin əmrin verilməsinə əsas olan Həmkarlar İttifaqının iclasının protokolu qanunsuz hesab edir. İclas ona məlumat verilmədən formal keçirilib. Şəkərli diabet xəstəsi olduğundan onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilməzdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Göründüyü kimi, qanunverici işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçiyə iki ay əvvəldən rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi, eləcə də xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən etmişdir. Qanunverici xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verilməsi qaydasını yalnız işçinin razılığından aslı etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəində isə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işdə saxlanmasına üstülük verilən şəxslərin siyahısı göstərilmişdir. Normadan da göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası müəyyən edilmişdir. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv edilməsinə qadağan edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" Rabitə Müəssisəsinin strukturunun yenidən təşkil edilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ə36/22 saylı əmrin icrası ilə əlaqədar olaraq iddiaçıya qeyd olunan əmrlə yeni redaksiyada təsdiq edilmiş "xxxx" Rabitə Müəssisəsinin strukturuna uyğun olaraq onun ştatı ixtisara düşdüyündən, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra 13 iyul 2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad olunması, onunla bağlanmış əmək müqaviləsinə əsasən onun əmək stajına uyğun olaraq, ona orta aylıq əmək haqqısının 2 misli miqdarında işdən çıxarılma müavinəti ödəniləcəyi, işdən çıxarılma müavinəti ilə yanaşı onun razılığı əsasında yuxarıda qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli bir dəfəyə ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilə biləcəyi barədə xx.xx.2022-ci il tarixdə teleqramla xəbərdarlıq edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən ştatların ixtisarı ilə bağlı məsələ cavabdehin xx.xx.2022-ci il tarixli, 103-9/1/9720-22 saylı müraciəti əsasında Həmkarlar İttifaqının iclasında müzakirə olunmuş və xx.xx.2022-ci ildə HİK-nin 01 saylı protokolunda ştatların ixtisar olunması ilə bağlı müsbət rəy verilmişdir. Bundan sonra, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli, Ə- 2424/22 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında olan əmək münasibətləri pozularkən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “29 iyul 2022-ci il tarixli, Ə- 2424/22/1 saylı əmrin və xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “29 iyul 2022-ci il tarixli, Ə-2424/22/1 saylı əmrin və xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2060/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2060/2022
04.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver